Danninq-Krüger effekti nədir və necə işləyir?

Hər şeydən biraz
Photo

1995-ci ildə, günlərin bir günü, gombul bir adam gündüzün günorta çağı iki Pittsburq bankını soydu. O, maska və ya kimliyini gizlədəcək başqa şey taxmamışdı və hər iki bankdan çıxarkən təhlükəsizlik kameralarına baxıb gülümsəmişdi. Növbəti günün axşamı, polis onu həbs edəndə Mcarthur Wheeler çaş-baş qalmışdı. Ona təhlükəsizlik kamerasının qeydlərini göstərəndə, Wheeler elə baxırdı ki, sankı gözlərinə inanmırdı. O, "amma üzümə limon suyu sürtmüşdüm" – dedi. Aydın oldu ki, Wheeler düşünüb ki, cildinə limon suyu çəkmək onu video kameralarda görünməz edəcəkdir. Ən azından, limon suyu görünməz mürəkkəb kimi istifadə edilirdi, elə isə istilik mənbəyinə yaxınlaşmadığı müddətcə, tamamilə görünməz olmalı idi.

Polis, Wheelerin dəli olmadığı qərarına gəldi – sadəcə çox pis yanılmışdı.

Əfsanələşən xəbər Kornell Universitetindən psixoloq David Danninqin də diqqətini çəkdi və tələbəsi Justin Krüger ilə birlikdə məsələnin nə yerdə olduğunu öyrənməyə qərar verdilər. Birgə araşdırma nəticəsində, demək olar ki, hər bir insanın, müxtəlif sosial və intellektual sahələrdə öz bacarıqlarına dair tərəfli fikirlərə sahib olduğu, lakin bəzi insanların öz bacarıqlarını reallıqda olduğundan daha yüksək qiymətləndirdiyi müəyyən edildi. Bu "özünə inam illüziyasına" artıq Danninq-Krüger effekti deyilir və öz-özünü qiymətləndirməni şişirtməyə yönələn koqnitiv tendensiyanı ifadə edir.

Bu fenomeni laboratoriyada tədqiq etmək üçün Danninq və Krüger bəzi ağıllı təcrübələr planlaşdırırlar. Bir təcrübə zamanı, onlar universitet tələbələrinə qrammatika, məntiq və lətifələrə dair bir sıra suallar verdilər və sonra hər tələbədən həm öz balını, həm də digər tələbələrə nisbətdə sıralamasını təxmin etməyi istədilər. Maraqlıdır ki, bu koqnitiv missiyalarda ən aşağı balı alan tələbələr hər dəfə çox yaxşı (reallıqdakından xeyli yaxşı) cavab verdiklərini hesab edirdilər. Həmçinin balı ən alt dörddə birlik kəsimdə olan tələbələr, digər tələbələrin üçdə ikisindən daha yaxşı cavab verdiklərini güman edirdilər.

Bu "özünə inam illüziyası", siniflərdən çıxaraq gündəlik həyata da nüfuz edir əslində. Digər təcrübədə Danninq və Krüger silah atma mərkəzinə getdilər. Burada onlar hobbisi silah olanlara silah təhlükəsizliyi barədə suallar verdilər. Əvvəlki nəticələrlə oxşar şəkildə, suallara ən az doğru cavab verənlər özlərini ən savadlı hesab edənlər oldular. Faktiki bilikdən əlavə, Danninq-Krüger effekti insanların bir sıra digər şəxsi bacarıqlarına dair qiymətləndirmələrində də müşahidə edilir. Televiziyada hər hansı bir qabiliyyət yarışmasını seyr etsəniz, sınaqları keçməyən və münsiflər heyətinin rədd etdiyi iştirakçıların üzlərindəki şok ifadəsini görə bilərsiniz. Bizə gülməli gəlsə də, bu insanlar üstünlük illüziyalarının onları nə qədər çaşdırdığını həqiqətən dərk etmirlər.

İnsanların öz bacarıqlarını olduğundan yüksək görməsi geniş yayılmış haldır. Bir təcrübə sürücülərin 80 faizinin özlərini orta həddin üstündə gördüyünü üzə çıxarmışdır ki, bu, statistik olaraq mümkün deyildir. Və oxşar meyllər öz nisbi populyarlıqlarını və koqnitiv bacarıqlarını qiymətləndirən insanlarda da müşahidə edilmişdir. Problem yalnız qeyri-adekvat insanların yanlış nəticələrə gəlməsi və uğursuz seçimlər etməsi deyil, səhvlərini dərk etmə qabiliyyətindən də məhrum olmalarıdır. Universitet tələbələrini əhatə edən və müəyyyən dövr ərzində davam edən bir təcrübədə, yaxşı tələbələr, əks-əlaqə (feedback) verildikdə, balları baxımından gələcək imtahanlardakı nəticələrini daha yaxşı proqnozlaşdırdılar. Lakin ən pis nəticə göstərənlər, onlara pis nəticələrinə dair dəqiq və davamlı əks-əlaqə göndərilməsinə baxmayaraq, heç bir qavrama prespektivi göstərmədilər. Qeyri-adekvat insanlar, səhvləri qarşısında beynini işlətmək və ya oturub düşünmək yerinə, öz etdiklərinin doğruluğuna israr etməkdə davam edirlər. Çarlz Darvinin "İnsanın mənşəyi"ndə yazdığı kimi (1871): "Cəhalət çox vaxt adama bilikdən daha çox özünə güvən verir".

Maraqlıdır ki, həqiqi zəkalı insanlar da öz bacarıqlarını düzgün qiymətləndirmirlər. D və F alan tələbələr öz bacarıqlarını şişirtdiyi halda, A alan tələbələr öz nəticələrini olduğundan aşağı təxmin edirlər. Klasikləşən tədqiqatlarda Danninq və Krüger koqnitiv xalları ən yüksək dörddə birlik kəsikdə olan yüksək nəticə göstərən tələbələrin öz nisbi yetkinliklərini olduğundan aşağı gördüklərini müəyyən ediblər. Bu tələbələr onlara asan gələn bu koqnitiv öhdəliklərin başqalarına daha da asan gəlməli olduğunu hesab etmişdirlər. Buna "saxtakar sindromu" deyilir və Danninq-Krüger effektinin əksi kimi dəyərləndirilir. Bu zaman uğurlu insanlar nə qədər istedadlı olduqlarını görə bilmirlər və başqalarının da eyni dərəcədə yetkin olduğunu güman edirlər. Fərq, yetkin insanların öz-özlərini qiymətləndirmələrini doğru əks-əlaqə ilə doğru şəkildə etməsi, lakin qeyri-adekvat insanların bunu edə bilməməsidir.

Ağılsız bank soyğunçunun başına gələni yaşamamağın açarı da buradadır. Bəzən girişdiyimiz işlərin nəticəsi faydalı olur, amma bəzən də – limon suyu fikri kimi – yanaşmamız xətalı, məntiqsiz, lazımsız və ya açıq-aydın axmaqlıq olur. İşin sirri üstünlük illüziyalarına qapılmamaq və öz bacarığımızı düzgün qiymətləndirməyi öyrənməkdir. Ən azından, Konfutsi əsil biliyin insanın öz cəhalətini bilməsindən gəldiyini demişdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR