Oskarlıq reql

Kamal Yaşar

Sənət
Photo

Builki “Oskar” mükafatlandırma mərasimi maraqlı seçimləriylə yadda qaldı və elə gözlənildiyi kimi yenə də tamaşaçılar, eləcə də tənqidçilər tərəfindən müxtəlif ehtimallar irəli sürüldü. Xüsüsilə də “ən yaxşı film” nominasıyada qalib olan “Green book” (“Yaşıl kitab”) haqqında. Müəlliflər sübut etdilər ki, zamanı keçmiş kimi düşünülən ixtiyari mövzuya əslində istənilən zaman yeni bir yanaşma sərgiləmək və nəticə əldə etmək mümkündür. Ənənəvi, haqqında çoxlu sayda filmlər izlədiyimiz zənci və ağdərili mövzusu. Yeri gəlmişkən, film həm də “ən yaxşı orijinal ssenari” nominasiyasında qalib oldu. Bu isə o deməkdir ki, məsələ mövzu olmasıyla bərabər həm də deyil. Çünki bir ssenari orijinallığı, bir ssenari strukturunun unikallığından söhbət gedir.

Paralel olaraq siyahıdakı digər filmlər haqqında da ümumi, yaxud detallı bölüşmək olar. Ancaq mənim bir tənqidçi olaraq marağımı çəkən siyahıdakı tamamilə unudulmuş, lap nimdaş əşya kimi bir küncə atılmış qısa filmdir. Qısa və sənədli. Bu material bütün zahiri parlaqlıqlarına görə əlbəttə ki siyahıdakı müxtəlif kateqoriyalı filmlərdən geri qalır. Eyni zamanda nəzərə alsaq ki, bütün dünyada bədii film izləyicilərinin sayı sənədli film izləyicilərindən dəfələrlə çoxdur, onda vəziyyət bir az daha aydın olur. Ancaq 26 dəqiqəlik bu nimdaş film həyatiliyinə, diriliyinə görə bütün siyahıdakılardan ən canlısıdır. Bu film haqqında yazmaq səbəbim həm də yerli bazarda xüsusilə sönük qalan, yerində addımlayan sənədli film yanaşmamıza ötəri nəzər, nəfəs üçündür. Çünki həm sənədli, həm də bədii kinoda tendensiyaların çox sürətlə dəyişdiyi bir zamanda durğunluqdan yaxa qurtara bilməyən yerli kino mühitimizdə bu materialın incələnməsi, ola bilsin ki kimlərəsə yeni vizyon və stimul vermiş oldu. Beləliklə film haqqında :

“Nöqtə. Cümlənin sonu”

Rejissoru Rayka Zehtabçi olan film Amerika istehsalıdır və Hindistanın ucqar əyalətlərindən birində baş verir. Texniki göstəricilər baxımından – operator işi, işıq həlli, yaxud montaj, səs, kadrkompozisiya özəlliyi və.s kimi elementlərə görə heç bir özəlliyə sahib deyil. Burada mobilləşən dünyada sürətli informasiya qəbul edən insanı rahatlatmaq, cəzb etmək üçün maksimum əyləndirməyə cəhd edən xüsusi effektlər, gözoxşayan təsvirlər də yoxdur. Əksinə hər şey boz və dağınıqdır. Həmçinin filmdə yetərincə “kirli” operator işi görmək olar. Yaxud da digər bu kimi çoxlu sayda texniki xətalar. Amma bu sənədlidir, realdır, olduğu kimidir. Elə həyatın özü kimi, bütün amansız acı gerçəkləri kimi.

Filmin mövzudaxili ən vacib komponenti qadınların reql dönəmi haqqındadır. İlk səhnə də elə bu detala vurğuyla başlayır. İnsanlar utanır, çəkinir və beləcə qarşı-qarşıya olduqları bir problemi gizlətməklə çarə tapacağına ümid edir. Freydin libido alternativi kimi müqayisə etsək bu səbəblər gec-tez çıxır və insanlığın yaxasından yapışb öz həllini tələb edir. Halbuki ən pis halda bu “problem”, yaradılışın bəxş etdiyi bir nizamdır, qaydadır və deməli həlli də yumşaq, adi olmalıdır. Halbuki bu və ya digər formada insan cəmiyyətinin yaratdığı düşüncə baryerləri indi belə bir böyük sədd çəkib və problem açıq-aşkar ortadadır. Bunu aradan qaldıracaq yeganə qüvvə isə yenə də insan övladıdır – qadındır! Və beləcə mübarizə başlayır!

Qadın Allahın yaratdığı ən güclü varlıqdır!

Həll axtarışları qaçılmazdır. Qadınlar illərlə bu adi fizioloji səbəbə görə geri düşüb, hətta zamanla utanc üzündən təhsildən yayınıb. Bu problemlə üz-üzə qalan yeniyetmələrin əl-qolu isə daha çox bağlıdır. Onlar ənənə olaraq illərdən bəri bu müddət zamanı baş verən prosesi önləmək üçün yararlı-yararsız müxtəlif tullantı parçalardan, köhnə paltar söküklərindən istifadə edib. Bu isə zamanla həm də onların səhhətlərində ciddi problem yaradıb. İndi isə daha optimal vasitənin olduğunu bildikləri üçün ona doğru can atırlar. Amma qəsəbələrdə bunun satışı da mümkün deyil. Çünki həddindən artıq basqı var.

Qəsəbə qadınları özləri problemi önləmək üçün əl-ələ verir. Onlar istehsal müəssisəi kimi kustar emalatxana tipli bir məkan kirayələyir və orada yerli qəsəbə qadınlarının istifadəsi üçün kustar üsulla bez istehsal etməyə başlayır. Ancaq kustarlığına və dizaynının elə də cazibəli olmamağına rəğmən bu bezlər gigiyenik cəhətdən faydalıdır, yolda qalma və.s kimi əngəlləri önləmək üçün tamamilə yetərlidir. İndi isə qadınlar bunun satışı ilə məşğul olmalıdır. Bu isə növbəti aşılmalı maneədir. Onlar qəsəbə dükanlarını gəzib bir-bir bütün satıcılırla danışıqlar aparır və hər kəsdən müxtəlif cavablar eşidir. Daha bir əngəl isə bezlər paylansa belə satıcıların əksərən kişi olduğundan dükanlarda əsas alıcı qüvvəsi olan qadınların onu almaqdan utanmalarıdır. Film boyu bu tip mərhələləri izləyirik. Bəşər övladının anası olan qadının bu primitivliyin, bu quyunun içində can çəkişməsini. Ancaq onlar ümidlidir. Qadınlar bütün məhrumiyyətlərə rəğmən inanır. Filmdə bir kişi personajının dilindən deyildiyi kimi güclü olan aslan, canavar deyil, Allahın yaratdığı ən güclü varlıq qadındır!

Film aşırı naturalist və zahirən sözün bütün mənalarında çılpaq görünən primitiv mövzu seçiminə baxmayaraq eyni zamanda adilikdən sıyrılıb ideyaya çevrilə bilir. Sənədli material olmağına rəğmən rejissor tərəfindən tərtibatdakı ara-sıra boylanan bədii komponentlər də gözdən qaçmır. Qadınların istehsal etdiyi bu təkmilləşməkdə olan bezin adı “Fly”, yəni “uçmaq” məsdərindən doğan “uçuş”dur. Bu ad isə onların həm də bu problemdən, bu quyudan sıyrılıb öz azadlıqlarına – öz adiliklərinə olan bir uçuşunu simvolizə edir. Sosioloji tədqiqatlardan da bəlli olduğu kimi xüsusilə əyalətlərdə bir çox ciddi baryer sayıla biləcək problemlər mövcuddur. Bu problem isə onlardan sadəcə biridir və bu, dünyanın hər yerində mövcuddur. Bunu bəyan etməkdən məsul olan isə o torpağın, o mədəniyyətin yetişdirdiyi sənətçilərdir. Çünki qaynağını həyatdan alan kino sənəti insana, insanlığa aid olan istənilən mövzunun, problemin həll olunacağı unikal bir platformadır.

Mən yerli kinoindustriyada xüsusilə sənədli filmlər sahəsində olan boşluqları incələmək istəmirəm. Bu, tamamilə ayrıca və dəqiq detallanası bir mövzudur. Əslində elə ondan qaçış etdiyim üçün də qarşısında fərqli bir nümunəyə vurğu edirəm. Dəyişən tendensiyalar göstərir ki, kino həmişə canlıdır. Elə həyat kimi, elə insan kimi. Ki əslində elə tendensiyaların özünü yaradan insandır. Əlbəttə sənədli kino anlayışı masaya bir vaz alma, banan və narıngi qoyub kiminsə yaxasına petliçka taxaraq masaya oturdanlar bu yazını ehtimal ki oxumayacaq. Zatən onlar elə heç nəyi oxumadıqlarına görə görmürlər, görə bilmirlər və çəkmək cəhdləri də banandan o yana keçmir. Amma bir ehtimal bəlkə də o bataqlıqdan sıyrılmağa çalışan yerli sənətçilər, xüsusilə gənclər və eyni zamanda ciddi oxucu kinomanlar üçün bu materialın bir vizyon olacağına ümid var. Adiliyə ehtiramla!

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR