Dostoyevskinin insanları (5ci hissə)

Stefan Sveyq

Ədəbiyyat

"Ah, inanmayın insanın birliyinə".

Dostoyevski

Dostoyevskinin özü vulkan kimi idi, bu səbəbdən qəhrəmanları da vulkan kimidir, çünki hər bir insan nəticədə özünü yaradan Tanrıya bənzəyir. Onlar, bizim dünyaya sülhlə yerləşdirilməyiblər, dalğa qəbulediciləri hər tərəfdə təməl problemlərə qədər çatır. Onların daxilindəki müasir əsəbi insan, başlanğıcın ehtirasından başqa həyatda heç nə tanımayan ilkin varlığıyla birləşdirilib və hamısı birdən eyni anda, son biliklərlə dünyanın ilk suallarını cavablandırmağa çalışırlar. Qəlibləri hələ soyumayıb, daşları sərtləşməyib, fizionomiyaları möhkəmlənməyibdir. Əbədi olaraq yarımçıq qalıblar və bu səbəbdən də iki qat canlıdırlar. Çünki tamamlanmış insan eyni zamanda sərhədləri bağlanmış insandır və Dostoyevskidə hər şey sonsuzluğa uzanır.

İnsanlar, ona görə, yalnız iki yerə bölünüblərsə, problemli təbiətləri varsa qəhrəmandırlar və sənət tərəfindən formalaşdırılmağa dəyərlər: tamamlanmış, yetkinləşmiş olanları ağacın meyvələrini silkələdiyi kimi üzərindən silkələyib atır Dostoyevski. O, insanlarını yalnız iztirab çəkdikləri müddətcə, öz taleyinin ikiyə bölünmüş formasının intensiv halına sahib olduqları müddətcə, taleyə çevrilmək istəyən xaos olduqları müddətcə sevirdi. Onların möcüzəvi fərqliliklərini daha yaxşı başa düşə bilmək üçün qəhrəmanlarını başqa bir şəklin önünə qoyaq. Müqayisə edək. Fransız romanının tipik nümunəsi kimi Balzakın qəhrəmanlarından birini çağıraq; özümüzdən asılı olmadan yeksənəklik, məhdudluq və daxili bağlılıq düşüncəsi doğulacaq içimizdə. Həndəsi fiqur və onun qədər nizamlı bir anlayış. Balzakın bütün qəhrəmanları tək şeydən, kimyəvi baxımdan tam olaraq müəyyən oluna bilən bir ünsürdən düzəldilibdir. Onlar vahid elementdirlər və bu elementin başlıca xüsusiyyətlərinə sahibdirlər; bu halda həm də psixoloji əxlaqi reaksiyaların tipik formalarıdırlar. Onlar artıq az qala insan deyillər, az qala insaniləşmiş xarakter xüsusiyyətləri ilə ehtirasın qüsursuz maşınlarıdırlar. Balzakdakı hər ad müəyyən bir xüsusiyyətlə eyniləşdirilə bilər: Rastinyak xəsislikdir, Qorio fədakarlıqdır, Votrin anarxiyadır.

Bu insanların hər birində bir hökümran itələyici güc digər bütün daxili gücləri özünə çəkir və mərkəzi həyat iradəsinə doğru istiqamətləndirir. Bu qəhrəmanlar xarakter baxımından məhdudlaşdırıla bilərlər, çünki itələyici güclərdən yalnız biri ruhlarına montaj edilmişdir. Bu, onları müəyyən enerjiylə insan cəmiyyəti daxilində hərəkət etdirir: Bu cavanlardan hər birini güllə kimi həyatın tam ortasına atır Balzak. Qüsursuzluqlarına görə bunlar avtomat adlandırıla bilər; həyatın hər cür təsirinə reaksiya verirlər və güc performansları baxımından həqiqətən maşın kimidirlər, habelə müqavimətləri baxımından da texniki mütəxəssis tərəfindən hesablanan vəziyyətdədirlər. Balzakdan bir hissə oxuduqda, qəhrəmanın hansısa hadisə qarşısındakı cavabını, atılan daşın çəkəcəyi parabolanı, sanki atma gücü və daşın ağırlığına əsasən hesablaya bilərik. "Qrandet"dəki Harpaqon, qızının fədakarlığı və qəhrəmanlığı həddində xəsisləşəcəkdir.

Qorionun, hələ rifah içində yaşayarkən və parikini diqqətlə pudralarkən, günlərin bir günü qızı üçün jiletini satacağını və sahib olduğu son şeyi, gümüş yemək dəstələrini əldən çıxaracağını başa düşərik. O, öz xarakter quruluşuna görə davranmaq məcburiyyətindədir; dünyəvi vücudunun yalnız tamamlanmamış şəkildə insan formasına büründürdüyü motivinə əsasən. Balzak xarakterlərinin (Viktor Hüqonun, Skottun, Dikensin xarakterləri də belədir) hamısı primitiv, tək rəngli və hədəfə kilidlənmiş haldadır. Onlar bütöv halda vahidlərdir və bu səbəbdən əxlaqın tərəzisində ölçülə bilərlər. Bu ruhi kainatda çox rəngli və çox şəxsiyyətli olan yalnız qarşılaşdıqları təsadüflərdir. Bu epikçilərdə həyat çox istiqamətli, insan tək ölçülü və romanın özü dünyəvi güclərə qarşı mübarizədir. Balzakın və bütün fransız romanının qəhrəmanları cəmiyyətin müqavimətindən ya daha güclü ya da daha zəifdirlər. Ya həyatı boyunduruq altına salırlar, ya da çarxın içində əzilirlər.

Tipik nümunəsi kimi Vilhelm Meyster və ya Qrin Henrix qəbul edilən alman roman qəhrəmanı başlıca istiqaməti baxımından bu dərəcədə qəti deyil, içində bir çox səs vardır, psixoloji olaraq fərqli, ruhi olaraq çox səslidir. Yaxşı və pis, güclü və zəif qarmaqarışıq formada ruhunda axır: Onun başlanğıcı qarışıqlıqdır və şəfəqin sisi aydın baxışına mane olur. Daxilində bir sıra güclərin olduğunu hiss edir, amma bunlar hələ bir yerə toplanmayıb və hələ qarşıdurma halındadırlar; içində ahəng yoxdur, amma birlik olma iradəsiylə doludur. Alman dahiliyi son həddə həmişə nizamı hədəfləyir. İnkişaf romanları bu qəhrəmanlardakı şəxsiyyətdən başqa heç nə inkişaf etdirmirlər. Qüvvələr bir araya gətirilir, insan alman idealına, kafiliyə yüksəldilir, Hötenin sözləriylə, "Xarakter dünyanın axışı içində meydana çıxır". Həyat tərəfindən bir-birinə qatılan ünsürlər dincliyin qoynunda kristallaşırlar, şəyirdlik illərindən usta doğulur və bütün bu kitabların son səhifəsindən, Qrin Henrixdən, Hiperiondan, Vilhelm Meysterdən, Novalisdən aydın bir göz təsirli formada aydın dünyaya baxır. Həyat idealla barışır, artıq israfçı qarışıqlıq içində deyil, əksinə artıq təşkil edilmiş qüvvələr qənaətkar şəkildə ən yüksək hədəfə doğru irəliləyir. Hötenin və bütün almanların qəhrəmanları ən yüksək formalarını reallaşdırırlar, fəal və yetkin vəziyyət alırlar: həyatın təcrübələrindən hər şeyi öyrənirlər.

Dostoyevskinin qəhrəmanları axtarırlar, amma real həyatla heç bir əlaqə yaratmırlar: onların fərqi budur. Onlar qəti şəkildə reallığa girmək istəmirlər, əksinə ən başdan etibarən onu aşmaq, sonsuzluğa çatmaq istəyirlər. Taleləri onlar üçün kənarda mövcud olmaz, yalnız daxili bir mənadadır. Onların krallığı bu dünyada deyil. Dəyərlərin, rütbələrin, gücün və pulun, bütün görünən sərvətlərin görünüş formaları nə Balzakda olduğu kimi bir məqsəd olaraq, nə də almanlarda olduğu kimi bir vasitə olaraq müəyyən dəyərə malikdir. Onlar bu dünyada müvəffəqiyyət qazanmağı, ayaqda qalmağı, onun daxilinə yerləşməyi heç istəmirlər. Özlərinə qarşı qənaətkar davranmırlar, əksinə özlərini israf edirlər, hesabat aparmırlar və əbədi olaraq hesablanmaz qalırlar. Varlıqlarının yetərsiz tərəfi əvvəlcə onları avara xəyalpərəstlər kimi göstərir, amma baxışları sadəcə bomboş görünür, çünki xaricə istiqamətli deyil, köz və alov halında fasiləsiz olaraq öz daxillərinə, öz mövcudluqlarına baxırlar. Rus insanı üçün ya həmişə, ya da heç vaxt vardır. Özlərini və həyatı hiss etmək istəyirlər, amma kölgəsini və aynadakı yansımasını, xarici həqiqətini deyil, əksinə böyük və mistik olan əslini, kosmik gücü, mövcudiyyət duyğusunu hiss etmək istəyirlər. Dostoyevskinin əsərinin hansı hissəsini açsaq, hər yerdə ən dərin qaynaq kimi bu tamamilə primitiv, haradasa bitki mənşəli və fanatik həyat impulsunu, mövcudluq duyğusunu, həyatın fərdi formaları olan xoşbəxtliyi, ya da ağrını hiss edərik; qiymətləndirmələri, ayrı-seçkilikləri istəməyən, nəfəs alarkən hiss etdiyimiz kimi tamamilə tam olan, vahid olan bu ilkin həzzi görürük. Onun qəhrəmanları ilk qaynaqdan içmək istəyir, şəhərin və küçələrin bulaqlarından deyil; əbədiyyəti, sonsuzluğu daxillərində hiss etmək və zaman hissini çıxarıb atmaq istəyirlər. Onlar yalnız əbədi bir dünya tanıyırlar, sosial dünya deyil. Həyatı nə öyrənmək, nə də ona hakim olmaq istəyirlər, olduğu kimi, çılpaq halıyla yalnız hiss etmək istəyirlər və mövcudluq sərxoşluğu kimi hiss edirlər.

Əvvəlcə bir az, dünya sevgisinə görə dünyaya yadlaşmış, həqiqət ehtirası üzündən reallıq xaricində qalmış kimi təsir bağışlayır Dostoyevskinin qəhrəmanları. Xətti istiqamətləri, görünər hədəfləri yoxdur: onun yetkin insanları dünya üzərində kor kimi səndələyərək və əl hərəkətləri ilə, eynilə sərxoşlar kimi gəzirlər. Dayanaraq ətraflarına baxırlar, bütün sualları soruşurlar və cavab almadan naməluma doğru qaçmağa davam edirlər: bizim dünyamıza lap yeni girmiş və hələ ona alışa bilməmiş kimi görünürlər. Dostoyevskidəki bu insanları az qala heç anlamarıq, onların rus olduqlarını düşünmürük, sanki min illik barbar şüursuzluğundan Avropa mədəniyyətimizin içinə düşmüş bir xalqın uşaqlarıdırlar. Köhnə mədəniyyətdən, patriaxat cəmiyyətdən qopmuş, yenisini hələ tanımayan qəhrəmanlar tam ortada dayanırlar, hamısı eyni alətin arxasındadır və hər birinin narahatlığı bütün cəmiyyətin narahatlığıdır.

Biz avropalılar yaşlı ənənəmizin içində sanki isti bir evdə oturarıq. On doqquzuncu əsrin, Dostoyevski çağının Rus insanı arxasındakı köhnə barbar zamanların taxta daxmasını yandırıb, amma yeni evi hələ inşa etməyibdir. Hər biri köklərindən qopmuş, yolsuz-yöndəmsiz qalmışdır. Gənclik gücünə sahibdirlər, yumruqlarında hələ barbarların qüvvəti vardır, amma instinkt minlərlə problem üzündən çaş-başdır: qolları güclə dopdoludur və əvvəlcə nəyi tutacaqlarını müəyyənləşdirə bilmirlər. Beləcə hər şeyə hücum edir və əsla doymurlar. Bu məqamda Dostoyevski qəhrəmanlarının hər birinin tragediyası, hər birinin ruhundakı yarılma və bütöv bir xalqın tale tərəfindən tutulub saxlanılması hiss edilir.

On doqquzuncu əsrin ortasında Rusiya hara yönələcəyini müəyyənləşdirə bilmir: Qərbə yoxsa Şərqə? Avropaya yoxsa Asiyaya; "süni şəhər" Peterburqa, mədəniyyətin içinə, yoxsa çöldəki kəndlərə? Turqenyev onu irəli doğru itələyir, Tolstoy isə geri çəkirdi. Hər kəs narahat idi. Çarlıq birbaşa kommunist anarxiyayla üz-üzəydi, keçmişdən qalma Ortodoks inancı getdikcə fanatik və çılğın ateizmə sıçramışdı. Heç nə qəti deyildi, heç nəyin dəyəri, ölçüsü yox idi bu dövrdə: inamın ulduzları artıq başlarının üzərində parlamırdı və qanunlar çoxdandır ürəklərində deyildi.

Bütöv bir ənənənin köksüz qalmış insanları, Dostoyevskinin qəhrəmanları, həqiqi ruslardır, keçid dövrü insanlarıdır, ürəklərində başlanğıcın xaosu vardır, ürkəklik və tədirginliklə yüklüdürlər. Davamlı olaraq utancaq və qorxu içindədirlər, fasiləsiz alçaldıldıqlarını və xor görüldüklərini hiss edirlər və bütün bunlar xalqın tək təməl duyğusundan qaynaqlanır: Kim olduqlarını bilməmələrindən. Çoxmu, yoxsa azmı olduqlarını bilməmələrindən. Sürəkli qürur və peşmançılıq arasında, özlərinə həddindən artıq güvənmə ilə özlərini alçatma arasında gedib-gəlirlər; əbədi olaraq ətraflarına, başqalarına baxırlar və hamısı da çılğın bir gülünc vəziyyətinə düşmə qorxusu ilə əldən düşüblər. Davamlı olaraq müəyyən şeylərdən utanırlar, bəzən kürklü yaxalarından, bəzən xalqlarından, amma həmişə utanırlar, utanırlar; narahat və çaşqındırlar. Çox güclü duyğuları dayanmaq-səngimək bilmir, öndəri yoxdur; bircəciyinin belə hansısa ölçüsü, hansısa qaydası yoxdur; heç biri ənənəvi mövqeyə, miras qalmış dünya görüşünün dayaqlarına sahib deyil. Hamısı da naməlum bir dünyada ölçüsüz və çarəsizdir. Hansısa sualları cavablandırılmayıb, hansısa yol düzləşdirilməyibdir. Hamısı da keçid dövrü insanları, başlanğıcın insanlarıdır. Hər biri Kortezdir: arxalarında yanmış körpülər, önlərində naməlum dünya.

Amma möcüzəvi olan budur: Başlanğıcın insanları olduqları üçün hər birində dünya bir daha yenidən başlayır. Bizdə çoxdan soyuq anlayışlara çevrilib donmuş suallar hələ onların qanlarında köz halında qalır. Bizim kənarlarında əxlaqi çəpərləri və etik işarə lövhələriylə üzərində çox gedilmiş rahat yollarımız onlara yaddır: hər yerdə və hər zaman kolluqların arasından keçərək sərhədsiz olana, sonsuz olana doğru gedirlər. Heç bir yerdə qəti bilik qüllələri, güvən körpüləri yoxdur: tamamilə müqəddəs ilk dövürlər dünyasıdır bu. Hər fərd, Lenin və Trotiskinin Rusiyasında olduğu kimi, bütün dünya nizamını yenidən qurmaq məcburiyyətində olduğunu hiss edir və rus insanının öz mədəniyyətinə ilişib-qalmış Avropa üçün izah edilməsi imkansız dəyəri budur; burada heç israf edilməmiş marağın həyata dair bütün sualları sonsuzluğdan bir daha soruşmasıdır. Bizim yaxşıca yetkinləşdiyimiz yerlərdə onların hələ köz halında olmasıdır. Dostoyevskinin qəhrəmanlarının hər biri bütün problemləri yenidən nəzərdən keçiror, yaxşının və pisin sərhəd daşlarını öz qanayan əlləriylə daşıyır, hər biri öz xaosunu yenidən dünya formasına salır. Hər biri bir xidmətçi, yeni İsanın xəbərçisi, şəhid və Üçüncü Səltənətin müjdəçisidir. Hələ daxillərində başlanğıcın xaosu var, amma ilk işığın yaradıldığı günün şəfəqi və indidən, yeni insanın yaradılacağı altıncı günün ayanlığı da vardır. Onun qəhrəmanları yeni bir dünyanın avanqardlarıdır: Dostoyevskinin romanı yeni insanın mifi və onun rus ruhundan doğulmasıdır.

Mif, xüsusilə də milli bir mif, amma inam tələb edir. Bu səbəbdən bu insanları ağılın kristallaşmış vasitəsi ilə qavramağa çalışmayaq. Yalnız qardaşcasına bir duyğu onları anlaya bilər. Sağlam fikirə, ingilislərə, Amerikalılara, praktik insanlara Karamazovlar dörd fərqli dəli kimi görünməlidir, Dostoyevskinin bütün faciəvi dünyası da dəlixana kimi. Adi şərtlərdə sağlam, sadə, dünyəvi təbiətin alfası və omeqası olan və əbədi olaraq da olacaq şey, yəni xoşbəxtlik istəyi, onlara yer üzündəki ən mənasız şey kimi görünür. Avropada hər il nümayiş olunan əlli min kitabı açın, nədən bəhs edirlər? Xoşbəxt olmaqdan. Hansısa qadın bir kişi istəyir yaxud zəngin, güclü, hörmətli olmaq istəyir. Dikkensdə bütün arzuların son hədəfi, içində şən uşaqların oynadığı yaşıllıqlar arasındakı sevimli, kiçik bir ev, Balzakda isə ətrafında qoruq olan qala və milyonlardır. Ətrafımıza baxaq, küçəyə, barlara, çökək əyləncə yerlərinə, işıqlı salonlara baxaq: nə istəyir bu insanlar? Xoşbəxt olmaq, məmnun olmaq, zəngin olmaq, güclü olmaq. Dostoyevskinin qəhrəmanlarından hansı bunu istəyir? Heç biri. Biri belə bunu istəmir. Heç harda qalmaq istəmirlər, xoşbəxtlikdə belə. Hamısı da davam etmək istəyir, hamısında da onlara iztirab verən "böyük bir ürək" vardır. Xoşbəxt olmaq onlar üçün əhəmiyyətsizdir, məmnun olmaq əhəmiyyətsizdir, zəngin olmağı arzu etmək bir yana, hətta onu xor görürlər. Bütün bəşəriyyətin istədiyi heç nəyi istəmir bu qəribə insanlar. Sağlam fikirləri yoxdur. Bu dünyadan heç nə gözləmirlər.

Yaxşı, bunlar qənaətkar insanlardır yoxsa həyata qarşı laqeyd, qayğısız və ya təcrid olunmuşlardır? Tam əksinə. Dostoyevskinin insanları, daha əvvəl də vurğuladığımız kimi, yeni bir başlanğıcın insanlarıdır. Hamısı da dahilikləri və almaz kimi aydın zehinləri ilə yanaşı, bir uşaq ürəyinə, bir uşaq sevincinə malikdir: onlar bu və ya onu deyil, hər şeyi istəyirlər. Hamısını da mümkün qədər sıxlığıyla. Yaxşını və pisi, istini və soyuğu, uzağı və yaxını. Onlar aşırıdırlar, ölçüsüzdürlər. Daha əvvəl demişdim ki, bu dünyadan heç nə gözləmirlər. Yaxşı ifadə etməmişəm. Tək-tük şeyləri gözləmirlər dünyadan, hər şeyi gözləyirlər, onun bütün duyğusunu, bütün dərinliyini: Həyatı. Unutmayaq ki, onlar zəif insanlar deyil, Lovlas, Hamlet, Verter, René deyillər – onların güclü əzələləri və həyata qarşı vəhşi aclıqları vardır; Dostoyevskinin bu insanları, onlar Karamazovlardır, "həzzin vəhşi heyvanlarıdırlar", "əlverişsiz və fanatikcəsinə" həyat ehtirasıyla doludurlar, qırmazdan əvvəl fincandakı son damlanı da içirlər. Hər şeyin ən çoxunu, təsadüfi ortaq birləşmənin ərinti halında olduğu və geriyə lava kimi axıcı və qaynar dünya duyğusundan başqa heç nəyin qalmadığı qırmızı közü, hissiyyatın qırmızı közünü axtarırlar; amok qaçışçısı kimi həyatın içinə doğru qaçırlar, ehtirasdan peşmanlçılığa, peşmançılıqdan yenə hərəkətə, cinayətdən etirafa, etirafdan sərxoşluğa qaçırlar, amma talelərinin bütün yolları son nöqtəyə, ağzı köpüklənərək yerə yıxılana və ya başqa birisi onları yerə sərənə qədər hər yerə çatır. Ah, bu hər birindəki həyata susamışlıq – bütöv gənc xalq, yeni bir insanlıq onların dodaqlarından dünyaya, biliyə, həqiqətə olan həsrətlərini dilə gətirir! Axtarın mənim üçün, Dostoyevskinin əsərində dincliklə nəfəs alıb verən, dincələn, hədəfinə çatmış bir insan göstərin! Heç biri, tək bir nəfəri belə bu cür deyil! Hamısı bu çılğın yarışda yüksəklərə və dərinlərə qaçır – çünki Alyoşanın dediyi kimi, kim ilk pilləyə ayaq qoydusa, son pilləyə çatmağa çalışmaq məcburiyyətindədir –, bütün istiqamətlərə, buz olsun, yanğın olsun əllərini uzadırlar, ehtirasları dayanmaq bilməyən bu qarınquluların, bu ölçü bilməzlərin, ölçülərini yalnız sonsuzluqda axtaran və tapan bu insanların. Bir ox kimi, əbədi gərginliklə, qüvvələrinin toplandığı yaydan səmaya atılırlar, həmişə çatılmaz olan istiqamətə, hər vaxt ulduzları nişan alaraq, hər biri alov, narahatlıq alovudur.

Və narahatlıq iztirabdır. Buna görə də Dostoyevskinin bütün qəhrəmanları ən böyük ağrı çəkənlərdir. Hamısının üzü çapıqdır, hamısı alovlar, qıc olmalar, spazmalarla yaşayır. Sinir xəstələriylə dolu xəstəxana kimi tərif etmişdir böyük bir fransız Dostoyevskinin dünyasını və bu ilk və kənardan baxışda həqiqətdir də; nə fantastik bir yerdir ora! İçki iyi verən meyxanələr, həbsxana hücrələri, kənar məhəllələrin səfalət yuvaları, fahişəxana küçələri, barlar və orada, o Rembrandt qaranlığında sərxoş siluetlərdən ibarət olan insan kütləsi; qatillər, havaya qalxmış əlində qurbanın qanı, dinləyənlərin məsxərəsi olan sərxoş, küçənin alacaqaranlığında görünən bənizi saralmış qız, Sibirin Katorqasındakı yeddi nəfərin qatili (Sibirə əmək düşərgəsinə sürgün), avaraların yumruqları arasındakı qumarbaz, arvadının kilidli qapısı qarşısında heyvan kimi yerdə sürünən Raqojin, iyrənc yataqda ölməkdə olan dürüst oğru – hislərinin yeraltı dünyası, ehtirasların Aidi, həm də necə! Ah, necə də faciəvi bir insanlıqdır bu; insanların başı üstündəki necə də boz, dəyişməyən alacaqaranlıq rus səmasıdır bu belə; ürəklər və mənzərələr necə də sıxıcıdır! Bədbəxtliklər bölgəsi, ümidsizliklər çölü, mərhəmətsiz və ədalətsiz əraf.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR