Tanrı bir təsadüfdürmü? II - Tiryək və Qardaşlıq Cəmiyyətləri - Bədənlər və Ruhlar

Pol Blum

Elmi-kütləvi

II - Tiryək və Qardaşlıq Cəmiyyətləri [6]

Dini inancın mənşəyi ilə bağlı ənənəvi bir yanaşmanın çıxış nöqtəsi adam olmanın çətin olduğu fikridir. Şər hər yerdədir; sevdiyimiz hər kəs öləcəkdir; tezliklə biz özümüz də öləcəyik - bəlkə yavaşca, bəlkə də bir göz qırpımında baş verəcək, ancaq bu yəqin ki hər iki halda da naxoş bir şey olacaqdır. Ərköyüncə və şanslı yaşanan həyat çox az adama qismət olur; bunun xaricində, həyat əksər insanlar üçün çox pis, qəddar və qısadır. Əgər həyatımızın daha böyük bir mənası varsa belə, bunu başa düşmək demək olar ki mümkün deyildir.

Bəlkə də Marksın dediyi kimi, dini ona görə mənimsəmişik ki, tiryək kimi o da varolmanın acısını yüngülləşdirir. Filosof Suzan K.Lanqer dediyi kimi insan “xaosla bacara bilməz”; fövqəltəbii inanclar mənalandırma vasitəsilə bu problemi həll edir. Biz sadəcə bir məxluq deyilik; Tanrı tərəfindən sevgiylə yaradılmışıq və onun amallarına xidmət etməkdəyik. Din bizə buranın yaxşılığın mükafatlandırılacağı, pisliyin isə cəzalandırılacağı adil bir dünya olduğunu deyir. Hamısından əhəmiyyətlisi budur ki, din ölüm qorxumuza xitab edir. Freyd dini inancların “üçqatlı vəzifə”si olduğunu göstərərək yuxarıdakıların hamısını xülasə etmişdir: “Onlar təbiətin törətdiyi terrorlardan insanları qorumalı, xüsusilə ölüm mövzusunda özünü nümayiş etdirən Talenin zalımlığı ilə insanları barışdırmalı və müştərək sivil həyatın insanlara çəkdirdiyi əzab və məhrumiyyətləri kompensasiya etməlidir

Bəzən din bunların hamısını birlikdə edə bilər. Yuxarıda söylənənlərin dini inancların varlığını qismən açıqladığını inkar etmək həqiqətə uyğun olmazdı. Əslində, bəzən teoloqların özü də yuxarıda söylənən şeylərdən birini nədən Tanrıya inanmalı olduğumuza dair arqument olaraq gətirir: əgər bir kimsə hədəfi olan, mənalı və əbədi bir həyat istəyirsə, Tanrıdan başqa üz tutacağı bir yer yoxdur.

Dindar insanlar daha əxlaqlıdırlar?

Koqnitiv alim Stiven Pinkerin də xatırlatdığı kimi, bu görüşdə problem bundadır ki, biz onsuz da doğru olduğuna inanmadığımız vədlərdən ümumiyyətlə təsəlli tapmırıq. Ac insan çoxlu yemək yediyinə inanaraq özünü nəşələndirə bilməz. Cənnət, məhz insanlar belə bir yerin mövcud olduğuna inandığı müddətcə təsəlliverici bir qavramdır; dinin adekvat bir nəzəriyyəsi ilk öncə bu inancı izah etmək məcburiyyətindədir.

Həmçinin, dini tiryək kimi ələ alan nəzəriyyə ən mükəmməl şəkildə ən çox tanış olduğumuz monoteist dinlərə uyğun gəlir.

Yaxşı, o zaman hər şeyi bilən və adil bir Tanrıya inanmayanları (dünyadakı dindarların çoxu) nə edək? Hər bir cəmiyyət spiritual varlıqlara inanır, lakin onlar çox zaman axmaq və ya pis niyyətli varlıqlar olaraq qəbul edilir. Bir çox din metafizik və ya teleoloji məsələlərlə maraqlanmaz; bu dinlərdə tanrılar və əcdadların ruhu yeməyi necə hazırlamaq və cəsədləri neyləmək kimi gündəlik problemlərin öhdəsindən gəlməyə kömək etsin deyə çağırılır - Hər Şeyin Mənasını açıqlasınlar deyə deyil. Cənnət, ilahi ədalət və qurtuluş vədi bəzi dinlərdə də mövcudluğunu qoruyur, amma heç də hamısında deyil (Doğrusu, bizim ən aşina olduğumuz dinlər heç də hər zaman təskinləşdirici olmur. Tanıdığım bəzi yaşlı xristianlar əfv edilmə ehtimalına üstünlük verməkdənsə, əbədi lənətə düçar olma əndişəsiylə uşaqlar kimi miskin bir vəziyyətə düşmüşdü). Deməli, nəticədə, tiryək nəzəriyyəsi dinin nədən var olduğunu açıqlamaq üçün kifayət etmir.

Başlıca alternativ sosial nəzəriyyədir: din insanları bir araya gətirir və bu onlara sosial bağı olmayanlara görə üstünlük verir. Bəzən bu arqument mədəni terminlərlə təqdim olunur, bəzən isə ona təkamül psixologiyasının perspektivindən baxılır: ən uyğun olanın həyatda qalma prosesi gen və ya fərd səviyyəsində deyil, sosial qrup səviyyəsində həyata keçir. Hər iki durumda da din genişlənəcəkdir, çünki ona sahib olan qruplar olmayanları böyüyüb keçəcəkdir.

Psixoanaliz əslində nədir?

Sözügedən konsepsiyaya görə, din bir qardaşlıq cəmiyyətidir və bu analogiyanın dərinlərə uzanan kökləri vardır. Məhz yeni üzvlərə arxada kürək çəkdirildiyi qardaşlıq cəmiyyətlərində olduğu kimi, dinlərin də bağlılıq və məsuliyyət aşılamaq üçün penisin bir hissəsini qayçılamaq kimi ağrılı qəbul etmə ritualları vardır. Həmçinin, bir çox dinin pəhriz məhdudiyyətləri və xarakteristik geyim tərzi kimi bəzi anlaşılmaz xüsusiyyətlərinə qrupun həmrəyliyini təmin edən vasitələr olaraq baxıldığı zaman onlar böyük bir məna kəsb edir.

Qardaşlıq cəmiyyəti nəzəriyyəsi dinlərin nədən onları qəbul etməyənlərə qarşı olduqca sərt davrandığını və onların mürtədlərə qarşı nədən xüsusi bir qəzəb duyduğunu da açıqlayır. Bu “qısqanc bir Tanrının” aşağıdakı kimi əmr verdiyi Əhdi-Ətiqdə açıq-aydın şəkildə görsənir:

“Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan tanrılardan, ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların tanrılarından bəhs edib “gedək yad tanrılara sitayiş edək” desə, ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın. Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin. Sizi Misir torpağından, köləlik diyarından çıxaran Allahınız RƏBDƏN ayırmaq üçün çalışdığına görə onu daşqalaq edib öldürün” -Qanunun Təkrarı 13, 6:10 [7]

Bu nəzəriyyə din barəsində demək olar ki hər şeyi açıqlayır - dinin özündən başqa. Aydındır ki, rituallar və fədakarlıqlar insanları bir araya gətirir və belə şeyləri edən bir qrup bunları etməyənlərə görə daha avantajlıdır. Ancaq bütün bunlar üçün nədən bir dinin lazım olduğu sözügedən nəzəriyyədə aydın deyildir. Tanrılar, ruhlar, axirət dünyası, kainatın ilahi yaradılışı və s. niyə bu işə qarışdırılmışdır? Bu nəzəriyyə ən çox maraqlandığımız şeyi, yəni fövqəltəbii olaylara inanc məsələsini izah etməməkdədir.

Təkamül, Təhsil və Müsəlmanlar

III. Bədənlər və Ruhlar

Alimlər arasında olduqca fərqli bir görüşə - dinin bir məqsədə xidmət etmək üçün deyil, təsadüf nəticəsində ortaya çıxdığını ifadə edən görüşə-qarşı şövq yaranmışdır.

Bu bir dəyər mühakiməsi[8] deyildir. Təkamül perspektivindən baxıldığında həyatda qarşılaşdığımız gözəl şeylərin bir çoxu təsadüfən ortaya çıxmışdır. Bəzən insanlar uzaq ölkələrdə yaşayan tanımadığı və əsla görməyəcəyi insanlar üçün pulundan keçir, zaman sərf edir və qan verir. Genlerin perspektivindən baxıldığında bu fəlakətlidir - intihar edərcəsinə faydasız qaynaq israfıdır. Fəqət bunun kökündə magik bir şey dayanmır; sərhəd tanımayan altruizm yəqin ki empatiya və mücərrəd mühakimə qabiliyyəti kimi başqa, daha adaptiv xüsusiyyətlərin əlavə bir məhsuludur. Oxşar şəkildə, tablolardan və filmlərdən aldığımız zövqün də heç bir reproduktiv avantajı yoxdur. İşə bax, real dünyadakı üç-ölçülü obyektlərə reaksiya vermək üçün təkamül edən gözlərimiz və beyinlərimiz bir kətan tablodan və ya bir ekrandan əksolunmalara da cavab verə bilir!

Fövqəltəbii inanclar da oxşar tərzdə açıqlana bilər. Biraz əvvəl haqqında danışdıqlarım mənim və Skott Atran, Paskal Boyer, Custin Barrett və Debora Kelemenin tədqiqatları sayəsində meydana çıxan dinin-təsadüf-olması nəzəriyyəsinə aiddir. Bu nəzəriyyənin bir versiyasının çıxış nöqtəsi, fiziki ilə psixoloji olanı bir-birindən ayırd etmənin insan düşüncəsi üçün fundamental olduğu fikridir. Daşlar və ağaclar kimi tamamilə fiziki şeylər Nyutonun amansız qanunlarına tabedir. Bir daşı atdığın zaman o, müəyyən bir trayektoriya üzrə uçacaqdır; yerə bir budaq qoysan o gözdən itməyəcək, başqa bir yerə qaçmayacaq və ya kosmosa uçmayacaqdır. İnsanlar kimi psixoloji varlıqların isə, zehinləri, niyyətləri, inancları, hədəfləri və arzuları vardır. İnsanların necə hərəkət edəcəyini öncədən kəsdirmək olmur, çünki onlar öz iradə və kaprizləri ilə hərəkət edir; onlar təqib edə və ya qaça bilərlər; onlar bir şeyi təqib edə və ya qaçışa bilər. Əxlaqi bir fərqlilik də var: bir daş yaxşı və ya pis ola bilməz, amma bir insan ola bilər.

Fiziki və psixoloji olan arasında fərq qoymaq hardan qaynaqlanır? Onu təcrübə edərəkmi öyrənirik, yoxsa hər necəsə, onunla beynimiz arasında əlaqə əvvəlcədən qurulmuşdur? Bunu öyrənməyin bir yolu körpələri tədqiq etməkdən keçir. Danışmağı bacarmadıqları və öz bədənləri üzərində nəzarətləri çox az olduğu üçün körpələrin nə düşündüyünü bilmək olduqca çətindir (Körpələri test etmək siçovulları və göyərçinləri test etməkdən daha çətindir, çünki onlar nə labirintləri keçə, nə də manivelaları dimdikləyə bilərlər). Ancaq yaxın zamanlarda tədqiqatçılar körpələrə müxtəlif olaylar göstərib onların bu olaylara nə qədər müddət baxdığını qeydəalma texnikasını istifadə etməyə başlamışdır. Çünki, körpələr də digər insanlar kimi qəribə və qeyri-adi olduğunu gördüyü bir şeyə daha uzun müddət baxma meylindədir.

Bu texnika bir sıra nəzərəçarpan kəşflərə yol açmışdır. Altı aylıq körpələr fiziki obyektlərin yerin cazibə qüvvəsinə tabe olduğunu başa düşür. Əgər bir masanın üzərinə bir obyekti qoyduqdan sonra masanı çəkərsəniz və (gözəgörünməz bir iplə tutularaq) obyekt məhz olduğu yerdə qalarsa, körpə heyrətlənəcəkdir; çünki onlar obyektin düşməsini gözləyir. Onlar obyektlərin bərk olduğunu zənn edir və hələ də bəzi psixoloji bölümlərində öyrədilənin əksinə, onlar obyektlərin gizlədilsələr belə, zaman keçdikcə mövcudluqlarını qorumağa davam etdiyini düşünür (Körpəyə bir şey göstərdikdən sonra onu bir ekranın arxasına qoyun. Biraz gözlədikdən sonra ekranı qaldırın. Obyekt ekranın arxasından götürülmüşsə, körpə təəccüblənəcəkdir)[9]. Hətta, beş aylıq körpələr sadə hesab belə apara bilər. Ekranın arxasına ilk əvvəl bir, sonra başqa bir obyekti də qoyun. Onlar ekran qaldırıldığı zaman onun arxasından bir və ya üç deyil, məhz iki obyekt çıxması lazım gəldiyini başa düşür. Başqa eksperimentlər, makakalar və tamarinlər daxil olmaq üzrə insan olmayan primatlarda və itlərdə də say anlayışının olduğunu göstərmişdir.

Oxşar şəkildə, körpələrin sosial dünyanı anlama kapasitəsinin çox erkən inkişaf etdiyi meydana çıxmışdır. Yenidoğulmuş körpələr başqa şeylərdən ziyadə üzlərə baxmağa üstünlük verir və onların ən çox eşitmək istədiyi insan səsidir - insan səsləri içində də anasının səsini tərcih edir. Onlar tez bir zamanda qəzəb, qorxu və xoşbəxtlik kimi müxtəlif emosiyaları bir-birindən ayırmağa və onlara uyğun şəkildə cavab verməyə başlayır. Körpələr bir yaşından əvvəl bir yetkinin gözünü nəyə zillədiyini təyin edə və diqqət edərək başqalarının emosiyalarını öyrənə bilərlər; bir körpə təhlükəli ola biləcək bir yerə doğru iməklədiyi zaman bir yetkin üzündə dəhşət və ya iyrənmə ifadə edərsə, körpə ən azından o yerdən uzaq durmalı olduğunu biləcəkdir.

Bir skeptik belə sosial kapasitələrin bir sıra primitiv reaksiyalar olaraq açıqlana biləcəyini iddia edə bilər, ancaq onların daha dərin bir anlayışı əks etdirdiyinə dair bəzi dəlillər vardır. Misal üçün, on iki aylıqlar bir obyektin digərini təqib etdiyini gördüyü zaman, görünür, onlar bunu sözün həqiqi mənasında yaxalamaq məqsədiylə təqib etmək kimi başa düşür; onlar təqibçinin ən birbaşa yol boyunca təqib etməsini gözləyir, təqibçi başqa cür hərəkət etdiyi zaman onlar təəccüb edir. Psixoloqlar Kraliça Universitetindən Valeri Kulmayer və Yel Universitetindən Karen Uinnlə birlikdə apardığımız bəzi tədqiqatlar zamanı bir xarakterin bir fərdə kömək etdiyini, başqa bir xarakterin isə o fərdə zərər verdiyini bir filmdə izləyən körpələrin, fərdin baş verənlərdən sonra ona kömək edən xarakterə yaxınlaşacağını, ona zərər verən xarakterdən isə qaçacağını gözlədiklərini gördük.

Bir körpənin fiziki dünyanı anlama qabiliyyəti ilə sosial dünyanı anlama qabiliyyəti arasındakı fərqi onun beynində ayrı-ayrı proqramlarla çalışıb ayrı-ayrı tapşırıqları yerinə yetirən iki fərqli komputerə bənzətmək olar. Bu iki anlaq[10] müxtəlif nisbətlərdə inkişaf edir; sosial olan fiziki olandan bir az sonra meydana çıxır. Onlar tarixqabağı[11] vaxtlarımızda fərqli şəkildə inkişaf etmişdir. Fiziki anlaq bizim xaricimizdə digər növlərdə də vardır, halbuki sosial anlaq nisbətən yeni bir adaptasiyadır və bəzi cəhətlərinə görə insan bənzərsiz ola bilər.

Bu iki sistemin müxtəlifliyi sosial anlaq əksikliyi ilə xarakterizə olunan bir inkişaf pozuntusu autizmdə özünü xüsusilə biruzə verir. Autizmli uşaqlar tipik olaraq kommunikasiya (təqribən üçdə biri heç danışa bilmir), təxəyyül (xəyali oyun[12] oynamağa meyilli deyillər) və sosiallaşma qüsurları nümayiş etdirir. Onlar başqaları ilə dostluq etməyi sevməz və qucaqlaşmazlar; onların dünyasına yol tapmaq çox çətindir. Ən ekstremal hallarda autizmli uşaqlar insanları sağ-solu bəlli olmayan hərəkətlər edən, gözlənilməz səslər çıxaran qorxuducu obyektlərdən başqa bir şey olaraq görməz. Onların maddi cisimləri anlama qabiliyyətinin tamamilə sağlam olmasına baxmayaraq, başqalarının zehinlərini anlama qabiliyyəti çatışmır.

Gəlinən nöqtədə, dinin-təsadüf-olması nəzəriyyəsi fövqəltəbii inanclar barəsində heç nə deməməkdədir. Körpələr soyuqqanlı bir şəkildə fəaliyyət göstərən iki sistemə malikdir: biri təxmin etmək və anlamaq, digəri isə, yaşlandıqları zaman fiziki və sosial varlıqları idarə etmək üçün onlara yardım edir. Başqa sözlə, hər iki sistem də bəşər övladının obyektlər və digər insanlar arasında baş çıxarmasını təmin edərək ona çox gərəkli avantajı bəxş edən bioloji adaptasiyadır. Lakin bu sistemlər dinin təməlləri ilə iki şəkildə tərs düşür. Əvvəla, obyektlər dünyasını zehinlər dünyasından əsas etibarilə ayrı olaraq dərk edirik və beləcə bu bizim üçün ruhsuz bədənləri və bədənsiz ruhları təsəvvür etməyə imkan verir. Bu, Tanrıya və ölümdən sonrakı həyata nədən inandığımızı izah etməyə kömək edir. İkincisi, görəcəyimiz kimi, bizim sosial anlaq sistemimiz mövcud olmayan şeyləri arzulayaraq və hədəfləyərək ağını çıxarmaqdadır. Bu isə, bizi animist və yaradılışçı edir.

Ardı var

[6] Qardaşlıq cəmiyyəti (ing. fraternity)-sözün kökündə “qardaş”, “qardaşlıq” mənasına gələn latınca “frater” sözü durur. Qardaşlıq cəmiyyəti və ya qardaşlıq təşkilatı kişilərin dini və ya sekulyar məqsədlər üçün bir araya gəldiyi bir cəmiyyət və ya bir klubdur.

[7] Məqalənin orijinalında ayələrin nömrəsi 7:11 kimi qeyd edilmişdir. Görünür, müəllif iqtibas edərkən nömrələri “sürüşdürmüşdür”. Çünki sözügedən ayələr Qanunların təkrarı 13-də 6-10-cu ayələrə müvafiq gəlir. Ayələrin tərcüməsi üçün Əhdi-Ətiqin azərbaycanca tərcüməsinə əsaslandıq (baxın: http://kitabxana.net/files/books/file/1447926392.pdf)

[8] Dəyər mühakiməsi (ing.value judgement)-bir şəxsə, bir hadisəyə və ya situasiyaya qarşı onları obyektiv xüsusiyyətlərinə görə deyil, daşıdığı dəyərlərə görə, reaksiya verilməsi. Ən ümumi mənasında varlıqla deyil, dəyərlə bağlı mühakimə.

[9] Müəllif burada Jan Piajenin psixologiyada geniş vüsət tapan kiçik körpələrdə obyekt davamlılığının olmaması fikrini tənqid edir və bunun müasir elmi-nöqteyi nəzərdən özünü doğrultmadığına işarə edir. Obyekt sürəkliliyi (ing. object permanence)-əşya davamlılığı, əşya sürəkliliyi, obyekt davamlılığı və s. deyə də tərcümə edilə bilər. Obyekt sürəkliliyini qazana bilməyən körpə gözünün önündən itən əşyanı axtarmayacaq, çünki onun yox olduğunu sanacaq. Həyatının ilk bir neçə ayında körpə üçün obyekt onun görüş sahəsinin içində varsa vardır, onun görüş sahəsinin içində yoxsa yoxdur. Obyekt sürəkliliyi qazanan körpə gözünün önündən götürülən obyektin yox olmadığını biləcək və onu axtarıb-tapmağa cəhd edəcəkdir və ya gözünün önündən ayrılaraq mətbəxə girən anasının mətbəxdə olduğunu anlayacaq. Obyekt sürəkliliyi 8-18-ci aylar arasında qazanılır (burada obyekt davamlılığı haqqında verdiyimiz məlumat Piajenin psixologiyada geniş vüsət tapmış görüşünü əks etdirir).

[10] Burada “zəka” yerinə “anlaq” kəliməsini istifadə etdik. Bu iki söz təqribən eynimənalıdır. Anlaq və ya zəka anlamaq qabiliyyətindən başqa bir şey deyildir. “Zəka” yerinə “anlaq” deyə çevirməmizin əsas səbəbi bu sözün dilimizdə feili də olmasından (anlaq/anlamaq) və mətndəki passajlarda bu iki söz arasında rabitəni orijinaldakı kimi nümayiş etdirmək cəhdidir.

[11] Tarixqabağı (ing. Pre-history)-tarixöncəsi və ya tarixdən əvvəlki/qabaqkı dövr. Yazının kəşfindən əvvəlki dövr olub arxeoloji tərəfindən araşdırılır.

[12] Xəyali oyun (ing.imaginative play)-uşaqların rola girdiyi, bir kişini və ya bir peşəni təqlid etdiyi oyunlara xəyali oyun deyilir. Evcik evcik oyunu, müəllim oyunu və s. Uşağın inkişafında çox əhəmiyyətlidir. Sosiallaşma, başqalarının düşüncələri və duyğularını anlama, empatiya qurma və s. üçün fövqəladə əhəmiyyət daşıyır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR