Didronun Volterlə görüşü

Fəlsəfə
Photo

1776-cı ilin dekabrın ortalarında Volter bir kağız parçası qopardı və Didroya göndərəcəyi məktubu qaraladı. 25 il müddətinə Parisdən sürgün olunan, bürüşmüş, dişləri tökülmüş filosof iki insanın heç vaxt göz-gözə gəlmədiyi faktını yamanlayırdı: “Mən sizinlə görüşməsəm, dünyadan gözüaçıq gedəcəm... Mən məmnuniyyətlə Parisə gələcək, sonuncu 15 dəqiqəmi sizin səsinizi eşidib təskinlik tapmaq üçün sərf edəcəm“.

15 aydan sonra Volter özünün mavi rəngli, ulduzlarla bəzədilmiş arabasıyla Parisə daxil oldu. Ağır prostat xərçəngindən əziyyət çəksə də, görkəmli humanist, esseist və pyes yazarı özü üçün maraqlı bir cədvəl hazırlamışdı. Özünün 5 səhnəli faciəsini tamamlamaqdan ötrü – o, premyereda iştirak etmək üçün yetərincə uzun yaşadı – Volter günlərinin çoxunu rue de Beaune və quai des Theatin-sin arasındakı bir küncdə yerləşən dostuna məxsus mehmanxanada keçirirdi. Burada Volter uzun saatlar boyunca ona heyranlıq duyan dostlarını və əyanları - onların arasında Benjamin Franklin ilə oğlu da vardı- qəbul edirdi. Volterin 9 aylıq qalışı zamanı Didro da ona öz ehtiramını bildirməyə gəldi. Görüş barədə yazan jurnalistlər təkcə məktublaşmaların onların münasibətlərini ən yaxşı şəkildə göstərə biləcəyinə eyham vururdular.

Didro və Volter ilk dəfə 1749-cu ildə “fəlsəfənin şahzadəsi”nin istedadı parlamağa başlayan Dodronu nahara dəvət etməsiylə başlamışdı. “Kora məktublar”ın ağıllı müəllifini tanımaq şansı qazanacağına ümid edən Volter deyilənə görə, “Ensiklopediya”ya təyinat almış redaktoru öz ateizmi barədə bir daha düşünməyə sövq edəcəyinə ümid edirdi. Didro həm dəvətdən, həm də moizəni dinləməkdən imtina etmək qərarına gəldi. Kimsə fikirləşə bilər: necə ola bilər ki, gənc bir yazıçı indiyədək yaşamış ən məşhur intellektual ilə görüşdən imtina etsin? 1749-cu ildə bu sualın cavabı açıqca orta idi: qürurlu və peşmançılıq nədir bilməyən bir inancsızın hansısa deist tərəfindən özünün fəlsəfəsinin sorğu-sual edilməsinə heç bir marağı yox idi.

Bununla belə, iki filosof uzaqdanda olsa, 28 il boyunca ünsiyyət saxladılar. Volter əlavə 15 məktub göndərdi. Didro onlardan 9-una cavab verdi. Əslində, bu münasibət zaman keçdikcə dərinləşmiş, ortaq dostların, ortaq maraqların araya girməsiylə və bir-birlərinin intellektinə olan hörmət səbəbindən möhkəmlənmişdi. Bununla belə, 1760-cı illər ərzində hər ikisi bir-birini gözdən-qulaqdan qoymamışdılar. İki şəxsin din barədəki görüşləri fərqli olduğu üçün – Volter Nyutonist deist olmaqda qalırdı, Didro isə özünü inancsız adlandırırdı – hər iki şəxsin bir-birlərinin ədəbi karyeralarına qarşı aşkar qeyri-müəyyən duyğular bəsləyirdilər. Hər ikisinin teatra böyük marağı vardı və hər ikisi digərinin yanlış yolda olduğunu düşünürdü. Didronun fikrincə, Volter sonsuz sayda ənənəvi dram və komediyalar istehsal etməkdə davam edirdi: Volterə görə isə, Didronun burjua dramları teatrın yanlış yolda olduğunu göstərən kədərli nümunələr idi.

Bəs 1778-ci ildə bu iki şəxs nəhayət, qarşı-qarşıya oturanda nədən danışdılar? Apardıqları, qazandıqları və uduzduqları döyüşlər haqqındamı? “Ensiklopediya”nın qara günlərindənmi (o vaxtlar Volter təkrar-təkrar Didro və Dalamberə layihəni buraxmağın labüdlüyünə inandırmağa çalışırdı)? Bu illər ərzində vəfat edən dostlardan, xüsusilə əziz Damilavillenin ölümündən? Volterin Didronu Fransa Akademiyasına seçdirmək üçün uğursuz cəhdlərindən? İkisinin böyük dostu Böyük Katerindən? Didronun Seneka barəsindəki maraqlı kitabından? Onun Raynala etdiyi gizli töhvələrdən? Yaxud Didronun Volterin protestant Jab Kalas ailəsinə (o, yanlışlıqla katolikliyə sitayiş etməyə başlayan oğlunu qətlə yetirməkdə ittiham olunurdu) müdafiə etməsinə duyduğun heyranlıqdan?

Əlimizdə olan yeganə real fakt iki şəxsiyyətin Şekspirin məziyyətləri ilə bağlı mübahisələri haqqındadır. Təkcə fransız teatrının deyil, incəsənətinin də daha üstün olduğuna inanan Volter deyilənə görə, Didrodan “belə zövqsüz bədheybəti necə Rasindən, yaxud Vergilidən üstün tutmaq olar?” deyə soruşub. Bunun ardınca ortaya çıxan müzakirədə Didro deyib ki, bir çox şairlərin nəzm pyesləri müvəffəqiyyətdən uzaq olub, amma ingilisin yaradılıcılığı yazının “qotik” aspektlərini özündə əks etdirmək kimi güclü enerjiyə malikdir. O, bundan sonra Şekspiri 15-ci əsrdə yaşamış və Notr Dam Katedralına aparan yolun üstündəki qapıda heykəli olan görkəmli şəxsiyyət Müqəddəs Kristoferlə müqayisə edib. Nə qədər quru və bəzəksiz olsa belə, bu görkəmli heykəl Didroya görə, Şekspirə çox oşayır. Eyham aşkar idi. Özünü haqlı olaraq öz nəslinin ən dahi fransız şairi və pyes yazarı hesab edən Volter belə bu meyara uyğun gəlmirdi. Söhbətlə bağlı yazan bir jurnalistə görə, bu şərhdən sonra Volter “Cənab Didro ilə görüşməkdən çox məmnun qalmamışdı”.

Deyilənə görə, Didronun tikanlı dili Volteri bezdirdiyi kimi, heyran da qoyub. Didro ilə uzun illər davam edən məktub mübadiləsindən sonra – yazışmaların epistolyar tərzi qarşı tərəfdə müntəzəm olaraq cavab vermək kimi məxsusi bir hiss oyandırırdı – Volter ən sonda fərqinə vardı ki, ensiklopediyaçıda nəfəs dərmədən bir ideyadan digərinə sıçramaq kimi çox güclü bir qabiliyyət var. Didronun ziyarəti başa çatandan sonra, deyilənə görə, Volter bəzi dostlarına onun hədsiz hazırcavablığı ilə şöhrət qazandığını, amma bu, onun “həqiqi həmsöhbət, güclü istedad” yiyəsi olmasına mane olduğunu deyib. Didro da öz görüşünü, möhtəşəm, amma artıq dövranını başa vurmuş Volterlə görüş kimi xarakterizə edibmiş. O deyib ki, Volter qədim “dağılıb tökülməkdə olan tilsimli bir qəsr kimidir”, amma onun dəhlizlərində “hələ də köhnə sehrbazlar dolaşır”.

Didronun Volterə etdiyi bu ziyarət Maarifçilik dövrünün iki görkəmli qəhrəmanın son dəfə bir-birini görməsi idi. Bi ziyarətdən qısa müddət sonra, Mayın 30-da köhnə sehrbaz xərçəngə məğlub oldu. Bu, 1778-ci ildə baş verən əhəmiyyətli ölümdən hələ biri idi. Üstündən bir aydan bir az çox zaman keçəndən sonra, İyulun 2-də Jan-Jak Russo da vəfat etdi. Parisdə gəzən əhvalatlara görə, Russo şəhərdən 24 mil aralıda, Dermenonvill şatosundakı bağında səhər gəzintisindən sonra özünü pis hiss edib. Qaldığı kottecə qayıtmaq ərəfəsində özünün köhnə qulluqçusu Tereza Levassora deyib ki, sinəsində dözülməz ağrı var, dabanlarında nəsə sızıltı hiss edir, başağrısından da beyni partlayır. Bundan bir az keçmiş Cenevrə vətəndaşı özünə gələ bilməyib və ölüb.

Russo və Volterin ölümü sonun başlanğıcı idi, onlardan qısa müddət sonra Didronun yaxın dostları, tanışları və düşmənləri bir-bir ölməyə başladılar.

1783-cü ildə Didronun “Ensiklopediya”da birlikdə işlədiyi Dalamber , Jakua daxil olmaqla, Andre-Fransua Le Breton başda olmaqla, layihənin 4 naşiri vəfat etdilər. Bu dayanmaq bilməyən nekroloqa Madam Deponay və onun bir neçə rəssam dostu da qoşuldu, onlar arasında Jan Baptist Şardin və Luis-Mişel can Lu-da var idi. Didronun nəsli yavaş-yavaş yoxa çıxırdı.

Andryu S. Karran Veslayn Universitetindən professordur. O, əsasən Marifçilik dövrü və 18-ci əsr incəsənəti üzrə ixtisaslaşıb.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR