Daha çox güc əldə etmək bizi daha da məsuliyyətsiz edəcək

Yuval Noah Harari

Toplum
Photo

Mən İsrailə gedəcəyimi deyəndə, yaxın fələstinli dostum Yazan soruşdu: “Sənin BİS-dən xəbərin yoxdur bəs?”

Boykot, İfşa və Sanksiyalar (BİS) İsrailə Cənubi Afrikadakı aparteid rejim kimi yanaşmağı təklif edən kampaniyadır və bu kampaniya idman, mədəniyyət və elm daxil olmaqla bütün sahələri əhatə edir.

Amma əslində İsrail necə bir yerdir? İndiki qütbləşmə erasında elə bir ölkə tapılarmı ki, parçalanmalara məruz qalmasın? Fələstinlinlilərin tərəfinə keçərək, Netanyahu hökumətinə etiraz edən israillilər necə olsun?

Tel-Əvivdə rastlaşdığım türk əsilli israilli Orel mənə belə dedi: “Qəzadakı divara görə özümü günahkar hiss edirəm. Amma divar tikiləndən hücumların və ölüm hadisələrin sayı da azalıb. Mən müqayisədə indi özümü daha çox təhlükəsizlikdə hiss edirəm. Onlara görə qüssələnirəm, amma mən nə edə bilərəm ki?“

Bu dünya aydın cavabları olmayan suallarla doludur.

Və bu sualları ən çox ünvanlamaq istədiyim şəxs elə burada yaşayır.

Yuval Noah Harari 21-ci əsrdə haqqında ən çox danışılan tarixçidir. Onun birinci kitabı “Sapiens” Türkiyədə 500, 000 tirajla satılıb, bütövlükdə dünyada isə 8 milyon tirajla. Barak Obama, Bill Qeyts və Mark Zukerberq kimi şəxslər kitabı oxumağı məsləhət görüblər. “Sapiens” insanlığın keçmişinə baxdığı halda, müəllifin ikinci kitabı “gələcək“ barədədir.

Onun hələlik ən çox siyasi sayılan üçüncü kitabı “21-ci əsr üçün 21 dərs” isə təzəlikcə, elə bu həftə nəşr olunub.

Biz Harari ilə Tel-Əvivin qovurucu Günəş şuaları altında görüşdük, insanlığın taleyi və planetimiz haqqında danışdıq.

Biz fəlakətli bir dövrəndənmi keçirik?

2018-ci il Avqustun 28-i, söhbət elədiyimiz bugün biz hələ də bəşəriyyətin indiyədək olan ən yaxşı günlərini yaşayırıq. Bizim getdiyimiz istiqamət, gözümüzün qarşısında baş verən tendensiyalar əlbəttə, olduqca neqativdir. Amma insanlığın vəziyyəti yenə də yaxşıdır, aclıq halları, xəstəliklər, zorakılıq tarixin əvvəlki dövrləriylə müqayisədə azdır. Təkcə inkişaf eləmiş ölkələrdən söhbət getmir, dünyanın hər yerində belədir. Şükür etmək üçün çox səbəb var.

Amma insanlıq hədsiz təşvişdəymiş kimi görünür...

Əksər insanların tarix və indi barədə olduqca təhrif edilmiş görüşləri var. İnsanlığın böyük nailiyyətlərinə və son onilliklərdə yaranan beynəlxalq nizama minnətdar olmaq əvəzinə, onlar bunu adi şeymiş kimi qəbul edir və gileylənirlər. Bu o demək deyil ki, dünyada cənnət qurulub. Bizim çoxlu problemlərimiz var. Amma yenə də, indi vəziyyət heç vaxt olmadığı qədər yaxşıdır, biz indi bu nailiyyətlərin ortaya çıxmasına imkan yaradan nizamın təməllərini dağıtmaqla məşğuluq.

Hansı nizamın?

Zorakılığın miqyası heç vaxt olmadığı qədər kiçilib, bunun səbəbi hansısa ilahi möcüzə yox, müdrik insan qərarları, beynəlxalq təşkilatlar və əməkdaşlıqdır. Təcrid olunmağa, millətçiliyə və yeni silahlanma yarışına biz çox asanlıqla və tez uyuruq. İnsanlar bunu dərk eləmirlər.

Cəmiyyətlərdə çatlar əmələ gəlib. İsraildə, Türkiyədə, ABŞ-da...

Şübhəsiz.

Çatlar bir qayda olaraq cəmiyyətləri parçalayır. Niyə bu eyni vaxtda hər yerdə baş verir?

Yayğın olan bircə məxsusi çat var. Bu, irəli addımlayanlarla geridə qalanlar arasındakı çatdır. Dünyada nəhəng dalğa, inqilab baş verir. Bu dalğa əhalinin müəyyən seqmentinə nəhəng üstünlüklər qazandırır. Lakin böyük seqmentlər özlərinin daha da gücsüzləşdiklərini, daha da əhəmiyyətsizləşdiklərini hiss edirlər. Onların həyatı getdikcə çətinləşməyə də bilər, amma onlar başqalarının daha böyük üstünlüklər qazandıqlarını görürlər.

Bu yeni bir fenomendirmi?

20-ci əsrdə nisbətən balaca elita geniş insan kütlələrini istismar edirdi. Kütlələr istismar olunduqlarını hiss edirdilər, amma onlar hələ də çox əhəmiyyətli idilər. Sən onlarsız iqtisadiyyatı idarə edə bilməzdin. İşçilər üçün ən vacib məsələ iqtisadi gücü siyasi gücə çevirmək idi. Onlar birləşir, tətillər keçirir, sosialist inqilabları həyata keçirirdirlər. Amma 21-ci əsrdə əsas mübarizə əhəmiyyətsizlik üzərində olacaq.

Nəyə görə?

Çox sayda insan kənara atılıb. Elita daha onları istismar etmir. Elitanın onlara ehtiyacı yoxdur. İsrailin iqtisadiyyatına baxın, onu irəliyə aparan işçi qüvvəsinin səviyyəsi cəmi 10%-dir. Əksər insanlar istismar olunmurlar, onlar sadəcə olaraq əhəmiyyətsizdirlər. Əhəmiyyətsizliyə qarşı mübarizə aparmaq, istismara qarşı mübarizə aparmaqdan daha çox çətindir. Əsas problem əksərən psixolojidir: “Mən əhəmiyyətsizəm. Mən təhqir olunmuşam...”

Və siz bu mərhələni “Tramp anı” adlandırırsınız.

Bəli, belə olanda ortaya (Donald) Tramp, yaxud (Rəcəb Tayyip) Ərdoğan kimi adamlar çıxır və insanlara deyirlər: “Siz bu dünyada ən vacib insanlarsınız. Siz əhəmiyyətsiz deyilsiniz. Gələcək sizin yanınızdan ötüb keçməyəcək”. Millətçi populizmin ən cəlbedici tərəfi budur... Bunun arxasında iqtisadi məntiq dayanmaya bilər, amma psixoloji baxımdan bu olduqca cəlbedicidir. Böhran ortaya çıxanda, bu millətçi görüşlər dünyanın iqtisadi gerçəkləri ilə çarpışır.

Bəs bu zaman nə baş verir?

Sən iqtisadiyyatın gerçəklərini qəbul etməkdənsə və realist plan ortaya qoymaqdansa, bu cür deməyə şirniklərnirsən: “Bu, xarici qüvvələrə, mühacirlərə, bu və ya o qrupa görə belədir” və s. Çinlə, Türkiyə ilə ticarət müharibəsinə başlamaq, Pensilvaniyadakı, yaxud Ohiodakı Tramp seçicisinə heç nə verməyəcək.

Siz İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüşdə iştirak etmisiniz və bildirmisiniz ki, məiyyəti daim onun qoltuqlarının altını şişirtməklə məşğul olsa da, real bir məsləhət vermir.

O sultandır. Adətən insanlar sultana məsləhət verməkdən qorxurlar. Onlar ona eşitmək istədiklərini deyirlər, həqiqəti demək isə təhlükəli ola bilər.

Bu liderlər həqiqətən bunu başa düşmürlərmi? Nəyə görə onlar ətraflarında düzgün məlumat verəcək şəxsləri deyil, onun nazıyla oynayanları seçirlər? Bu hakimiyyəti zəhərləyən, yoxsa qəsdən edilən taktikadır? Bu mexanizm necə işləyir?

Bu köhnə hekayətdir. Bilirsiniz, belə bir deyim var ki, hakimiyyət mənəviyyatı korlayır, mütləq hakimiyyət isə daha çox korlayır. Söhbət sənin mənəviyyatsız olmağından getmir. Bir ölkəyə başçılıq etmək hədsiz dərəcədə çətin işdir. Xüsusilə söhbət Yeni Zelandiyadan yox, Türkiyə, yaxud İsrail kimi mürəkkəb ölkədən gedirsə.

Psixoloji cəhətdən?

Problemlər, təzyiqlər, informasiya hədsiz çoxdur... Bütün bu münaqişəli mesajlarla başa çıxmaq inanılmaz dərəcədə çətindir. Bu cür böyük xaos dönəmlərində sən dünya haqqında bir nəzəriyyə inkişaf etdirirsən: dünya belə işləyir və biz bunları etməliyik kimi... Bu hər insanın başına gəlir, bu insanın təbiətindədir. Elm adamları bunu “təsdiq qərəzi” (bir fikir haqqında müsbət yanaşma qəbul etdikdən sonra, bu yanaşmaya zidd olan fikirləri qəbul etməmək – tərc) adlandırırlar. Əgər bizim dünyayla bağlı bir nəzəriyyəmiz və bunu təsdiq edən nəsə varsa, dərhal ondan ikiəlli yapışırıq.

Bəs əgər belə olmasa?

Onda sən onu “Fake news”, “yalan”, “əhəmiyyətsiz” və s. adlandırırsan... Əgər sən hakim mövqedəsənsə, təsdiq qərəzin əsasında sənin çoxlu vasitələrin olur.

Nə cür vasitələr?

Gəlin İsraildən bir örnək verək. Tutalım bir kimsə Netanyahuya “sənin siyasətin yaxşı deyil, o İsrailin imicinə xələl gətirir”, - deyir. Onda sənin bu dediyin müəyyən qədər propoqanda mahiyyəti daşıyacaq. Əgər mənim məsləhətçim bu tələyə düşürsə, mən onu işdən çıxararam. Sonra başqaları bu cür danışanın başına nə gəldiyini görürlər. Onlar düşünürlər: Mən işdən qovulmaq istəmirəm, belə şeylər deməyəcəm. Sonra sən getdikcə daha çox öz nəzəriyyəni qəbul edirsən və axırda buna güclü inamın yaranır.

Qapalı dairə... Bu təhlükəlidir?

Sıravi bir insan üçün təsdiq qərəzi o qədər də güclü amil deyil, çünki sənin birbaşa reallığına nəzarət etmək imkanın məhduddur. Məsələn, sənin qəzetlərə təsirin yoxdur. Sən qəzetdəki əsas başlıqların sənə zidd olduğunu görəcəksən. Amma əgər sən İsraildə baş nazirsənsə, - həmçinin məncə, Türkiyədə - sənin yazılanlara böyük təsirin olacaq. Sonra sən qəzeti oxuyacaqsan... Qapalı dairə.

Onda belə çıxır, onlar özlərinin yaratdıqları qavramlara inanırlar.

Təkcə öz zənginliklərini düşünən tamamilə mənəviyyatsız liderlər var. Lakin zənnimcə, Netanyahu belə deyil. Düşünürəm ki, o, İsrail üçün ən yaxşısını elədiyinə, özünün İsrailin ən yaxşı xidmətçisi olduğuna inanır. Hətta insanlar onun kiməsə pul verdiyini deyirlərsə, əvəzində o, başqasından alır...

Onlar buna bəraət qazandıra bilərlər.

O buna bəraət qazandıra bilər, çünki “o, İsrailə xidmət edir”. O, jurnalistləri öz tərəfinə çəkmək istəyir. Məncə, Ərdoğan da elədiklərinin həqiqətən Türkiyənin maraqlarına uyğun olduğunu düşünür. Zənnimcə, Putin də özünü tamamilə Rusiya ilə identifikasiya edir. Məncə, o heç də belə fikirləşmir: “Ey, mən sadəcə olaraq Rusiyanı istismar edirəm ki, özüm varlanam“... o düşünür ki, o Rusiyadır.

Rusiyanın maraqlarıyla onun maraqları eynidir və ona olan istənilən hücum əslində Rusiyaya edilən hücumdur. Bu həqiqət deyil. Amma psixoloji olaraq o buna dərindən inanır. Mənə elə gəlir ki, aldanış daha incə və mahir bir cəhddir.

Bugünlərdə həqiqətə üstün gəlmək o qədər də çətin deyil, elə deyilmi?

Mən inanmıram ki, biz hazırda unikal post-həqiqət və saxta xəbər erasında yaşayırıq. Keçmişdə vəziyyət daha pis idi, insanlar sadəcə olaraq unudublar. Stalinin təbliğat maşını Putininkindən daha sərt və qəddar idi. Sovet İttifaqındakı əsas qəzet “həqiqət” mənasını verən “Pravda” idi. Əslində isə “Pravda”da həqiqətdən başqa hər şey vardı. Stalin milyonlarla insanın ölümünü uğurla gizlədə bilirdi. Stalin 1953-cü ildə öləndə İsraildə bir çoxları göz yaşı axıtmışdılar. Kibbutz hərəkatının, sosialistlərin böyük bir qəzetinin çap etdiyi məqalənin başlığı beləydi: “Xalqların atası vəfat etdi”. Bu insan on milyonlarla insan öldürmüşdü, amma təbliğat maşını hədsiz müvəffəqiyyətli idi. Təkcə, Sovet İttifaqındakı deyil, bütün dünyada insanlar Stalin əleyhinə ittihamların saxta xəbər olduğunu düşünür, onun dünyadakı işçi sinfinin xilaskarı olduğuna inanırdılar. Buna bənzər şeylərə insanlar Orta Əsrlərdə də inanırdılar...

Kimlərə?

Əgər bir kimsə “mən qonşu kənddən olan qadının süpürgənin üstündə uçduğunu gördüm, o cadugərdir”, - desəydi, sən iki saat sonra bəlkə də o, yaşlı qadının tonqalda yandırıldığını görərdin. Ona görə də şayiələr, böhtanlar və s. yeni bir şey deyil.

Texnologiya İnqilabına, İnformasiya İnqilabına, ziddiyyətlərə baxmayaraq, dinlərin olduqca müqavimət göstərdiyi məlum oldu. Kitabınızda bu barədə böyük bir fəsil də var. Tanrı gerimi qayıdıb?

Din etika, siyasət və kimlik problemlərinə müraciət edir. Tarixin əksər hissəsində din bunların başında gəlib. Xəstə olanda sən keşinin, şamanın, ya da qurunun yanına gedəcəkdin. Quraqlıq olanda sən kilsəyə, məscidə, yaxud məbədə gedəcəkdin. Antik dövrdə, yaxud orta əsrlərdə din bu texniki idarəçiliyə görə çox vacib idi. Əgər siz İsanın həyatına baxsanız, onun həyatının yarısı loğmanlıqda keçib.

Necə ?

Korların gözünə işıq gətirməklə, axsaqların ayağını açmaqla... Bugün hətta dindar insanlar xəstələnəndə həkimə gedirlər. Quraqlıq olanda səudiyyələr Allaha dua etməkdənsə, dənizdə şor sudan təmizləmə stansiyaları qurur və mühəndislərə xəbər salırlar. Din özünün texniki gücünü tamamilə itirib.

Amma o hələ də siyasəti müəyyənləşdirir.

Keçmişdə siyasətlə bağlı hakimiyyət əksərən din xadimlərinin əlindəydi. İndi siz yəhudi İsrailin, sünni Türkiyənin, şiə İranın və ABŞ-ın iqtisadi siyasətini müqayisə eləsəniz... Bu ölkələrin üçü də eyni iqtisadçılar tərəfindən təkmilləşdirilən iqtisadi modellərə əsaslanırlar. Həm Tramp, həm də Ərdoğanın özlərinin milli bankları ilə faiz dərəcələri kimi məsələləri var. Amma bu müzakirələr iqtisadiyyat elminin qanunları əsasında aparılır. Sən faiz dərəcələriylə nə edəcəyini bilmək üçün baş mollanın yanına getmirsən. Buna görə siyasət də dinin əlindən çıxıb.

Bəs onun əlində nə qalıb?

Kimlik... “Biz kimik, onlar kimdir?” Bu mənada din olduqca vacibdir və gözlə görünən gələcəkdə vacib olaraq qalacaq.

Bu insanlıq üçün yaxşıdır, ya pis?

Bu təəssüf doğurur. Bugün dünyada ən çox ehtiyac duyulan məsələ daha yaxşı qlobal əməkdaşlıqdır. Prinsip etibarilə din (xüsusilə İslam, Xristianlıq və Buddizm kimi universal dinlər) insanları birləşdirən faktor olmalıykən, praktikada o, millət-dövlətin əlində təhrif olunmuş alətə çevrilib.

Onda o, millətçiliklə birləşir...

Bəli. İsraildə bəlkə də siz buna haqq qazandıra bilərsiniz, çünki Yəhudilik həmişə qəbilə dini olub. Amma Macarıstanda, Polşada katoliklikdən; Rusiyada ortodoksallıqdan, Hindistanda hinduizmdən millətçi alət kimi sui-istifadə edilir. Və bu təəssüf doğurur.

Kitabınızda siz “qeyri-müəyyən inanc” adlandırdığınız halətdən bəhs edirsiniz. Siz deyirsiniz, insanlar şübhə edə, ziddiyətləri görə, amma bununla belə inanmaqda davam edə bilərlər.

İnsan ağlı hədsiz mürəkkəb sistemdir. O eyni vaxtda həm inana, həm də inanmaya bilər. Siz eyni zamanda bir çox ziddiyətli şeylərə inana bilərsiniz. Bunun nəticəsində insanlar və dinlər rahatlıqla adaptasiya oluna bilirlər. Əgər o, 100 faiz, yaxud 0 faiz arasında inanc olsaydı, tezlikdə gerçəkliklə toqquşar və məhv olardı. Amma o bundan daha mürəkkəbdir.

Necə?

İnsanlar dini həmişə dəyişməz əbədi həqiqət kimi görüblər. Dünyada qarışıqlıq hökm sürür, hər şey dəyişir, bu isə stressli və qorxuludur. İnsanlar hər şeyi izah edən dəyişməz bir hekayə istəyirlər. Dinin unikal xüsusiyyəti daim dəyişməsidir, amma o hər dəfə dəyişəndə, əbədi həqiqət olmağa iddia edir. Onlar deyirlər: “Biz təzə heç nə kəşf eləmirik, sadəcə olaraq ilkin mənbəyimizə qayıdırıq”. İŞİD tipik nümunədir. Onların yaratdığı İslam brendi tamamilə təzədir, amma onlar orijinal saflığa iddia edirlər. Hər bir dini inqilab eyni cürdür. Onlar heç vaxt təzə nəsə elədiklərini demirlər. İsraildə dindarlar qadınlarla böyük bir problem yaşamağa başlayıblar.

ardı var

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR