Təbii ludditlər-intellektuallar

Elmi-kütləvi
Photo

Çarlz Persi Snou (Charles Percy Snow) ingilis realist yazıçısı, fiziki, kimyaçısı və dövlət xadimi olmuşdur. Stendal, Balzak, Lev Tolstoy, Dikkens, Henri Ceyms, Prust yaradıcılığı barədə araşdırmaları və bədii əsərləriylə yan-yana, alimlər və ədəbi intellektuallar arasında yaranan ideya ayrılığından bəhs edən “İki kultura və elmi inqilab” adlı fəlsəfi-sosioloji əsərin müəllifidir. Sağlığında Britaniya İmperiyasının ordeninə, Rıtsar-Bakalavr tituluna layiq görülmüşdür.

İki kultura fərqinin (sənaye inqilabından əvvəlki bədii kultura və sənayə inqilabından sonrakı elmi kultura-tərc.), bəzisi ictimai, bəzisi fərdi tarixi proseslərdən və bəziləri də fərqli formada özünü göstərən zehni fəaliyyətlərin daxili dinamikasından qaynaqlanan dərin və qarmaqarışıq səbəbləri vardır. Ancaq mən bunlar arasından, səbəbdən çox korrelyativ (biri olmadan digəri düşünülməyən iki nəsnənin vəziyyəti-tərc.) ünsür şəklində üzə çıxan və dartışmalara səbəb olan bir məqamı önə çıxarmaq istəyirəm. Bu məqamı bəsit formada bu cür ifadə edə bilərəm: Əgər elmi kulturanı və onun nümayəndələrini nəzərə almasaq deyə bilərik ki, digər Qərbli intellektuallar sənaye inqilabını qəbul etmək bir yana qalsın, heç dolğun şəkildə anlamağa belə cəhd göstərmədilər, anlamaq istəmədilər, ya da dərk etməyi bacarmadılar.

İntellektuallar, xüsusən də ədəbi intellektuallar təbiətən ludditlərdir (Ludditlər-19-cu əsrdə İngiltərədə sənaye inqilabının nəticəsi olan maşınlaşmaya, avtomatlaşmaya qarşı etiraz edən işçi insanlar idilər. Bu ifadə sadə formada belə anlaşıla bilər: maşındağıdıcılar, cihazdağıdıcılar-tərc.).

Bu təsbit xüsusən də, sənaye inqilabının digər ölkələrlə müqayisədə, uzunmüddətli dalğınlıq ərəfəsində və daha erkən ortaya çıxdığı İngiltərə üçün keçərlidir. Bəlkə də bu, bu gün yaşadığımız aydınlıq dərəcəsinin səbəblərini açıqlamağa kömək edə bilər. Ancaq bu təsbit çox kiçik fərqlərlə, ABŞ üçün də keçərli sayıla bilər.

İntellektualın təmsil etdiyi dəyərlər (2-ci hissə)

Səneyə inqilabının ilk dalğası Qərbdə kimsə nə baş verdiyinin fərqində olmadan, prosesləri aydın şəkildə anlamadan, bu iki ölkəyə yayıldı. Şübhəsiz ki, bu inqilab kənd təsərrüfatının kəşfindən bəri cəmiyyətdəki ən böyük dəyişiklik idi - ya da ən azından, bizim gözlərimizin önündə bu hala çevriləcəkdi. Əslində bu iki inqilab - kənd təsərrüfatı inqilabı və sənaye-elm inqilabı insanın ictimai həyatda şahidi olduğu yeganə keyfiyyət dəyişiklikləridir. Ancaq ənənəvi kultura bu prosesin fərqinə varmadı: Diqqət edəndə isə gördüklərindən xoşlanmadı. Ancaq bu hal, ənənəvi kulturanın sənaye inqilabının nemətlərindən yararlanmadığı anlamına gəlmir; əksinə, İngilis təhsil qurumları on doqquzuncu əsrdə İngiltərənin artan zənginliyindən paylarını aldılar və bu da onların indi gördüyümüz biçimlərdə aydınlaşmasına, müəyyənləşməsinə, təmizləşməsinə yardımçı oldu.

Ancaq güclü istedad, yaradıcı enerji sahibi olan insanlar arasında heç kim dönüb bu zənginliyi yaradan inqilaba öz töhfəsini vermədi. Ənənəvi kultura zənginləşdikcə, səneyə inqilabından getdikcə daha çox ayrılıb mücərrədləşməyə başladı; tabeliyində saxladığı gənc insanlara idarəçilik, Hind İmperatorluğunda çalışmaq, bu kulturanın fəaliyyətini davam etdirmək üçün təhsil verdi, fəqət onları, sənaye-elm inqilabını anlamaq və ya ona qatılmaq üçün gərəkli olan zehni təchizatla təmin etmədi. Doğrudu, bəzi bəsirətli insanlar hələ on doqquzuncu əsrin ortalarına gəlmədən öncə də, ölkə zənginliyini artırmağa davam etsin deyə, cəmiyyət içindən seçilən parlaq beyinlərdən bəzilərinə elmi sferalarda, xüsusən də tətbiqi elm sahələrində çalışmaq yönündə təhsil verilməsi gərəkdiyini sezməyə başlamışdılar. Ancaq onların sözlərinə qulaq asan olmadı. Ənənəvi kultura heç dinləmədi onları; əsas elm xadimləri də bu çağırışı qulaq ardı etdilər, yetərincə diqqətə almadılar. Təsirləri günümüzə qədər gəlib çıxan bu hekayənin əhatəli təsvirini və analizini Eric Ashbynun "Technology and the Academics" kitabında tapa bilərsiz.

Akademiklər sənaye inqilabıyla heç bir əlaqə yaratmadılar; Jesus Kollecinin keçmiş müdiri Korrienin bazar günləri Kembricdə çalışan qatarlar haqqında, “Bu vəziyyət Tanrını da, məni də eyni dərəcədə narahat edir” söyləməsi, akademiyanın bu inqilaba göstərdiyi münasibəti kifayət qədər aydın ifadə edir. On doqquzuncu əsr sənayesində hər hansı bir düşünmə cəhdi əksərən zəki işcilər və bu proseslə maraqlanan insanların öhdəsinə buraxılmışdı. Amerikalı cəmiyyət tarixçiləri eyni gedişatın ABŞ üçün də xarakterik olduğunu anladır. Belə məlum olur ki, New Englandda bizimkindən əlli il sonra inkişaf etməyə başlayan sənaye inqilabı, istər həmin tarixdə, istər on doqquzuncu əsrin daha sonrakı dönəmlərində, təhsilli və qabiliyyətli insanların çox cüzi hissəsini özünə çəkə bilmişdi. O da əsasən, çalışqan və işsevər insanların cəhdləri nəticəsində baş tutmuşdu. Şübhəsiz ki, bəzən prosesin içinə Henri Ford kimi dahi işcilər də girirdilər.

İntellektualın təmsil etdiyi dəyərlər

Maraqlı olan budur ki, İngiltərədə ciddi sənayeləşmənin başlanmasından xeyli əvvəl, 1830-1840-cı illərdə Almaniyada, tətbiqi elm sahələrində, İngiltərə və ABŞ-ın iki nəsil boyunca nümayiş etdirdiyindən daha yüksək keyfiyyətli universitet təhsili almaq mümkün idi. Bunu anlamaqda çətinlik çəkirəm: İctimai baxımdan buna izah vermək mənimçün çətindi: ancaq həqiqət beləydi. Nəticədə ortaya belə hadisələr çıxmışdı: Sarayda ərzaq podratçılığıyla məşğul olan bir kişinin oğlu Ludviq Mond, Heydelberqə gedib tətbiqi kimya üzrə keyfiyyətli təhsil alaraq, Prussiyalı zabit Simens (Simens Verner fon- alman ixtiraçısı, mühəndisi, Siemens firmasının qurucusu.tərc) isə hərbi akademiyada və universitetdə elektrik mühəndisliyi üzrə o dövr üçün mükəmməl bilgilərə yiyələnərək, İngiltərəyə gəlmişlər və heç kimin özlərinə rəqib olmayacağını gördükdə digər təhsilli Almanları da çağıraraq, bu zəngin sərvətlərə malik, fəqət istismara açıq cahil ölkədə sərvətlər qazanmışdılar. Alman texnologiya mütəxəssisləri isə eyni prosesi ABŞ-da həyata keçirmişdilər.

Ancaq intellektuallar demək olar heç yerdə nə baş verdiyini kəsdirə bilməmişdilər. Yazarlar ümumiyyətlə vəziyyəti dərk etmirdilər. Sanki, həssasiyyətə malik olan hər insanın seçəcəyi ən doğru yol buymuş kimi, əksərən tükləri ürpərərək geri çəkildilər: Con Reskin, Villiam Moris, Toro, Emerson və Laurens kimi bəzi yazıçılar isə, əslində qorxu çığırtılarından başqa bir şey olmayan müxtəlif fantaziyalar qurdular. Birinci dərəcəli yazıçıların əksəriyyəti çirkin arxa küçələri, tüstülənən bacaları, yəni, sənayeləşmənin zəruri etdiyi qaranlıq yönləri gördükləri halda, heç biri xəyal gücünü və hissi qabiliyyətini işə salıb yoxsulların həyatına girməyə başlayan yeni fürsətləri, o dövrə qədər təkcə şanslı olanların çata bildiyi, o dövrdən etibarənsə geridə qalan digər insanların da artıq əlini uzatmağa başladığı imkanları görmək istəmədi. Belə yazıçı tapmaq çətin məsələdi. On doqquzuncu əsrin Rus romanistlərinin bəziləri bunu sezib təsvir edə bilərdi bəlkə də, çünki bu prosesi görəcək dərəcədə geniş dünyagörüşünə sahib idilər, fəqət sənayeləşmədən uzaq, sənayeləşmədən öncəki ictimai quruluşda yaşadıqları üçün bu işi görəcək fürsətləri olmadı. Sənayeləşməyə dair qavrayış formalaşdıran dünya səviyyəli yeganə yazıçı, artıq yaşlanmış İbsen (Henrix İbsen) idi: Qoca çox şeyi dərk edirdi.

Zira bu həqiqət açıq-aydın ortadadır: Sənayeləşmə yoxsul insanların yeganə ümididir. Burada “ümid” sözünü bəsit və ənənəvi mənada işlədirəm. Bu ifadəni oxşar mənada işlətməyib, hansısa incəliklər arxasınca qaçan adamların əxlaqi həssaslığıyla da işim yoxdur. Rahat kreslolarda oturub, maddi həyat standartlarının o qədər də önəmli olmadığı barədə ehkam kəsmək asandır. Fərdi seçim olaraq sənayeləşməni rədd etmək, modern Uoldenlik ( Amerikalı mütəfəkkir və şair Henri Toronun əsas kitabı-tərc.) etmək asandır - ancaq, bu estetik nifrəti, qarnınızı doyuracaq yemək tapmamağı, uşaqlarınızın əksəriyyətini uşaqkən itirməyi, oxuyub-yazmağın bəxş etdiyi rahatlıqları xor görməyi, öz həyatınızın iyirmi ilindən vaz keçməyi qəbul etdiyiniz təqdirdə ifadə etsəniz, o zaman sizin mövqeyinizə hörmət edərəm. Ancaq bu seçimi, seçim azadlığı olmayan digər insanlara passiv formada da olsa zorla qəbul etdirməyə çalışırsızsa, sizə zərrə qədər də sayğı duymuram. Əslində, insanların nəyi seçəcəyini çox yaxşı bilirik. Yoxsul insanlar seçim şansı yaranan bütün ölkələrdə tarlalarını tərk edib fabriklərə qaçmışdılar.

Maarifçilik dövrünün iki nəhənginin son görüşü: Volter və Didro

Uşaq olarkən babamla etdiyimiz söhbətləri xatırlayıram. Babam on doqquzuncu əsr sənətkarlarının ən yaxşı nümunələrindən biriydi. Son dərəcə zəki və möhkəm xarakterli insan idi. On yaşında məktəbi buraxmış, yaşlı dövrlərinə qədər şəxsi təhsillə məşğul olmuşdu. Aid olduğu sosial sinfin təhsilə duyduğu güclü inanca malik idi. Ancaq bu barədə inkişaf şansına heç bir zaman sahiblənə bilməmişdi. Tramvay qarajında baş usta vəzifəsindən irəliyə gedə bilmədi. Yaşadığı həyat nəvələrinə ağır, zəhmətli və dözülməz görünə bilər. Ancaq o, belə düşünmürdü. Qabiliyyət və istedadlarından yetəri qədər yararlanmadığını biləcək qədər həssas insan idi və qürurlu olduğuna görə bu vəziyyətdən əzab çəkirdi. Daha çox iş görmədiyi üçün xəyal qırıqlığına uğramışdı - ancaq yenə də öz babasına nisbətən daha çox iş gördüyünü düşünürdü. Babası kənd təsərrüfatıyla məşğul olmuşdu. Adını belə bilmirəm. Keçmiş Rus liberallarının “qaranlıq, sakit, sıxıntılı insanlar” adlandırdığı, tarixin intəhasız, adsız bataqlığında tamamilə qeyb olmuş insanlardan biriydi. Babamın dediyinə görə oxuyub-yazmağı bacarmırmış. Babam onun qabiliyyətli adam olduğunu düşünürdü və cəmiyyətin ulu əcdadları üçün imkanlar yaratmadığına təəssüflənirdi, həm də əcdadlarını bu çatışmazlığını da romantikləşdirmirdi. On səkkizinci əsrin ortaları ilə sonları arasındakı dövrdə, bizim snobcasına Aydınlanma və Ceyn Oustin çağı kimi gördüyümüz zamanlarda torpaq işçisi olmağın əyləncəli tərəfləri yox idi.

Sənaye inqilabı, ona yuxarıdanmı, yoxsa aşağıdanmı baxıldığına bağlı olaraq çox fərqli görünmüşdür. Bu gün də ona, Çelsidənmi, yoxsa hansısa Asiya kəndindənmi baxıldığına nəzərən çox fərqli görünür. Ancaq babam kimi insanların nəzərində, sənaye inqilabı özündən əvvəlki hadisələrdən daha pis deyildi, buna şübhə ola bilməzdi. Sadəcə qarşımızda bircə problem durur: sənaye inqilabının nəticələrini daha yaxşı vəziyyətə gətirmək.

İnkişaf etmiş ölkələrdə, keçmiş sənaye inqilabının özüylə bərabər gətirdiyi narahatlıqları, problemləri yaşayaraq gördük. Nüfus böyük ölçüdə artıb, çünki tətbiqi elmlər tibblə və sağlamlıq xidmətiylə əl-ələ verərək çox inkişaf etdi. Eyni səbəbdən artıq kifayət qədər qidamız da mövcüddur. Sənaye cəmiyyəti başqa cür işləyə bilmədiyi üçün hər kəs artıq oxuyub yazmağı bacarır. Ən yoxsul insanların belə sağlamlığa, qidaya, təhsilə əlinin yetməsi ancaq sənaye inqilabı nəticəsində baş tuta bilərdi. Bunlar əldə etdiyimiz əsas üstünlüklərdir. Təbii ki, itirdiklərimiz də var. Məsələn, bir cəmiyyət sənaye fəaliyyəti üçün təşkilatlandığı kimi, oxşar üsullarla əhatəli bir savaş üçün də təşkilatlana bilər. Fəqət üstünlüklərimiz yerində durmaqdadır və ictimai ümidlərimizin təməli əlimizdə olan bu dəyərlərə bağlıdır.

Bəs, bütün bu proseslərin necə ərsəyə gəldiyini anlayırıqmı? Heç olmasa keçmiş sənaye inqilabını belə qavramağa başladığımızı söyləyə bilərikmi? Bəs bu anda yaşadığımız yeni elmi inqilabı necə? Halbuki indiyədək, anladılması və anlaşılması bu qədər gərəkli olan başqa heç bir hadisə baş verməyib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR