Yaradıcı sənətlərin kökləri (1-ci hissə)

Edvard O. Uilson

Elmi-kütləvi
Photo

Yaradıcı sənətlər zəngin və sərhədsiz görünsələr də, əslində hər biri insan ağlının dar bioloji kanallarından süzülərək ortaya çıxır. Hisslərimizlə dərk etdiyimiz dünya parçaları, yəni bədənimizin xaricində qalan gerçəklik haqqında əlavə yardım almadan öyrənə biləcəyimiz bilgilər xeyli azdır. Görmək qabiliyyətimiz daxilində frekansların ən yuxarıda qamma şüalanmasından, ən aşağıda isə bəzi xüsusi rabitə biçimlərində işləyən çox aşağı frekanslara qədər sıralandığı elektromaqnit spektrın xırda bir parçasıyla məhdudlaşır. Ortada “görmə spektrı” adlandırdığımız kiçik parçanı görürük. Görmə cihazımız bu parçanı rəng adlandırdığımız bölümlərə ayırır.

Elektromaqnit frekans şəbəkəsi üzərində, mavi rəngin ötəsində böcəklərin görə bildiyi, bizimsə görə bilmədiyimiz “ultrabənövşəyi” vardır. Ətrafımızdakı səs frekanslarının çox cüzi hissəsini eşidə bilirik.

Yarasalar bizim qulaqlarımız üçün çox yüksək frekansda olan ultrasəs əks-sədalarla hərəkət istiqamətlərini tapırlar. Fillər isə bir-birləriylə, frekansı bizim eşidə bilməyəcəyimiz qədər aşağı olan mırıldanmalarla rabitə yaradırlar.

Tropik mormir balıqları, insanlarda olmayan və yüksək intensivliyə imkan yaradacaq təkmilləşmiş hissi-bioloji üsullara sahib olduqlarından tutqun və qaranlıq sularda yaşayıb hərəkət istiqamətlərini tapmaqdan ötrü elektrik cərəyanlarından istifadə edirlər. Eyni zamanda, biz hiss etməsək də, dünyanın maqnit sahəsi bəzi köçəri quşlara uçuş istiqamətlərini müəyyənləşdirməkdə yardımçı olur. Səmadan süzülən və bal arılarına, yuvaları ilə çiçəklər arasındakı yol boyunca düzgün istiqaməti tapmaqda kömək olan xüsusi günəş şüalarını da görə bilmərik.

Ancaq ən böyük çatışmazlığımız çox zəif inkişaf etmiş dadalma və qoxualma duyğularımızdır. Mikroorqanizmlərdən tutmuş heyvanlara qədər təbiətdə yaşayan bütün növlərin yüzdə doxsan doqquz faizindən artığı öz yaşam yollarını tapmaq üçün kimyəvi hisslərinə güvənirlər. Eyni zamanda feromon adlanan xüsusi, təbii kimyəvi maddələrlə bir-birləriylə əlaqə qurmaqda mükəmməlləşiblər. İnsanlar isə böyük meymunlar, quyruqsuz meymunlar və quşlarla birgə görmə-eşitmə qabiliyyətləri nisbətən yüksək, dadalma-qoxualma qabiliyyətləri isə zəif inkişaf etmiş orqanizmlər arasında yer alırlar. Bu mənada zınqırovlu ilanlarla və tazı itləriylə müqayisə edilsək, onların yanında çox bacarıqsız və axmaq görünərik. Qoxualma və dadalma qabiliyyətlərimizin zəifliyi, orqanizmdəki kimyəvi proseslərdən doğan, duyğularımızın qəbul etdiyi yaşantıları ifadə edən söz dağarçığımıza da təsirini göstərib. Bu vəziyyət bizi adətən bənzətmələrdən və müxtəlif metaforalardan istifadə etməyə məcbur qoyub. Məsələn, hansısa şərabın ətrinin çiçək dəstəsinin qoxusunu andırdığını, dadının da dolğun və meyvətəhər olduğunu söyləyirik. Ya da ətrini gülə, yaxud yağışla təzəcə islanmış torpaq qoxusuna bənzədərik.

Kimyəvi baxımdan məhdud qabiliyyətlərə malik olan varlığımızla, kimyəvi hisslərimizə xitab edən bir biosferdə büdrəməyə məcbur qalmışıq və əsasən ağaclarda yaşamaq üçün formalaşıb kəskinləşmiş səs və görmə duyğularımıza güvənərək yaşayırıq. Bəşəriyyət biosferin digər hissi sferalarına ancaq elm və texnologiya sayəsində aşina olmağı bacarmışdır. İstifadə etdiyimiz alətlərin, cihazların köməkliyilə digər canlı varlıqların duyğusal dünyalarını öz dünyamıza gətirib, aydınlığa çıxara bildik. Bu proses boyunca kainatı xeyli ölçüdə öyrəndik və onun başlanğıc zamanını hesabladıq. Yəqin ki, heç vaxt yer kürəsinin maqnit sahəsini hiss edərək istiqamətimizi tapa bilməyəcəyik və feromonlarımız sayəsində mahnı oxuya bilməyəcəyik, ancaq yuxarıdakı kimi bütün bilgiləri öz kiçik duyğu krallığımıza daxil etməyi bacararıq.

Bu gücümüzü bəşəriyyətin tarixini tədqiq etməkdən ötrü istifadə edərək, estetik mühakimənin köklərini və mahiyyətini dərk etmək yolunda daha artıq qənaət əldə edə bilərik. Örnəyi, neyrobioloji müşahidələr əsasında aydın olub ki, beyin, özündə yüzdə 20 nisbətində təkrarlanan işarələr ya da qarışıqlıq ehtiva edən şəkillərə daha çox reaksiya verir. Bir şəkildəki bu xaotik görünüş bəsit bir labirintin, loqarifmik spiralın iki ucunun ya da asimetrik bir xaç təsvirinin ehtiva etdiyi xaotikliklə eyni dərəcəyə malikdir. Eyni dərəcəli xaotikliyin divar bəzəklərində, emblemlərdə, loqolarda və bayraq təsvirlərində istifadə edilməsi təsadüfi də ola bilər (ancaq mənə görə təsadüfi deyil). Orta Şərqə və Mərkəzi Amerikaya xas olan qədimi oymalarda da, modern Asiya dillərinin şəkli yazı və hərflərində də oxşar prinsipə rast gəlinir. Eyni ölçülü xaotiklik ibtidai sənət əsərlərində və abstrakt modern sənət və dizaynda da cazibəli sayılır.

Bu prinsipin mənbəyi ola bilər ki, budur: beynin birdəfəlik qavrayacağı xaotikliyin bəlli dərəcəsi var və bu əsərlərin ehtiva etdiyi bəzəkli xaotiklik həmin dərəcəylə uyğunlaşır. Fəqət bir rəsim bu dərəcədən daha artıq qarmaqarışıq olduğunda, gözümüz həmin rəsmin məzmununu qısa və sürətli hərəkətlə, bir bölgədən digərinə şüurlu şəkildə keçməklə, tamaşa edərək qavrayır. İnsanın diqqətini bir bölgədən digərinə yönləndirərkən onu xoşlandırmaq, bilgiləndirmək və qıcıqlandırmaq keyfiyyətli sənətin əsas özəlliklərindən biridir.

Təsviri sənətlərin yaranmasının digər qaynaqlarından biri də insanların doğuşdangəlmə biofil meyilləridir, yəni insanlar digər orqanizmlərlə, ələxsus da canlı, təbii çevrəylə yaxınlıq içində olmaq arayışına can atırlar və bunu mənalandırırlar. Araşdırmalar göstərmişdir ki, müxtəlif mədəniyyətlərdən gələn insanlara ev və iş yerlərini seçmə haqqı verildiyində, onlar əslində peyzaj memarları və dəllalların sezgiylə dərk etdiyi üç cəhəti özündə birləşdirən sahələrə istiqamətlənib, onları seçirlər. Bu insanlar aşağı mənzərələrə tamaşa edə biləcəkləri yüksəklikdə yaşamağı, dağınıq ağac və kolluqlarla əhatələnmiş savannalara bənzər sahələri tərcih etmişdilər və çay, göl ya da okean kimi böyük su kütləsinə yaxın olmağı arzulamışdılar.

Bütün bu amillər modern insanlar üçün əsasən estetik anlam daşıyır, (çünki, modern mədəniyyətlərdə qida, qorunma məkanları və su asanlıqla tapılır) praktik mənaları olmur, ancaq buna baxmayaraq oxşar mənzərəyə sahib olmaq üçün verə biləcəkləri bütün pulu verməyə hazırdılar.

Başqa cür söyləsək, insanlar növümüzün milyon illər boyunca təkamül keçirdiyi Afrikadakı çevrələrə bənzər çevrələrdə yaşamağı tərcih edirlər. İnstiktiv olaraq ehtiyac duyduqları qida və su mənbələrini uzaq məsafədən güvənli şəkildə axtarıb tapmaq üçün savanna meşələrinə (parklara) və yaxud seyrək meşələrə yönəlirlər. Bioloji fakt kimi qəbul etsək, bu bağlantını qəribə saymarıq. Bütün hərəkətli heyvan növləri, onları, həyatda qalmaq və çoxalmaq üçün ən sərfəli sahələrə yönləndirən instiktiv basqının rəhbərliyi altında yaşayırlar. Neolit Dövrünün başlanğıcından bu yana keçən nisbətən qısa zaman kəsiyində bəşəriyyətin hələ də bu qədimi ehtiyacın qalıqlarını öz varlığında hiss etməsi təəccüblü deyildir.

Əgər humanitar elmlərlə digər elmləri bir-birinə yaxınlaşdırmaq üçün səbəbimiz varsa, bu da insanın hissi dünyasının həyatın geri qalanıyla təzad içindəymiş kimi görünən gerçək naturasını anlamaq ehtiyacından doğur. Ancaq bilginin əsas budaqlarını bir-biriylə uzlaşdırmaq üçün bundan daha önəmli başqa səbəbimiz də var.

İnsanın sosial davranış biçimlərinin genetik olaraq çoxsəviyyəli seleksiyadan ortaya çıxdığı sağlam sübutlarla bilinir. Əgər bu izah getdikcə daha çox bioloq və antropoloqun inandığı kimi doğrudusa, fərdi seleksiyanın üstünlük qazandırdığı davranışlarla qrup seleksiyasının üstünlük qazandırdığı davranışlar arasında ziddiyyət və təzadların olmasını gerçək hesab edə bilərik. Fərdi seleksiya prosesi qrup nümayəndələri arasında status, cütləşmək və qaynaqların əldə edilib qorunması baxımından rəqabət və eqoist davranışlar yaratmağa yönəlikdir. Bunun əksinə, qruplar arasındakı seleksiya isə eqoizmi istisna edən, daha cömərd, altruist olan və beləliklə də daha güclü birlik və daha dayanıqlı bir qrupun əmələ gəlməsini dəstəkləyən davranışların yaranmasına gətirib çıxarır.

Çoxsəviyyəli seleksiyanın bir-birini qarşılıqlı şəkildə tarazlayan gücləri bir yerdə birləşdirməsi, insan zehnində sürəkli olaraq ortaya çıxan bulanıq, qarışıq, çətin anlaşılan əhvallar yaradır. Buna görə də insanlar arasında bağlanmaq, sevmək, yaxınlaşmaq, xəyanət etmək, paylaşmaq, fədakarlıq, oğurlamaq, aldatmaq, özünü bağışlatmaq, cəzalandırmaq, cəzbetmək, mühakimə etmək və hökmə varmağın saysız-hesabsız mümkün ssenariləri mövcuddur. Hər insanın öz beyninə xas olan mücadilənin kültür təkamülünün nəhəng üstqurumunda əks olunması humanitar elmlərin bəhərləndiyi çeşmədir. Qarışqalar dünyasında yaşayan, qürur və xəyanət arasında baş verən daxili savaşdan heç zaman narahat olmamış və instinktlərinin kəskin hökmləriylə cüzi sayda duyğulara məhkum edilmiş bir Şekspirin yaza biləcəyi yeganə əsər, mövzusu qalibiyyətdən bəhs edən dramla tragediya olardı. Digər tərəfdə isə ən siravi insanlar belə bu cür saysız-hesabsız hekayətlər icad edə, müxtəlif mühit və ruh hallarının bitməyən simfoniyasını bəstələyə bilərlər.

Bəs humanitar elmlər tam olaraq nədir? Bu elmləri tərif etmək üçün sərf edilən ən ciddi cəhdi, Milli Humanitar Elmlər Fondu ilə Milli Sənət Fondunun quruluşunu sənədləşdirən, 1965-ci ilə aid olan konqres nizamnaməsində tapa bilərik:

“Humanitar Elmlər” termini sadəcə bunlarla məhdudlaşmasa da, əsasən aşağıdakı sahələri özündə ehtiva edir: modern və klassik dillər; filologiya; ədəbiyyat; tarix; hüquqşunaslıq; fəlsəfə; arxeologiya; müqayisəli ilahiyyat; etika; sənət tarixi, tənqidi və nəzəriyyəsi; sosial elmlərin humanitar məzmunlu və humanitar metodlarla işləyən yönləri; və humanitar elmlərin müxtəliflik ehtiva edən mirasımızı, ənənələrimizi və tariximizi əks etdirmək və humanitar elmlərlə təbii həyatın bugünki şərtləri arasında yaranan bağlılığa xüsusi diqqət göstərərək, onları bəşəri mühitə uyğunlaşdırmaq məqsədilə aparılan bütün fəaliyyətləri.

Humanitar elmlər bu sferaları əhatələyib öyrənə bilər, fəqət bu sferaları bir-birinə bağlayan idraki prosesləri, onların insanın irsi naturasıyla bağlı olan əlaqələrini ya da tarixdən öncəki köklərini anlamağa girişməz. Buna görə də vurğuladığım məsələlər bu araşdırma prosesinə cəlb olunmasa humanitar elmlərin tam şəkildə yetkinləşdiyinə şahid ola bilməyəcəyik.

On səkkizinci əsrin sonları və on doqquzuncu əsrin əvvəllərində yaranan Aydınlanma hərəkatının sona çatmasından sonra humanitar elmlərlə təbiət elmlərinin uzlaşdırılması prosesi amansız bir çətinliyə düçar olub. Bu qəliz vəziyyətdən xilas olmağın bir yolu da ədəbiyyatla elmi araşdırmalar arasındakı yazı üslublarını və onların yaranma prosesini qarşılaşdırıb müqayisə etməkdir. Bu ilk baxışdan göründüyü qədər çətin olmaya da bilər. Əslində hər iki sahənin də yenilikçiləri naturaca xəyalpərəst və hekayətçi olurlar. Sənətdə də, elmdə də yaradıcı prosesin ilk mərhələsində zehnin içindəki hər şey hekayədən ibarət olur. Zehində, xəyal edilən sonluq, müəyyən bir başlanğıc və bu ikisinin arasına daxil ediləcək yarı-yamalaq parçalar mövcud olur. Ədəbi yaradıcılıqda da, elmi çalışmalarda da əgər hansısa parça digər parçalarla uyğunlaşmırsa, onlarda dalğalanma effekti yaradırsa, dəyişdirilə, çıxarıla, yaxud yeniləriylə əvəzlənə bilər. Digər parçalar da sürəkli olaraq birləşdirilib ayırılır və hekayə müəyyənləşdikcə yerləri dəyişdirilir. Ortaya əvvəlcə bir ssenari çıxır, sonra daha başqa ssenarilər. Ssenarilər məzmunca istər ədəbi olsun, istər elmi, bir-biriylə rəqabətə başlayırlar.

Kəlmələr və cümlələr (ya da tənliklər və eksperimentlər) sınanılır, incələnir, yoxlanılır. Və beləliklə bir ucda bütün təsəvvür edilən görüntülər qavranılmağa başlanır. Ortaya çıxan nəticə fövqəladə təsir bağışlayır (ya da elm dünyasını silkələyəcək yenilik təəssüratı oyadır). Yaxşi, bəs görəsən əldə etdiyim nəticə ən yaxşı, ən doğru nəticə sayıla bilərmi? Yaradıcı zəkanın hədəfi ən yaxşı, ən doğru nəticəni sağlam şəkildə tapmaqdır. Onun ifadə etmək istədiyi məqam, əslində necə ifadə edilməsindən asılı olmayaraq yaradıcılıq prosesinin ən başından ən son anına qədər, lazım gəlsə, vaz keçilib dəyişdiriləsi bir xəyalatdır. İfadə edilməsi mümkün olmayan düşüncələr proses boyunca uc nöqtələr arasında var-gəl edir. Ən yaxşı parçalar arınıb sağlamlaşdıqca yerlərinə qoyulur, yaxud yeni yerlərə daşınırlar və hekayə ilhamlandığı xəyali nəticəyə doğru inkişaf edərək tamamlanır. Flanneri Okonner həm ədəbiyyat, həm də elm yazarları adından bu sualı soruşmaqda haqlıdır: “ Söyləyəcəyimi söyləyənə qədər nə demək istədiyimi hardan bilə bilərəm?” Romanist “Bu əsər alındımı, görəsən?” deyə öz-özündən soruşarkən, elm insanı da “Bu araşdırmamın doğru olması nə dərəcədə mümkündür, görəsən?” deyə öz-özündən soruşacaqdır.

Uğurlu bir elm adamı əslində bir şair kimi düşünüb xəyal qurur, ancaq mühasib kimi çalışır. O, ortaya çıxardığı kəşflərin uğurlu, məşhur və “önəmli” elm insanları tərəfindən qəbul ediləcəyini umduğu üçün, onların təsdiqləyici rəylərini gözlədiyi üçün yazmağa can atır. Elm, bu məbədin dışında qalan insanların o qədər də təqdir etmədiyi bir formada inkişaf edir: metodiki iddiaların doğruluğundan əlavə, məsləkdaşların bir-birinə göstərdiyi dəstəyin də bu prosesin canlanmasında önəmli rolu var. Şöhrət elmi karyeranın əsasıdır. Elm insanları, Ceyms Kaqninin “Həyat Boyunca Uğur” kateqoriyasında Oskar mükafatına layiq görüldüyü zaman söylədiyi kimi “ Bu məsləkdə ancaq öz məsləkdaşlarınızın düşündüyü qədər yaxşısınız” fikrini təkrarlaya bilərlər.

Ancaq uzun vədəli elmi şöhrət əsaslı, ciddi kəşflərin sürəkli olması səbəbindən davam edir ya da eyni prosesin axsaması ucbatından yox olur. Gərəkdi ki, alim tapdığı qənaətləri davamlı kontrol etsin və onların doğruluğunu qorusun. Nəzəriyyələr gərək parçalanmasın, məlumatlar, faktlar, rəqəmlər gərək ciddi sorğu-sual yaratmasın. Başqaları tərəfindən ifşa edilən xətalar böyük bir şöhrətin itib getməsinə səbəb ola bilər. Saxtakarlığın cəzası isə ölüm cəzasından aşağı deyildir; bu həm şöhrət, həm də karyeranın daha irəliyə getmə ehtimalı baxımından önəmlidir. Ədəbiyyatda isə buna bənzər qəbahət plagiatçılıqdır. Ancaq saxtakarlıq ədəbiyyatda qəbahət deyil! Xəyali, uydurma ədəbiyyatda eynilə digər yaradıcı sənətlərdə olduğu kimi xəyal gücünün, təxəyyülün sərbəst buraxılması gözlənilən, təbii haldır. Əgər bir yaradıcılıq estetik baxımdan xoşa gəlirsə ya da hansısa mənada cəzbedicidisə, onu yaratmaqdan ötrü istifadı edilən istənilən vasitə ixtiyaridir, yolveriləndir, mübahdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR