Karl Saqan: İblislərlə dolu dünya - Elmin şam işığında

Kitab
Photo

“Biz ən vacib elementlərin hər cəhətdən elm və texnologiyadan asılı olduğu bir sivilizasiya qurmuşuq. Lakin biz həm də işləri elə düzüb-qoşmuşuq ki, demək olar, heç kimin elm və texnologiyadan başı çıxmır. Bu, fəlakət əmridir. Müvəqqəti olaraq fəlakətdən yayına bilərik, amma cəhalət və gücün qarışığından ibarət olan partladıcı maddə gec, ya tez bizim başımızda partlayacaq”. (səh. 26)

Gələcəkdən xəbər verən yuxarıdakı cümlələr 1995-ci ildə çap edilən kitabdandır, bu cümlələr həmçinin Karl Saqanın həm bir elm adamı, həm də onun təşviqatçısı kimi məhsuldar fəaliyyətini əks etdirir. Müasir elm və texnologiyanın vəhdətindən ibarət bir dünyanı arzulayan Saqan elmin inkarının və rəddinin bəşəriyyətin xoşbəxtliyinə və davamlılığına qarşı ən böyük təhlükə kimi görürdü.

Keçmişdən qurtulmaq doğrudanmı mümkün deyil?

ABŞ-da ən azından şərtlər heç də qənaətbəxş deyil. Hər 10 amerikalıdan 7-si inanır ki, ətrafımızda mələklər və cinlər qaynaşır. 61% və 48% müvafiq olaraq dünyadan kənar məxluqların - ruhların və UNO-ların olduğuna inanır. Yarıdan çox insan iqlim dəyişikliyinin elmi əsasının olmasına şübhə edir, cəmiyyətin üçdə biri isə hələ də təkamül nəzəriyyəsinə ağız büzür. Dr. Saqan “İblisə Əsir Düşmüş Dünya – Elm Qaranlıqda İşıq Kimi” kitabının nəşrindən bir il sonra vəfat etmişdi və onun xəbərdarlıq zənglərini çalmasından artıq onillər keçsə də, belə görünür, Amerikan cəmiyyəti heç vaxt olmadığı qədər psevdoelmə və xurafata yuvarlanıb. Saqanın ismarıcı nə qədər zəruri, yerinə düşən və təcili olsa da, onun süzgəcdən keçməsi də kədərli olsa da, bir o qədər yarımçıqdır.

Tanrı bir təsadüfdürmü?

Görkəmli astronom, astrofizik və kosmoloq olan Karl Saqan həyatı boyu davam edəcək bir coşğuyla yalanı faktəsaslı mükəmməliyyətlə dəyişdirmək üçün çalışmışdı. Onun 1981-ci ildəki “Kosmos- Şəxsi Səyahət 1” adlı sənədli seriyası televiziya yayımında çox nəhəng bir addım idi, çünki o, həqiqət təbliğ ediləcəksə, elmin insanların qəlblərini necə isidə, ağıllarını necə ilhamlandıra biləcəyini sübut edirdi. Karl Saqan: İblislərlə dolu dünya - Elmin şam işığında bu işi özünün bənzərsiz və təkrarsız üslubu ilə davam etdirdi, lakin o, elmin müasir dünyanı necə gücləndirməsinə, onun demokratiya ilə həmahəng olmasına və tərəqqi, sağ qalmaq uğrunda mübarizə aparmasına köklənməklə yanaşı, real həyatda elmə qeyri-tənqidi düşüncə və siyasi agenda tərəfindən necə kölgə salındığını da gözlər önünə sərdi.

Metod

Psevdointellektuallar bir qayda olaraq elmə xüsusi bir don geyindirirlər, elmin əlçatmaz bir disiplin və nəhayətsiz bir ağıl tələb etdiyini irəli sürürlər. Amma Saqan öz həyat nümunəsilə sübut edib ki, elm təkcə elm adamları üçün deyil. Bizlərdən hər birimiz onun meyvələrindən dərə, ixtiralar etmək üçün onun doyumsuz ləzzətindən dada bilərik. Ən vacibi isə bizim hamımız gündəlik həyatımızda elmin fəlsəfi prinsiplərdən yararlana bilərik.

Bu prinsiplər nələrdir? Bu prinsiplərə psixoloji rahatlıq üçün nə qədər qeyri-münasib olsa da, şübhəçiliyi özünə yaxın buraxmaq və həqiqət naminə edilən cəhdlərlə özünü göstərən təlim görmüş müşahidəçilik daxildir. Elm rəqəmlərin soyuq kolleksiyası və interpretasiyasından daha ali bir məfhumdur; bu, bir düşüncə tərzidir, suallar qədər cavablara da dəyər verən bir yanaşmadır, o, bunların ikisini də prioritet bilən alətlər təqdim edir.

“Bəziləri bunu ümumiləşdirmə hesab edə bilər, lakin mənə görə özünütənqidlə məşğul olduğumuz hər bir anda biz xarici dünya barədəki ideyalarımızı sınaqdan keçiririk, elmlə məşğul oluruq. Özümüzdən razı və qeyri-tənqidçi olanda, arzularımızla həqiqətlərin yerini səhv salanda isə, psevdoelmə və xurafata yuvarlanırıq”. (səh. 27)

Oşonun dini kommunası necə ifşa olundu? Həbsə gedən yol

Bu intellektual libası geyinməyimiz, bizim bir vaxtlar şübhə etmədən və süzgəcsiz qəbul etdiyimiz fikirlərə yenidən göz atmağımıza gətirib çıxara və yaxud uzun müddət əziz tutduğumuz inancları kənara atmağımıza səbəb ola bilər. Saqan bu nöqteyi-nəzəri bölüşməklə bərabər, bizə bu fikri də aşılayır ki, əksər vaxt təbiət heyratamiz, ağıllı cihazların təsəvvür edə biləcəyindən çox daha ağıllı, bacarıqlı və məharətlidir. “Ağır həqiqət təsəlliverici uydurmadan daha yaxşıdır. Və üstəlik ən son məqamda biz əksərən həqiqətin uydurmadan fərqli olaraq daha rahatladıcı olduğunu görürük... Ətrafımızda bizim kəşf etmək imkanımız olmayan o qədər möcüzə varki”2 Bəlkə də bu, bizlərdən bəziləri üçün keçməli olduğumuz yeni koqnitiv ərazilərdir, amma biz buranın üstünlüklərindən bol-bol faydalana da bilərik. Buna görə də kəskin zəka şarlatanları yaxına buraxmamalıdır.

Elmin məhsulları limana necə çatdırması təbii izahı olan aydın bir prosesdir. Bunun əvəzində isə biz əcdadlarımızın müxtəlif xüsusiyyətləri və varlığımızdakı qüsurları fövqəltəbii məfhumlarla - insanlar cadugərlərin sehriylə xəstəlik tapırlar; ilahinin mükafatı olaraq yağış, cəzası olaraq quraqlıq baş verir; zəlzələlər qəzəbdən dəliyə dönən allahların yeri döyəcləməsidir; Günəşin çıxması və batması yaxınlıqdakı tanrının cilovu ilə nizamlanır; qısamüddətli kometlər imperiyaların labüd çöküşünün əlamətidir - əlaqələndirdiklərini yadımıza sala bilərik.

Lakin elmin zühur etməsi naməlum fövqəltəbii məfhumalara əsaslanan paradiqmanı aradan qaldırdı. Biz öyrəndik ki, fəza cisimlərinin düzülüşünü və hərəkətini ağılla proqnozlaşdırmaq və hesablamaq mümkündür. Kəşf etdik ki, havada baş verən hadisələr tamamilə yerdə baş verənlərdən asılıdır. Aşkar etdik ki, yoluxucu xəstəliklərə ətraf mühitdə mövcud olan mikroblar və digər parazitlər səbəb olur. Öyrəndik ki, düzgün müalicə ilə xəstəlikləri sağaltmaq olar.

Keçmişdə əlaqələndirmələr çox radikal idi, çünki əgər xəstəliyin səbəbi küpərgirən qarının cadusu idisə, bunun üçün təbii səbəbin tapılacağını fikirləşməyin bir mənası qalmırdı, bunun üçün təbii müalicə tapılacağını düşünməyin də bir mənası yox idi. Lakin faktiki olaraq məlum oldu ki, düzgün dərman hər zaman “caduya” qalib gələ bilər. Fəzadakı hər hansı bir dəyişikliklə bağlı fövqəltəbii və qeyri-təbii izahların köhnəlmiş olduğu ortaya çıxdı, bunun nəticəsində də bizim reallığın şişirdilmiş izahlarına olan həvəsimizin nədən qaynaqlandığı məlum oldu.

Sorğulamadığımız inanclarımız bizi hansı risklərə atır?

“Tarixin əksər dövründə biz gözlənilməz təhlükələrə görə xarici dünyadan o qədər qorxurduq ki, vahiməni zəiflətməyi, yaxud izah etməyi vəd edən istənilən şeyi sevinclə qucaqlayırdıq. Elm əsasən dünyanı başa düşmək, nəsnələrə nəzarət etmək, özümüzü qaydasında saxlamaq və təhlükəsiz istiqamət tutmaq üçün bir cəhddir. Bir neçə əsr əvvəl qadınları tonqalda yandırmaq üçün kifayət edəcək fikirləri indi mikrobiologiya və metereologiya deyir”.

İrrasionaliya

Meynstrim mediaya bir neçə dəqiqə göz atmaqla aydın görünəcəyi kimi bu yanaşmaya yayğın hörmət yoxdur. Psevdoelmi dəliliyin hökm sürdüyü dünyada isə Saqan öz vaxtını metodu çatdırmağa və irrasional olanın spesifik təzahürlərini tezbazar göstərməyə həsr edir. O öz nəzərini yaradılış fəlsəfəsi daxil olmaqla, zəmilərdəki dairələr, duayla müalicə, astrologiya və fizikadan tutmuş UNO-lar və yadplanetlilərlə rastlaşmaq kimi bütün əcaib fikir arsenalına yetirir. Bütün bu iddiaların arxasında onları reallığa bağlayan nəsə varmı? Əgər şübhəçi sorğulamanın danışmağa imkanı varsa, əlbəttə yoxdur, Saqanın dərindüşüncəliliklə dediyi kimi "Sübutun qanunları ilə yüklənmiş istənilən kainat"da4 bu cür anlayışları dəstəkləmək üçün boşluqdan başqa bir şey yoxdur.

Biz Sauzhemptondan olan iki işbaz fırıldaqçının milyonlarla sadəlövhə zəmilərdəki işarələrin dünyadan kənar şifrəli mesajlar olduğuna inandırdıqlarını bilirik. Ekstrasensliklə bağlı sənədli film buraxmaqla Avstraliya mətbuatını barmağına dolayan Ceyms Roudinin insanları necə istismar eləməsindən xəbərdarıq. Saqan Marsda "insan sifətləri"ni görmənin əsəb titrəyişlərini və UNO-larla bağlı iddiaları bəlkə də ağla gələ biləcək hər istiqamətdə saf-çürük etdiyi dəyərləndirməsində bizim özümüzü aldatmaq istedadımızın necə inkişaf etdiyini nəhəng ekranda gözlər önünə sərir. (Ekzobioloji tədqiqatın ilk pioneri kimi Saqanın UNO-larla bağlı konspiroloji hekayələrə bu qədər geniş yer ayırması təəccüblü olmamalıdır.)

Öz növbəsində astrologiya və incilvari yaradılışçılıq da əlkimya və cadugərlik kimi eyni emprik libasa bürünürlər. (Təcili! Yaradılışla bağlı telefondan cavablar əldə edin!) Ruhçağırmadan tutmuş “ruh fotoqrafiyasına” qədər saxta fəaliyyətlər yaşamaqdan ötrü eyni inqrediyentlərə ehtiyac duyurlar: “onlara zülmət və səfehlik lazımdır”.

Allaha ehtiyac hiss edənlər və etməyənlər

Demokratiya və gələcək

Saqan soruşur: nəyə görə elmi düşüncə cəmiyyət daxilindəki gizli yuvalara girərək, bizim siyasətimizi və diskursumuzu ələ keçirmədi? Keçmişə baxanda, ilk dəfə və ən aydın şəkildə qədim Yunanıstanda natural fəlsəfə kimi ortaya çıxan bu ideyalara bağlılığın zaman keçdikcə zəiflədiyini və gücsüzləşdiyini görürük. Yunan əntiqliyinin təbiətlə bağlı əqli qayğıları təbii hadisə və təsirləri ifadə etməsiylə (yerli məntiq qanunlarına və deduksiyaya qarşı çıxmaqla) seçilirdi. Məntiq və müşahidənin bu evliliyi qeyri-adi dərəcədə vaxtından tez inkişaf edən fəaliyyətlərdən qidalanırdı.

Saqan e.ə 2-ci əsrdə yerin fırlanmasını, onun öz oxu ətrafındakı hərəkətini, həmçinin Günəş və Aydan uzaqlığını xüsusi dəqiqlikliklə ölçən Eratosten; Günəşmərkəzli kosmosun bilinən ilk modelini təqdim edən Aristarkus; və kainatın ilk atom nəzəriyyəsini təklif edən və adətən “müasir elmin atası” hesab edilən Demokrit kimi erkən bilicilərin nailiyyətlərini tərtib etmişdi.

Amma sonrakı cəmiyyətlər Afina zirvəsindən yavaş-yavaş aşağı enməyə başladılar, zəfərlər öz yerini getdikcə güclənən xurafata verdi, milli hərarət isə anormal dərəcədə yuxarı dərəcələrə dırmaşdı. Bizim təkamül irsimizdən irəli gələn kiçicik prefrontal korteksimizdən və çeşitli önyarğılarımızdan qaynaqlanan çatışmazlıqların məğzində institutlara və biliyə olan qüsurlu yanaşma doktrinası dayanırdı. Həm dini, həm də dünyəvi dövlət azad araşdırmanı boğmaqla, kosmosun əhəmiyyətli tədqiqatını damğalamaqla və fikirlərin açıq mübadiələsinə infrastruktural məhdudiyyətlər qoymaqla öyünə bilər. Bu, harada və nə zaman baş versə, bəşəriyyət axsayır, ağıl tiranlığın əzici ağırlığının altında qalır. Və biz relsdən çıxan bir qatar kimi qaçılmaz olaraq özümüzü dövlətin sanskiya verdiyi xurafat və məntiqsizliyin taleyinə buraxırıq.

Elm bu şərtlər altında çiçəklənə bilməz. O, boğulur və durğunlaşır. Demokratiya bütün səslərin eşidilməsini təmin etdiyi təqdirdə elmin effektivliyini təmin etmiş olur. Elm və demokratiya bir-birlərini bu yolla gücləndirirlər: elm fəaliyyət göstərməkdən ötrü demokratik dəyərlərdən asılıdır; demokratiya isə cəmiyyəti məlumatlandırmaqdan tutmuş infrastrukturun hərəkətliliyini təmin etməyə qədər - hər şeydə özünün seçilmiş yolunu saxlamaqdan ötrü elmə ehtiyac duyur.

Düşüncəmizi daşlaşdıran şey nədir?

ABŞ-da elmi savadsızlığa və hesablama qabiliyyətinin olmamasına dair çoxsaylı sorğular apardıqdan sonra Saqan dönə-dönə bu fikri vurğulayır ki, bu cür mühitdə demokratiya işlək ola bilməz. Məlumatsız vətəndaşlar düzgün seçim edə bilməzlər. Cahillərin çığırtısı əksər vaxt bir sonrakı nəsillərin himayə altında olan kəslərin ideoloji vədlərindən təsirlənən çığırtılarına çevrilir. Ona görə də biz psevdoelmə dair inancların zərərsiz olduğunu iddia etməzdən əvvəl, onların daha böyük çətinlikləri necə yaratdıqlarını başa düşməyə açıq olmalıyıq. Biz özlərinin konstitusional öhdəliklərini yerinə yetirən və gələcək nəsillərin çiçəklənməsini, yaxud tənəzzülünə səbəb olacaq parametrlərin formalaşmasına imkan yaradan siyasətə səs verəcək intellektual baxımdan hazırlıqlı, tənqidi düşüncəli, açıqfikirli fərdlərə ehtiyac duyuruq.

“Elmin fəzilətləri bütün zamanlarda, yerlərdə və kültürlərdə hər cəhətdən bizim daxilimizdə olub. Bu, bizim doğuşdan gələn hüququmuzdur. Biz öz etinasızlığımız, diqqətsizliyimiz, yarımçıqlığımızdan dolayı, yaxud şübhələnməkdən qorxduğumuz üçün uşaqlarımızı elmdən soyuduruq, onları öz gələcəklərini quracaqları bacarıqlardan məhrum edirik”. (səh. 317)

Fikirlərə yekun vurarkən

Saqanın ölümqabağı yazdığı əsər müxtəlif mövzulardakı düşüncələrlə yüklüdür. Möhtəşəm bir elmi müdafiədən daha çoxu olan "İblisə Əsir Düşmüş Dünya" əsəri fəlsəfə, tarix, siyasət və din adına həqiqət fikri oyatmağa çalışan iddiaların necə yalan üzərində qurulduğunu üzə çıxarır. Bütün insani cəhdlərdə olduğu kimi elmdə də müəyyən cəhdlərin qüsurlu olduğunu etiraf etməklə yanaşı, Saqan xəbərdarlıq edir ki, dünyanın necə işləməsinə və təbiətin niyə belə olduğu məsələsinə gəldikdə, elm epistomologiya tacını öz başına taxır. Bu kitab həmçinin gələcək nəsillərə çağırış edir: biz elmi inkişafın qarşısını alırıq, öz vahimələrimiz ucbatından onun kəşflərini səhv istiqamətlərə yozuruq. Planetin isinməsi, hədsiz əhali artımı və davamlılıqla bağlı artan əndişələrin və bizim ən birinci öhdəçiliyimiz olmalı olan mavi nöqtəni qorumağımızın fonunda biz həqiqətlərə etinasız yanaşa bilmərik. Ona görə də hər kəs bu kitabı oxumalıdır.

Şəxsi bir qeydi də yazmaq istəyirəm, Saqanın mənim intellektual səyahətimdə xüsusi yeri var, o məndə bütün ömrüm boyu davam edəcək bir ürək döyüntüsü yaradıb. Onun kitabları mənim təsəvvürümü tətikləyib. Onun sözləri mənim əvəzimə danışıb. O mənə səs verib. Böyük coşğusu və güclü intellekti olan bu adamın ürəkləri poetikayla və təvəzökar maraqla cuşa gətirmək qabiliyyəti var. Oxumaq üçün vaxt ayıran hər kəs onun kəlmələrini dərk edəcək. Saqan mənim ən dərin düşüncələrimi möhkəmlədib və qarşımda yeni üfiqlər açıb. O mənim gözlərimi din sonrası düşüncəyə açıb və başqa heç bir insanın etmədiyi qədər məni gəncliyimin intellektual havasızlığından kənara çıxmağa həvəsləndirib və mənim reallıqla və kosmosla şəxsi münasibətimə töhfə veribElmin insanların birləşdirmək qabiliyyəti var, biz hamımız onu həzm edə bilərik, belə olmasaydı, Saqan elmlə sıravi insanlar arasında kommunikasiya qurmağa çalışmazdı.. Məntiqlə bərabər, elm bizim sağ qalmaq mücadiləmizdə ən əhəmiyyətli vasitələrdən biridir. Gəlin onları həmişə par-par saxlayaq.

“Xüsusilə minillik yaxınlaşarkən, mən psevdoelmin və xurafatın ildən ilə daha şirnikdirici olacağından, məntiqsizlik avazının daha ucadan və cəlbedici gələcəyindən narahatam. Biz bu avazı əvvəl harada eşitmişik? Qıtlıq dövrlərində, milli özünhörmətə şübhə yarandığı və əsəblərə toxunulduğu zaman, etnik, yaxud milli təkəbbürümiz baş qaldıranda, məkanımızın və məqsədlərimizin məhdudlaşdırılmasından qeyzləndiyimiz zaman, yaxud ətrafımızda fanatizmin at oynatdığı zaman keçmiş dövrlərdən tanış gələn düşüncə vərdişləri nəzarəti ələ keçirmək üçün irəli şığıyırlar. Onda şamın fitili əriyir. Kiçik alovu titrəyir. Zülmət qatılaşır. İblislər tərpəşməyə başlayırlar”.

Daniel Bastian

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR