Özün haqqında bilmədiyin 10 şey

Emosional İntellekt
Photo
Çox güman, sən özünü fikirləşdiyin qədər yaxşı tanımırsan
1. Sənin özün haqqındakı düşüncən təhrif edilib

Sənin “mənliyin” qarşında açılmış bir kitab kimidir . Sadəcə onu açmalı və oxumalısan: sənin kim olduğun, nələri xoşlayıb-xoşlamadığın, ümidlərin və qorxuların hamısı kitabdadır, gərək başa düşməyə çalışasan…

Belə bir yanaşma yetərincə populyardır, lakin böyük ehtimalla da cəfəngiyyatdan ibarətdir! Psixoloji tədqiqatlar göstərir ki, bizim özümüzü tanımaq üçün xüsusi bir imkanımız yoxdur. Biz özümüzü dəqiqliklə tanımağa çalışanda, aləmi bir-birinə qatırıq.

Prinston Universitetinin insanın özünü qəbul etməsi və qərar çıxarması barədə ixtisaslaşan psixoloqu Emili Pronin “özünütəhlil illuziyasına” malik olmağın saxta bir inanc olduğunu deyir. Bizim özümüz barədəki düşüncəmiz təhriflərdən ibarətdir, amma biz bunu dərk etmirik. Nəticə etibarilə də, özümüzlə bağlı düşüncələrimizin davranışlarımızla heyratamiz dərəcədə az əlaqəsi var. Məsələn, biz inana bilərik ki, qayğıkeş və səxavətli insanıq, amma şaxtalı gündə evsiz bir insanın qarşısından dümdüz keçərik.

Proninin fikrincə, bu cür təhrifə uğramış düşüncənin səbəbi olduqca bəsitdir. Çünki biz xəsis, təkəbbürlü, yaxud özündən müştəbeh olmaq istəmirik, bunların bizə dəxli olmadığını düşünürük. O, buna sübut kimi bizim özümüz və digərləri barədəsindəki müxtəlif düşüncələrimizə istinad edir. Biz çox iş yoldaşımızın asanlıqla başqa bir insana necə qərəz və ədalətsizliklə yanaşdığını görə bilərik. Lakin eyni şeyi bizim də etdiyimizi fikirləşmərik: çünki biz əxlaqi cəhətdən yaxşı olmağa niyyətliyik, ona görə də heç vaxt ola bilməz ki, biz qərəzli olaq.

Pronin öz tezisini çoxsaylı təcrübələrdən keçirib. Onun tədqiqatına daxil olan təcrübələrdən biri də şəxsi bəyanatlarla sifətlərin üst-üstə düşməsini əks etdirən test olub, bu testi edən iştirakçıların guya sosial intellekti müəyyən olunacaqdı. Sonradan onların bəzilərinə uğursuz olduqları deyiləcəkdi və onlardan test prosedurundakı çatışmazlıqlar barədə soruşulacaqdı. Test zamanı subyektlərin hamısının düşüncələrinin birmənalı olaraq qərəzli olduğu məlum olsa da (onlar təkcə uydurma testdən keçməyəcəklərdi, həmçinin onu tənqid etmələri də istəniləcəkdi), iştirakçıların əksəriyyəti cavablarının tamamilə obyektiv olduğunu deyiblər. Bu, sənət əsərlərini mühakimə etməyin eynisi olan test idi, rəsmlərin keyfiyyətini müəyyən etmək strategiyasından istifadə edən subyektlər qərəzli olsalar da, öz mühakimələrinin düzgün olduğuna inanmışdılar. Proninin zənnincə, biz öz qərəzlərimizi ört-basdır etməyə meylliyik.

İntrospeksiya (özünü-təhlil) kəlməsi sizə elə gəlmirmi ki, sadəcə gözəl bir metafordan başqa bir şey deyil? Ola bilərmi, biz əslində, daxilimizə baş vurmuruq, latın mənşəli sözün göstərdiyi kimi, öz qüsurlarımızı görməzdən gələn yaltaq bir özbaxış (self-image) yaradırıq? Özbiliklə (self-knowledge) əlaqədar olan tədqiqat bu nəticəyə gəlməkdən ötrü yetərincə sübut ortaya qoyub. Biz özümüzü aydınca müşahidə etdiyimizi düşünə bilərik, lakin özbaxışımız qeyri-şüurlu qalan bir prosesdən təsirlənir.

2. Meyllərin sənin üçün əksər vaxt tamamilə sirr qalır.

İnsanlar özlərini nə qədər yaxşı tanıyırlar? Bu suala cavab vermək istəyən araşdırmaçılar problemlə üzləşirlər: insanın özbaxışını müəyyən etmək istəyən araşdırmaçı onun həqiqətən də kim olduğunu bilməlidir. Tədqiqatçılar bu sualların öhdəsindən gəlmək üçün müxtəlif metodlardan yararlanırlar. Məsələn, onlar labaratoriya şəraitində, yaxud gündəlik həyatda test subyektlərinin özlərini dəyərləndirməsini subyektin davranışları ilə müqayisə edirlər. Onlar həmçinin qohumlar və dostlar qəbilindən olan insanlara subyektləri qiymətləndirmək üçün suallar verir və xüsusi metodlardan istifadə etməklə, qeyri-şüurlu meylləri incələyirlər.

Bu qeyri-şuurlu meylləri ölçməkdən ötrü psixoloqlar eyhamlı assosiasiya testinə (Implicit Association Test) müraciət edə bilərlər, bu testi 1990-larda Vaşinqton Universitetindən olan Antoni Qrinvald və həmkarları bizim gizli meyllərimizi aşkarlamaqdan ötrü yaradıblar. Ondan bəri təşvişi, impulsivliyi və xoşrəftarı və digər xüsusiyyətləri ölçməkdən ötrü müxtəlif variantlar kəşf edilib. IAT metoduna görə, ani reaksiyalar refleksiya tələb etmir; nəticədə də şəxsin qeyri-şüurlu hissələri önə çıxır.

Eksperimentlər xüsusilə bir insanın müəyyən qavramlarla əlaqələndirdiyi sözlərin nə dərəcədə düzgün olduğunu müəyyənləşdirməyə çalışıb. Məsələn, tədqiqatda iştirak edən iştirakçılardan ekranda ekstraversiya (yaxud, danışqan, enerjili) xüsusiyyətini ifadə edən söz görünən kimi bacardıqları qədər tez düyməyə basmaları istənilib. Onlardan həmçinin ekranda özlərinə aid olan kəlməni (ad kimi) görən kimi eyni düyməni basmaları tələb edilib. İştirakçılar introvert xüsusiyyətini (məsələn, “sakit”, “özünəqapalı”) , yaxud başqasına aid olan kəlməni görəndə isə, başqa bir düyməyə basmalıydılar. Əlbəttə ki, kəlmələr və əsas kombinasiyalar bir çox testlər zamanı dəyişdirilmişdi. Əgər iştirakçının reaksiyası gözləməkdə olduğu “ekstravert” kəlməsiylə assosiasiya olunan kəlmədən tez olsaydı, onda ekstraversiyanın böyük ehtimalla həmin insanın özünə aid olduğu ehtimal edilirdi.

İnsanın özüylə bağlı bu cür “gizli” dərketmələri bir qayda olaraq anketlər vasitəsilə əldə olunan mənliklə bağlı dəyərləndirmələrlə o qədər də üst-üstə düşmür. Sorğularda insanların dedikləri sözlərin, onların emosionallıqla yüklənmiş sözlərə ildırımsürətli reaksiyaları ilə çox az əlaqəsi var. Həmçinin bir insanın gizli özbaxışı adətən onun həqiqi davranışı barədə proqnoz verir, xüsusilə işə əsəblər və ünsiyyət qarışanda. Digər tərəfdən sorğular yeni təcrübələrə açıqlıq və dürüstlük kimi xüsusiyyətlər barədə informasiya əldə etməyə imkan yaradır. Almaniyanın Münster Universitetinin psixoloqu Mitja Bek deyir ki, bizim avtomatik reaksiyalarımızı ortaya çıxarmaq üçün yaradılan metodlar bizim şəxsiyyətimizin vərdiş komponentlərini və ya spontanlığını əks etdirir. Dürüstlük və maraq isə digər tərəfdən, müəyyən dərəcədə düşüncə tələb edir və buna görə də onlar özünü əks etdirmə yoluyla daha asan dəyərləndirilə bilərlər.

3. Zahir görünüş insanlar barədə çox şey deyir

Bir çox tədqiqatlara görə, ən yaxınlarımız və əzizlərimiz bizi özümüzdən daha yaxşı görür. Kaliforniya Universitetinin psixoloqu Simin Vəzir göstərib ki, xüsusilə iki vəziyyət başqalarına bizim kimi olduğumuzu bilməyə asanlıqla imkan verə bilər: birincisi, onlar zahiri xüsusiyyətlərdən hansısa birini “oxuya“ bilərlər, ikincisi, bu xüsusiyyətdəki hansısa pozitiv və ya neqativ valentlik buna imkan yarada bilər (məsələn, intellekt və yaradıcılıq arzulanandır, qeyri-səmimilik və mənəm-mənəmlik isə yox). Neytral xüsusiyyətlərə gələndə isə, bizim özümüzlə bağlı dəyərləndirmələrimiz əksər vaxt başqalarının dəyərləndirmələri ilə üst-üstə düşür.

Ümumiyyətlə, bizim davranışlarımıza ən çox təsir göstərən şeylər başqalarının ən yaxşı görə bildiyi xüsusiyyətlərdir. Məsələn, təbiətən ünsiyyətcil adamlar bir qayda olaraq danışmağı və kampaniyada olmağı sevirlər; əlləri ovuşdurmaq, başqası baxan zaman gözünü yayındırmaq isə güvənsizlik əlamətidir. Qaşqabaqlı şəkildə fikir eləmək isə, adətən daxildən qaynaqlanır. Bunları özümüz əksərən görməsək də, başqaları görür.

Biz tez-tez başqalarının üzərində olan təsirimizi görmürük, səbəb sadəcə budur ki, özümüzün sifət, jest ifadələrimizi, bədən dilimizi görmürük. Mən tez-tez qırpılan kirpiklərimin stres əlaməti olduğunun çox çətinliklə fərqinə varıram, yaxud duruşumdakı çöküş ağır bir şeyin mənə təzyiq etdiyinin göstəricisi ola bilər. Özümüzü müşahidə eləmək elə çətindir ki, biz başqalarının, xüsusilə bizi yaxşı tanıyanların müşahidələrinə etibar etməliyik. Başqaları bizim onlara necə təsir etdimizi göstərməyincə, özümüzü tanımağımız müşkül məsələdir.

4. Məsafədən baxmaq sənə özünü daha yaxşı tanımağa imkan verə bilər

Gündəlik tutmağın, özünü gözdən keçirmək üçün pauza etməyin və başqalarıyla söhbətə cəhd etməyin uzun ənənələri mövcuddur, lakin bu metodların da özümüzü tanımağa imkan verəcəyi dəqiq deyil. Faktiki olaraq, bunun əksini eləmək – başını buraxmaq – daha faydalıdır, çünki bu müəyyən məsafə saxlamağa imkan verir. İndi Toronto Universitetində çalışan Erika Karlson 2013-cü ildə anlaqlı meditasiyanın (mindfulness meditation) özbiliyi artırıb-artırmadığını yoxlamaq üçün sınaq həyata keçirmişdi. O, bu meditasiya növünün iki maneəni – dağınıq fikirliliyi aradan qaldırmağa və eqodan müdafiə olunmağa kömək etdiyini desə də, onun bizim fikirlərimizin necə cərayan etdiyini fərq etməyə və onları müəyyənləşdirməyə köməyinin çox az olduğunu bildirmişdi. Fikirlər nə də olsa, “sadəcə olaraq fikirdirlər”, tam həqiqət deyillər.

Bizim qeyri-şüurlu motivlərimizdən müəyyən şeyləri dərk etməyimiz, emosional səadətə gətirib çıxara bilər. Almaniyanın Erlangen-Nürnbergin Fridrix-Aleksandr Universitetindən Oliver C. Schulthesis göstərmişdi ki, bizim şüurlu məqsədlərimiz və qeyri-şüurlu motivlərimiz daha harmonik və uyğun olanda, xoşbəxtlik hissimiz də böyüməyə meylli olur. Əgər pul və hakimiyyət bizim üçün o qədər də vacib deyilsə, biz bunları bizə verəcək karyeranın köləsi olmamalıyıq. Bəs biz belə bir harmoniyaya necə nail ola bilərik? Məsələn, təsəvvür etməklə. Bacardığınız qədər aydın və detallı şəkildə ən çox arzu etdiyiniz şeyin həqiqətə çevrildiyini təsəvvür eləməyə çalışın. Bu həqiqətən sizi xoşbəxt edərdimi? Adətən biz həddindən çox çətin şeyləri qarşımıza hədəf qoymağın tələsinə düşürük, amma ambisiyalı məqsədlər üçün vacib sayılan addımları və çabaları nəzərə almırıq.

5. Adətən biz hansısa bir məsələdə əslində olduğumuzdan daha yaxşı olduğumuzu düşünürük.

Siz Danninq Kruger effekti ilə tanışsınızmı? O deyir ki, insanlar bir şeydə nə qədər səriştəsizdirlərsə, onda bir o qədər səriştəli olduqlarını düşünürlər. Bu effektin adı Nyu York Universitetindən Castin Kruger və Miçiqan Universitetindən Deyvid Danninqin adından götürülüb.

Danninq və Kruger özlərinin test subyektlərinə koqnitiv tapşırıqlar dəsti vermiş və özlərinin nəticələrini ölçməyi istəmişdilər. Ən yaxşı halda iştirakçıların 25 faizi nəticələrə müəyyən qədər realist baxmışdı; sadəcə bir miqdar insan nəticələrini aşağı dəyərləndirmişdi. Ən pis nəticəni göstərən böyük bir qisim isə qiymətləndirmədə yanlışlığa yol vermiş və koqnitiv qabiliyyətlərini hədsiz şişirtmişdilər. Mümkündürmü ki, lovğalıq və müvəffəqiyyətsizlik bir medalın iki üzü olsun?

Tədqiqatçıların vurğuladığı kimi onların nəticələri özünüdərkin ümumi xüsusiyyətlərini qabardır: bizlərdən hər birimiz koqnitiv qüsurlarımızı görməməyə meylliyik. London Kollec Universitetindən psixoloq Adrian Förnhemə görə, iddia edilənlə həqiqi IQ arasında statistik nisbət ortalama olaraq cəmi 0.16-dır – yumşaq desək, bu, olduqca pis göstəricidir. Müqayisə üçün deyək ki, boy və seks arasındakı nisbət təxminən 0.7-dir.

Beləliklə, niyə olmalı olanla həqiqi performans arasındakı uçurum belə dərindir? Bizim hamımızda özümüzü realist şəkildə qiymətləndirmək istəyi yoxdurmu? Bu, heç şübhəsiz bizi əlavə enerji xərcləməkdən və yəqin, xəcalətli vəziyyətlərə düşməkdən xilas edərdi. Belə görünür cavab budur: özünəinamı azca artırmağın müəyyən faydaları var. Los-Anceles, Kaliforniya Universitetinin psixoloqu Şelli Teylora və Vaşinqton Universitetindən Conatan Brauna görə, görməməzlik bizdəki xoşbəxtlik duyğusunu və performansı artırmağa meyllidir. Depressiyaya meylli insanlar isə, özdəyərləndirmədə qəddarcasına realist olmağa meyllidirlər. Bəzək-düzək verilmiş özbaxış bizə gündəlik həyatın eniş və yoxuşlarından salamat çıxmağa kömək edir.

Ardı var

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR