Mütaliə və kitablar haqqında düşüncələr

Herman Hesse

Ədəbiyyat
Photo

Nəyə görə kitablarla da söhbət etməyək? Kitablar da əksər insanlar qədər zəki, əksəriyyət kimi zarafatçıldır. Üstəlik, insanlardan fərqli olaraq başımızın üstündə dikilib durmur, bizdən əl çəkməyi bacarırlar.

Oxuduğumuz hər kitab daxilimizdəki kompasın oxunu öz tərəfinə çəkir; kitabın müəllifi olan yabancı zehniyyət də dünyaya fərqli bucaqlardan baxa biləcəyimizi bizə göstərir. Kompasın hərəkəti ağır-ağır yavaşlayıb sona çatır, oxu isə yenidən hər birimizin naturasına uyğun olan istiqamətinə qayıdır. Mütaliəyə fasilə verdiyim bütün zamanlarda mən bu halı yaşayıram. İnsan bolluca kitab oxuya bilər! Fəqət zahid həyatı yaşayan bir kitabdostu, sosial insanın əlaqədə olduğu bütün insanları özünə çəkib öz içində əritdiyinə bənzər şəkildə kitabları yeyib bitirməklə məşğul olur. İnsan bu halı görəndə, görəsən, oxunulan bu qədər kitabın nə qədəri həzm olunur deyə heyrətlə düşünür. Ancaq bir an gəlir ki, insan bütün kitabları bir yana qoyub, meşələrin içinə dalmağa, havanın, çiçəklərin, dumanların və küləklərin yanınca qaçmağa, dünyanı bütöv ahəngdarlıq və birlik içində göstərən həmin sakit nöqtəni öz daxilində hiss etməyə ehtiyac duyur.

Dəyərini isbatlamış əski ədəbi əsərlərin dövrümüzdə yeni nəşrlərini hazırlamaq, bəzilərini seçib yaymaq, üstlərində zəhmət çəkmək, dövrümüzün filosoflarının dünyaya və çağımıza dair irəli sürdükləri ideyaların, şərhlərin təbliğindən daha az dəyərli deyildir. Bir nəslin keçmişdən miras aldığı mədəniyyətdən hansı şəkildə istifadə etməsi, sivilizasiyamızın ən önəmli göstəricilərindən biridir.

Həyata dair baxış bucağınızı dəyişdirəcək və təkminləşdirəcək 25 fəlsəfi kitab

Cənab Gebbels (Hitlerin hakimiyyəti dövründə maarif naziri-tərc.), yaxud Cənab Franko (1939-1975-ci illərdə İspaniyanın hərbi və dövlət xadimi, diktatoru olmuşdur- tərc.) ədəbiyyatın funksiyasının xalqa bəsit, əyləncəli, başqatıcı, ziddiyyətlərdən qoruyucu mənəvi qida təqdim etmək olduğuyla bağlı kriteriyanı şübhəsiz ki, sizinlə paylaşacaqdır. Sənət əsərinin hansı mövzulardan söhbət açmalı olduğu, yaxud hansı formalarda ifadə edilməli olduğu barədə müxtəlif fikirlər irəli sürülə bilər; ancaq çox təəssüf ki, bunlar həqiqi sənətkarları deyil, ancaq sənət fabrikantları maraqlandırır, çünki əsl sənətkarlar sənətin nə cür ifadə edilməli olduğu barədə heç zaman tərəddüd və dillemma qarşısında qalmırlar.

Yazıya alınan hər şey qısa ya da uzun bir zaman dilimi içində sönüb gedir, ortadan silinir. Bütün yazıları və bütün yazıların silinib getməyini kainatın beyni oxuyur, izləyir və qəhqəhə çəkmədən qala bilmir.

Bir kitab oxumaq yaxşı bir oxucu üçün tanımadığı bir insanın xarakterini, dünyagörüşünü və düşüncə tərzini bilib öyrənmək, onu anlamağa çalışmaq, hətta bəlkə də onu özünün dostuna çevirməkdir.

Yaxşı kitabların, ümumiyyətlə sağlam zövqün düşmənləri kitabları bidətçi elan edənlər deyil, gərəyindən çox oxuyanlardı.

Təkcə kitabqurdlarının yol verdiyi 10 davranış

Reallıq və təxəyyül haqqında düşüncələr

Təbiət darıxmır, darıxmaq insanın öz uydurmasıdır.

Dünya bərbad yerdir, burada yaşamaq mümkünsüzdü söyləyənlər bəlkə də gecə yaxşı yatmamışdılar, ya da artıq yemək yemişdilər. Dünya cənnət kimidi, doyulmazdı söyləyən insan isə bir az əvvəl bir qızı öpmüşdü.

Heç bir şey önəmli deyil, heç bir şey önəmsiz deyil, həyat kölgə oyunudur, ancaq ruhlarımızdakı nəsnələrin pərdədə əks olunan görüntülərinin dərin, qorxunc gerçəkliyi vardır.

Heç kim onu maraqlandırmayan bir nəsnəni yuxuda görməz.

Ümüdlərinin ardı-arxası kəsilmədikcə insanın narahatlığı davam edəcək.

Bir gecə uşağını dünyaya gətirən bir qadına kömək etməyə məcbur qalmışdım, o anda maksimum əzabla, maksimum sevinc təzahürlərinin bir-birinə çox bənzədiyinin şahidi oldum.

Zaman qavramını zehnimizdən uzaqlaşdırdığımızda, çevrəmizdəki bütün düşmənliklər yox olmağa başlayar.

Bil Gates bu yay oxumalı olduğunuz 5 kitabı təqdim edir

Bilgi və şüur

Bir tezisi müdafiə etməyə nə qədər şiddətlə can atsaq, həmin tezis bir o dərəcədə də antitezisi özünə qarşı cəlb edəcək.

Bilmək hərəkətdir, yaşamaqdır. Bir yerdə dayanmır, duranda bir anlıq durur.

Həqiqəti ələ keçirdiyimizi, ona yetdiyimizi düşünsək, fəlsəfə və bilgi axtarışı durğunlaşacaq.

Özünü gərəyindən artıq ciddiyə alan ən istedadlı orkestr şefi də zərərli insana çevriləcək.

Bütün canlı nəsnələr dəyişməz deyillər, dəyişiklik içindədilər. Dolayısıyla “mədəniyyət” deyə adlandırdığımız nəsnələr yığını kənara atıla ya da yox edilə bilməz. Mədəniyyətin gələcək nəsillərin qəbul edib istifadə etməyə gərək duyduğu qədəri özlüyündən canlılığını saxlayır və təsirini davam etdirir.

Bəşəriyyətin yolları bir-birinə qovuşanda bütün dünya insanın vətəninə çevrilir.

Dünya ədəbiyyatı kitabxanası

Sevgi haqqında

İnsan ancaq içindən qovulduqdan sonra “cənnət”in dəyərini bilir.

Bir insanı bir az daha çox xoşbəxt, şən hiss etdirə biləriksə, bunu etməliyik.

O sevdi və nəticədə özünü tapdı. İnsanların böyük əksəriyyəti isə özünü kimdəsə itirmək üçün sevməyə can atır.

Öz-özünü sevməyən insan öz həmcinsini də sevə biməz. Öz-özünə nifrət etmək də belədir, insanı nəticədə tükürpədici yalqızlığa və vecsizliyə aparır.

Həyata anlam qazandıran yeganə yaşantı sevgidir. Başqa cür söyləsək, nə qədər çox sevməyi bacarsaq və sevgi uğrunda fədakarlıq etsək, həyatımız o dərəcədə mənalanar.

Dünyanın mahiyyətini görmək və onu aşağılatmaq ola bilər ki, böyük filosofların işidir. Mənim üçün önəmli olansa, dünyanı sevə bilmək və istər özümə, istərsə də bütün varlıqlara sevgiylə və ehtiramla baxa bilməkdir.

Başqa səbəblər göstərilsə də, həyata keçirilən əksər işlərin çoxu qadınların sevgisini qazanmaq üçün edilir.

Dünyada hər şeyi təqlid etmək olar, sünisini yaratmaq olar, ancaq sevgini əsla. Sevgini oğurlamaq, təqlid etmək mümkün deyil. Özünü qarşısındakı insana həsr etmək sevgidir. Bütün sənətlərin də qaynağı bu duyğudur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR