Karl Lagerfeld – Yaşatmaq üçün yaradan modabaz

Sənət
Photo

Raşel SimeThe New Yorker” jurnalının yazarıdır. O, dəb, stil və istehlak mədəniyyəti haqqında məqalələrlə çıxış edir.

2015-ci ildə Anna Vintor Britaniya Dəb Mükafatları mərasimində Karl Lagerfeldə Ömürboyu Nailiyyət mükafatını təqdim edirdi. Vintor özünün təbrik nitqində belə dedi: “Mən tez-tez düşünürəm ki, bir də dünyaya gəlsəm, onun hədsiz gözəl və burjua pişiyi Şupet olmaq istəyərəm”. Vintor, Lagerfeldin 2011-ci ildə bala ikən götürdüyü pişiyin “iki qulluqçusu, aşpazı, şəxsi bərbəri və çoxlu brilliant boyunbağıları olduğunu” dedi. Amma o, qeyd etməyi unutdu ki, pişiyin həmçinin “Shu Uemura” (Yaponiyanın gözəllik brendi) ilə model sazişi, Almaniyanın heyvan müqəvvası şirkəti olan “Steiff” ilə əməkdaşlığı (Şupetin məhdud sayda buraxılan müqəvvasının ilkin qiyməti 499 avro idi) və 200 mindən çox istifadəçinin izlədiyi “Instagram” hesabı, o cümlədən şəxsi veb-saytı və gündəliyi var. Çərşənbə axşamı günü 85 yaşında vəfat edən Lagerfeldin ölümü ilə əlaqədar olaraq, veb-sayt pişiyin səsi qeyd olunan mədhnamə yayımlamışdı: “O ünsiyyətdə olduğu hər kəsin həyatına, xüsusilə də mənim həyatıma təsir edən həqiqi ikon idi”.

Son illərdə Lagerfeld Şupetsiz heç hara getmirdi. (Pişiyin “Instagram”dakı şəkillərinin əksəriyyəti şəxsi təyyarələrdə yuxudaykən çəkilib.) Müsahibələrinin birində o, “həqiqətən yaşlı bir cütlük kimi” olduqlarını demişdi və qeyd etmişdi ki, o, ağ saqqal saxlamağa başlayandan bəri, ikisi bir-birinə zahirən də oxşamağa başlayıblar. Pişiyi götürməzdən əvvəl belə Lagerfeldin pişik kimi temperamenti var idi. O, təmizkar, dəcəl idi, lüks komfortları və məxsusi zövqləri sevirdi. Sevmədiyi şeylərə isə mırıldanırdı: sevmədiyi şeylərə selfilər, internet, bəstəboy kişilər, #MeToo hərəkatı, 90-lar, telefonlar, idman şalvarları və soyuq olmayan və “Diet Kola” olmayan istənilən içki daxil idi. Onun öz pəncələrini göstərmək meyli də vardı, məsələn, bir müsahibəsində demişdi ki, Pyer Berjenin – “Yves Saint Laurent”in uzunmüddətli biznes partnyoru (bəzən romantik) və Lagerfeldin uzunmüddətli kreativ və dərzi doslarından biri – dəfninə kaktus göndərmək barədə düşünüb. Hərçənd onun “Vogue” jurnalından olan yaxın dostu Andre Leon Talle isə Lagerfeldin ölümü ilə bağlı yazdığı nekroloqda onun yeri gələndə, dar çevrəsi üçün çox səxavətli ola bildiyini qeyd edirdi. “Karl ektravaqant, səxavətli idi və öz dostlarına qarşı çox, çox mərhəmətli davranırdı”, - Talle yazır: “Onun şəfqəti özünü bir çox yollarla biruzə verirdi, 18-ci əsrdən qalma mebellərini borc verməkdən tutmuş, Faberje brilyantlarından olan hədiyyələrə qədər, o, bunu mənə 1989-cu ildə nənəm öləndə vermişdi”.

Amma Lagerfeldin ərköyün pişik həyatından tamamilə uzaq olan ən azı bir aspektini qeyd etməkdə fayda var: bu – onun iş etikası idi. Pis, ya yaxşı Lagerfeld modada özündən ifrat yararlanma konseptinin əsasını qoymuşdu. Ölümünə qədər Lagerfeld formal da olsa üç dəb evinin - “Chanel”, “Fendi” və öz adını daşıyan moda evinin kreativ direktoru idi (hər üçü ilə ömürlük müqaviləsi vardı) – və bəzən o, il ərzində 15-dən çox dəb kolleksiyanı idarə edirdi. 2007-ci ildə Lagerfeldi jurnalda bir mövsümlük əvəz edən Con Kolapinto modabazın iş yükünü “ağlasığmaz” kimi təsvir etmişdi. Bugünlərdə əgər Tom Ford, Nikolas Ceskier, Mark Ceykobs, Stella Makkartni kimi bir çox dizaynerlər və onlar kimi məşğul görünən digərləri Lagerfeldin işholik addımlarını təqib edirlərsə, bu, həm də Lagefeldin bir dəfəyə birdən çox brendi idarə etməyi populyarlaşdırdığına görədir, o, öz nəzərlərini kurtyur və hazır geyim kolleksiyaları arasında, məsələn, “H&M” üçün kütləvi istehsal diffuziya xətti ilə “Chanel”in sahib olduğu Paris dərzilərinin sənətkar emalatxanalarından çıxan mürəkkəb dəbli qiyafələr arasında saxlaya bilirdi. Bu monumental miras ziddiyətsiz ötüşə bilməzdi. Lagerfeld 29 funt arıqlayıb (əfsanəyə görə, Hedi Slimanesin “Dior” kostyumunun əyninə gəlməsi üçün) “Karl Lagerfeldin Pəhrizi” kitabını (onun yeganə bestselleri) yazanda, sağlamlıqdan daha çox şıq qalmaq üçün özünü qurban verməyi təbliğ etmiş oldu, çoxları dəyişdirməyə çalışsa da, bu arıqlıq kültürü hələ də dəb industriyasına hökmranlıq edir.

Lagerfeld təkcə moda sahəsinə əmək sərf etməklə kifayətlənmək istəmirdi, o, ona hökmranlıq etmək, idarə etmək və onun necə təkamül etməli olduğu ilə bağlı səs-küylü bəyanatlar vermək istəyirdi. Bir çox ictimai çıxışları ona problem yaratmışdı, belə ki, o, Almaniyanın qapılarını mühacirələrə açması üçün Merkelə çağırış edərkən Holokostu xatırlatmış, müğənni Adelə "bir az da kökəl" deyə çağırış etmiş və Bollivud qlamuruna bütöv bir "Chanel" şousunu həsr edəndən sonra, mətbuata heç vaxt Hindistanda olmadığını, olmaq niyyətinin də olmadığını demişdi.

O, bir dəfə fotoqraf kimi "Dom Pergnon" şirkəti üçün Klaudiya Şifferin portfoliyosunu çəkmişdi (sonra alman jurnalları tərəfindən yenidən dərc olundu), model afrikan parikində qaraldılmış dəri ilə təsvir olunmuşdu, o dövrdə bu böyük və neqativ rezonans doğurmuş və dəb ziddiyətlərinin ortaya çıxacağına dair signal vermişdi. (Son vaxtlarda "Gucci", "Burberry" və Keti Perrinin ayaqqabı markalarında qaradəriyə qarşı, yaxud irqçi təsvirlərin olmasına dair iddialar var). Bununla belə, Lagerfeld elə bil qəsdən mübahisələri körükləyirdi. ”Sənin şöhrət üçün verməli olduğun bir qurban var”, - o deyirdi. “Mən bir fransız deyiminə görə ulduz olmaq fikrini qəbul etmişəm: ”Sənin yağın ola-ola, yağı almaq üçün pulun ola bilməz” (‘You cannot have the butter and the money for the butter.’)

Karl lagerfeld 1933-cü ildə Almaniyanın Hamburq şəhərində doğulub. Kolapintonun yazdığına görə, “onun atası qatılaşdırılmış süddən sərvət qazanmışdı; anası Elizabet isə violin ifaçısı idi”. İkinci Dünya Müharibəsindən əvvəl onun valideynləri aqrar Şimali Almaniyaya köçdülər, deyilənə görə Lagerfeldin burada “nə nasistlərdən, nə də ki, müharibədən xəbəri oldu”. Bunun əvəzinə o, dəb dizayneri Pol Poyretdən bəhs edən kitaba aludə oldu, ailəsi Hamburqa qayıdandan sonra isə könlünü “Christian Dior” və “Jacques Fath”ə verdi. Yeniyetmə yaşında olarkən anası onu Parisə köçmək üçün dilə tutdu, Karla dedi ki, “Burada eləyə biləcəyin bir şey yoxdu. Almaniya ölü ölkədir”.

1954-cü ildə, 21 yaşında olarkən Lagerfeld “International Wool Secretariat” adlı dəb müsabiqəsində palto kateqoriyasında qalib oldu və şagird qismində Pyer Balmain üçün işləməyə yollandı. Üç il keçəndən sonra o, “Jean Patou”nun sənət direktoru idi. Amma onun ilk dəfə özündən söz etdirdiyi sahə hazır geyim kolleksiyaları oldu. 1967-ci ildə o, “Fendi”də dəriyə kəskin rəngləri və konfiqurasiyaları manipulyasiya etməklə “əyləncəli xəz” konseptini yaratdı. Fransız “Vogue” jurnalının keçmiş redaktoru Coan Culiyet Buk o dövrü xatırlayarkən, mən olsam, “bu ağlasığmaz dəyişikliklərə” imkan verməzdim deyirdi: “Gəlin xəzi xəzə calayaq, gəlin xəzi tikək, gəlin xəzi cırıb ataq, gəlin xəzdə dəliklər açaq, gəlin xəzi boyayaq, gəlim xəzi rəngləyək, ya da qayçılayaq”.

1982-ci ildə Lagerfeld “Chanel”də bəlkə də özünün ən möhtəşəm işinə imza atdı, firma həmin dövrdə geriləməkdə idi və əsasən özünün ətir satışlarına bel bağlayırdı. Onun atdığı addım - indiki dövrdə yüksək səviyyəli modada işəgötürmə və işdən azad etmə praktikasının əsasını təşkil edir - həmin dövr üçün radikal dəyişiklik idi. O, Kokonun əsas dizaynlarını (qumaşdan kostyumlar, muncuq bağları, kameliyalar, qabarıq sırıqlı motivlər) saxladı və ətəkləri qısaltmaqla, boyunbağlarını hədsiz böyütməklə, inisialları yüksək dəyərli ləl-cəvahiratın üzərinə həkk etməklə, onları müəyyən qədər qabartdı. Onun rəhbərliyi altında “Chanel” təkcə qlobal bir brendə çevrilmədi: o qlobal bir brend oldu. Bu brendin təkamülünə nəzər yetirmədən son 3 onillikdə lüks malların mədəniyyətə necə təsir etdiyini başa düşmək mümkün deyil. Lagerfeldin başına keçməsindən sonra, sonuncu statistikaya görə, “Chanel” illik 10 milyard dollardan çox qazanc əldə edib.

Harada təşəbbüs göstərməsindən asılı olmayaraq, Lagerfeld elə bil mütləq uğur qazanmaq üçün mövcud idi. O, estrada ulduzlarını və gənc məşhurları "Chanel"ə cəlb etdi, "Fendi"də az, ya çox dərəcədə "It bag" partlayışının ortaya çıxmasına nail oldu və hər bir dəb nümayişini Broadvey səviyyəsindəki bir tamaşaya çevirə bildi.

Əgər Lagerfeldin ölümü bir eranın qapandığının göstəricisidirsə, bu, ən çox onun şoumenliyə olan blokbaster münasibətinin sona çatmasında özünü göstərə bilər. Çox güman biz bir də heç zaman dəb nümayişində kosmik şatl, yaxud kruiz gəmisi və ya tamamilə operativ hazır salonda dəbdəbəli kutyur naminə sürpriz motosikl yarışı və “afterparty” zamanı mexaniki öküz görməyəcəyik.

Bütün bunlardan başqa, Lagerfeld brendinin bəlkə də ən yaddaqalan cəhəti özünün fiziki imici idi – “Hilditch & Key”dən olan kraxmallı yaxalıq, qara rəngli dəri əlcəklər, barok bəzəklərlə bəzədilmiş şıq qara kostyumlar, hər daim gözdə olan gün eynəkləri, tabaşir ağı rəngində saç düzümü və Habsburq sarayındakı pariki xatırladan poni quyruğu saç. “Öldürmək üçün geyinmə”, - bir dəfə o demişdi: “Yaşatmaq üçün geyin”.

“The New Yorker”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR