Tanrı bir təsadüfdürmü?

Pol Blum

Elmi-kütləvi
Photo

(I-III Bölümlər)

Pol Blum (1963-) Yel Universitetində psixologiya və dilçilik professorudur. O öz tədqiqatlarında dil, əxlaq, din, ədəbiyyat və incəsənət üzərində fokuslanaraq həm uşaqların, həm də yetkinlərin fiziki və sosial dünyanı necə başa düşdüyünü araşdırır.Həzz necə işləyir: bəyəndiyimiz şeyləri nə üçün bəyəndiyimiz barəsində Yeni Elm”, “Körpələrin əxlaqi həyatı: xeyir və şərin kökləri”, “Empatiyaya qarşı rasional mərhəmətin müdafiəsivə s. populyar kitabların müəllifidir.

Bu məqalədə özündən əvvəlki dinin mənşəyi haqqında nəzəriyyələri gözdən keçirdikdən sonra müasir tədqiqatların nəticələrinə əsaslanaraq müəllif bu mövzuda öz görüşlərinin xülasəsini verir. Müəllif bu məqaləni öz aralarında vahidlik təşkil edən aşağıdakı bölümlərə ayırmışdır.

1) Tanrı Ölü Deyildir

2) Tiryək və Qardaşlıq Cəmiyyətləri

3) Bədənlər və Ruhlar

4) Anadangəlmə dualistlər

5) Biz yaradılışçı olmaqdan ötrü təkamül etmişik

6) Dinlə Elm Daim Toqquşacaqdır

İlk bölümün tərcüməsini təqdim edirik…

Dini tərk eləyənlərlə nə baş verir?

Çox böyük sayda din olmasına baxmayaraq, demək olar ki dünyadakı hər kəs eyni şeylərə inanır. Bunlara ruhun mövcudluğu, ölümdən sonrakı həyat, möcüzələr və dünyanın ilahi yaradılışı daxildir. Son vaxtlarda körpələrin zehni üzərində tədqiqat aparan psixoloqlar bu fenomeni açıqlaya biləcək bir-birilə əlaqəli iki faktı kəşf etmişdir. Bunlardan biri insanların fövqəltəbii fenomenlərə inanma meylinin anadangəlmə olduğu, digəri isə, bu meyilliliyin tərs gedən koqnitiv işləyişin təsadüfi bir əlavə məhsulu [2] olduğudur. O zaman belə bir sual yaranır…

I. Tanrı Ölü deyildir

Yeniyetməliyim zamanı mənim ravvinim Bruklin şəhəri Kroun-Haytsda yaşayan Lubaviçer Rebbenin[3] Məsih olduğuna və tezliklə dünyanın sonunun gələcəyinə inanırdı. O, dünyanın bir neçə minillik ömrü olduğuna və fosil qalıqlarının Böyük Tufanın[4] nəticəsi olduğuna inanırdı. O, axirət dünyasını təsvir edə bilir və Hitlerin ruhunun taleyi ilə bağlı yeniyetmələrin suallarını cavablaya bilirdi.

Mənim ravvinin başdanxarab deyildi; ağıllı, sevimli və alim biri idi. Lakin mənə qəribə gələn, hətta məni narahat edən görüşləri vardı. Digər əksər sekulyar insanlar kimi, mən də dinin mənəviyyat və transsendensiya, tolerantlıq və sevgi, xeyirxahlıq və yaxşı işlərin mənbəyi olmasından məmnunam. Martin Lüter Kinq və Dalay Lamanın inancına kim etiraz edə bilər - ən azından bu inanc zatən qəbul edilmiş əxlaqi mövqelərə əsaslandığı müddətcə? Amma mən, dinin təbiətin fövqündəki bir dünya haqqında deyil, təbii dünya barəsində müddəalar irəli sürməsindən narahat oluram. Fövqəltəbii inancları rədd edən bizlər üçün həm elmə, həm də dinə hörmət etməyin ən yaxşı yolunun onların "non-overlapping magisteria"nı[5] ehtiva etdiyini - yəni elmin faktlar aləmi, dinin isə dəyərlər aləmi ilə məşğul olduğunu qəbul etməkdən keçdiyini söyləyən Stefan Cey Quldla razılaşmaq asandır.

Buna baxmayaraq, istər pis, istərsə də yaxşı mənada olsun, din etik bir prinsiplər yığımından və ya mübhəm transsendentlik duyğusundan çox daha geniş bir məsələdir. Antropoloq Edvard Taylor 1871-ci ildə “dinin minimum tərifi”nin fövqəltəbii spiritual varlıqlara inanc olduğunu qeyd etdiyində yanılmamışdı. Ravvinimin iddiaları mənim böyüdüyüm mühitdə bir azlığın görüşü idi, ancaq bu cür görüşlər - yəni kainatın yaradılışı, dünyanın sonu, ruhların aqibəti barəsində olan görüşlər - dini milyardlarla insanın başa düşdüyü və tətbiq etdiyi şəkildə tərif edir.

İnancsızlara Müraciət

ABŞ föqvəltəbii inancın tipik bir nümunəsidir. Bu ölkədə demək olar ki hər kəs - bir anketin nəticəsinə görə 96% - Tanrıya inanır. Amerikalıların yarısından çoxu möcüzələrə, iblisə və mələklərə inanır. Əksəriyyəti ölümdən sonra yaşayacağına inanır - digər insanların xatirələrində və gördüyümüz yaxşı işlər vasitəsilə yaşamaq kimi sadəcə aşırı emosional mənada deyil; detallar sorulduğunda əksər amerikalı ölümdən sonra qohumları ilə bir araya gələcəyini və Tanrıyla görüşəcəyini deyir. Vudi Allen bir dəfəsində “Ölümsüzlüyü gördüyüm işlər vasitəsilə deyil, ölməməklə qazanmaq istəyirəm” - demişdi. Əksər amerikalının gözləntisi də məhz budur.

Lakin Amerika bir anomaliyadır, elə deyilmi? Bəzən belə statistikalar Amerikanın sekulyarlığın daha çox hökm sürdüyü Fransa və Almaniyadan nə qədər fərqli olduğuna dair başqa bir göstərici kimi hələ də nəzərə alınır. Amerikalılar fundamentalistdir, hətta bu iddianı davam etdirsək, onların dünyanın yerdə qalanı tərəfindən əldə edilən intellektual irəliləyişdən izolyasiya olunduğu deyilə bilər.

Bu nəticədə səhv olan iki şey var. Əvvəla, Amerika və Avropa arasında bir fərq olsa belə, bu ABŞ-ın özünəməxsus olduğunu göstərməz. Nəticədə, dünyanın yerdə qalanı - Asiya, Afrika, Orta Şərq - dönməz fikirli ateistlərlə tamamilə dolu deyildir. Yəni, düzünə qalsa, istisnalıq təşkil edən ABŞ deyil, Avropadır.

İkincisi, amerikalılar və avropalılar arasındakı dinə baxışda müxtəliflik biz düşündüyümüzdən daha az ola bilər. Sosioloqlar Baylor Universitetindən Rodni Stark və Pensilvaniya Universitetindən Rocer Fink bu fərqin böyük olmasının kilsəyə getməklə bağlı olduğunu yazır, həqiqətən də Avropada kilsəyə çox daha az gedilir. (Çikaqo mərkəzli sosioloq və keşik Endryu Qrilinin tədqiqatlarına əsaslanaraq onlar bunun ondan ötrü belə olduğunu iddia edir ki, ABŞ kilsələrin bir-birilə özünə adam çəkmək üçün yarışdığı və onların daimi olaraq öz məhsullarını yaxşılaşdırdığı ciddi bir azad dini bazara malik olduğu halda, Avropada kilsələr dövlət nəzarətində olduğu üçün bir çox dövlət monopoliyalarında olduğu kimi səmərəsiz bir hala gəlmişdir). Avropa ölkələrindən alınan anketlərin çoxu onların çoxunun inanclı olduğunu göstərir. Götürək İslandiyanı. Kilsəyə getmə faizi ilə qiymətləndirsək, İslandiya həftədə 2 faiz kimi təsirləndirici bir rəqəmlə dünyanın ən sekulyar ölkəsidir. Halbuki, beş islanddan dördü dua etdiyini və eyni propororsiyada ölümdən sonrakı həyata inandığını deyir.

Buddizm nəyə görə dindir və niyə deyildir?

ABŞ-dakı bəzi liberal alimlər fövqəltəbii hadisələrə inancın ən çox xristian mühafizəkarlarda görüldüyünü müdafiə edərək istisnai bir mövqe ortaya qoymuşdur. 1993-cü ildə "Vaşinqton Post" reportyoru Maykl Vayskopf isə, çox çirkin bir şəkildə sözügedən mühafizəkarların “əksərən kasıb, təhsilsiz və idarə edilməsinin asan” olduğunu qeyd etmişdir. Çox insan 2004 prezident seçkisinə dindar olanlarla olmayanların qarşılaşması kimi baxmışdı.

Stiven Uoldman “Slate” adlı onlayn bir jurnalda bu ixtilafa belə bir baxış bucağı gətirmişdir:

“Artıq bildiyimiz kimi Amerikanın iki siyasi partiyasından biri ekstremal dərəcədə dindardır. Bu partiyanın seçicilərinin 61 faizi gündəlik və ya daha tez-tez dua etdiyini deyir. İnanılmazdır, onların 92 faizi ölümdən sonrakı həyata inanır. Və bu super-dindar xristian fanatiklərinin partiyasında qatı bir subqrup var. Bu subqrupa daxil olanlar çox mühafizəkardır, onların yarısı Buşun dini ritorikadan olduqca az istifadə etdiyini, 51 faizi isə, Tanrının İsraili yəhudilərə verdiyini və İsrailin mövcudluğunun İsanın ikinci gəlişi ilə əlaqədar kəhanəti çin çıxardığını düşünür”

Uoldmanın haqqında danışdığı qrup Demokratlar, radikal subqrup isə, Afro-Amerikan Demokratlardır.

Son olaraq, alimlərə baxaq. Alimlərin dindar olma ehtimalı alim olmayanlardan azdır - lakin olduqca az deyil. 1996-cı ildə bir anketdə alimlərə Tanrıya inanıb - inanmadıqları soruldu və anketçilər “Var olanların hamısına inanıram” və ya “Gözəl və bilinməyən şeylərə inanıram” kimi qeyri-səmimi və sualdan yayınan cavabların qarşısını almaq üçün real bir Bibliya Tanrısına, yəni bir inanclının dua etdiyi və cavab ala bildiyi bir Tanrıya inanıb-inanmadıqlarını onlardan israrlı şəkildə soraraq hədəfi yüksək tutdular. Alimlərin təxminən 40 faizi belə bir Tanrıya inandığını söylədi - bu faiz 1916-cı ildə aparılmış bir anketdən çıxan nəticə ilə təxminən eynidir. Sadəcə ən elit alimlərə - Milli Elmlər Akademiyasının üzvlərinə - nəzər yetirdiyimiz zaman onların mütləq əksəriyyətinin ateist və aqnostik olduğunu görürük.

Bu faktlar fövqəltəbii inancları mədəni bir anaxronizm, elmi kəşflər və kosmopolit dəyərlərin yayılması ilə tezliklə aradan qaldırılacaq şeylər olaraq görənlər üçün utandırıcıdır. Onlar nədən dindar olduğumuza dair təkamül psixologiyası, koqnitiv neyroelm və inkişaf psixologiyası sahələrindəki tədqiqatlardan yararlanan yeni bir nəzəriyyəyə ehtiyac duyur.

Ardı var

[1]Orijinal mətnə buradan baxa bilərsiniz: Bloom, Paul. “İs God an accident?”, Atlantic Monthly, 296.5 (2005): 105.

[2]Əlavə məhsul (ing. by-product)-əsas məhsulun istehsalı prosesində ortaya çıxan ikinci dərəcəli məhsula deyilir. “Yan məhsul” deyə də çevrilə bilər. Məqalədə isə, koqntiv işləyişin təkamülü sırasında dini inancların təsadüfi şəkildə ortaya çıxmasını ifadə etmək üçün istifadə edilmişdir.

[3]1700-cü illərdə Rusiyada qurulan yəhudilərə məxsus bir hasidi sektasında ən yüksək dərəcəli ruhani

[4]Nuh tufanı nəzərdə tutulur.

[5]Üst-üstə düşməyən, örtüşməyən sahələr və ya kəsişməyən magistrallar kimi çevirilə bilər. “Non-overlapping magisteria” qavramını ilk dəfə Riçard Dokinz öz “The God Delusion (Tanrı Sayıqlaması)” kitabında NOMA şəklində qısaltmışdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR