Özü özünü yaradan qadın – Ayn Rand

Tarix
Photo

Əksər fəlsəfi məktəblər onun yaradıcıları öləndən sonra yaradıclarının şərəfinə adlandırılıb, məsələn, Platonizm. Bəzən ad onu təcrübədən keçirənlərin ortaq razılığı ilə ortaya çıxıb, məsələn, Egzistensializm. Özünün yaratdığı fəlsəfəyə özünün seçdiyi adı vermək insandan ortalamadan daha böyük eqo tələb edir. “Yeni İntellektual üçün” (1961) kitabında Ayn Rand yazırdı: “Öz fəlsəfəm üçün mən Obyektivizm adını seçmişəm”.

Rusiya və Amerika

Ayn Rand 1905-ci ildə Sankt-Peterburqda Alisa Zinovyevna Rozenbaum kimi dünyaya gəlib. Onun atası uğurlu yəhudi əczaçısı idi. 12 yaşında olarkən baş verən Oktyabr inqilabı Randın həyatını tamamilə dəyişdirdi. Atasının biznesinə son qoyulanda ailə Krıma qaçdı, Rusiya Vətəndaş Müharibəsi illərində (1918-21) onlar burada yaşadılar.

Randı tez-tez uşaqlığını mifləşdirməkdə ittiham edirlər, amma onun yazdığı bir fəsil həqiqətdir və çox şey deyir:

Mən tez-tez əl dəyişdirən kiçik şəhərdə yaşayırdım... O, Ağ Qvardiya (Çarpərəst) tərəfindən işğal olunanda, mən az qalsın, Qırmızı Ordunun (kommunist) qayıtmasını arzulayırdım və əksinə”. Praktik baxımından onların arasında böyük fərq yoxuydu, amma nəzəriyyədə vardı. Qırmızı Ordu totalitar diktatura uğrunda mübarizə aparırdı və terrora əsaslanırdı. Ağ Qvardiyanın mübarizəsinin əsasında isə heç nə yox idi; heç nə. Vuruşduqları şeytani qüvvə ilə bağlı suala cavab verərkən, onlar dövrün üfunətli, toz basmış söz yığınından başqa bir şey tapa bilməmişdilər: “Biz vuruşmalıyıq, - onlar deyirdilər: Anamız Rusiya, din və adət-ənənə üçün”. (“Vyetnam Dərsləri”, 1975)

Yazıçılığı səhnələrdə yarıçılpaq rəqs etməyə dəyişmiş yazıçı: Kolett

Müharibədən sonra ailə Sankt-Peterburqa qayıtdı, o zamanlar şəhərin adı Petroqrad idi, burada Alisa universitetdə oxumağa başladı. 1924-cü ildə o, Tarix diplomu aldı, deyilənə görə o, bir dəfə burjua adıyla institutdan qovulmuş, əcnəbi elm adamlarının müdaxiləsi ilə xilas olunmuşdu. Bundan sonra isə o, həmin vaxt artıq Leninqrad adını almış şəhərdə Ekran Sənəti ixtisasında oxudu. Alisa, Ayn Rand adını bu dövrdə götürdü, amma bunu nəyə görə etdiyinə heç vaxt aydınlıq gətirmədi. 1925-ci ildə o, Çikaqoda yaşayan qohumlarını ziyarət etmək üçün viza aldı və 1926-cı ilin fevralında Nyu-Yorka gəldi, deyilənə görə o, ingiliscə kəlmə də kəsə bilmirdi (əgər bacarsaydı, qısa müddət ərzində səlis danışardı). Rand çalışdı ki, ailəsini də ABŞ-a gətirtsin. Amma istəyi baş tutmadı.

Yazıçı və Filosof

Rand Hollivuda köçdü və əlavə iş əldə etdi, deyilənə görə, iş tapmaqda ona Sesil B. DeMille yardım edib. Sonradan o, ssenarist kimi işləməyə başladı. 1929-cu ildə aktyor Frank Okonnor ilə evləndi və 1931-ci ildə Amerikan vətəndaşlığını aldı. Romançı və dramaturq kimi fəaliyyətə başladı, amma əvvəlcə heç bir uğur qazana bilmədi. Sonradan pyeslərindən biri “Broadway”də göstərildi, 1936-cı ildə isə onun “Yaşamaq istəyirəm” adlı yarımavtobioqrafik romanı nəşr olundu.

1943-cü ildə nəşr olunan “Fəvvarəbaş” Randın ilk bestselleri idi. Kitab, 1949-cu ildə onun öz ssenarisi ilə (azca dəyişdirilərək) filmə adaptasiya olundu, filmdə baş rolu Qari Kuper oynayırdı. Bəzi iddialara görə, ssenarini özü yazsa da, Rand filmi bəyənməyib. Bəzilərinə görə isə həqiqi versiyaya sadiq qaldıqlarına görə o, prodüsserə və direktora minnətdar idi.

İnqilabi cins

Onun 1957-ci ildə yazdığı növbəti roman “Atlas Silkələndi” inkişaf etdirməkdə olduğu fəlsəfənin ifadəsi idi. Bu həmçinin onun sonuncu bədii əsəri oldu. Müəyyən müddətdən sonra o, Los-Ancelesdən Nyu-Yorka köçdü və ətrafını ona heyranlıq duyan, evində tez-tez onu ziyarət edən pərəstişkarlarla əhatə etdi. Onlar zarafatla özlərini “kollektiv” adlandırırdılar. 1961-ci ildə Rand Obyektivizmin manifesti olan “Yeni İntellektual”ı nəşr etdi və ardınca gələn 20 ildə öz fikirlərini qeyri-bədiiyyat yolu ilə, xüsusilə “Obyektivist Xəbər Bülleteni”ndə və ictimai çıxışlarla ifadə etməyə başladı.

Randın dediyinə görə, bir dəfə ona belə bir sual veriblər: “öz fəlsəfənizin məğzini bir ayaq üstdə izah edə bilərsinizmi?”.

O cavab verib:

1. Metafizika: Obyektiv Reallıq

2. Epistemologiya: Məntiq

3. Etika: Şəxsi Mənfəət (Self-interest)

4. Siyasət – Kapitalizm

O həmçinin yazırdı ki, “Mənim yazmağımın motivi və qayəsi ideal insanın proyeksiyasıdır”. Şübhəsiz, onun fikirləri bundan daha mürəkkəbdir. Amma böyük ehtimalla Randın esselərindənsə, bədii əsərlərində fikirləri daha aydın ifadə olunub:

“Fəvvarəbaş” romanındakı hadisələr baş qəhrəman olan memar Hovard Roarkın dizayn etdiyi mənzil layihəsi ətrafında cərəyan edir. Sujetdə əsas hadisə tikinti komandası üzvünün özünü uzunmüddətli işlə təmin etmək üçün dizayndakı dəyişikliyi manipulyasiya etməyindən sonra baş verir. Bu şəxsi mənfəətə hesablanmış və belə görünür Randın fəlsəfəsində üçüncü element olan və sənin güman etdiyin kimi onun qəbul etdiyi bir davranışdır: lakin o, üstüqapalı şəkildə bu addımı qınayır. Roark sənət fəzilətinə sahib biri kimi təqdim olunur: o, hətta onun birbaşa şəxsi mənfəətinə zidd görünəndə belə, özünün inandığı işi görür. Ona görə də Roark özüylə səmimidir. Burada Rand cılız eqoizmi özünün həqiqətən inandığı “qəhrəman eqoizmi” ilə müqayisə edir.

Rand Fridrix Nitsşedən təsirləndiyini etiraf edib, amma həm də onun fikirlərini rədd etdiyini də bildirib. Buna baxmayaraq, onun qəhrəmanları Nitsşean Übermenşin xüsusiyyətlərini sərgiləyirlər. Xüsusilə onun kapitalistlərinin hamısı özləri özlərini yaratmış milyarderlərdir, özlərinin öz biznesləri var və hissədarların “sürü instinkti” ilə hərəkət etmirlər. (Randdakı daha bir Nitsşean cəhət öz əsərlərindən tez-tez sitat gətirməsidir.)

Faşist, qadın düşməni və yumorsuz - Nitsşe niyə səhv başa düşülüb?

Fərd və Dövlət

Rand iddia edirdi ki, tarixin əksər dönəmində insan cəmiyyətləri ya zorakı şəxslər tərəfindən, yaxud da mistiklər tərəfindən idarə ediliblər (“Atilla və cadugər həkim” – o bunu açıqca Nataniel Brandendən götürüb). Amma nə zorakılar, nə də mistiklər ortaya bir şey qoyublar: əksinə, kiminsə yaratdığını mənimsəyiblər, bunu da ya güc yolu ilə, ya da Randın dinin fırıldağı kimi hesab etdiyi yollarla ediblər. Yalnız müasir dövrdə “istehsalçılar” (bunu deyərkən, o, kapitalistləri nəzərdə tutur) məntiq yolu ilə cəmiyyətdə hökmranlıq etməyə başlayıblar. Lakin o, “Yeni İntellektual üçün kitabı”nda iddia edir ki, çağdaş düşüncə artıq bu təşəkkülü pozmağa yönəlməkdədir.

Randın iki kabusu vardı: altruizm (başqalarına təmənnasız xidmət) və statizm (dövlətin hökmranlığını dəstəkləmək). O hansısa səbəbə görə insanların bir-birlərinə təmənnasız yardımını inkar etmirdi, amma insanların başqaları - istər fərd, istərsə də cəmiyyət üçün yaşamalı olduğunu iddia edən və buna çalışan bütün əxlaqi sistemlərə qarşı çıxırdı. Onun ideal insani münasibətlər vizyonu kapitalizmə əsaslanırdı. İnsanlar bir-birlərinə “tacirlər” kimi yanaşmalı, hər biri özlərinin məntiqi şəxsi mənafeyini güdməli və beləliklə, hər bir insanın dəyərli olduğunu qəbullanmaqla və qarşılıqlı hörmətə əsaslanmaqla – E.F.Şumaxerin təbirincə, “insanı əsas tutan iqtisadiyyat”ı təcrübədən keçirməklə, bir-birləriylə ləyaqətlə və məntiq çərçivəsində davranmalıydılar. (Maraqlıdıdır ki, romançı və Xristianlığın müdafiəçisi C.S. Levis, Şumaxerin “təmənnasızlıq” adlandırdığı və Randın tənqid etdiyi altruizmə yaxın olan məfhumu tənqid edib).

Rand hansısa bir dövlət formasının mövcudluğunu qəbul edirdi. O, kapitalist anarxiyası daxil olmaqla, bütün növ anarxiyalara qarşı çıxır və iddia edirdi ki, dövlət vətəndaşları istər kənardan, istər daxildən gələn aqressiyalardan qorumaq və qanunları təmin etmək üçün vacibdir. Bununla belə o, kapitalist bazarın və ticarət sahəsindəki qarşılıqlı əlaqələrin yaxşı cəmiyyətin qurulması üçün yetərli olduğuna inanırdı. Amma o həm də qeyd edirdi ki, dövlətin aşmamalı olduğu sərhədləri aşmaq meyli vardır. Xüsusilə dövlət “altruizm”də çox irəli gedə bilər. Bu o deməkdir ki, o, vətəndaşların bir-birlərinə xidmət etməli olduqlarını əsas gətirməklə, onların mülkiyyətini bölüşdürmək üçün vasitə ola bilər. Belə olan zaman o, vergiləri vətəndaşların ödəmə qabiliyyəti əsasında toplayır, amma xidmətləri ehtiyac əsasında təchiz edir.

Rusiya Vətəndaş Müharibəsi haqqında sitata qayıtsaq: yeniyetməlik çağında Ayn Randa dünyanın necə olmasına dair iki baxış-bucağı təqdim edilmişdi – monarxiya və ya Kommunizm – və o, hər ikisini rədd etmişdi. Sonra o, ABŞ necə olmalıdır vizyonu ilə Birləşmiş Ştatlara köç etdi və zaman keçdikcə anladı ki, ABŞ da onun idealına uyğun gəlmir. O, onilliklər boyunca ABŞ-ı özünün düşüncələrindəki kimi olmağa inandırmağa çalışdı.

Tənqid və Tərif

Seks bütün davranışlar içərisində ən eqoistidir”, - “Atlas Silkələndi” kitabının qəhrəmanı belə deyir: “İnsanın seksual seçimi onun fundamental inanclarının məcmusu və nəticəsidir”.

İnsanlara seksual obyekt kimi baxmaq niyə yanlışdır?

1954-cü ildə Rand özünün pərəstişkarlarından biri və özü kimi evli olan Nataniel Brandenlə münasibətə başladı. Belə görünür, onun əri və Natanielin arvadı bu münasibətə razılıq vermişdilər. 1958-ci ildə Branden Randın fikirlərini yaymaq üçün Nataniel Branden Mühazirələrinə başladı, sonradan isə onu Nataniel Branden İnstitutuna çevirdi. 1964-cü Randla münasibəti bitəndən sonra, Branden gənc akrisa ilə münasibətə başladı. Rand 1968-ci ildə bunu öyrənəndə, çox qəzəbləndi. O, Brandeni qeyri-səmimilikdə və “öz şəxsi həyatında irrasional davranış”da ittiham etdi və həm onunla, həm də arvadıyla əlaqələrini kəsdi. Nataniel Branden İnstitutu qapanmağa məcbur oldu. Heç kim Randın reaksiyasının arxasında duran səbəbi başa düşməmişdi: beləliklə, Obyektivizmə qarşı ittihamlar baş qaldırdı, insanlar onun tamamilə məntiqə söykəməyə iddia etsə də, kulta bənzər elementlər daşıdığını deyirdilər.

Əslində Ayn Randı tənqid etmək asandır. Məsələn, onun yazılarında tarixin interpretasiyası olduqca bəsitdir. Klassik səhvə misal kimi bunu ayırd etmək olar: “Kapitalizm ABŞ-da yaranan bir sistemdir”. (“Obyektivizmin Təqdimatı”, LA Times, 17 İyun, 1962). Adam Smit buna təəccüblənərdi. O, həmçinin Qərbə məxsus olmayan incəsənəti qiymətləndirməkdə də bacarıqsız idi: əslində, hətta bu barədə mübahisə də aparmaq olar ki, onun həqiqətən başa düşdüyü yeganə sənət Avropa ənənəsindəki bədii ədəbiyyat idi. Amma bunu da demək lazımdır ki, o, Yan Fleminqi və Miki Spillanı, həmçinin step rəqsini qiymətləndirirdi. Ola bilsin, Randın vizyonu dar idi, lakin o, intellektual snob deyildi.

Əslində, Randı məhz onun ziddiyətləri çərçivəsində başa düşmək olar. Amerikan ənənəsində onu sağ cinahda görürlər, amma o, abort hüququnu dəstəkləyir və Vyetnam müharibəsinə qarşı çıxırdı. O, homoseksuallığa nifrət edir, amma onun kriminallaşdırılmasının əleyhinə idi. O ateist idi, amma deyirdi ki, Aristoteldən sonra ona ən böyük təsir edən şəxs Müqəddəs Tomas Akvinyas olub. O, çox ağıllı, müstəqil qadın idi, amma feminist deyildi. Əksinə, deyirdi ki, qadınlar kişilərin üstünlüyünü qəbul etməlidirlər. “Fəvvarəbaş”da o, hətta Dominik Frankın Roark tərəfindən zorlanmasını qəbul etdiyini göstərirdi, çünki Roark qadına hakim idi. Amma o həm də qadınların demək olar ki, ən hündürə qalxmalı olduqlarını qəbul edirdi – ABŞ prezidenti olan qadın barədə yazmışdı.

Randın ən böyük xətası böyük ehtimalla bu idi ki, o, öz qənaətlərinin xalis məntiqin məhsulu olduğunu düşünürdü. Əgər o, Obyektivizmin kulta çevrilməsinə imkan vermişdisə, bunun səbəbi onun öz qənaətlərinin xalis məntiqlə ortaya çıxmaqla yeganə mümkün nəticələr olduğuna inanması idi. O tez-tez başqa mütəfəkkirləri emosiyalarının düşüncələrinə təsir etməsində qınayırdı, amma o, heç zaman öz emosiyalarının və keçmiş təcrübələrinin öz qənaətlərinə təsirininin miqyasını dərk etmədi.

Dövrümüzün ən güclü qadınlarından biri - Simon de Bovuar kim idi?

Bəs biz niyə Ayn Randın fikirlərinə əhəmiyyət verməliyik? Birincisi ona görə ki, o heç vaxt ənənəvi mütəfəkkir olmayıb. Onun düşüncələri nə qədər dolaşıq görünsələr də, o, onlara məhz öz səyləri nəticəsində çatmışdı. Bundan başqa, onun insanlararası münasibətlər və bizim dövlətlə münasibətlərimizə dair verdiyi suallar hələ də aktuallıqlarını saxlayırlar. Biz onun cavablarını qüsurlu hesab eləsək belə, onun düzgün suallar verdiyini qəbul etməli və eyni məsələlərə bizim cavablarımızın necə olacağını götür-qoy etməliyik. Məsələn, “Yeni İntellektual üçün” əsərində Rand iki vacib sual qoyur:

a) Emosiyalar idrakın alətləri deyil;

b) Heç kəsin başqalarına fiziki güc tətbiqini təşviq etməyə haqqı yoxdur

Bu proporsiyalardan hər birinə qarşı mümkün arqumentlər təsəvvür etmək mümkündür, amma asan deyil.

Rand həyatı boyunca möhkəm siqaret çəkən olub və 1974-cü ildə ağciyər xərçəngindən cərrahiyə əməliyyatı olunub. O, Sosial Təhlükəsizlik və Sağlamlıq Sığortasında qeydiyyatdan keçmişdi, amma bu, onun fəlsəfəsinə uyğun gəlmirdi: o iddia edirdi ki, əgər dövlət sizin vergilərinizdən razılaşdırılmamış pul tutursa, onda sizin də istəmədiyiniz investisiyaları geriyə qaytarmaq hüququnuz var. Yaşlandıqca, xüsusilə əri 1979-cu ildə vəfat edəndən sonra o fəaliyyətini məhdudlaşdırdı, amma “Atlas silkələndi” əsərinin televiziyaya adaptasiyası üzərində işləməkdə davam etdi (heç vaxt bitirmədi). Rand 1982-ci ilin martın 6-da ürək tutmasından vəfat etdi. O, Nyu-York məzarlığında ərinin məzarının yanında dəfn edilib. Məzarına bu sözlər yazılıb: “Ayn Rand Okonnor 1905-1982”.

Martin Cenkins – Philosophynow.org nəşrinin yazarı

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR