Mərhəmətsizliyin Rəssamı?

Con Berger

Sənət
Photo

Parisdəki Mayol muzeyində Frensiz Bekonun sərgisinə tamaşa etmək. Suzan Sontaqın yazdığı kitabı -“Başqalarının iztirabına baxmaq”ı oxumaq. Sərgi, uzun sürən bir həyatın əməyini güclü və müxtəsər şəkildə əks etdirir. Kitab müharibə, cismani şikəstlik və savaş fotoqraflarının yaratdığı təsir barədə fövqəladə dərəcədə dərinlik ehtiva edən bir təfəkkür məhsulu... Zehnimin bir küncündə kitabla sərgi bir-biriylə səsləşməkdə... Amma bunun necə alındığını hələ ki, kəsdirə bilmirəm...

Fiqurativ (təsviri) rəssam olan Bekon, Fraqonarın şeytani bacarığına malik idi (Bu bənzətmədən xoşlanardı, sanıram; hər ikisi də fiziki həssaslığı rəsm etməkdə yetkin ustadlar idilər - biri həzzi, digəri iztirabı). Bekonun şeytanlığı anlaşıldığı kimi ən azından iki nəsil boyunca rəssamların marağını çəkdi, atəşin müzakirələrə yol açdı. Əlli il ərzində Bekonun əsərlərini analiz etməyimin səbəbi, onun həm özünü, həm də başqalarını sarsıdıb heyrətləndirməkdən ötrü rəsm çəkdiyinə inanmağımdı. Bu növ daxili bir motivin zamana yeniləcəyinə inanırdım. Keçən həftə Rue de Qrenelledə irəli-geri gəzişə-gəzişə rəsmlərə tamaşa edərkən daha əvvəllər qavramağı bacarmadığım bir məqamın fərqinə vardım və uzun müddət boyunca əsərlərini çək-çevir etdiyim sənətkara qarşı anidən minnətdarlıq hiss etdim.

Bu əsərlər Bekonun 1930-cu illərin sonundan 1992-ci ildəki ölümünə qədər qavradığı acımasız dünyanın ifadəsi idi. Könlü-başı narahat, yoxluq içində çırpınan ya da can çəkişən insan bədənlərini, bədən parçalarını dəfələrlə rəsm etdi. Bu rəsmlər bəzən iztirabın xarici səbəblərindən qaynaqlandığı hissini oyandırsa da, daha çox içəridən, daxili orqanlardan, dünyəvi olmağın çarəsizliyindən doğulur sanki. Bekon ətrafında sirli bir atmosfer yaratmaqdan ötrü bilərəkdən öz ismiylə də oynadı və bunda uğurlu oldu. Adaşı, on altıncı əsrin İngilis esseist-filosofunun soyundan gəldiyini iddia etdi və insan ətini vetçinani (bacon) xatırladacaq şəkildə rəsm etdi.

Hər bir rəsm sənətçinin aşiq olduğu bir nöqtəni göstərir - Alfred Sisley

Lakin onun dünyasını bu günə qədər çəkilənlərdən daha acımasız edən sadəcə bu cəhətlər deyil. Avropa sənəti sui-qəsdlər, edamlar və məqsəd uğrunda canını əsirgəməyən qəhrəmanlarla doludu. İyirminci əsrin (bəli, iyirminci) ilk sənətkarı Qoyyanın əsərlərində rəssamın şəxsi qəzəbini hiss edirik. Bekonu fərqləndirən, təsəvvürlərində şahidlərin də, kədərin də var olmamasıdır. Rəsmini çəkdiyi kimsə, yenə onun fırçasından çıxan başqa bir kəsin başına gələnləri vecinə almaz. Bu dərəcədə aşkar-əyan hiss olunan vecsizlik duyğusu, şikəstliyə məruz qoymağın hər cürəsindən daha zalimanədir.

Bu hala təsvirlərini yerləşdirdiyi məkanın donuqluğunu da əlavə etmək gərəkir. Bu donuqluq, içinə nə qoyularsa qoyulsun soyuqluğunu itirməyən soyuducu kimidir. Bekonun səhnəsində, Artauddan fərqli olaraq rituallara elə bir yer yoxdur, zira fiqurlarının əhatəsində onların hərəkətlərinə uyğun ortam hiss olunmaz... Meydana gələn hər fəlakət hansısa əhəmiyyətsiz qəza kimi ehtirassızcasına nümayiş olunur.

Bekonun sağlığında, bu cür təsəvvür biçimi, başqa yerlərdə olub-bitən hadisələrin əsla vecə alınmadığı, hədsiz dərəcədə qıt anlayışa və qavrayışa sahib bohema mühitindən qopan melodramlardan bəslənirdi. Fəqət buna rəğmən...buna rəğmən, Bekonun canlandırdığı və dəf etməyə çalışdığı mərhəmətsiz dünya, gələcəyin xəbərçisi oldu. Elə çarpıcı oldu ki, sənətkarın şəxsi faciəsi, bütün bir sivilizasiyanın yarım əsr içindəcə yaşadığı mənəvi böhranı əks elətdirdi. Amma nə cür? Əsrarəngiz şəkildə.

Rafaellonun “Afina məktəbi” adlı şahəsərinin arxasındakı hekayə

Dünya zatən əzəldən bəri mərhəmətsiz deyildimi? Dövrümüzün mərhəmətsizliyi bəlkə də daha xroniki, əhatəli və sürəklidi. Nə planetin özünə, nə də üzərində yaşayan hər hansı bir canlıya qahmar çıxır. Yeganə məntiqi meyli (soyuducu qədər soyuq) mənfəət arxasınca qaçmağa əsaslanır; eyni zamanda da bütün fərqli inanc və ümidləri modası keçmiş, köhnəlmiş sayaraq, həyatın acımasızlığına qarşı ərsəyə gətirilmiş, ara-sıra insanlığın gələcəyinə dair ümid işıltısının yaranmasına rəvac verən bütün qürurlu dirəniş ənənələrini təhdid edir.

Təkrarən Bekona qayıdıb əsərlərinin nələr düşündürdüyünə nəzər salaq. Velaskes, Mikelangelo, İnqres ya da Van Qoq kimi özündən əvvəlki bəzi rəssamların dilini və ələ aldıqları mövzuları divanəliyə varan ehtirasla istifadə etdi. Bu “davamiyyət” əhvalı təsəvvürlərindəki xarabalıqlara bütövlük bəxş edir.

Bekonun təsəvvüründə, Renessansın çılpaq insan bədənini ideallaşdırmasının, Kilsənin xilas vədinin, ənənəvi qəhrəmanlıq mifinin ya da Van Qoqun on doqquzuncu əsrin demokratik meyillərinə duyduğu inancın, mərhəmətsizlik qarşısında parça-parça olduğu, zəif düşdüyü ifşa edilir. Bekon bu parçaları toplayıb onları yenidən şərh etmişdi. Əvvəllər onun əsərlərində anlamadığım, bax, buydu. Bu yaradıcılıq bir növ ifşaat idi.

Yüksək Renessans Dövrünün ən məşhur əsərləri

Bir nəsnənin iç üzünü qavramağımıza imkan yaradan ifşaat: Günümüzün iqtidar sahiblərinin və medianın istifadə etdiyi tərzdə ənənəvi kəlmələrə bağlı qalmaq, çevrəmizdəki bulanıqlığa və xarabalığa bizim də töhfə verməyimizdən başqa bir işə yaramaz. Bundan səssiz qalmağın gərəkli olduğunu bildirən bir anlam çıxarmaq da lazım deyil, yox. Sadəcə, aralarına, insanın öz səsini də qoşmaq istədiyi səsləri seçməsidir bu.

Bu anda içində yaşadığımız tarixi dönəm Divar Çağıdır. Berlin Divarı yıxılınca, hər yerdə divarlar inşa etmək üçün hazırlanmış bir çox planlar ortaya töküldü. Betondan, burokratik, irqçi divarlar, nəzarətdə saxlama və güvənlik divarları. Divarlar, biçarə yoxsullarla, hər şeyə rəğmən nisbətən zəngin qalmaq ümidini itirməyən zənginləri hər yerdə bir-birindən ayırır. Divarlar əkinlərin meliorasiyasından tutmuş səhiyyəyə qədər hər sahəni qapsayıb. Onlara dünyanın ən zəngin şəhərlərində belə rast gəlinir. Divar, bir zamanlar Sinif Savaşı deyə adlandırılan yaşantının toqquşma meydanıdır.

Bir yanda ağla gələ biləcək hər cür ləvazimat, təchizat, kəfənsiz savaş röyaları, media, bolluq, səhiyyə, parıltılı həyatın parolları. Digər tərəfdə daşlar, yetərsiz ərzaq, qovğalar, dava-dalaşlar, intiqamın şiddəti, yayğın xəstəliklər, ölümü qəbullanmaq və bir gecəni-ya da bəlkə bir həftəni- birlikdə keçirmə istəyinin növbəti qayğısı.

Düşüncə və zövqümüz incəsənətlə necə bağlıdır?

Bu gün dünyada anlam axtarışı burada, divarın iki tərəfi arasındadır. Üstəlik divar hər birimizin içindədir. Şərtlərimiz nə olarsa olsun, daxilimizdəki bu divarın hansı tərəfinə uyğunlaşacağımızı özümüz seçə bilərik. Bu xeyirlə şər arasındakı divar deyil. Yaxşı cəhətlər də, pis cəhətlər də hər iki tərəfdə mövcuddur. Burada seçim, insanın şəxsihörmət duyğusuyla daxilindəki keşməkeşlər arasındadır.

Zorakı güclərin tərəfində qorxuya boyun əymək meyli - Divar heç zaman ağıllarından çıxmaz - və artıq heç bir şey ifadə etməyən söhbət xaosu, söz dolaşıqlığı vardır. Bekon, bax, bu susqunluğu kətana keçirdi.

Digər tərəfdə isə birbirinə bənzəməyən, bəziləri yox olmuş, bir çoxunun da yox olacağına az qalmış saysız dil vardır və bu dillərin kəlmələriylə həyata anlam bəxş edilə bilər... Bu faciəvi bir anlam olsa da belə..

Sözlərim buğda ikən

Torpaq idim.

Sözlərim qəzəb ikən

Fırtınaydım.

Sözlərim qaya ikən

Dərəydim.

Sözlərim ballanınca

Milçəklər daraşdı ağzıma.

Mahmud Dərviş

Bekon bu susqunluğu qorxmazcasına rəsm etdi. Bunu edərkən divarların ötə tərəfindəkilərə - ki onlar üçün bu divarlar aşılması gərəkən bir başqa əngəldir - daha yaxın deyildimi? Çox mümkün ki, beləydi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR