Dostoyevskinin insanları (6-ci hissə)

Stefan Sveyq

Ədəbiyyat
Photo

Ah necə qaranlıq, necə qarmaqarışıq, necə yad, necə də düşməncədir ilk baxışda bu insanlıq, bu rus dünyası! Sanki iztirab seli altında qalıb və bu torpaqlar İvan Karamazovun qorxunc ifadəsiylə, "Ən dərin laylarına qədər göz yaşıyla sulanmışdır". İlk baxışda darıxdırıcı, bulanıq, çökmüş, kəndli və bədbəxt görünən, amma sonra alınının parlaqlığı o çöküntünü, üz xətlərinin dünyəviliyini, dərinliyini inamla işıqlandıran Dostoyevskinin üzü kimi, əsərində də zehni işıq həmin tutqun maddəni işıqlandırır. Dostoyevskinin dünyası sırf ağrılardan düzəldilib sanki.

Amma qəhrəmanlarındakı ağrının cəmi yalnız görünüşcə digər hər hansı bir əsərdəkindən daha böyükdür. Çünki Dostoyevskinin uşaqları, bu insanlar, hamısı da duyğularının çevricisidirlər; onları yaşayırlar, əkslikdən əksliyə şişirdilmiş formada gedib-gəlirlər. Və ağrı, öz ağrıları ümumiyyətlə onların ən böyük xoşbəxtliyidir. Şəhvətə, xoşbəxtlikdən duyulan həzzin qarşısına çox dərin ağrı həzzini, iztirabdan duyulan həzzi qoyan nəsə vardır onlarda: onların ağrıları eyni zamanda xoşbəxtlikləridir; onu dişləriylə möhkəmcə saxlayırlar, sinələrində isidirlər, əlləriylə oxşayırlar, onu bütün ruhlarıyla sevorlər. Və yalnız onu sevməsəydilər ən bədbəxt adam olardılar. Bu dəyişiklik, daxildə meydana gələn bu şiddətli duyğu dəyişikliyi, Dostoyevskinin insanlarındakı dəyərlərin bu astar üzə çevrilməsini bəlkə yalnız bir nümunə aşkar şəkildə ortaya qoya bilər; min bir formada təkrar-təkrar qarşımıza çıxan birini seçirəm: həqiqi və ya yanlış alçaldılmanın nəticəsində insanın duyduğu ağrını. Hər hansı sadə və həssas varlıq, istər kiçik bir məmur, istər general qızı olsun inciyə bilər. Bəlkə bir sözdən, kiçik bir şeydən qüruru sına bilər. Bu ilk qırılma bütün orqanizmi hərəkətə gətirən ilk faktordur. İnsan ağrı çəkir. İncikdir, pusquda yatır və gərginlik içində gözləyir –yeni bir inciklik üçün. Və ikinci inciklik gəlir: yəni əslində ağrının artması deməkdir bu. Amma qəribədir ki, ağrı yox olur. Hərçənd incik olan şikayətlənir, qışqırır, amma şikayəti artıq həqiqi deyil: çünki bu incikliyi sevir. Bu "davamlı rəzilliyi dərk etmə vəziyyəti təbii olmayan gizli zövqdür". Sınmış qürurunun yerində yenisi vardır: şəhidlik qüruru. İndi daxilində yeni bir incikliyə, daha, daha güclüsünə qarşı susuzluq doğulur.

Qarşısındakını təhrik etməyə başlayır, şişirdir, meydan oxuyur: ağrı artıq onun həsrətidir, ehtirasıdır, həzzidir. Alçaldılıb, beləliklə (ölçüsüz insan) tamamilə rəzil olmaq istəyir. Artıq ağrısını vermək istəmir, möhkəm dişlərinin arasında sıxıb tutur: kömək etmək istəyən biri onun düşmənidir. Beləcə kiçik Nelli həkimin verdiyi dərmanı hər üç səfərində üzünə çırpır, beləcə Raskolnikov Sonyanı itələyir, beləcə İlyuşka dindar Alyoşanın barmağını dişləyir – sevgidən, ağrısına duyduğu fanatik sevgidən ötrü. Hamısı, hamısı da iztirab çəkməyi sevir, çünki ağrıda həyatı, sevgilini daha çox hiss edirlər, çünki bilirlər ki, "insan bu dünyada yalnız ağrı sayəsində həqiqətən sevir" və onlar da bunu istəyir; hər şeydən çox bunu! Bu, onların ən güclü mövcudluq dəlilidir: Cogito ergo sum, düşünürəm, elə isə varam yerinə bunu qoyurlar: "İztirab çəkirəm, elə isə varam". Bu "varam" Dostoyevskidə və yaratdığı bütün şəxsiyyətlərdə həyatın ən böyük zəfəridir. Dünya hissiyyatının ən yüksək formasıdır. Dmitri Karamazov həbsxanadaykən bu "varam" sözünə, mövcudiyyət şəhvətinə ən böyük tərifi qoşmuşdur və bu həyata sevgisi üçün hamısına ağrı lazımdır.

Yalnız görünüşcə, demişdim, ağrının cəmi Dostoyevskidə digər bütün yazıçılardan daha böyükdür. Heç nəyin insafsız olmadığı, hər uçurumdan bir xilas yolunun olduğu, hər bədbəxtlikdə hələ də bir sərxoşluğun mümkün olduğu, hər çarəsizlikdə hələ də bir ümidin olduğu bir dünya varsa əgər, bu elə onun dünyasıdır. Bu əsərlərin zehin yoluyla ağrıdan xilas əfsanəsinin danışıldığı silsilə müasir həvari hekayəsindən fərqi nədir? Həyata olan inama dönüşlərin, biliyə çatmaq üçün dırmaşılan yoxuşların, dünyamızın ortasından keçən Şam yollarının izah edildiyi hekayələrdən?

Dostoyevskinin əsərində insan son həqiqəti üçün boğuşur, universal insaniliyi olan məni üçün. İstər cinayət işlənsin, istərsə də bir qadının eşqindən yanıb alovlansın, bütün bunlar əhəmiyyətsizdir, kənar məsələlərdir, arxa plandır. Onun romanı insanın ən dərin yerlərində, ruhi məkanda, zehni dünyada baş verir: təsadüflər, hadisələr, xarici dünyanın göndərdikləri yalnız işarə, mexaniki ünsür və dekorasiyadır. Tragediya hər vaxt daxildədir. Bu da həmişə bu mənaya gəlir: maneləri aşmaq, həqiqət üçün mübarizə aparmaq. Qəhrəmanların hamısı, eynilə Rusiyanın özü kimi soruşur: Mən kiməm? Dəyərim nədir? Özünü yaxud daha çox varlığının ən üst dərəcəsini dayanmaq bilməyən, məkansız, vaxtsız şeylərdə axtarır. Özünü Tanrının qarşısında insan kimi dərk etmək və özünü təsdiq etmək istəyir. Çünki Dostoyevski insanlarının hamısı üçün həqiqət ehtiyacdan daha üstün nəsnədir; bir ifrat, bir şəhvət və müqəddəs həzzinin, spazmının etirafıdır, etirafda daxili insan, universal insan, Tanrının insanı, dünyəvi olan sayəsində, hissi mövcudiyyəti sayəsində həqiqəti qırır – və bu Tanrıdır. Ah, sırf bunun üçün etirafla oyun oynadıqları həmin şəhvət, necə də gizlədirlər onu – Raskolnikovun Porfiri Petroviçin qarşısında etdiyi kimi –, həmişə gizlicə göstərirlər və yenidən gizlədirlər və sonra yenidən, necə də öz səslərini gömürlər; olduğundan daha çox həqiqəti təsdiq edirlər, çılğın nümayişkəranəliklə ayıb yerlərini açırlar, qüsurları və ərdəmləri qarışdırırlar, – burada, yalnız burada, həqiqi mən üçün aparılan boğuşmadadır Dostoyevskinin real gərginlikləri. Burada, ən içdədir qəhrəmanların ən böyük mübarizəsi, ürəyin güclü dastanları: burada, ruslara xas olanın, yad olanın daxillərində məğlub olub tükətildiyi bu yerdədir, ancaq burada onların tragediyası tamamilə bizim, tamamilə universal insanın olur. Onun insanlarının tipik taleyi bu yerdə diqqətə çarpan və sarsıdıcı hal alır və yeni insanın, universal insanın hər bir dünyəvi insanda öz-özünə doğulma sirrinə şahid olarıq.

Öz-özünə doğulma mübhəmi: Dostoyevskinin kainatında yeni insanın yaradılışını belə xarakterizə edirəm.

Dostoyevskinin bütün varlıqlarının hekayəsini tək birində izah etməyi təcrübədən keçirmək istəyirəm, onun mifi kimi; çünki insanların bütün bu bir-birindən fərqli, yüzlərlə müxtəliflik göstərən taleləri nəticədə yeganə və eyni taledir. Hamısı da bir təcrübənin variasiyalarını yaşayırlar: insan halına düşmənin. Unutmayaq: Dostoyevskinin sənəti həmişə orta nöqtəni hədəf alır və dolayısı ilə psixologiyasında insandakı insana, mütləq, bütün mədəniyyət laylarının arxasında yatan mücərrəd insana çatmağı hədəfləyir. Sənətçilərin çoxu üçün bu laylar hələ əhəmiyyətlidir; təxminən romanların hadisələri sosial, ictimai, erotik və ənənəvi sahələrdə baş verir və bu laylara sancılıb qalır. Dostoyevski, fasiləsiz olaraq mərkəzi, insandakı universal insanı hədəflədiyi üçün, hər kəsdə ortaq olan o mənə çatır. Fasiləsiz olaraq bu sərhəddəki insanı və bir-birinə oxşar formalarda ismarıcını əmələ gətirir. Başlanğıcda bütün qəhrəmanları eynidir. Həqiqi ruslar kimi öz həyat gücləri onları narahat edir. Yetkinlik yaşlarında, hissi və zehni oyanma çağında şən və azad duyğuları qaranlıqlaşır. Qeyri-müəyyən halda, daxillərində bir qüvvəninin, əsrarəngiz impulsun mayalandığını hiss edirlər; daxilərinə həbs edilmiş bir şey, qaynayan bir şey böyüyüb baramasından çıxmaq istəyir. Əsrarəngiz hamiləlik (bu, daxillərində toxum qoyan yeni insandır, amma hələ bunu bilmirlər) onları xəyallara sövq edir.

"Vəhşiləşməyə çatan təklik üçün" uçuq otaqlarda, kimsəsiz künclərdə yaşayırlar və düşünürlər, gecə-gündüz özləri üzərində düşünürlər. İllərlə bu qəribə ataraksi (sabitlik) vəziyyətində sakit dayanırlar, ruhları haradasa buddist bir donuqluq halında gözləyir, öz bədənlərinin üzərinə tamamilə əyiliblər, qadınlar kimi, ilk aylarda bətnlərində vurmağa başlayan ikinci bir ürəyin səsini eşitmək üçün. Hamiləliyin bütün əsrarəngiz halları üstlərinə çökür: isterik bir ölüm qorxusu, həyatın qarşısında duyulan dəhşət, mərəzli və şiddətli istəklər, pozğun şəhvət arzuları.

Ən axırda daxillərində yeni bir fikrin böyüdüyünü başa düşürlər və sirri kəşf etməyə çalışırlar. Düşüncələrini itiləşdirirlər, iş alətləri kimi iti və kəsici hala gətirirlər və özlərini kəsib doğramağa başlayırlar, çətinliklərini fanatik çıxışlarla ara vermədən izah edirlər, havalanma təhlükəsi özünü göstərənə qədər düşünə-düşünə beyinlərini yorurlar, bütün düşüncələrini dəmirçi kimi döyə-döyə tək və sabit fikir halına gətirirlər, öz əlləriylə özlərinə qarşı istifadə edəcəkləri iti, təhlükəli bir şey olana qədər üstündə düşünürlər. Kırılov, Şatov, Raskolnikov, İvan Karamazov, bütün bu yalqız qəhrəmanların hər birinin "öz" fikirləri vardır, nihilizm, özgəçilik, Napoleonvari bir çılğınlıq və hər biri də bu xəstə təklik içindəki sakitlikdən çıxmışdır. Olacaqları yeni insana qarşı silaha sahib olmaq istəyirlər, çünki qürurları özünü ona qarşı qorumaq, onu basdırmaq istəyir. Yenə də bəziləri bu əsrarəngiz cücərməni, bu sıxışdıran, mayalanan həyat ağrısını duyğularını qırmanclayaraq aşmağa çalışır.

Nümunəyə müraciət etsək: qadınlar kimi yıxılmaq üçün pilləkənlərdən diyirlənərək, tullanıb düşərək və bəzi zəhərləri istifadə edərək daxillərindəki istənməyən meyvədən xilas olmağa çalışırlar; daxillərindəki bu batıq səsli qaynağı basdırmaq üçün qışqırıb bağırırlar, sırf bu cücərməni qurutmaq üçün bəzən öz-özlərini təxribata uğradırlar. Bu illərdə bilərək və istəyərək özlərini itirirlər. İnciyir, qumar oynayır, zövq və səfaya dalır və bütün bunlar (əks halda Dostoyevski qəhrəmanı olmazdılar) fanatikcəsinə son həddə çatdırırlar. Onları bu qüsurlara yönəldən ağrıdır, hansısa həvəs deyil. İçki rahatlaşmaq və yatmaq üçün deyil. Almanlar kimi yuxusuzluq şikayətinə görə deyil, sərxoş olmaq, dəliliklərini unutmaq üçün içirlər; pul qazanmaq üçün deyil, vaxt öldürmək üçün qumar oynayırlar; pozğunluq həzz almaq üçün deyil, hədsizlik içində həqiqi ölçülərini itirmək üçündür. Kim olduqlarını bilmək istəyirlər, buna görə də sərhədləri axtarırlar. Hədsiz istiləşmə və soyuma içində mənlərinin ən son sərhədini və xüsusilə də içlərindəki dərinliyi tanımaq istəyirlər. Bu həzzlər içində közləşərək Tanrıya qədər yüksəlib, heyvana qədər alçalırlar, amma bu, həmişə daxillərindəki insanı sakitləşdirmək üçündür. Ya da özlərini, özlərini tanımadıqları üçün, sübut etməyə çalışırlar. Kolya cəsur olduğunu "sübut etmək" üçün özünü qatarın altına atır, Raskolnikov öz Napoleon nəzəriyyəsini sübut etmək üçün yaşlı qadını öldürür, hamısı da əslində istədiklərindən çoxunu edirlər, sırf hissin ən son sərhədinə çatmaq üçün. Öz dərinliklərini, insanlıqlarının ölçüsünü tanımaq üçün önlərinə çıxan hər uçuruma özlərini atırlar: Hissiyyatlılıqdan pozğunluğa, pozğunluqdan qəddarlığa düşürlər; mənliklərinin ən alt layına, soyuq, ruhsuz, ölçü-biçili pisliklərinə qədər enirlər, amma bütün bunlar çevrilmiş sevgi, öz varlığını idrak etmə ehtirası, dini çılğınlığın çevrilmiş bir növündən ötrüdür. Müdrik bir aydınlıqdan keçib dəliliyin fırıldağına qapılırlar, zehni maraqları şəhvətli pozğunluğa çevrilir, günahları uşaqlara təcavüz etmək və cinayətə qədər yetir, amma hamısı üçün tipik olan şey aşırı həzdəki hədsiz həzsizlikdir: fanatik bir peşmanlıq şüurunun qaynar alovları dəliliklərinin ən alt uçurumuna qədər çatır.

Amma şəhvətpərəstlik və düşüncələrindəki şişirtmə nə qədər çılğınlığa çatırsa, özlərinə də o qədər yaxınlaşırlar və özlərini nə qədər çox yox etmək istəyirlərsə, o qədər də tez xilas olurlar. Faciəvi bakxosçuluqları yalnız çırpınmalardır, günahları öz doğum sancılarıdır. Öz-özlərini korlamaları yalnız daxillərindəki insanı qucaqlayan qabığı korlayır və bu tam mənasıyla özünü xilas etmədir. Nə qədər sıxılırlarsa, nə qədər əzilib büzülürlərsə, nə qədər qıvrılırlarsa da, hiss etmədən doğumu o qədər sürətləndirirlər. Çünki yalnız kəskin ağrılarla yeni varlıq dünyaya gələ bilər. Qorxunc bir şey, yad bir şey əmələ gəlməli, onları xilas etməli, ən çətin saatlarında hansısa güc mamaçalıq etməli, yaxşılıq, universal insan sevgisi onlara kömək etməlidir. Saflığı doğura bilmək üçün aşırı bir hərəkət, bütün hisslərini çarəsizlik içində gərən cinayətə ehtiyac var və həyatda olduğu kimi burada da hər doğum ölümcül təhlükələrin kölgəsi altındadır. İnsan mövcudluğunun ən aşırı iki gücü bu anda bir-birinə səmimiyyətlə sarılıbdır.

Hər fərdin qarışıq, boğucu, çox istiqamətli məni həqiqi insanın (orta əsrlər inancındakı, bütün dünyəvi günahlardan təmizlənmiş saf, ilk insanın), həmin təməl, saf ilahi varlığın toxumuyla dölləndiyi düşüncəsi Dostoyevskinin insan mifidir. Mədəniyyət insanının fani bədənindən daxilimizdəki bu əbədi insanı yaratmaq ən uca məqsəd, ən həqiqi dünyəvi vəzifədir. Hər kəs döllənmişdir, çünki həyat heç kimi kənara itələmir, hər fanini müqəddəs bir an içində sevgiylə qarşılayır, amma hər kəs də meyvəsini doğa bilmir. Bəzilərində bu ruhi laqeyidlik içində çürüyür, orada ölür və bədəni zəhərləyir. Bəziləri də sancılarla ölür və yalnız uşaq, fikir dünyaya gəlir. Kırılov tamamilə həqiqi qala bilmək üçün özünü öldürmək məcburiyyətində olanlardan biridir, Şatov öz həqiqətinə şahidlik etmək üçün öldürülmək məcburiyyətində olanlardandır.

Amma Dostoyevskinin o biri qəhrəmanları, Staretz, Zosima, Raskolnikov, Stepanoviç, Roqojin, Dmitri Karamazov ictimai mənlərini, daxili varlıqlarının tırtılını yox edirlər, kəpənəklər kimi ölü formalarından sıyrılıb çıxmaq üçün, yerdə sürünəni qanadlandırmaq, torpağa bağlı ağırlığı havaya qaldırıb yüksəltmək üçün. Ruhu əhatələyən qabıq qırılır, ruh, universal insan ruhu çölə fışqırır, sonsuzluğa doğru geri axır. Daxillərindəki bütün fərdi şeylər, bütün fərdi şeylər ortadan itir; bütün bu şəxslərin tamamlanma anlarındakı mütləq bənzərlikləri buradan gəlir. Cinayətlərinin ardınca göz yaşlarıyla islanmış üzləriylə yeni həyatın işığına çıxdıqda Alyoşanı Staretzdən, Karamazovu Raskolnikovdan ayırmaq az qala qeyri-mümkündür. Dostoyevskinin bütün romanlarının sonunda, yunan tragediyasının katarsisi, o böyük təmizlənmə vardır: fırtınanın ardınca aydın bir havada rusların ən böyük sülh simvolu olan göy qurşağının uca haləsi parlayır.

Dostoyevskinin qəhrəmanları ancaq yeni insanı doğduqları zaman həqiqi cəmiyyətin içinə girirlər. Balzakda qəhrəman cəmiyyəti öz hakimiyyəti altına aldığı zaman zəfərini qeyd edir, Dikkensdə isə sosial sinifə, burjua həyatına, ailəyə, iş həyatına yaxşıca uyğunlaşma təmin etdikdən sonra. Dostoyevski qəhrəmanının hədəflədiyi cəmiyyət sosial cəmiyyət deyil artıq, əksinə dini bir icmadır, cəmiyyətin deyil, dünya qardaşlığının axtarışındadır. Bu öz içsəlliyinə və beləcə mistik cəmiyyətə yetmək onun əsərindəki tək iyerarxiyadır. Bütün romanları təkcə bu son insanı izah edir: Sosial, yarı qürurlu və kobud nifrətli cəmiyyətin ara mərhələləri keçilib, Mən-insan universal-insana çevrilibdir, hər biri əslində sadəcə qürur olan təkliyini, təcridçiliyini parçalayıb və sonsuz təvazö və qaynar eşq içindəki ürəyi qardaşını, digər bütün hər kəsdəki saf insanı salamlayır. Bu son, təmizlənmiş insan artıq fərq nədir bilmir, sosial mövqe şüuru yoxdur: çılpaqdır, eynilə cənnətdəki kimi. Onun ruhunda utancaqlıq yoxdur, qürur yoxdur, nifrət və xor görmə, günahkar və fahişə, qatil və müqəddəs, şahzadələr və sərxoşlar yoxdur; aralarındakı söhbətlər həyatlarının ən alt və ən əsl məni içindəki ikili dildə reallaşır, bütün ictimai siniflər bir-birinə, ürək-ürəyə, ruh-ruha qarışır. Dostoyevskidəki müəyyənləşdirici tək fərq budur: şəxs nə qədər realdır və real insanlığa çatıb? Bu təmizlənmənin, özünü xilas etmənin və qazanmanın necə reallaşdığının əhəmiyyəti yoxdur. Heç bir pozğunluq çirklətmir, heç bir cinayət pozmur;

Tanrının qarşısında vicdandan başqa məhkəmə yoxdur. Haqq və haqsızlıq, yaxşı və pis, ağrının alovunda əriyib getmişdir. Kim iradəsində həqiqidirsə, o təmizlənir: çünki həqiqi olan təvazökardır. Kim idrak edibsə, hər şeyi anlayır və insan ruhunun qanunlarının hələ tam mənasıyla araşdırılmamış və sirlərlə dolu olduğunu, nə usta həkimlərin, nə də son hakimlərin olduğunu bilir; heç kimin yaxud hər kəsin günahkar olduğunu bilir, kimsə kimsənin mühakiməçisi ola bilməz, hər kəs hər kəsin qardaşıdır. Buna görə də, Dostoyevskinin kainatında əbədi olaraq təcrid olunmuş yoxdur, "canilar" yoxdur, Dantedəki kimi cəhənnəm və İsanın belə məhkumlarını xilas edə bilməyəcəyi ən alt lay yoxdur. O yalnız ərafları tanıyır və səhv edən insanın hələ ruhən köz kimi yandığını, həqiqi insana qürurlulardan, ürəyi donub burjua qanunlarına dönmüş, soyuq, səhvsiz kəslərdən daha yaxın olduğunu bilir. Onun həqiqi insanları iztirab çəkib, buna görə də ağrıya və beləcə də yer üzünün son sirrinə hörmət edirlər. Kim iztirab çəksə, bax, o, mərhəmət sayəsində qardaşdır və onun bütün insanları, yalnız daxillərindəki insana, qardaşına baxdığı üçün qəddarlığa yaddır. Onlar, Dostoyevskinin bir zamanlar tipik rus xüsusiyyəti dediyi, həminki uca, uzun müddət nifrət edə bilməmə bacarığına və buna görə də dünyəvi olan hər şeyə qarşı sərhədsiz anlayış göstərmə bacarığına malikdir. Hələ də aralarında çarpışırlar, hələ də bir-birlərinə iztirab çəkdirirlər, çünki öz təvazökarlılıqlarını zəiflik kimi görürlər, çünki bunun bəşəriyyətin ən qorxunc gücü olduğunu başa düşmürlər. Amma daxillərindəki səs hər vaxt həqiqəti dərk edir. Bir-birlərinə sözlərlə təcavüz edib düşmənçiliklər yaratdıqları məqamda daxillərindəki göz bunu uzun müddətdir anlayışla izləyir; dodaq ağrıyla qardaşının ağzından öpür. Daxillərindəki çılpaq, əbədi insan özünü dərk etmişdir və qardaşlığın idrakından doğan bu universal barışın sirri, ruhların bu Orfey mahnısı, Dostoyevskinin qaranlıq əsərindəki lirik musiqidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR