İngilis Miladının “yaradıcısı” Çarlz Dikkens

Ədəbiyyat
Photo

Böyük yazıçının adı Britaniyalılar üçün ilin əsas bayramının sinoniminə necə çevrildi?

Çarlz Dikkensin adı İngiltərədə Milad bayramının sinoniminə çevrilib. Böyük yazıçı, ölkədaşlarının bu bayramı mənimsəməsinə nəhəng təsir göstərmiş, əski mərasimi yenidən mənalandırmış və xalis ingilissayağı “milad fəlsəfəsi” yaratmışdır.

İngiltərədə Milad bayramı 19-cu əsrin 40-ci illərinə qədər qeyd olunmurdu. Ancaq Kraliça Viktoriyanın hökmranlığı zamanında ingilislər milad küknarları bəzəməyə və Kontinental Avropa ölkələrinə qatılmağa başladılar. Eyni dövrdə həm də küçələrdə, alışveriş mərkəzlərində və hətta metrostansiyaların vestibüllərində, milad ərəfəsində ictimai şəkildə ifa olunan ruhani nəğmələr eşidilməyə başlandı. İngiltərədə ilk milad kartoçkası da 19-cu əsrin 40-ci illərində, Viktorian dönəmində hazırlanmışdı. Fəqət, ilin ən sevilən və önəmli bayramı olan ingilis Miladını ruhi və mənəvi baxımdan mənalandıran ən əsas nəsnə, məhz Çarlz Dikkensin 1843-1848-ci illər boyunca yazdığı “Milad povestləri” oldu.

Dikkensin Milad bayramı ərəfəsində nəşrə verdiyi “Milad povestləri”, mənəvi saflaşma öyüdləri kimi, milad pritçaları şəklində düşünülmüşdü. İngilis milad atmosferinə xüsusi təsir göstərən əsas əsər, bu ədəbi silsilənin ilk povesti olan “Milad nəğməsi” oldu. Dikkensin təcili şəkildə ödəməli olduğu pul borcu bu əsərin yazılmasının əsas səbəbkarı idi. Vəkilinə 270 funt pul borclanmışdı- o dövrdə az pul deyildi, namuslu bir centlmen bu məbləğlə bir il boyunca keçinə bilərdi. Dikkensin atası 19-cu əsrin iyirminci illərində borc həbsxanasına salındığından, yazıçı, uşaq olarkən boya fabrikində ağır işdə çalışmağa məcbur qalmışdı. Dikkens bütün həyatı boyunca tez-tez maddi çətinliklər yaşamışdı və atasının taleyini təkrarlayacağından təlaşlı qorxu duyurdu. Əksərən aylıq olmaqla, sürəkli şəkildə dərc olunan uzun romanları bu ehtiyacını təmin etməyə yaramadı. Buna görə də o, qısa povestlər yazmaq qərarına gəldi. 1943-cü ilin oktyabrından yazmağa başladı ki, əsərləri Milad ərəfəsində nəşr etdirə bilsin. Zamanı israf etməsin deyə, Dikkens qərara gəldi ki, “Pikvik klubunun vəsiyyəti” romanının ikinci dərəcəli personajı olan Qabrial Qrabbı götürüb, üzərində işləyərək təkminləşdirsin. Bax, beləcə, adı İngiltərədə ümumi isimə çevrilən Ebinizer Skrug (Ebenezer Scrooge) personajı yarandı.

“Milad nəğməsi” əsəri, xəsis və tamahkar Skrugun zamanla bu cəhətlərindən arınaraq, sonunda yeni, işıqlı və mənəvi həyat yaşamağa başlamayından bəhs edir. Dikkens bu povestində ənənəvi “milad dəyərlərini”- ailə istiliyini, təmənnasız münasibətləri, doğmaları sevməyi, əzabkeşliyi tərənnüm edir. Milyonlarla ingilis indi də bu hekayələri göz yaşları içində mütəəssir olmadan oxuya bilmir. 1843-cü ilin dekabrının ortalarında, altı min tirajla çap edilən “Milad nəğməsi” artıq Milad bayramına qədər satılıb qurtarır. Ancaq Dikkensin bu satışdan qazandığı məbləğ cəmi-cümlətanı 230 funt olur, bu isə vəkilinə qaytarmalı olduğu borcdan da az idi. Növbəti nəşrlərin də tez satılıb qurtarmasına rəğmən Dikkensin maddi vəziyyəti yaxşılaşmır. Yazıçı şəxsi uğurunun qurbanına çevrilir- Avropa və Amerikada əsərin pirat nəşrləri çoxalıb yayılmağa başlayır. Dikkensin səhhəti sarsılır, ancaq, maddi çətinliklərə uğrayan yazıçı mühazirə demək üçün Amerikaya səfər etmək məcburiyyətində qalır və bu da nəticədə praktiki olaraq onun ölümünə səbəb olur.

“Milad povesti” çox sayda amerikalıya da dərin təsir bağışlayır, Yeni İngiltərədən olan bir maqnat Dikkens qiraətindən sonra zəruri dəyişiklik barədə düşünməyə başlayır və Milad bayramı günündə hər bir işçisinə pulsuz olaraq hinduşka bağışlamaq qərarına gəlir.

Dikkens “Milad nəğməsi”ndən sonra “Zınqırovlar”, “Yaşam mücadiləsi”, “Qovulan adam” povestlərini yazır. Həssaslıqla yazılan bu riqqətli, təsirli hekayələr Milad bayramını İngiltərənin sevgiylə, şadlıqla, sülhlə, barışla və ailə həmrəyliyiylə aşıb-daşan milli bayramına çevirir.

Londondakı Dikkens muzeyinin kuratoru Sofi Sleyd Miladın yazıçı üçün nə mənaya gəldiyini belə açıqlayır:

“ Bu bayram ondan ötrü hər şeydən öncə, xeyirxahlığın ən uca simvolu (yazıçı Xristianlığı məhz bu cür dərk edirdi) qarşısında arınmaq, təmizlənmək, yaşadığı həyat barədə yenidən düşünmək və keçmişi mənalandırmaq imkanı idi. Milad ərəfəsində və bayram günündə Dikkens ötüb-keçən həyatını, uğursuzluqlarını, doğmalarına qarşı münasibətini yenidən dəyərləndirirdi. Milad bayramının bu cür şərh olunub dərk edilməsi nəsillər boyunca ingilislər üçün örnəyə çevrildi və tədricən milli xarakterdə kök saldı.

Milad ərəfəsində Dikkensin əsərlərinə duyulan maraq daha da çoxalır və naşirlər tirajları artırırlar. Biz hər il muzeydə bu povestin motivləri əsasında tamaşa ərsəyə gətiririk. İfadan sonra tamaşanı və povestin ideyalarını müzakirə edirik, ziyarətçilərimiz hər zaman, “Milad nəğməsi” əsərinin onlar üçün uşaqlıqdan bəri mənəvi öndər rolunu oynadığını vurğulayırlar. İngiltərədə hər il bu povestin yenilənmiş füsunkar formaları yaranır. Artıq “Milad nəğməsi”nin motivləri əsasında televiziya və teatr üçün dörd-beş yeni tamaşa çəkilib və onlar adətən milad günlərində nümayiş olunur.

Gördüyünüz kimi, Milad əslində hər şeydən öncə xristian bayramıdır, onun simvolik dini anlamı var. Ancaq ingilis cəmiyyəti zamanla, tədricən daha artıq sekulyarlaşdıqca, Milad da yavaş-yavaş universal dini mənasını itirməyə və Britaniyanın milli bayramı kimi şəkillənməyə başladı. Bu yerdə Dikkensin təsiri, ələxsus “Milad hekayələri” böyük önəm qazanır, bu əsərlər rituallaşmış Miladı əxlaqi məzmunla zənginləşdirdi və eyni zamanda onu ailəlikcə qutlanan şənliyə çevirdi. Diqqət etmisizsə, Britaniyada insanlar Kontinental Avropadakılardan fərqli olaraq yeni ilin gəlişini demək olar qutlamırlar, bircə Miladla hər iki bayramı birləşdirib qutlayırıq. Miladın əxlaqi mənasını qoruyan Dikkens, sahib olduğu viktorian dönəminin mənəvi dəyərləriylə bizi milli köklərimizə aparır və eyni zamanda da bu əski bayramı modernizə edərək, onu xeyirxahlıq və sevgi apofeozuna çevirir.

Muzeydə milad proqramı adətən dekabrın əvvəli başlayır və Milad bayramından sonra gələn ikinci həftəyədək davam edir. Yanvarın 6-na qədər Milad tətili yaşayırıq. Bayram hazırlığına noyabrın 26-dan başlayırıq, Dikkens ailəsi Milad hazırlığına məhz bu gündə başlayır, evi ənənəvi milad bəzəkləriylə əlvanlaşdırırdılar. Onların çoxunu Dikkens öz əsərlərində təsvir edib. Bundan əlavə, Milad tarixinə həsr olunan sərgi hazırlayırıq. Bütün dekabr boyunca muzeydə xüsusi milad tədbirləri keçirilir. Həmin günlərdə muzeyə giriş üçün xüsusi ödəniş həyata keçirilir, ziyarətçilərə piroq və şərab paylanır, muzeyin personalı isə Dikkens epoxasına və viktorian dönəminə xas olan paltarlar geyirlər. Dikkens bizim ən əsas milli bayramımızın simvolu olduğundan, ilin bu dönəminin bizim üçün dəyəri böyükdür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR