İnancın itirilməsi ağıla və vücuda necə təsir göstərir?

Emosional intellekt
Photo

Dini tərk etməyin sağlamlığa təsiri

Kurtis Penfold bir həftə ərzində kirayə qaldığı mənzildən atılmış, işdən qovulmuş və Brayam Younq Universitetini (BYU) tərk etmişdi.

Onun Qiyamət Günü Müqəddəsləri Kilsəsinin nəzdindəki özəl universitet olan BYU-nu tərk etməsinin səbəbi kilsənin bəzi görüşləri ilə razılaşmaması, buna görə də universitet rəsmiləri ilə arasında gərginlik idi. Ali məktəbi tərk etməsi onun kampusdakı işini itirməsinə səbəb oldu, bundan sonra o, Mormon (xristianlıqda təriqət) Kilsəsindən istefa verdi. Öz növbəsində, kilsədən çıxması onun dindarlığına görə verilən şəxsi evindən atılmasıya nəticələndi.

Köhnə dostları ona hiddətli e-maillər yazır, məyus valideynləri isə ona zəng edərək “qəlbindəki işığı itirdiyini” deyirdilər.

“Bir vaxtlar sevdiyim icmanın indi mənə nifrət etdiyini hiss edirdim”, - Penfold deyir.

Əslində Penfoldun BYU-ya daxil olmasının səbəbi mormon dostlarına yaxın olmaq idi. Amma iki il yarım ərzində dini kursda oxuduqdan sonra, kilsədə LGBT hüquqlarının olmamasını o xoşagəlməz bir tendensiya kimi gördü və tanrını sevmək fikrinin dünyadakı bu qədər ədalətsizliklə necə uzlaşdığını heç cür başa düşə bilmədi. Allaha olan inancını itirməsi onun mormonluqdan da uzaqlaşmasına gətirib çıxardı, bu dövr aylar boyunca davam edən depressiyayla, ölümdən sonrakı həyatın olmaması fikri təşvişlə və intiharla bağlı düşüncələrlə müşayiət olundu. Düzü, indi o özünə gəlib, amma bir müddət əvvəl o , bəzi günlər heç yatağını da tərk edə bilmirdi.

Amerikada Penfold kimi adamların sayı çoxdur, dini tərk edəndən sonra onlar köhnə icmaları tərəfindən təcrid olunurlar, bu axırda onları təşvişli, depressiv və ya intihara meyilli edə bilir. Amma elələri də var, dindən dönəndən sonra özlərini qəfəsdən buraxılmış quş kimi hiss edirlər. Yəni hər dindən dönmə hekayəsi bir-birinin eyni deyil, amma güclü dini inanclarını tərk edənlər heç şübhəsiz bunun onların sağlamlığına təsir etdiyinin fərqinə vara bilərlər.

Amerikalılar indi heç vaxt olmadıqları qədər dinsizdirlər. “Pew Research”in 2012-ci ildəki araşdırmasına görə, 30 yaşdan aşağı amerikalı yetkin adamların üçdə biri və bütün amerikalıların beşdə biri özlərini hansısa dinə aid etmirlər (2007-ci il ilə müqayisədə bu rəqəm 15 faiz çoxdur). Amma təriqətləri tərk edən insanları alimlər tədqiq etsələr də, dini tərk etməyin sağlamlığa necə təsir göstərməsi barədə araşdırmalar çox qıtdır.

Bu sahədə ən geniş yayılan tədqiqatlardan biri Pensilvaniya Dövlət Universitetinin 2010-cu ildəki araşdırmasıdır, tədqiqatda 1972-ci ildən 2006-cı ilə qədərki məlumatlardan istifadə olunub. Araşdırmaya görə, dini tərk edənlərin 20%-i sağlamlıqlarının əla olduğunu bildiriblər, hazırda ciddi dini qruplara (Yehova Şahidləri və Sonuncu Gün Müqəddəsləri kimi) üzv olanlarda bu göstərici 40%, ciddi dini qruplardan nisbətən mülayimlərinə keçənlərdə isə 25% olub. Tədqiqatda “ciddi” deyiləndə, “teoloji və mədəni baxımdan qapalı dini qruplar” nəzərdə tutulub.

Dindar və qeyri-dindar insanların sağlamlıqlarını müqayisə edən başqa araşdırmalar da var. “Gallup”un 2010-cu il araşdırmasına görə, qeyri-dindar insanların siqaret çəkməsi ehtimalı böyükdür və onlar inanclılara nisbətən böyük ehtimalla daha qeyri-sağlam qidalanır və daha az idman edirlər. 2004-cü ildə “Amerikan Psixiatriya Jurnalı”nda dərc olunan araşdırmaya görə, dini inancı olmayan pasiyentlər dinə inancı olanlarla müqayisədə intihara daha çox meyillidirlər. Və 2011-ci ildə “Şəxsiyyət və Sosial Psixologiya Jurnalında” nəşr olunan bir başqa araşdırmaya görə isə, iqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlərdə insanlar dini kimliklərinin olub-olmamasından asılı olmayaraq, oxşar subyektiv xoşbəxtlik göstəricilərinə malikdirlər. Amma belə görünür, dindən dönən insanlar nadir hallarda fərqləndirilirlər. Hətta “Pen State“ tədqiqatı belə indilərdə insanların nəyə görə dindən üz döndərdikləri aydınlaşdıra bilməyib. Dr. Darrel Reyə görə, təzəlikcə dindən dönənlər böyük ehtimalla bunun sağlamlığa təsirlərini görəcəklər.

Rey 30 ildir ki, psixoloq kimi işləyir, o həmçinin dinsizləri terapistlərlə və bir-birlərilə birləşdirən Dindən Müalicə təşkilatının rəhbəridir. Reyə görə, dindən dönən depressivlərə sağlamlığı geri qaytarmaq üçün bir qayda olaraq 2-3 il vaxt lazım olur. Dini tərk edəndən bir neçə il sonra onlar özləri üçün yenidən ictimai çevrə yaratmağa, tanrını itirməkdən qaynaqlanan depressiyadan, evlilikdən kənar seksdən duyulan günah hissindən və cəhənnəmə düşməklə bağlı təşviş duyğusundan qurtula bilirlər. “Tanrı virusu, Seks və Tanrı: Din Seksuallığı Necə Təhrif Edir” kitabının müəllifi olan Rey deyir ki, onun heç də bütün müştəriləri 3 il ərzində özlərinə gəlmirlər. İnsanlar sonrakı həyata o qədər uzun müddət inanırlar ki, ölüm qorxusuna qalib gəlmək 5 il, bəzən bundan da çox vaxt tələb edir. Onun müştərilərinin təqribən beş faizi cəhənnəm qorxusundan xilas olmaq üçün hətta daha çox vaxta ehtiyac duyurlar. Rey tez-tez cəhənnəmi öyrənməyi dil öyrənməklə müqayisə edir.

“Sən beş yaşında ingilis dilini öyrənərkən, valideynlərinə niyə alman dilini öyrənmədiyini soruşmaqla onları təngə gətirirdin”, - öz müştəriləri üçün cəhənnəm düşüncəsini zərərsizləşdirmək üçün koqnitiv davranış terapiyasından istifadə edən Rey deyir. “Sən danışdığın dili sadəcə öyrənirsən. Eyni şey əksərən din üçün də keçərlidir. 4 yaşından 7 yaşınadək sənə cəhənnəm və əbədi lənətlənmə haqqında öyrədildiyinə görə, bu güclü qavramlar səni elə-belə tərk eləmir. Danışdığın dili artıq yaddan çıxarmaq necə çətindirsə, cəhənnəm qavramını da yaddan çıxarmaq eləcə çətindir”.

Kaliforniyalı psixoloq və “Camaatı Tərk Edərkən” kitabının müəllifi Dr. Marlen Vinell dini tərk etməyi Post-Travma Stres Pozuntusu (PTSP) ilə müqayisə edir. O hətta bunun üçün termin də uydurub: dini travma sindromu (DTS), o, Britaniya Davranış və Koqnitiv Prixoterapiyalar Assosiasiyası üçün yazdığı yazıda bu tərifdən bəhs edir: “DTS avtoritar, doqmatik dini tərk etmək və indoktrinanın zədəsi ilə başa çıxmaqdır”. Heç də hamı DTS prosesindən keçmir, amma o yazır ki, PTSP-də olduğu kimi DTS-nin də təsiri “uzunmüddətlidir və usandırıcı düşüncələr, mənfi emosional hallar, qüsurlu ictimai fəaliyyət və digər problemlərlə müşayiət olunur”. DTS Əqli Pozuntuların Diaqnostikası və Statistik Təlimatı mərkəzi tərəfindən tanınmayıb, bəzi tənqidçilər bunu sadəcə dinə aid edilən PTSP olduğunu deyirlər.

Dindən uzaqlaşandan sonra yaranan istənilən mənfi təsir, depressiyadan tutmuş ictimai təcridə qədər, sənin fiziki sağlamlığına zərər vura bilər. Çikaqo Universitetinin 6 il apardığı tədqiqatdan sonra məlum olub ki, təcrid yuxusuzluğa, yüksək qan təzyiqinə və 14% erkən ölüm riski kimi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Depressiya süstlüyə, konsentrasiya problemlərinə, baş ağrılarına və həzm pozuntularına səbəb ola bilər: Amerika Təşviş və Depressiya Assosiasiyasına görə isə, davamlı təşviş əzələlərdə gərginliyə və yuxu problemlərinə yol aça bilər. Dr. Xavier Kampos deyir ki, təşviş bəzən mədə xorasıyla əlaqədar da ola bilər.

Texasda ailə həkimi kimi çalışan Kampos deyir ki, o, bəzən pasiyentlərindən spiritual həyatları barədə soruşur, çünki spiritual həyatla bağlı düşüncələrin onların sağlamlığına təsir edib-etmədiyini bilmək istəyir. O, pasiyentlərinin sonrakı həyat barədə düşüncələriylə fiziki sağlamlıqları arasında bağlılıq olduğunu müşahidə edib.

“Əgər sizdə cəhənnəm düşüncəsi varsa və inancsızlığınıza görə cəzalandırılacağınızı fikirləşirsinizsə, bu bəzən baş ağrıları, təşviş kimi semantik simptomlarda və yatmaq üçün dərmanlara ehtiyac duymaqda özünü göstərə bilər”, - Kampos deyir.

Dini tərk edəndən sonra, yaranan sağlamlıq problemləriylə dərman qəbul etmədən və ya terapist yanına getmədən mübarizə aparmaq üçün bir neçə variant var. Dünyanın müxtəlif ölkələrində dindən sağalanlar üçün aylıq dəstək qrupları fəaliyyət göstərir, bu qruplar dini tərk edənlərə çətinliklərin öhdəsindən gəlmək üçün qaynar telefon xətti təklif edirlər. Məsələn, San-Fransiskodakı “Azad səyahət” təşkilatı dindən dönənlər üçün onlayn dəstək qrupu və kiçik qrupların bir araya gəldiyi, bir-birlərinə kömək etdiyi həftəsonu istirahəti təklif edir. Hətta ateist kilsələri olan qruplar mövcuddur, dindən dönənlər burada qeyri-dini konteksdə qoşulacaqları həftəlik icmalar tapa bilərlər.

Amma hər dindən dönənin də bu cür resurslara, köməklərə ehtiyacı yoxdur. Dindən dönənlərin bəziləri əvvəlkindən daha sağlam həyat yaşamağa başlayırlar. Enni Erlandson da belələrindəndir.

Nebraskada yevangelist xristian kimi böyüyüb-başa çatan Erlandsonda 9 yaşında anoreksiya aşkarlanmışdı, onun keşiş atası da bir vaxtlar özünün qidalanmaq pozuntusu barədə bir kitab yazıbmış. Amma Erlandsonun qidalanma ilə mübarizəsi onun inancları ilə bağlıydı. Çünki onun yetkinləşib qadın olmaq fikrindən ürəyi ağzına gəlirdi: kişilərin ona tamah salacağından, günaha batacağından qorxurdu. O düşünürdü ki, ilk aybaşısının qarşısını alsa, döşlərinin böyüməsinin də qarşısını alacaq, beləliklə, günahını azaldacaq. Ən axırda 15 yaşı olanda həkimlər onda daimi kilo azlığı müşahifə etdilər və anoreksiya diaqnozu qoydular.

Bundan sonra Erlandson xristianlığa şübhə duymağa başladı və inancını itirdi.

Erlandson kimi bəzi insanlarda dindən dönəndən sonra sağlamlıq yaxşılaşır, çünki onlar öz dinləriylə əlaqəli olan sağlamlıqla bağlı mənfi davranışları atırlar. Məsələn, tibbi müalicəni inkar edən Xristian Elmi kimi inancı tərk etmək, aydındır ki, sağlamlıqda daha böyük imkanlara yol açır. Sosial psixoloq Dr. Kley Routlecə görə, bəzən dinlə əlaqələndirilən qeyri-sağlam davranışlar koqnitiv dissonans (dinlə əlaqədar daimi şübhələr sağlamlığına zərər vura bilər) və mübarizədən əl çəkməkdir. Sonuncusuna misal kimi “hər şey allahın əlindədir” düşüncəsini göstərmək olar, bu insanların öz sağlamlıqlarının qeydinə qalmaqdan uzaqlaşdıra bilər.

İnancını itirəndən sonra cəmiyyət tərəfindən təcrid olunan bir çox insandan fərqli olaraq, Erlandsonun sosial həyatı dindən dönəndən sonra kəskin şəkildə yaxşılaşıb. Bundan sonra o, teatrdan olan uşaqlarla və yerli pank rok qrupunda olan insanlarla dostluq eləməyə başlayıb.

“Dindar olduğum zaman heç vaxt ictimai çevrəm olmamışdı, - o deyir: mən gənclik qrupuna qoşulmağa çalışırdım, amma heç vaxt özümü onlara bağlı hiss etmirdim. Yadıma gəlir, 9 yaşım olanda bir dəfə kilsədə xor oxunurdu, hər kəs əlləriylə gözlərini bağlayaraq oxuyurdu. Amma mən bunu hiss edə bilmirdim. Birdən mən özümü təcrid olunmuş hiss elədim və bütün bədənim lərzəyə gəldi. Mən bilirdim ki, heç kəs kimi deyiləm”.

Amma bu da həqiqətdir ki, hər dindən dönənin sağlamlığı yaxşılaşmır. Bir çoxları üçün din icmanın bir parçası olmaq mənası daşıyır, sonrakı həyatın olacağına inanmaq isə ölüm fikrinin dəhşətini azaldır, buna görə də bunlardan uzaqlaşmaq təcridə və təşvişə yola aça bilər. Pozitiv dini təcrübəyə son qoymaq Penfoldun timsalında olduğu kimi sağlamlıq problemlərinə yol aça bilər. Amma neqativ dini təcrübəni tərk etmək də, sağlamlığı qüvvətləndirə bilər, xüsusilə Erlandsonun timsalında olduğu kimi həmin adamı dəstəkləyən qeyri-dini bir icma varsa. Amma bu və ya digər şəkildə, bir insanın inanclı, yaxud inancsız olması elə əhəmiyyətli məsələdir ki, bu həm mənəvi, həm də fiziki sağlamlığa təsir göstərə bilir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR