1984 necə yazıldı?

Ədəbiyyat
Photo

1946-cı ildə "Observer" jurnalının redaktoru David Astor Corc Oruelli uzaq bir şotland kənd evinə aparır. O, bu evə yaradıcılığının zirvəsi sayılan "1984" əsərini yazmaq üçün gəlmişdi. Roman nəşr olunduqdan sonra 20-ci əsrin ən parlaq və əhəmiyyətli əsərlərindən birinə çevriləcəkdi.

Nəşr olunmasından neçə illər keçməsinə baxmayaraq, Oruellin şah əsəri "1984", hələ də öz təbii və təhrikedici gücünü saxlayır. Həmçinin əsərin hekayəsi də ədəbi cəhətdən müasir və təzəliyini qoruyur. Roman çap olunduqdan sonra ədəbi dövriyyəyə "Böyük qardaş", "jarqon", "ikiqat düşünmə" kimi ifadələr daxil olur və bu ifadələr gündəlik ünsiyyətin bir parçasına çevrilir. "1984" romanı altmışdan çox dilə tərcümə olunur, dünya üzrə milyonlarla nüsxə satılır və 20-ci əsrin ən yaxşı romanlarının reytinq siyahılarında öz layiqli yerini tutur.

"1984"ün bədii və siyasi ifadə gücü və təsviri ümumiləşdirməsi o qədər güclü olur ki, hazırda repressiv və totalitar olan, açıq cəmiyyəti təhdid edən hər hansı bir vəziyyəti ifadə etmək üçün müəllifin adına uyğun olaraq Ourellian (Orwellian) sözündən istifadə edilir.

"1984" romanın yazıldığı dövrə və şəraitə nəzər salsaq, Oruell distopiyasının yeknəsəkliyini izah etmək bizə o qədər də çətin gəlməz; 1940-cı illərin ortaları, gələcəyi dair qeyri-müəyyən ümidlər və qorxular, uzaq və soyuq şotland qarovulxanasında təxəyyülünün iblisləri-qarabasmaları ilə baş-başa qalan xəstə ingilis yazıçısı və əlbəttə ki, hələ də yaxşı heç nə vəd etməyən İkinci Dünya Müharibəsi sonrası.

"1984"ü yazmaq barədə ideya Oruellin beynində İspaniya Vətəndaş Müharibəsindən sonra yaranmışdı. Lakin romanın sujetinin formalaşmağa başlaması 1943-44-cü illərə təsadüf edir. Bu barədə Oruell özü iddia edirdi ki, "1984"ü qələmə almaq üçün qismən də olsa mütəffiqlərin Tehran görüşündən ruhlanıb. Oruell həm də inanırdı ki, Stalin, Ruzvelt və Çörçill Tehranda məqsədli şəkildə dünyanı hissələrə bölməyə hazırlaşırlar.

Oruell Astorun jurnalında 1942-ci ildən işləyirdi. İlk əvvəl kitab resenzenti, daha sonra müxbir kimi. Astor Oruellin doğruluq, ədəb və düzgünlüyünə heyran qalmışdı və onun yazıçı ilə qarşılıqlı münasibətləri yüksək səviyyədə idi. Məhz Redaktorla Oruellin bu yaxın dostluğu "1984" hekayəsinin kilid nöqtəsi oldu. Oruellin "Oberver"lə əməkdaşlığı onun yaradıcılıq həyatına və həmçinin "Heyvanıstan"ın yazılmasına da təsirsiz ötüşməyib. Müharibənin sonuna doğru finction janrının və jurnaldakı fəaliyyətinin məhsuldar qarşılıqlı təsiri Oruellə öz "pəri nağılı"nı bayram etdikdən sonra daha "tünd" və mürəkkəb bir iş ərsəyə gətirməkdə yardımcı oldu.

Əsərin yazılmasına təsir edən digər faktorlar da olub. Müharibə dövründə Oruell və arvadı Eileen Riçard adlı bir uşağı övladlığa götürürlər. Riçardın övladlığa götürülməsindən çox keçməmiş Oruellin evi təyyarə mərmisinə tuş gəlir və dağılır. Burada onu da qeyd etmək yerinə düşər ki, Londonda tez-tez baş verən bu kimi hadisələr və qorxu mühiti romanının formalaşmasına təsirsiz ötüşməyib. Daha pisi isə hələ qabaqda idi. 1945-ci ilin yazında Jurnalın təyinatı ilə Avropada olduğu vaxt Oruell arvadı Eileenin əməliyyat zamanı anesteziya altında öldüyü xəbərini alır. Yeni vəziyyət yaranmışdı. Oruell qəfil dul və yalnız qalmışdı, eyni zamanda Riçarda tək baxmalı idi. Bu vəziyyətdə öz mənzilindəki boşluğu doldurmaq, arvadının vaxtsız ölümündən yaranan peşmançılıq və dərddən qismən də olsa yayınmaq üçün Oruell müntəzəm sürətdə işləməyə başlayır. Məsələn, 1945-ci ildə müxtəlif nəşrlər üçün ümumilikdə 110.000 sözdən ibarət yazılar və "Observer" üçün 15 kitab reviyusu yazır.

Daha sonra Astor hərəkətə keçir. O, Oruelli Şotlandiyanın uzaq Yura adasına, ailəsinin mülkiyyəti olan evə istirahət üçün göndərmək qərarına gəlir. 1946-cı ilin mayında Oruell öz dağılmış həyatını toparlamaq ümidi ilə Yuraya qatarla uzun və çətin bir səfərə çıxır. Lakin Oruellin bu səfəri riskli idi. Belə ki, 1946-47-ci ilin qışı Avropada 20-ci əsrin görünməmiş soyuqları ilə müşahidə olunmuşdu. Oruellin səhhəti heç də yaxşı vəziyyətdə deyildi. Həmişə sinə ağrılarından əziyyət çəkmişdi. Lakin bütün bunlara baxmayaraq, o, Londonun ədəbi və publisistik mühitindən yaxa qurtarmağı bacarır və beləliklə öz yeni romanını başlamaq üçün yaxşı fürsət qazanır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR