Tanrılarla heyvanlar arasında: “Gilqamış” dastanında insana çevrilmə

Tarix
Photo

“Gilqamış” qədim İraqda Homerdən min il əvvəl meydana gələn Babil dastanıdır. Dastan Uruk şəhərinin kralı Gilqamışın hekayətindən bəhs edir. Gilqamışın dinmək bilməyən dağıdıcı enerjisini cilovlamaq üçün tanrılar çöllükdə vəhşi heyvanlarla birgə yaşayan Enkidunu yaradırlar. Gilqamış bu vəhşi insan barədə eşidəndə, Şamhat adlı qadına onu tapıb gətirmək əmri verir. Şamhat Enkudunu yoldan çıxarır və cütlük 6 gün, 7 gecə boyunca sevişirlər, bununla da Enkidu bir vəhşidən insana çevrilir. Onun qüvvəsi azalır, amma ağlı artır və o, bir insan kimi düşünüb danışmağa başlayır. Enkidunun insanlığın qayda-qanunlarını öyrənməsi üçün Şamhat və Enkidu çobanların düşərgəsinə yola düşürlər. Ən sonda Gilqamışın zorakı qüvvəsinin qarşısını almaq üçün Enkidu Uruka gedir və iki qəhrəman bir-birləriylə güləşir və bundan sonra möhkəm dost olurlar.

Bu, ən azından Gilqamışın dastanının başlanğıcındakı versiyalardan biridir, lakin faktiki olaraq, dastanın bir çox müxtəlif redaktələri mövcuddur. Dastan Şumer dilində əhvalatlar zənciri kimi başlayıb, sonra isə vahid dastan kimi toplanaraq Akkad dilinə tərcümə olunub. Dastanın ilk yazılı versiyası isə Qədim Babilcə adı verilən ləhcədə yazılıb, sonradan bu versiya yenidən dəyişdirilərək, Standart Babil ləhcəsindəki başqa bir versiyada yenilənib, bu, müasir dövrdə oxucuların ən çox üz tutduğu versiyadır.

Gilqamış dastanı təkcə müxtəlif versiyalarda mövcud deyil, öz növbəsində hər bir versiya müxtəlif fraqmentlərdə tərtib olunub. Əhvalatın əvvəldən sonadək mövcud olduğu vahid əlyazma yoxdur. Əksinə, o, min illər ərzində yüzlərlə gil lövhə üzərində yenidən yaradılmaqla fraqmentləşdirilib. Hekayə bizə gil qobelenlər şəklində gəlib çatıb, filoloqlar onu təxmini məntiqli narrativ yaratmaq üçün bir-birinə calayıblar (Mətnin təxminən beşdə dörd hissəsi bərpa olunub). Dastanın fraqmental vəziyyəti də bunu deməyə əsas verir ki, arxeoloji qazıntılar (və ya tez-tez baş verən qanunsuz oğurluqlar) yeni lövhələri gün üzərinə çıxardıqca o, daim yenilənib və bizi mətn üzərində baş sındırmağa məcbur edib. 4000 il yaşı olsa da, mətn hər yeni tapıntı ilə dəyişikliyə uğramaqla və genişlənməklə, axıcılığını qoruyub saxlayıb.

Yazının dərin kökləri

Dastanla bağlı ən yeni tapıntı Nyu Yorkun Kornell Universitetində gözdən qaçırılan kiçik fraqmentdir, onu Aleksandra Kleynerman və Alhena Qadotti aşkar edib, Endryu Corc isə 2018-ci ildə yayımlayıb. İlk baxışda fraqmentin böyük əhəmiyyətinin olmadığı kimi görünür, 16 qırılmış cümlənin əksəriyyəti digər əlyazmalardan məlum idi. Ancaq mətn üzərində işləyərkən, Corc qəribə bir detal aşkar edib. Belə görünür ki, lövhə həm Qədim Babil, həm də Standart Babil versiyalarındakı hissələri özündə əks etdirir, amma gözdən qaçırılan bir məqam vardı, belə ki, ardıcıllıq hekayənin strukturuna uyğun gəlmirdi.

Corcun dediyinə görə, həm Qədim, həm də Standart Babil versiyasında təhkiyə belədir: Şamhat Enkidunu yoldan çıxarır, onlar bir həftə sevişirlər və Şamhat Enkidunu Uruka dəvət edir. Sonra onların ikisi Gilqamışdan və onun peyğəmbəranə layihələrindən danışırlar. Sonra bəlli olur ki, onlar o birisi həftə də sevişirlər və Şamhat Enkidunu yenə Uruka dəvət edir.

Qəfildən, Şamhat və Enkidunun məhəbbət macərası ikiyə qatlanır, bu tapıntını “The Times” qəzeti gurultulu başlıqla təqdim etmişdi: “Qədim Seks Saqası İndi Dastan Kimi İkiyə Qatlanır”. Amma faktiki olaraq, bu tapıntı düşünüləndən daha əhəmiyyətlidir. İndi bu epizodlar arasındakı fərq redaktə dəyişiklikləri kimi yox, Enkidunun insan olmaq yolunda məruz qaldığı psixoloji dəyişikliklər kimi başa düşülə bilər. Bu epizodlar eyni narrativ qövsünün iki mərhələsini təşkil edir və bizə antik dünyada insana çevrilməyin nə mənaya gəldiyinə dair heyrətamiz ipucları verir.

Mədəniyyət necə təkamül etdi?

Şamhat ilk dəfə Enkidunu Uruka dəvət edəndə, Gilqamışı vəhşi öküzlə müqayisə etməklə, onu nəhəng gücə sahib qəhrəman kimi təqdim edir. Enkidu cavab verir ki, o həqiqətən də Uruka getməlidir, amma Gilqamışla dost olmaq üçün yox, ona meydan oxumaq və gücünü əlindən almaq üçün. Şamhat bundan qorxuya düşür, Enkidudan planını unutmasını xahiş edir və bunun əvəzinə şəhər həyatının zövqlərindən – musiqidən, əyləncələrdən və gözəl qadınlardan bəhs edir.

Növbəti həftə ərzində də sevişəndən sonra Şamhat Enkidunu yenə Uruka dəvət edir, amma bu dəfə vurğunu başqa məqama edir. Bu dəfə o, kralın böyük gücündən deyil, Urukun şəhər həyatından danışır: “Burada kişilər öz bacarıqları ilə iş qururlar, sən də orada özünə yer tapacaqsan”. Şamhat Enkiduya deyir ki, o, cəmiyyətə inteqrasiya etməli və geniş ictimai həyatda öz yerini tapmalıdır. Enkidu razılaşır: “Qadının dedikləri Enkidunun ürəyincə olur”.

Bu iki səhnə arasında Enkidunun dəyişdiyi göz önündədir. Birinci həftədəki sevişmə ona Şamnatla söhbət etmək üçün intellekt vermiş ola bilər, amma o hələ də heyvani baxış bucağıyla düşünür: o, Gilqamışa meydan oxumalı olduğu alfa erkək kimi baxır. İkinci həftədən sonra isə o artıq cəmiyyət barədəki digər vizyonu qəbul etməyə hazır olur. Sosial həyat təkcə xam qüvvənin və gücün elementlərindən ibarət deyil, həmçinin ictimai öhdəçilik və məsuliyyətlərdən ibarətdir.

Müntəzəm inkişafda göstərilməklə, Enkidunun birinci reaksiyası olduqca maraqlı görsənir: o, sanki insanlığa addım atmaq yolundadır. Mahiyyət etibarilə isə biz burada cəmiyyətə Enkidunun heyvani gözləriylə baxan bir Babil şairini görürük. Bu, şəhər həyatının başqa bir perspektividir, burada məkan hakimiyyət və təkəbbür yeri kimi deyil, bacarıq və əməkdaşlıq yeri kimi görsənir.

Antik Yunanıstanın seksual yaşamı barədə bəzi gerçəklər

Bu, bizə nə deyir? Biz iki əsas şeyi öyrənirik. Birincisi odur ki, babillilər üçün insanlıq cəmiyyət nöqteyi nəzərindən müəyyən edilirdi. Bu, hansısa adi bir cəmiyyət deyildi: səndən “həqiqi insan” yaradan şəhərin ictimai həyatı idi. Babil mədəniyyəti mahiyyət etibarilə urban mədəniyyət idi. Uruk, Babil və ya Ur şəhərləri sivilizasiyanın təməl daşları idilər və şəhər divarlarından kənardakı dünya təhlükəli və cəhşi çöllük hesab edilirdi.

İkincisi, biz öyrənirik ki, insan dəyişiklik prosesindən keçir. Bir həftəlik sevişmədən sonra Enkidu tam insan olmur. O orta mövqedədir, insan kimi danışır, amma heyvan kimi düşünür. Hətta ikinci həftədən sonra da onun işi bitmir: o, hələ də çörəyi necə yeməli, pivəni necə içməli və paltarı necə geyməli olduğunu bilməlidir. Qısacası insan olmaq addım-addım gediləsi bir yoldur, kəsə yol yoxdur.

Uruka ikinci dəvətində Şamhat deyir: “Mən sənə baxıram Enkidu, sən tanrı kimisən, bəs niyə çöllükdə heyvanlarla durub oturursan?” Burada tanrılar heyvanların əksi kimi təsvir olunurlar, onlar hər şeyə qadir və ölümsüzdürlər, heyvanlar isə şüursuz və ölümə məhkumdurlar. İnsan olmaq isə haradasa ortada olmaq deməkdir: insan hər şeyə qadir deyil, amma əməyi əxz etməyə qadirdir; ölümsüz deyil, amma özünün ölümlü olduğundan xəbərdardır.

Qısacası, dastanın yeni fraqmenti insanlığı heyvanla tanrı arasında olmaqla, kamilləşmə prosesi nöqteyi-nəzərindən göstərir.

Kimsə sadəcə insan kimi doğulmur: qədim babillilərə görə, insan olmaq həm də özünə cəmiyyət, tanrılar və heyvan dünyasında yer tapmaq mənasına gəlirdi

Sofus Helle Danimarka Aarhus Universitetində Babil ədəbiyyatı üzrə ixtisaslaşan PhD tələbəsidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR