Elm adamlarının yazılarındakı keçmişdən qalma fəlsəfələr

Filip Frank

Elmi-kütləvi
Photo

Elmi sferada, fəlsəfədən qoparılmış təhsil görən tələbələr gələcəkdə, “cüt fərdiyyət”li, başqa ifadəylə söyləsək, elmi düşüncələriylə, uşaqlıqda onların zehninə yeridilən fəlsəfələr arasındakı ziddiyyətlərdən dolayı jizofreniya sahibi olurlar. Bu durumu ən anlaşıqlı şəkildə ifadə edən düşüncə insanlarından biri, həm elm və həm fəlsəfənin görkəmli insanları arasında adı çəkilən Alfred Nort Uaytheddir. Uaythed, elmdə çox kiçik dəyişmələrin baş verdiyi dövrlərdə, bəzi təməl əsasların uzun müddət sorğu-suala tutulmadığını və kifayət qədər analiz edilmədən qəbul edildiyini qeyd edərək söhbətə başlayır. Deyir ki:

Üstqurum “işləkliyini” qoruduğu müddətcə, elmi ifadələri analizə çıxarmaqdan uzaq qalmaq ağlabatandı və sərfedicidir (qısamüddətlik həyatı idarə etmək üçün istifadəyə açıq olan bələdçi materiala oxşar olaraq). Fəqət fikirlərin yenidən biçimləndirilməsi prosesində fəlsəfəni görməzdən gəlmək, yox saymaq, bir dayədən, müəllimdən, ya da gündəlik ifadə şəkillərindən qeyri-ixtiyari əxz olunan ala-yarımçıq fəlsəfi klişelərin təsadüfi olduqlarını görməməyə və doğru olduqlarını zənn etməyə səbəb olur.

Burada Uaythed “təsadüfi fəlsəfə”dən söhbət edərkən, uşaqlıqda əxz etdiyimiz fəlsəfənin doğulduğumuz dövrlə bağlı olduğunu vurğulamağa çalışır. Uaythed bu “fəlsəfə”ni müəyyənləşdirən amilləri çox doğru şəkildə sıralayır: Məktəbəqədərki təhsil, dünyəvi məktəb və kilsə məktəbi və hətta təhsil dilinin kəlmə dağarcığı və sintaksisi. Uaythedə görə, analiz etmədən, sorğulamadan, tənqid süzgəcindən keçirmədən öz uşaqlıqlarının “fəlsəfələrinə” bağlı qalan elm insanlarının vəziyyətiylə din sferasındakı vəziyyət arasında analogiya qurula bilər: “Onları, dini axtarışların çaşqınlığından uzaq tutub mühafizə etdiyi üçün, anadangəlmə, şübhəsiz şəkildə doğru və həqiqi dini inancın bəxş etdiyi xoşbəxtliklə ilahiyə şükranlıqlar göndərən insanlar”ın vəziyyətinin bənzəri.

Uşaqlıq fəlsəfəsinin, elmi düşüncə sferasında baş verən dəyişikliklərə rəğmən öz təsirlərini sürdürməsi tez-tez rast gəlinən durum olduğuna görə, elmi tapıntı və nəticələrin ötürülməsi prosesində də bu köhnəlmiş fəlsəfə qalıqlarına rast gəlinməsi yayğın haldır. Bir-birindən fərqli dünyagörüşləri müdafiə etsələr də, Uaythed kimi həm fəlsəfə, həm də elmin içində olan Ernst Maxın da bu mövzuda çox ciddi tənqidləri vardır. Hər iki filosof da, tənqidi fəlsəfənin əksikliyi nəticəsində, elmin qeyri-ixtiyarı olaraq tərk edilmiş fəlsəfələrin əlində vasitəyə çevriləcəyi barədə tamamilə həmfikirdilər. Maxın yanaşmasına görə:

Biz transsendental sahələrə yetə bilmərik...Fəqət etiraf etməliyəm ki, doğrusu oranın sakinləri mənim marağımı elə də çəkmirlər. Mən filosof deyiləm, sadəcə elm insanıyam..Ancaq Molyerin komediyasındakı xəstədən həkiminin rəhbərliyini təqib etməsi gözlənildiyi kimi, bircə filosofun rəhbərliyini kor-koranə şəkildə izləyən elm insanı olmaq da istəmirəm..Elmə yeni fəlsəfə gətirməyə çalışmadım, bunun əvəzinə köhnəlmiş və istifadəyə yararsız olan fəlsəfi yanaşmaları uzaqlaşdırmağa çalışdım..Filosofların özlərinin də fərqində olduqları bəzi yanlış qənaətlər mövcuddur..Bunlar, elmdə daha yüngül tənqidlərə məruz qaldıqları üçün uzun müddət ərzində düşüncə dünyasında canlı qalıblar..Materik üzərində həyatda qalmağa qabiliyyəti yetməyən heyvan növünün düşmənlərinin mövcud olmadığı uzaq bir adada həyatda qalmasına bənzər olaraq..

Elmin ifadələr dünyasında tərkedilmiş əski fəlsəfə qalıqlarının varlığı, Max və Uatheddən daha fərqli təcrübələrə və məqsədlərə sahib olan insanlar tərəfindən də tənqid edilib. Örnəyi, Fridrix Engelsdən iqtibas edə bilərik. Engels Marksın elmi, fəlsəfi və siyası işlərində onun ən yaxın iş yoldaşı olub. Belə yazır:

Təbiətşünaslar fəlsəfəni görməzdən gələrək və pisləyərək özlərini fəlsəfədən xilas etdiklərini sanırlar. Halbuki düşünüş olmadan hər hansı bir inkişafa doğru addım ata bilməzlər. Düşünüş üçün də düşüncə təyinlərinə ehtiyac vardır. Fəqət onlar ehtiyac duyduqları bu kateqoriyaları, üstündə heç düşünmədən, güya təhsilli insanların, çoxdan köhnəlmiş fəlsəfə qalıqlarının təsiriylə formalaşan ortaq şüurundan, yaxud da universitetdə məcburən dinlədikləri azacıq fəlsəfədən (ki bu da alayarımçıq olmaqdan ziyadə, qarmaqarışıq və ən yararsız təlimlərin ideyalarından ibarət popuridir), ya da müxtəlif fəlsəfi yazıların analitikadan uzaq mütaliəsindən əxz edirlər.

Karl Marks və Fridrix Engelsin fəlsəfələri, Dialektik Materializm, SSRİ və ona bağlı dövlətlərin rəsmi fəlsəfəsinə çevrildiyi üçün, bu iqtibasda ifadə edilən yanaşmalar Sovet Hakimiyyətinin elmə münasibətində geniş əhatəli təsirə səbəb oldu. Hər növdən elmi mətnlər, iqtidardakı partiyanın fəlsəfəsinə müxalif ola biləcək gizli fəlsəfi işarətlər daşıyıb-daşımaması anlaşılsın deyə ciddi şəkildə analiz edilirdi. Bu arqument, bir çox hallarda elmin dövlət tərəfindən nizamlanmasına bəhanə oldu.

Bilgi mi, “dərk etmək”mı?

Dövrümüzdə hökümətlər elmi araşdırmalara yetərincə diqqət yetirməyə və maddi dəstək göstərməyə can atırlar. Demokratik quruluşlarda heç bir hökümət, vətəndaşlarının dəstəyi olmadan bu işi həyata keçirə bilməz; vətəndaşlar da nə olduğunu tam şəkildə dərk etmədən hakimiyyətlərə bu iş üçün dəstək vermirlər. Bu nöqtədə ortaya çıxan əsas məsələ isə vətəndaşların, mütəxəssislər tərəfindən hazırlanan elmi hesabatları, örnəyi, elmi araşdırmalara ayrılan məbləğlərlə bağlı olan hesabatları, hər hansı bir elmi ixtisasa sahib olmadan necə dəyərləndirəcəkləriylə əlaqəlidi. Ceyms Brayant Konant (amerikalı kimyaçı,1893-1978) belə yazır: “Bu əsrin ikinci yarısından başlayaraq hər Amerikalı vətəndaş həm elmi, həm də elm insanlarını yaxşı anlamaq barəsində daha diqqətli davranacaqdır.”

Bir çox insan bu məqsədə aparan yolun elmin əldə etdiyi nəticələri populyarlaşdırmaqdan, başqa ifadəylə söyləsək, qabiliyyətli, mövzuya maraq göstərən qadın və kişilərin elm insanlarının kəşf etdikləri “faktlar”ı özünküləşdirib, həzm etməyindən, yetkinlərə yönəlik təhsildən keçdiyinə inanır. Halbuki Konant , mütəxəssis olmayan insanların “nəticələr”i və “fakt”ları mənimsəməklə, elm insanlarının ortaya çıxardığı bilgilərlə bağlı hər hansı bir həqiqi dərketməyə və dolğun qənaətə vara bilməyəcəklərini vurğulayır. Konanta görə, vətəndaşın əsl ehtiyac duyduğu məqam, bir alimin bu nəticələri əldə etməyə çalışarkən məhz hansı biçimdə düşünməsini, nə formada mühakimə yürütməsini, bu nəticələrin hansı bağlamda “keçərli” və “güvənli” olduqlarını və mühakimə prosesinin təməli olaraq hansı üsullarla istifadə edilə biləcəyini dərk etməsidir. Belə yazır:

Çarə, elmi bilginin elm insanı olmayanlar arasında daha çox yayılmasında deyil. Elmlə bağlı geniş informasıyalara sahib olmaq, elmin dərk olunmasıyla eyni şey deyil..Alim olmayan insanları, elmin metod, taktika və strategiyaları mövzusunda bilgiləndirməyə yarayacaq üsullara ehtiyacımız var.

Mütəxəssislərin irəli sürdüyü elmi düşüncələrin tənqidi analizinə can atan təcrübəsiz insanın yolunu kəsən və aşa bilmədiyi əngəl, mütəxəssislərin hansı üsullar əsasında düşünüb-danışdığından xəbərsiz olmasıdır.

Elmi bilgiylə yan-yana elmi praktikanın taktika və strategiyalarını da dərk etməyə aparan sistematik yol, hər növdən elm fəlsəfəsinin əsas mövzusudur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR