Mənə ümid verən əfsanəvi iranlı şair

Jasmin Darznik

Sənət
Photo

Jasmin Darznik, İranın Tehran şəhərində anadan olub və beş yaşındaykən Amerikaya köçüb. Əsərləri on üç ölkədə çap olunub və müxtəlif mükafatlara layiq görülüb. Onun hekayə və esseləri The New York Times, The Washington Post, Los Angeles Times və digər yerlərdə nəşr olunur. Jasmin Darznik hazırda California College of the Arts-da ədəbiyyat və yaradıcı yazarlıq üzrə professordur və ailəsi ilə Şimali Kaliforniyada yaşayır.

Çox az kitablı bir evdə böyümüşəm, lakin onların içində ailəmlə birlikdə İrandan gələn və getməyimə əsla icazə verməyən bir kitab vardı: anamın ailəmiz və qaçmağa məcbur olduğumuz ölkənin foto-şəkillərinin yanında, mantiya üstündə nümayiş etdirdiyi zərif, parçalanmış şeir kitabı. Kitabın üz qabığında sürmə gözlü və saçı qısa kəsilmiş bir qadın görünürdü və fars yazısı sanki səhifədən uçurmuş kimi yuxarı doğru əyilmişdi. Həmin kitab hansısa nəsnə, hətta əsər deyildi, atmosferdi. Səhifələri ayırdıqca xoşagəlməz kəskin qoxu yayılırdı, həm də zamanın, sevginin və itkinin qoxusu olan həmin İran qoxusu.

Bunu uzun müddət bilmirdim, lakin kitabın müəllifi Füruğ Fərruxzad, ailəm İranı tərk edərək Amerikaya gəlməmişdən on bir öncə maşın qəzasında ölmüşdü. O, öləndə sadəcə 32 yaşında və ölkənin ən məşhur qadını idi. Şeirləri inqilabi idi: istənilən halda, xüsusilə də qadınlar öz istəklərini dilə gətirdikdə, çox az tolerantlıq göstərən zaman və məkanda yazılmış, özünüifadə və demokratiya üçün radikal təklif.

1970-ci illərin sonunda İranı tərk edən minlərlə digər iranlı kimi, mənim ailəm də tez-tələsik ölkəni tərk etmişdi. Bu, siyasi qarışıqlığın sərhəddindəki 1978-ci il idi. Tezliklə top atəşi və tankar görünəcək və ölmüş cəsədlər küçələrdə qalaqlanacaqdı. 1978-ci ildə kimsə bunu bilmirdi, lakin çox adam – xüsusilə şair və sənətçilər – hiss edirdi.

Bu, demək olar, qırx il öncə baş verib. Beş yaşım vardı və təəccüblüdür ki, təfərrüatlar hələ də canlıdır: anam çamadanlarımızı yığarkən, nənəm məni pop diva Ququşu televizorda izləmək üçün qucağında otuzdururdu. Qış idi və həmin gecə Tehrana bərk qar yağırdı. “Tezliklə geri qayıdacağıq” – anam dedi, lakin içindən bir şey onu kitab rəfinin üstünə getməyə və ən sevimli kitabını götürməyə məcbur etdi – Füruğun şeirlər kitabı. İçindəki həmin şey anamın sanki ona ehtiyacı olacağını bilirdi.

Amerikada böyüdükcə, şeirin yararsız olduğunu düşünürdüm, mənə görə şeir ölü və ya elitist yaxud sadəcə dekorativ idi. Bununla yanaşı, İranda şeirdən daha yüksək sənət forması yoxdur. Şairlərə yalnız hörmət etmirlər, onlar sevilirlər. Hər kəsin sevdiyi şairi var və onun bütün şeirlərini ürəkdən oxuya bilərlər. İranlılar bilirlər ki, bir şeir əzbərlədikdə, o sənin bir hissənə çevrilir. Qırıntı halında olsa belə, onu özünlə gəzdirə bilirsən, hətta başqa bir ölkədə.

Mən böyüdüyüm müddət ərzində, anamın Füruğun kitabını və ya başqa bir kitabı oxuduğunu xatırlamıram. Köçün və yeni həyat qurmağın ehtiyacları buna imkan vermirdi. Amerikadakı ilk illərimdən ən yadda qalan xatirələrim, anamın atamla birgə aldığı moteldə işləməsidir: otaqdan otağa təmizlik vasitələri ilə təchiz edilmiş boz zeytun rəngli servis arabası ilə bir yerdə ayağını sürüyərək keçərkən onun səsi qırıq ingiliscəyə öləziyirdi. Anam, günün çox hissəsini işləyirdi və evə gəldikdə, divanda uzanaraq yuxuya gedənə qədər televizora baxırdı, amma bəlkə də oxumaq üçün elə də yorğun olmurdu. Şeir anamın sıyrıldığı Məni ilə bağlıydı və onu xatırlamaq bəlkə də ağrılı idi. Bununla belə, anam heç vaxt kitablarından ayrılmadı.

Evi tərk etdikdə, Füruğun şeirlər kitabı özümlə götürdüyüm bir neçə şeydən biri idi. Kollecdə onları orijinal fars dilində oxumağı öyrəndim. Plath (Silviya Plat – amerikalı şair və yazar) ilə Rich-i (Adrienne Rich – amerikalı şair) acgözlüklə içimə çəkmişdim, ancaq xüsusi bir səs eşitmək istəyirdim – bir qadın və bir iranlı – elə biri ki, onda özümün əks olunduğunu görə bilim. Füruğ, arzu, ağrı, cəsarət haqqında yazmışdı; onu oxumaq bir vəhy idi. Bu şeirlərin varlığı, İran qadınları taleyin səssiz qurbanları olduğu barədə həmin vaxt və hələ də geniş yayılmış stereotipə meydan oxuyurdu. Bu şeirlərdə Amerikanın mənə dediyi (iranlı qadınlar taleyin səssiz qurbanları deyil) və İranın iranlı qadınlara dediyi (iranlı qadınlar taleyin səssiz qurbanları olmamalıdırlar) hər şeyin sübutunu tapdım. Cəsarətli, parlaq, şəhvani, qəzəbli, çətin. Bu şeirlər məni xilas etdi. İndi də edirlər.

Amerikadakı iranlılar üçün geridə qalan qırx il itki və dəhşətlərin silsiləvi ardıcıllığı kimi hiss olunub. İnqilab, İran-İraq müharibəsi, davamlı hərbi müdaxilə təhdidi – bizim üçün, müsəlman qadağası və müharibənin hazırki kabusu tanış bir qorxu oyandırır. Böyüdüyüm 80-90-cı illərdə, İran və Amerika demək olar ki, bir-birinə ziddi idi. Hər iki ölkə mənim bir hissəmdi, lakin onların qarşı-qarşıya gəldiyini və bir-birlərini alçaltdığını görmək həyatımın çətin bir reallığı oldu. Qarşıdurmaya alışmışdım, amma bundan da əzab çəkirdim. Poeziya bu yarığı doldurmadı, amma mənə onu aydın ifadə etməyə icazə verdi və İranla müharibə perspektivləri yenidən böyüdükcə, mən poeziyanın və xüsusən Fərruxzadın həmin zərif, parçalanmış şeir kitabının cazibəsini hiss edirəm.

Şeirlərini sevdiyim W.H.Auden, şeirin əlindən heç nə gəlmədiyini iddia edir. İçimdəki amerikalı bununla razılaşmağa məcburdur; iranlı isə bunun yanlış olduğunu bilir. İranın bütün tarixi boyu, bir şeir sizi öldürə bilər və azad edə bilərdi. Yüz minlərlə etirazçı 2009-cu ildə Tehran küçələrinə çıxdığı zaman, onların etiraz səsləri şeir formasını aldı və Füruğun şeirlərini tez-tez etiraz lövhələrində görmək olardı. Onun şeirləri təxminən qırx ildir ki, qadağan edilərək senzuraya məruz qalır, lakin iranlılar onları oxumaq yollarını tapmağa davam edirlər.

Füruğun şeirləri ilə tanış deyilsizsə, onları oxumaq üçün bundan yaxşı vaxt ola bilməz. Onun şeirlərini oxusanız, yalnız İranı deyil, Amerikanı da tapa bilərsiz. Onun şeirlərini oxusanız, zamanəmizi formalaşdıran güclərlə qarşılaşacaqsınız: qadın düşmənçiliyi, senzura, yerlibazlıq, lüzumsuz istehlakçılıq, müharibənin məhvedici zorakılığı. Onun şeirlərini oxusanız, sizə məlum olacaq ki, onlar, bütün yaxşı şeirlər kimi, yalnız dünyanın sui-istifadə və dəhşətlərindən qaçışı yox, eyni zamanda həmin sui-istifadə və dəhşətləri yaradan güclərdən –cəhalətdən və siyasi rejimlərdən, hansılar ki, onlar üçün cəhalət hər zaman həyat qanı olub və olacaq – imtinanı təklif edir.

Və bu da mən

Tənha bir qadın

soyuq mövsümün eşiyində

anlayışın eşiyində

dünyanın kirli varlığı

və göyüzünün sadə hüznü

və bu maddi əllərin yararsızlığı.

Üşüyürəm,

Üşüyürəm və görünür

bir daha əsla qızınmayacam. . .

Üşüyürəm və bilirəm

yabanı xaşxaş röyasından heç nə qalmadı

bir neçə qan damcısından başqa.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR