Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Fərid Zülfüqarlı

Elmi-kütləvi
Photo

Giriş

Milli-dövlət quruculuğunun ilkin mərhələlərində millət və millətçilik anlayışının doğru dərk olunması və təşviq edilməsi zəruri amillərdən biridir. Bu səbəbdən millət və millətçiliyin tarixi kökləri və təkamülü, onun yaranma şərtləri və səbəbləri həmçinin müxtəlif ölkələrdəki təzahür formaları dərin tədqiq olunmalı və öyrənilməlidir. O, tarixi zərurətdən doğan fəlsəfi-mədəni anlayış, sosial-siyasi ideya, məfkurə və mübarizə forması kimi geniş araşdırılmalı, müsbət və mənfi təzahürləri öyrənilməlidir. Onun müsbət cəhətlərindən faydalanaraq suveren, müstqəil dövlət və azad millət quruculuğu istiqamətində tədbirlər həyata keçirtmək mümkündür.

Azərbaycanın bugünkü reallığında - Ermənistanla müharibə şəraiti, Rusiya və İrandan gələcək təhlükələri nəzərə alsaq - ölkənin milli (ictimai və iqtisadi) siyasətində millətçilik ideyalarının gücləndirilməsi vacib məsələdir. Belə ki, 1920-ci il Sovet işğalı ilə ölkəmizdə milli şüur və Azərbaycan millətçiliyinin formalaşması prosesi yarımçıq qaldı. Ümmətdən millətə keçid istiqamətində həyata keçirilən bütün işlər 2 ildən az ömür sürdü. Bir millətin formalaşması, onun milli şüura sahib olması üçün bu kifayət qədər qısa zaman idi. Sovet çoxmillətçiliyi içərisində isə yarıda qalan millət olmaq məfkurəsi çoxsaylı repressiya, sürgün və qətllər vasitəsiylə sıradan çıxarıldı.

Bizdən fərqli olaraq azadlığını qoruyub saxlamağa müvəffəq olan Finlandiya, bu günkü inkişafını fin millətçiliyinə borcludur. Kari-Erik Micheisen və Markku Kuisma (1992) “Finlandiyada İnkişaf” adlı kitablarında qeyd edirlər ki, “ictimai siyasət millətin birləşməsində zəruri rol oynayan millətçilikdən çox güclü təsirlənmişdir, dövlət mülkiyyətində olan böyük müəssisələrin sturukturunu və idarə etməsini formalaşdırmış və beynəlxalq şirkətlərin selektiv olaraq ölkəyə daxil olmasına icazə verən qanunvericiliyə belə öz təsirini göstərmişdir. Nəhayət, milliyyətçilik, Finlandiya ictimai siyasətinin dəyərlərini və məqsədlərini hər bir idarəçi və işçi qrupuna tətbiq edən ‘vətənpərvər idarəçilərin’ qurumunu formalaşdırmışdır” (Micheisen və Kuisma 1992, 352-353).

Analoji olaraq, millətçilik Baltik ölkələrinin (Litva, Latvia, Estonia) milli azadlıq mübarizələrinin qələbə çalmasında və müstəqilliklərini Versal sülh müqaviləsindən 23 avqust 1939-cu il Hitlerlə Stalin arasında gizli bağlanan Molotov-Ribbentrop müqaviləsinə qədər davam etməsində mühüm rol oynamışdır. Müqaviləyə əsasən Almaniya Polşanı əvəzində isə, Sovet İttifaqı Baltik ölkələrini işğal etdilər. Texas Universitetinin tarix professoru Qari Hartman (1992) “Baltik Millətçiliyinin Mənşəyi və Böyüməsi Müstəqillik Üçün Bir Güc Kimi” adlı məqaləsində vurğulayır ki, “bu dövrdə həmişə uğurlu olmasalar da Baltik ölkələri dünya səviyyəsində digər böyük siyasi güclərlə qarşılıqlı münasibət quran müstəqil dövlətlər kimi dəyərli təcrübə qazanmışdılar. İyirmi illik müstəqillik daha geniş bir tarixi kontekstdə qısa görünə bilər, lakin bu hər üç dövlətin suveren xalqlar kimi beynəlxalq aləmdə tanınması təmin edilmiş və əsrlər boyu artan millətçiliyin nəticəsi olaraq ona legitimlik möhürü vermişdir. Bundan əlavə, daxili siyasi və hüquqi sistemlərin qurulması üçün və bütün bir nəslin doğuşdan yetkinlik yaşına çatana qədər azad vətəndaşlar kimi yaşaması üçün bu zaman kifayət etdi. Bütöv bir nəslin suveren xalqların azad vətəndaşları kimi yetişdirilməsində millətçiliyin möhkəmləndirilməsi mühüm bir amil kimi gözardı edilməməlidir”(Hartman 1992, par.25-26).

Millətçilik müasir Türkiyə Cumhuriyyətinin meydana gəlməsində də əvəzsiz rol oynamışdır. Birinci Dünya Müharibəsində ağır məğlubiyyətə boyun əymiş Osmanlı hökuməti işğala qarşı ciddi müqavimət göstərə bilmədi lakin bu, “Anadoluda Türk millətçilik atəşini alovlandıran qığılcım oldu” (Goldschmidt 1991, 200). İstanbulda etiraz görüşləri keçirildi və tezliklə Türkiyənin dörd bir tərəfində vətənpərvər cəmiyyətlər meydana gəldi (Lewis 1965, götürülüb Azarian 2011, 75). Yunan ordusu şərqə doğru hərəkət etdikcə Anadoluda millətçi partizan dəstələri onlara qarşı döyüşməyə başladı. Sultanın əmrinə qarşı çıxan Mustafa Kamal bu qüvvələri bir azadlıq ordusu halına gətirməyə başladı və tezliklə Sivasda milli konqres topladı. Bu hadisə, çox qısa zaman ərzində heç kimin gözardı edə bilməyəcəyi siyasi güc mərkəzinə çevrildi (Goldschmidt 1991, 218).

Millətçi ideyalar yalnız Türkiyənin işğaldan azad olmasında yox, həmçinin, onun sonrakı inkişaf yolunu müəyyən edən əsas amillərdən biri idi. Landau (1984) “Atatürk və Türkiyənin Modernləşməsi” əsərində qeyd edirdi ki, müharibə meydanında işğalçılar üzərində qələbə çalmaqla millətçilər əsas məqsədlərinə çatmış oldular. Lakin, müstəqilliyin, milli mübarizənin və qələbənin qorunub saxlanması, milli tərəqqi və gücün təmin edilməsi üçün Türkiyənin reform edilməsi və ya yenidən qurulması kimi vacib məsələlər mübarizənin hələ təzə başladığı mənasına gəlirdi. Millətçilər ölkənin tərəqqisi üçün müəyyən qərarlar qəbul etmişdilər (Landau 1973, götürülüb Azarian 2011, 75), xüsusi ilə də, sahib olduqları Şərq dövlətinin moderləşdirilməsi və Qərbə inteqrasiyası yolunu seçmişdilər.

Cumhuriyyət dövrü Müsavat partiyasının qayəsini təşkil etdiyi liberal-milliyyətçi ideyalar varisi olduğumuz respublikanın ərsəyə gəlməsində çox böyük rol oynamışdır. Məhəmməd Əmin Rəsulzadə (1923) “Azərbaycan Cumhuriyyəti” adlı əsərində qeyd edirdi ki, “‘Müsavat’ firqəsi məfkurə etibarilə milliyyətpərvərlikdən doğma, türkçülük məsləkinə qail bir firqədir. Daha müfəssəl ismi: Türk Ədəmi Mərkəziyyət Müsavat firqəsidir. Azərbaycan Cümhuriyyətinin ələmdarıdır. Bu şuarı ilk dəfə ortaya atmaq və onu yalnız əcnəbilərə deyil, bir qism azərbaycanlılara qarşı dəxi müdafiə etmək etibarilə Müsavat birinci Azərbaycan istiqlal firqəsidir. İctimai nəzəriyyəsinə görə xalqçılıq məsləkinə sadiq, radikal-demokrat bir proqrama malikdir. Heyəti-vükəla rəisi Nəsib bəy bu firqənin müəssislərindən idi” (Rəsulzadə 1923 [1991], 43).

Tarixən insanlar öz əcdadlarının adət-ənənələrinə, doğma torpaqlarına, qərarlaşdırılmış əraziləri və burda mövcud olan hakimiyyətlərinə sadiq olmuşlar. Lakin, 18-ci əsrin sonları insan cəmiyyətində yaranan yeni meyllər (məsələn, Maarifçilik hərəkatı, Sənaye inqilabı) insanları millətçiliyə sövq etməyə başlamışdı. Beləliklə, millətçilik modern anlayış olaraq, ilk dəfə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəli Avropada meydana gəlmiş və müxtəlif zamanlarda, fərqli Avropa ölkələrində bir neçə formada təzahür etmişdir. Sonralar millətçilik ictimai və fərdi həyatın ümumi qəbul olunan, ayrılmaz sentimentinə və müasir tarixin yeganə müəyyənedici faktoruna çevrilmişdir. Onun ilk güclü təzahürləri kimi Fransa və Amerika inqilablarını nümunə göstərmək olar. 19-cu əsrin əvvələrindən başlayaraq millətçilik Mərkəzi Avropada geniş yayılmış və sonralar Latın Amerikası, daha sonra isə Şərqi və Cənubi Avropa ölkələrinə nüfuz etmişdir. 20-ci əsrin əvvələri isə millətçilik qədim Asiya və Afrika torpaqlarında çiçəklənməyə başlamışdır. Beləliklə, 19-cu əsr “Avropa millətçiliyi əsri” adlanırsa, 20-ci əsr də Asiya və Afrika millətçiliyi əsri hesab olunur (Kohn 2018, par. 1-2).

İkinci Dünya Müharibəsinə kimi (millət) millətçilik pərakəndə şəkildə araşdırlsa da, müharibədən sonra ABŞ və Avropada Karlton Heys, Hans Kohn, Alfred Kobban, Luiz Snayder kimi tarixçilər, Karl Doyş, Eli Kedori, Tom Nairn, Con Brulli, Erik C. Hobsbaum, Ernest Qellner, Benedikt Anderson kimi modernistlər və 1980-90-cı illərdən etibarən etno-simvolçu Con Armstronq, Antoni D. Smit, Con Hatçinson kimi nəzəriyyəçilər tərəfindən – “hazır bir ictimai kateqoriya”, “modern dövr anlayışı” kimi və “etnik keçmiş və mədəni amillər” kontekstindən – daha geniş və sistemli şəkildə tədqiq olunmuşdur (Nəsibov 2015, par. 7-9).

Bu araşdırmada millət, millətçilik anlayışları və millətçiliyin liberal, mühafizəkar və radikal formaları müxtəlif ədəbiyyat, akademik məqalə və digər internet resurslarına (ensiklopediya və s.) istinadən araşdırılmışdır. Araşdırmanın məqsədi millət və millətçilik anlayışlarına müxtəlif yanaşmaları və baxışları təhlil edərək Avropa millətçiliyinin meydana gəlməsi və formalaşmasını, həmçinin, millətçiliyə müasir baxışları müzakirə etmək və liberal, radikal və mühafizəkar millətçiliyin spesifik xüsusiyyətlərini göstərməkdən ibarətdir. Araşdırmada qarşıya qoyulan məqsədlərdən biri də “millətçilik neqativ yoxsa, pozitiv fenomendir?” sualına cavab verməkdən ibarətdir. Ümumilikdə araşdırma beş hissədən ibarətdir. Birinci hissədə millət və millətçilik anlayışına müxtəlif baxışlar, izahlar və yanaşmalar müzakirəli şəkildə təqdim edilmişdir. Araşdırmanın ikinci və üçüncü bölməsində millətçiliyin üç forması – liberal, mühafizəkar və radikal millətçilik – müzakirə edilərək onların fərqli xüsusiyyətləri təhlil və izah edilmişdir. Dördüncü hissə millətçiliyə alçaldıcı münasibətə fərqli izah gətirməklə, 19-cu əsr fenomeninin nə üçün daha çox nəzəri və elmi araşdırılmasının zəruriliyini izah etməkdən ibarətdir. Sonuncu, beçinci hissədə araşdırmanın ümumi nəticələri və yekun fikirlər öz əksini tapmışdır.

Millət və Millətçilik

XIX əsrə qədər hər hansı bir rəhbərlik altında olan dövlət və ya ərazilər milliyyətinə görə müəyyən olunmurdu. Milli-dövlət tarixin böyük dövründə mövcud olmamaqla yanaşı, həmçinin uzun zaman mükəmməl bir sistem kimi də qəbul olunmamışdır. İnsanlar şəhər və sülalə dövlətləri, feodallar, dini qruplar və ya sektalar kimi digər siyasi təşkilatlara etimad göstərsələr də, milli-dövlətə etimad göstərmirdilər. Xristianlığın ilk 15 əsrində universal dünya-dövləti (misal üçün Müqəddəs Roma İmperiyası, həmçinin res publica christiana (xristian respublikası)) əsas ideal kimi götürülür və heç bir separatçı qüvvəyə etimad göstərilmirdi. Millətçiliyin geniş yayıldığı dövrdə isə hər bir millətin öz dövlətini yaratmaq azadlığı və bu dövlətin həmin millətin bütün nümayəndələrini özündə birləşdirməsi amalı əsas götürülürdü (Aggarwall n.d.).

Avropa millətçiliyi müasir mənada, hər hansı bir cəmiyyətin öz birlik və müstəqilliyini qorumaq istəyi və arzusu ilə dünyaya gəlmişdir. Avropa xalqlarını silkələyən Fransa Burjua İnqilabı 19-cu əsrdə millətçi arzuları reallaşdırmaq üçün meydana gələn müəyyən hərəkatları daha da alovlandırdı (Aggarwall n.d.) və inqilabın nəticəsi olaraq suverenlik prinsipi mütləq hökmdardan millətə keçdi (Nəsibov 2015). Özündə azadlıq, bərabərlik, qardaşlıq ideyalarını daşıyan inqilab milliyyətçi ruhun formalaşmasına səbəb oldu. Napoleon imperiyası işğalçı mahiyyət daşımasına baxmayaraq Avropaya birlik forması, bərabərlik və millətçiliyin inqilabi ideyalarını bəxş etdi. İnsanları “aid olmaq” və “birlik” hissi ilə bir yerə toplayan yeni konsepsiya meydana gəldi. Beləliklə, millətlər ortaq adət-ənənələri, mədəniyyətləri və əraziləri paylaşanlar tərəfindən formalaşdırılmağa başlandı (Aggarwall n.d.).

Millət anlayışını izah edəcək xüsusi bir tərif mövcud deyil. Lakin, ümumilikdə o, cəmiyyət və ya mədəniyyət, dil və ya ərazi kimi amillər üzərindən vətəni paylaşan və həmrəylik nümayiş etdirən insanların bir qrupu və ya topluluğu kimi təsvir edilə bilər (Hoffman və Graham 2015, 262-284). “Primordialist (ilkçi) və perennialist (əzəlçi) tarixçilər üçün millət ən təbii və keçərli siyasi təşkilatlanma vahididir; bugünün millətləri [əsrlərdən] bəri var olan bir birliyin [bugünkü] uzantısıdır; millətlərə orta (…), hətta, antik dövrlərdə belə rast gəlmək mümkündür; dəyişən tək şey isə millətlərin büründükləri [formadır]; ‘milli mahiyyət’ eyni qalır. Bu görüşü müdafiə edən mütəfəkkirlərə görə, millət ortaq [mədəniyyəti], tarixi, dili və torpağı paylaşan insanların yaratdığı topluluqdur/birlikdir” (Nəsibov 2015). Ceyms Kellasa (1993) görə isə, millət tarix, mədəniyyət və ortaq əcdad (lar) bağları ilə biri-birinə bağlı, cəmiyyət olmağı düşünən bir qrup insandır. Millətlərin ərazi, dil, din və ya ortaq adətlər kimi “obyektiv” (baxmayaraq ki, bütün bunlar həmişə mövcud deyildir) və əsasən, xalqın öz milliyyəti barədə məlumatlılığı və ona olan sevgisi kimi “subyektiv” xüsusiyyətləri vardır (Hoffman və Graham, 2015, 262-284).

Con Stüart Millə (1806-73) görə “Öz aralarında ortaq rəğbətlə birləşdikləri halda bəşəriyyətin bir hissəsini millət [nationality] adlandıra bilərik. Bu rəğbət onlar və başqa biriləri arasında olmur. O, başqa xalqlara nisbətən bir-biri ilə daha sərbəst şəkildə əməkdaşlığa məcbur edir, eyni hökumət altında olmaq arzusunu, özünə aid hökumətin, ya bu hökumətin bir hissəsinin məhz ona aid olması arzusunu [yaradır]. Bu millət hissi müxtəlif səbəblərdən ortaya çıxa bilər. Bəzən bu irq və əcdad kimliyinin nəticəsidir. Onun yaranmasında dil birliyi və din birliyinin böyük rolu var. Coğrafi sərhədlər bu səbəblərdən biridir. Ancaq bunlar arasında ən güclü olanı siyasi keçmiş kimliyidir; özünəməxsus milli tarix və müvafiq olaraq yaddaş birliyi; keçmişin eyni hadisələrinə münasibətdə ortaq qürur və utanc, məmnunluq və məyusluq hissi” (Mill 1961 [Considerations On Representative Government], bölmə XVI). Başqa sözlə ifadə etsək Mill, millətin yaranmasında milli hissləri (şüuru) əsas amil hesab edirdi.

Fransada millət anlayışının formalaşmasında böyük rolu olan Ernest Renan isə millət anlayışını iradə amili ilə izah edirdi. O, iddia edirdi ki, Çağdaş millətlərin yaranmasında etnoqrafik amillərin heç bir rolu olmamışdır. Fransa Kelt, İber və Germanlardan; Almaniya German, Kelt və Slavyanlardan ibarətdir. Heç bir ölkə Italiya kimi qarışıq etnoqrafiq quruluşa malik deyil. Orada qallar, etrusklar, pelasqlar, yunanlar, başqa çoxsaylı elementlər ifrat şəkildə bir-birinə qarışmışdır. Bununla yanaşı, Renana görə millət formalaşması prosesində irqin, dinin, dilin, ticarət və ya sərhədlərin rolu olmamışdır və müxtəlif tayfaları bir yerə gətirən gücdür (dövlətdir). “Ən nəcib ölkələr olan İngiltərə, Fransa və İtalya qanları ən qarışıq olanlardır. Almaniya burada bir istisnadırmı? O əsl alman ölkəsidirmi? Bu illuziyadan başqa bir şey deyil!” (Renan 1882, tərc. Rundell 1992, 6)

Herder və Yohann Fidda (1762 – 1814) millətin xarakterinin formalaşmasında ətraf mühitin, milli birliyin yaranmasında isə dil amilinin əsas rolu olduğunu hesab edirdilər (Nəsibov 2015). Corc Vilhelm Fridrix Hegelə (1770 – 1831) görə hər millət xalq ruhunun xüsusi inkişaf mərhələsi ilə seçilir və xalqın ruhu (volksgeist) milləti fərqləndirən əsas əlamətdir. Hegel düşünürdü ki, xalqın ruhu “özü-özündən həqiqi əyani dünya yaradan ruhdur, o, (…) öz dinində, öz kultunda, öz adətlərində, öz dövlət quruluşunda və özünün siyasi qanunlarında, özünün bütün qurumlarında, hərəkətlərində və əməllərində mövcuddur” (Hegel 1935, 75).

Millətin formalaşmasında “kültür, dövlət və psixoloji amillərin” rolunu əsas hesab edən idealist dünya görüşdən fərqli olaraq marksist dünya görüş millətin təkamülündə və tərəqqisində daha çox iqtisadi amillərin, xüsusi ilə iqtisadi həyat birliyinin, sinfi amillərin, proletar beynəlmiləlçiliyi və burjua millətçiliyinin rolunun daha vacib olduğunu iddia edirdilər. Karl Marks və Fridrix Engelsin müdafiə etdikləri bu fikirlər daha sonralar Avropa sosial-demokratiyası və sosialistlərinin baxışlarının inkişafında öz rolunu oynamışdı (Nəsibov 2015, par. 7). İosif Stalinə görə isə “millət, etnik birliyin ən yüksək inkişaf mərhələsi olub, dil, ərazi, iqtisadi həyat və mədəniyyətdə özünü göstərən psixi xüsusiyyətlərə dayalı insanların birliyidir” (Stalin 1946, 296-297). O iddia edirdi ki, sadalanan amillərdən hər hansı biri çatışmadıqda bu insanların “dayanıqlı birliyi” millət olmaqdan çıxır, o, “bütün əlamətlər birlikdə mövcud olduğu təqdirdə millət olur” (Stalin 1946, 296-297).

Millətçilik iki əsas – fransız və alman – üsulla izah edilmişdir. Fransız üsuluna görə, sivil Fransa dövlətinə sədaqət nümaiş etdirən hər bir şəxs “vətəndaşdır”. Təcrübədə bu, yerli (regional) dillərin sıradan çıxarılması kimi əhəmiyyətli dərəcədə bir yekcinsliyin tətbiq olunmasını belə nəzərdə tuturdu. Amerika Birləşmiş Ştatlarının sonda mənimsədiyi vətəndaş cəmiyyəti millətçiliyi idealı da bu qəbildəndir. Lakin, alman metodu “millət” anlayışını etnik şərtlərlə izah edirdi ki, bu da, siyasi situasiyanın tələbindən irəli gəlirdi. Təcrübədə etnik mənsubiyyət Almaniyada alman adı qəbul etməklə və alman dilində danışmaqla nisbətən əhəmiyyətini itirsə də, millətçi ideyalı [əsas] qəbul edən Praqanın geniş almanca danışan Slovian orta sinfində (Agram və. s) etnik aspekt Almaniyaya nisbətdə daha çox əhəmiyyət kəsb etmişdir. Təcrübədə millətçiliyin aqressiv, təcavüzkar və şovinist olaraq sona çatması müzakirələndirilə bilər, lakin millətçiliyin təbiəti müəyyən sərhədlərin çəkilməsini tələb edir. Əgər bu sərhədlər tamamilə sivildirsə, uğurlu millətçilik, bir çox hallarda böyük qrup autsayderlərin (xaricilərin) “milli-dövlət”də nisbətən daha firavan yaşamaları üçün əlverişli şərait yarada bilmişdir (Halsall 1997, par. 1).

Yohann Herderə (1744 –1803) görə, 19-cu əsrin böyük siyasi gücü olan millətçilik romantik “hiss” və “kimlik” arzusunun, həyəcanının yüksəlişi və legitim dövlətin bir sülalə, allah (və ya allahlar), imperiya hökmranlığına deyil, məhz “xalq” hakimiyyətinə əsaslanmasını tələb edən liberal tələblərdən irəli gəlmişdi. Hər iki, romantik “kimlik millətçiliyi” və liberal “vətəndaş millətçiliyi”, əsasən “orta sinif” hərəkatları olmuşdur (Halsall 1997, par. 2).

Hoffman və Qrahama görə, millətçilik öz insanları tərəfindən millət haqqında yaradılan düşüncə və inanclar (Hoffman və Graham, 2009, 264-285), Heyvuda görə insanların kollektiv fəaliyyət və davranışlarında millətin ən ümdə əhəmiyyətini necə anlaması, Miskeviçə görə isə, ölkələrinin mənəvi, mədəni və ya siyasi nəticələrə nail olması və davamlılığın təmin edilməsi nəzərdə tutulur (Miskiewicz, The Stanford Encyclopaedia of Philosophy 2014, par. 1-4). Yuxarıda da qeyd olunduğu kimi, millətçiliyin müxtəlif tərifləri mövcuddur. Misal üçün, Qibernauya görə millətçilik “üzvləri bir sıra simvollara, inanc və ya həyat tərzləri ilə müəyyənləşən və müştərək siyasi müqəddaratına qərar verə bilmək iradəsinə sahib olan bir icmaya aid olmaq duyğusudur” (Guibernau 1996, 47, sitat götülülüb Hoffman və Graham 2009, 262). Bu tərif, Smitin təyin etdiyi millətçiliyin üç geniş hədəfini özündə birləşdirir: milli kimlik, birlik və suverenlik/azadlıq (Smith 2013, 43). Ortaq simvollar və inanclar milli kimlik və birlik hissini təmin edir, xalqın siyasi iradəsi isə azadlığı/suverenliyi təşviq edir.

Bu sahədə yeni bir razılaşma mövcuddur ki, millətlər zamanla inkişaf edir və müxtəlif mədəni, siyasi və psixoloji amillərlə formalaşırlar (Heywood 2000, götürülüb UKEssays 2013, par. 7). Qeyd edildiyi kimi, bu amillər ortaq bir dil, tarix, xatirələr, ənənələr, hekayələr, miflər, həmçinin ərazilər və qanunları paylaşmağı özündə ehtiva edir (Smith 2013, 41-44). Sadalanan amillər bir millətin mədəni, psixoloji və siyasi inkişafında ciddi rol oynayır, çünki ortaq tarixlər, ərazilər və qanunlar bir qrup insan içərisində kollektiv kimlik, şüur və ya sadiqlik hissi yaradır (Heywood 2000, götürülüb UKEssays 2013, par. 7).

Lakin, bu ümumi amillər və sonuncu “kollektiv kimlik” anlayışı heç də birmənalı qəbul olunmur. Məsələn, Anderson milləti dil və ortaq zaman anlayışı amilləri baxımından mədəni olaraq insan istehsalı kimi təsəvvür edir. O, millətləri obyektiv deyil, daha çox subyektiv olan, “təsəvvür edilən icmalar” kimi təsvir edir. Çünki, bir millətin mənsubları digərləri ilə üzbəüz ünsiyyətdə olmurlar, əvəzində isə bir-birini ortaq hekayələr, hadisələr və media vasitəsiylə tanıyırlar. Üstəlik, millətlərimiz arasındakı sərhədlər, hakimiyyətlər və sinfi fərqliliklər təsəvvürlərimizlə dərk edilir və məhdudlaşdırılır (Hoffman, Graham və Goodwin 2010, götürülüb UKEssays 2013, par. 8).

Hobsbaumun (1990) millətçiliyə verdiyi izah müzakirəyə açıqlığı və özünəməxsusluğu ilə seçilir; o, millətçiliyi sosial olaraq quraşdırılmış fenomen kimi dərk edir və iddia edir ki, (millətçiliyə veriləcək) tərif uğursuzluğa məhkumdur, çünki hər zaman istisnalar tapıla bilinər (Hobsbawm 1990, 5). Hobsbaumun millətçiliyi siyasi və milli vahidlərin üst-üstə düşdüyü bir ideologiya, dəyişən, təkamül edən və modern bir konstruksiya kimi müəyyənləşdirir. O, millətin yaranması üçün inzibati və təhsil insfrastrukturu kimi vacib siyasi, texniki, idarəçilik və iqtisadi şərtlərin zəruriliyini vurğulayır. Hobsbaumun iddiasına görə, millətçilik yuxarıdan aşağı qurulmuş olsa da, o, aşağıdan, kök atdığı, ən güclü və dəyişkən olduğu yerdən öyrənilməlidir (Hobsbawm 1990, ss. 5, 9-10).

Hobsbaumun fikrincə, manipulyasiya və sosial nəzarət məqsədiylə hakim siniflər millət, milli dövlət, milli simvollar, milli refleks kimi “müasir” ənənələr quraşdıraraq kütlələr arasında yalançı kollektiv kimlik hissi yaradırlar. O, ənənələri iki fərqli hissəyə – keçmiş ənənələr (pre-modern) və Birinci Dünya Müharibəsinə səbəb olan quraşdırılmış ənənələr – ayırır və bunlar arasında fundamental fərqlərin olduğunu iddia edir. Keçmiş ənənələr dinlərə və regional dillərə əsaslanmaqla siyasi tələblər ehtiva etmirdi, lakin sonrakılar müharibə dövrlərində kütlələri birləşdirmək, güc və ərazilər əldə etmək üçün yaradılmışdır (Hobsbawm 1983, 9, götürülüb Killashandra et al. 2013, par. 13). Ancaq Smit bu nəzəriyyələrin, bir millətin sadəcə sosial bir quruluş deyil, mədəni, sosial və siyasi təsirdən yaranan bir qarışım olduğuna inanaraq, hissi bağların və mənəvi iradənin əhəmiyyətini gözardı etdiklərini hesab edir (Smith 2010, götürülüb UKEssays 2013, par. 10).

Ardı var

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR