Uğursuzluğun filosofu: Emil Cioranın ümidsizliyinin zirvələri (2-ci hissə)

Ədəbiyyat
Photo

Bununla belə, əgər Cioran özü ilə ziddiyyət yaşamasaydı, bir məna kəsb etməzdi. Kitabın digər yerində "Rumıniyanın keçmişini qatı kinlə sevdiyini", gələcəyinə dair böyük xəyalları olduğunu yazırdı. O, "Çinin əhalisiylə Fransanın taleyindən yaranan Rumıniyadan" başqa bir şey təsəvvür edə bilmirdi. Ölkə yaxşıdır, sadəcə zaman-zaman bir az silkələnməyə ehtiyacı var; hər şeydən əvvəl, tarixin içinə "itələnilməsi" lazımdır. Cioran tam olaraq nəzərdə tutduğu şeyi deməyib, yalnız "sayıqlama içərisindəki Rumıniyanı sevə biləcəyi" məsələsində bizi təmin etmək üçün ipucu verir. Çünki belə məğrur sonlara gedən hər cür yol icazəlidir, deyilmi? Cioranın şəxsən ifadə etdiyi kimi, "dünya üzərində özünə bir yol açan insan üçün bütün vasitələr qanunidir. Terror, cinayət, azğın yanaşma və oğraşlıq ancaq çöküşdə alçaqcasına və əxlaqa zidddir (…) amma əgər bir insanın yüksəlişinə köməkçi olsalar ərdəmdir. Bütün zəfərlər əxlaqidir". Yenə testosteron siyasəti, yenə çiy iqtidarın erotizmi. Cioranın Almaniyada gördüyünə bənzər irrasional bir diktatorluq yalnız bu ölkəni öz-özündən xilas edə bilərdi. Müvəffəqiyyətsizlik səni əzmədən öncə onunla nə qədər oynaya biləcəyinə maraq duyursan bəzən.

Bir neçə il ərzində, Rumıniyanın öz faşist hərəkatı, qatı yəhudi əleyhdarı Dəmir Gözətçilər 1940-cı illərin sonlarında bir neçə ay müddətə iqtidara gəldiyi zaman, Cioran özünəməxsus qarışıq bir üsulla onları təsdiqləyəcəkdi. Əvvəldən xəyalını qurduğu "Sayıqlama içərisindəki Rumıniya" nəhayət formalaşırdı və bu çirkin mənzərə idi: rumın yəhudilər ələ keçirilib soyuqqanlılıqla öldürüldülər, mülkləri yağmalandı və yanıb kül oldu, yəhudi olmayan seqmentlər isə radikal beyin yuyulmasına məruz qaldılar. O zamana qədər Cioran çoxdan bəri Fransada idi, özünü başqa dildə yenidən icad edirdi. Yenə də məmləkətə çıxdığı qısa bir gəzinti əsnasında ölkənin qurucu lideri Corneliu Zelea Codreanunun ("Kapitan" adlandırılırdı, 1899-1938) xatirəsinə ithaf etdiyi və milli radioda oxuduğu yazıda Cioran belə ehkam kəsirdi:

Corneliu Codreanudan əvvəl Rumıniya, məskunlaşmış Səhra idi sanki. (…) Corneliu Codreanu ilə sadəcə bir neçə dəfə danışdım. İlk andan etibarən, dəyərsiz insanların ölkəsində olan biriylə danışdığımı başa düşdüm. (…) Kapitan "ağıllı" deyildi, amma çox dərindi.

Həmin çox dərin "Kapitan" digər şeylərlə yanaşı, qudurmuş bir yəhudi əleyhdarı idi; siyasi sui-qəsdi açıqcasına müdafiə etdi və özü də siyasi sui-qəsdçi oldu. İki müharibə arası Rumıniyasının müharibə əleyhdarı demokratik mədəniyyət keçmişinə qarşı, fərdi xarizma və individual bir vicdan yoxsulluğunun yardımı ilə Codreanu 1930-cu illərdə az qala tək başına ölkəni xaosa sürüdü. İndi isə Cioran onu mədh edirdi.

Müvəffəqiyyətsizlik bəhs mövzusu olduqda bir mütəfəkkir, gənc Cioran qədər hər kəsə məlum məsuliyyətsiz biri belə olsa, bura qədər, demək olar ki, heç alçala bilməzdi. Eynilə demokratik fikirli yoldaşlarının nə vaxtsa soruşduğu kimi, nə olmuşdu bu adama deyə soruşursunuz bəlkə. Sonrakı illərdə Cioranın özünə, boğucu qaçınılmazlıqla təkrar-təkrar bir sual narahatçılıq verdi. Faşist tərəfdarı siyasi mövqeyinin böyüklüyü ilə qarşı-qarşıya qaldığı ilk anda, Müharibənin sona çatmasından qısa bir müddət sonra, Rumıniyanın Transformasiyasında və siyasi jurnalistikasında öz varlığını demək olar ki, heç qəbul etmirdi. Müharibənin dəhşəti, yəhudi dostlarının bir qisiminin öldüyü Holokostun böyüklüyü onu birdən dərin yuxudan oyandırdı; o mətnlər indi ona kabuslarının qaynağı kimi görünməli idi. Daha sonralar, zaman Cioranı bəzi şeyləri heç olmadığı qədər dəqiq görməyə itələdi. "Bəzən insanların sitat gətirdikləri bu boşboğazlıqların həqiqətən mənim yazdıqlarım olub-olmadığını öz-özümdən soruşuram" – deyirdi, 1973-cü ildə qardaşına yazdığı məktubda. "Coşğu sayıqlama formasıdır. Bir zaman, sağaldılacağına heç kimin inanmaq istəmədiyi bu xəstəliyə sahibdik". Ölümündən sonra üzə çıxarılan qısa mətni "Mənim Ölkəm"də (Mon Pays, 1996) Cioran, Rumıniyanın Transformasiyasının məzmunundan "vəhşi bir dəlinin boşboğazlıqları" olaraq bəhs edirdi. Qeyd etmədən keçməyək, bu, qatı bir müvəffəqiyyətsizlik praktikasının nəticəsidir: bunu öyrəndikdən sonra dünyaya başqa insan gətirməzsən. Bir gün aynaya özünü tapmaq üçün baxdığın zaman aynada gözünü sizə dikmiş başqa birini kəşf edərsən sadəcə.

Cioranı təyin etmək heç asan deyil də, siyasi keçmişinə baxdıqda isə demək olar qeyri-mümkündür. Sonralar Cioranın "o illərə" toxunmaq məsələsində istəksizliyi, gəncliyinin "boşboğazlıqları" və "coşğusuna" etdiyi üstü örtülü istinadlar xaricində bir işə yaramırdı. Üstəlik yaxşı bir səbəbdən ötəri: orada nə olduğunu çox yaxşı bilirdi sadəcə. Müvəffəqiyyətsizlik, tək başına səyahət etməkdən nifrət edir: ümumən utancın müşayətini seçirdi. Qardaşına yazdığı digər bir məktubda isə Cioran belə yazırdı: "Gəncliyində bəzi axmaq şeylər etmiş yazar, səhnəyə ilk çıxışdan sonra, utandırcı keçmişə sahib bir qadın kimidir: əsla bağışlanılmaz, əsla unudulmaz". Son günlərinə doğru getdikcə, Rumıniyanın iki müharibə arası dövründə Cioranın siyasətdə iştirakı onun ən böyük utancı, ən ciddi, dağıdıcı müvəffəqiyyətsizliyi olaraq qalacaqdı. Geridə qalan hər şey bununla müqayisə edildikdə müvəffəqiyyətsiz qalırdı.

1935-ci ilə Mircea Eliade-a göndərdiyi məktubda, Cioranın özünəməxsus siyasi düşüncəsinə nəzər salsaq: "siyasi olan hər şey üçün mənim düsturum budur" – deyə yazırdı: "inanmadığın hər şey üçün ürəkdən döyüş". Belə etiraf Cioranın iştirakına çox açıqlıq gətirməsə də, müəyyən psixoloji perspektivdən onun "boşboğazlıqları" arasında yer alırdı. Bu bölünmüş xarkter daha sonrakı Cioranın ayrıdedici xüsusiyyəti oldu və dünyanı böyük ölçülərin müvəffəqiyyətsizliyi olaraq görən filosof baxımından bir şeyin olmadığı yerdə bəzi mənalar varmış kimi davranaraq kosmik nizamla (və proses içərisində özüylə) rişxənd etməsi mənalı hal almışdır. Hər şeyin mənasız olduğunu bilərək, amma elə deyilmiş kimi davranaraq uyğunsuzluğunu dilə gətirməyi və "pis yaradıcının" dizaynlarını baltalamağı bacara bilərsiniz. Üstəlik bunu sonsuz ironiya və yumorla edərsiniz, ki bu qəti şəkildə müqəddəs kobud komediyaya etiraz etməkdir. Son gülən yaxşı gülər.

1936-cı ildə Almaniyadan qayıtdıqda Cioran, Rumıniyanın orta kəsimindəki Braşovda bir liseydə fəlsəfə müəllimi olaraq qısa müddət fəaliyyət göstərdi. Bu, eyni zamanda daimi bir işi davam etdirmək üçün etdiyi son cəhd, möhtəşəm müvəffəqiyyətsizlik idi. Bir məntiq dərsində məsələn, Cioran lisey tələbələrinə kainatdakı hər şeyin müalicəsiz şəkildə xəstə olduğunu söyləyəcəkdi. Bir dəfə tələbələrindən biri ondan "Müəllim, etika nədir?" – deyə soruşduqda, Cioran tələbəsinə narahatlığa lüzum olmadığını, çünki etika deyə bir şeyin olmadığını bildirmişdi. Dərsləri davamlı olaraq xaos halında keçirdi, müəllimlərinin bu gözlənilməz halı qarşısında tələbələr, müəllim həmkarları qədər heyrətə düşmüşdülər. Belə ki Cioran işdən çıxdıqda məktəb müdiri bunu qeyd etmək üçün onu özünü itirənə qədər içirtmişdi.

Cioran 1937-ci ildə özünü bu müvəffəqiyyətsizlik torpaqlarında tam olaraq göstərə bilmədiyini başa düşdükdə, yenidən Rumıniyanı tərk etməyə qərar verdi. O, bu qərarı indiyə qədər etdiyi "ən ağıllı şey" sayırdı. İlk seçimi "müvəffəqiyyətsizliyin ən təəccüblü nümunəsi" olan İspaniya oldu. Buna görə də İspaniya Vətəndaş Müharibəsi başlamamışdan iki ay əvvəl Bükreşdəki İspaniya Səfirliyinə təqaüd üçün müraciət etdi, lakin heç bir cavab ala bilmədi. Cioran, Parisin ehtirasları olan biri üçün doğru yer olduğuna qərar verdi: "Müharibədən əvvəl" – deyə xatırlayırdı, "Paris həyatınızı itirmək üçün ideal bir yer idi, xüsusilə də rumınlar bununla məşhur idi".

Cioran rumın bağlarını kəsdi və yeni bir mövcudluğu mənimsədi. Hətta özünə yeni ad belə vermişdi: E. M. Cioran. Bir məqamda, demək olar tamamilə fransızca yazıb danışmağa başladı (rumın dilini yalnız söyüş söymək üçün istifadə edirdi, çünki fransızcanı bunun üçün qeyri-kafi hesab edirdi). Texniki baxımdan Cioran magistr təqaüdüylə Parisə gəlmişdi, Sorbondakı dərslərdə iştirakı, bəzi fəlsəfi mövzularda doktorluq tezisi yazması gözlənilirdi. Lakin təqaüd üçün müraciət edərkən belə əsla yaza bilməyəcəyini çox yaxşı bilirdi. Sonda nəyin arxasınca getdiyini başa düşdü: parazit həyatı! Fransada təhlükəsiz şəkildə yaşamaq üçün tək ehtiyacı, ucuz universitet yeməkxanalarına girişini təmin edən tələbə bileti idi. Sonsuzadək belə yaşaya bilərdi. Amma əslində bir müddətə də olsa bunu reallaşdırdı:

Qırx yaşımda ikən hələ də Sorbonda qeydliydim, tələbə yeməkxanasında yeyirdim; bunun həyatımın sonuna qədər davam etməsini ümid edirdim. Daha sonra da iyirmi yeddi yaşından böyük tələbələrin qeydini ləğv edən, məni bu cənnətdən qovan qanun çıxarıldı.

Parazitlərin cənnətindən qovulan Cioran indi bəzi qəribə işlər görmək məcburiyyətində idi. Ionesco kimi bəzi vəziyyəti yaxşı olan rumın dostları Ciorana kömək etdi. Əks halda yadların mərhəmətinə bel bağlamaq məcburiyyətində qalacaqdı. Cioran adama yovuşmazlıq xasiyyətini nəzarət altında saxlayaraq olduqca elastik olduğunu sübut etdi: ona axşam yeməyi alacaq, demək olar, hər kəslə yoldaş olurdu. Buna görə Parisin yaşlı qadınlarını (les vieilles dames) çox yaxşı tanıyırdı. Fəlsəfə sahəsində aldığı ciddi təhsil işinə yaramışdı; Cioran zərif nitqi ilə gəlib axşam yeməyi üçün mahnı oxuyacaqdı. Sonra Paris kilsəsi səhnəsi vardı: nə vaxt əlinə fürsət keçsə, Tanrı ustası Cioran pulsuz yemək yemə fürsətləri üçün Rumın Ortodoks Kilsəsində nəşəylə səhnəyə çıxacaqdı.

Cioran bir işi boynuna götürmək istisna, hər şeyi edəcəkdi. Hansısa bir işi boynuna götürmək həyatının müvəffəqiyyətsizliyi olardı. "Mənim üçün," – deyə xatırlayırdı yaşlı Cioran, "əsas məsələ azadlığımı qorumaq idi. Bir həyat qurmaq üçün masa arxası hansısa işi qəbul etsəydim müvəffəqiyyətsiz olardım". Müvəffəqiyyətsizliyə uğramamaq üçün, o zamanlar müvəffəqiyyətsizliyi ən çox konkretləşdirdiyini düşündüyü bir yol seçdi, lakin Cioran müvəffəqiyyətsizliyin hər zaman kompleks iş olduğunu bilirdi. "Hər nə bahasına olursa-olsun, hansısa kariyeranın hörmətdən salıcılığından həmişə qaçdım (…) Bir işə yapışaraq özümü yox etməkdənsə, parazit kimi yaşamağı seçdim". Bütün böyük avaraların bildiyi kimi, hərəkətsizlikdə mükəmməllik var: Cioran sadəcə bunu başa düşməklə kifayətlənmədi, eyni zamanda bütün həyatı boyunca bunu işlədi. Bir reportajçı ondan iş rutinini soruşduqda Cioran belə cavab verirdi: "Adətən heç nə etmirəm. Parisdəki ən avara adamam (…) məndən daha az işləyən adam ancaq müştəriləri olmayan bir fahişədir".

Müvəffəqiyyətsizliklə belə yaxın əlaqə quran biri kimi Cioranın müvəffəqiyyətdən şübhə duyması təəccüblənəcək bir şey deyil: "Hər hansı bir sahədə uğurlu olan biri, daxilində şarlatandan izlər daşıyır" – deyə yazırdı; Rivarol Mükafatı istisna olmaqla, fransız ədəbi qurumların ona verdiyi bütün mükafatları rədd etmişdi. İctimai müvəffəqiyyət nəhayət ona çatdıqda bir neçə reportaj verdi və diqqət cəlb etməməyə çalışdı həmişə. "Je suis un ennemi de la gloire" (Mən bir zəfər düşməniyəm) cümləsi onun kredosu idi. Borges haqqında bir dəfə belə demişdi: "Tanınmışlığın bəxtsizliyi çökdü onun çiyinlərinə. Daha yaxşısına haqqı çatırdı". "Doğulmağın Qorxusu Barədə"də Cioran, qısqanılacaq həyat planı olaraq "hər müvəffəqiyyətsizlikdə davamlı forma dəyişdirən bir mövcudluq"dan bəhs edirdi. Bu mövcudluq, müdriklik olaraq ətə-sümüyə bürünən dinclik olardı: bütün o "lüks, dinclik və şəhvət" (luxe, calme et volupté).

Müvəffəqiyyətsizlik, bu vəziyyətdə Cioranın yaxın dostu, sadiq ilham pərisi, öndə gələn yaradıcılıq qaynağı idi. Dünyaya – insanlara, hadisələrə və vəziyyətlərə – qorxusuz gözlərlə baxırdı. Məsələn, bir adamın ruhi həyatının dərinliyini müvəffəqiyyətsizliyə yanaşmalarıyla ölçə bilirdi: "Ruhi axtarışa meyli olan adamı bundan tanıyarıq: müvəffəqiyyətsizliyi hər cür müvəffəqiyyətdən üstün tutar." Necə yəni? Çünki Ciorana görə "müvəffəqiyyət bizdə ayrıca mövcud olan və tamamilə xüsusi olan şeydən bizi uzaqlaşdırdığı halda, hər vaxt əsl olan müvəffəqiyyətsizlik bizi özümüzə ifşa edir, Tanrının bizi gördüyü kimi görmə imkanı təqdim edir bizə". Mənə müvəffəqiyyətsizliyin necə öhdəsindən gəldiyini göstər, sənə kim olduğunu deyim. Ancaq "müvəffəqiyyətsizlik halında, bir fəlakətin əzəmətində birini tanıya bilərsiniz".

Əldə etdiyi müvəffəqiyyət nə olursa-olsun, Cioran onu ömürünün "müvəffəqiyyətsizlik planı" olaraq qiymətləndirdi; müvəffəqiyyətdəki müvəffəqiyyətsizliyi və müvəffəqiyyətsizlikdəki müvəffəqiyyəti oxuma vərdişi inkişaf etdirmişdi. Cioranın gördüyü ən müvəffəqiyyətli işlər nə dünyanın hər yerində göylərə yüksəldilən tərcümə edilən kitabları, nə də insanlar arasında təsiri böyüyən fəlsəfi üslubu idi. Hətta fransız dilinin ustası olaraq əldə etdiyi mövqeyi belə deyildi. "Həyatımın böyük müvəffəqiyyəti" – o deyirdi, "işsiz qalmağı bacarmağımdır. Gün sonunda, həyatımı yaxşı yaşamışdım. Bir müvəffəqiyyətsiz kimi davranmışdım, amma əslində elə deyildi".

Kitablarında, Cioran qnostiklərin yaradıcısı (demiurge), müvəffəqiyyətsizlik tanrısı istisna, tanrıları qamçılamaqdan əl çəkmədi heç. Cioranın anti-kosmik fəlsəfəsi və düşünmə tərzində açıqca qnostik bir şey vardı. Qnostik özünü anlama, obrazlar və metaforalar qnostisizm alimlərinin bəhs etdikləri kimi onun işlərinə nüfuz edirdi. Jacques Lacarrière, Cioranın "Çürümənin Kitabı", "Varolma Meyli" və "Pis Yaradıcı" kitablarının "Qnostik düşüncənin ən gözə dəyən düşüncələriylə uyğunlaşan mətnlər" olduğunu yazırdı. Eynilə köhnə qnostiklər kimi Cioran da yaradılışı müqəddəs bir müvəffəqiyyətsizliyin nəticəsi olaraq görürdü; bəşər tarixi və sivilizasiya onun üçün "şeytan işi" və kainatın yaradıcısının digər adından başqa bir şey deyildi. "Çürümənin Kitabı"nda bu dünyanın tanrısını "bacarıqsız" hesab edirdi. "Heçliyin bu tərəfinə təşəbbüs göstərilməsinə rəğmən" – deyə maraq duyurdu, "onu planlanma düşüncəsi istisna olmaqla, bu dünyadan daha ürək ağrıdan bir şey vardırmı?" İngiliscədə The New Gods olaraq nəşr olunmuş ən təsirli kitablarından birinin fransızca adı Le Mauvais démiurge (1969) hər şeyi izah edir: "pis yaradıcı". Budur, gizlədilməmiş simpatiya ilə Cioran qnostikləri "müqəddəs heçliyin fanatikləri" adlandırır və günahkar dünyanın özünü o qədər yaxşı qavradıqları üçün onları mədh edir.

Kosmos, Cioran üçün "günahkar", buna görə də ictimai və siyasi dünyadır. Çünki 20-ci əsrin Qnostikinə görə, işin əsli, heç bir şey müvəffəqiyyətsizlikdən qaça bilməz. Cioran, gəncliyinin siyasi müvəffəqiyyətsizliklərini aşma yolunda, bunların dərin mənasını dərk edib bu anlayışı yetkin düşüncəsinin toxumasına daxil etməyə çalışırdı. Nəticə, daha incə bir fəlsəfə yaradıcılıq, daha humanist bir mütəfəkkir oldu: müvəffəqiyyətsizlik təcrübələri Cioranı başqa cür çata bilmədiyi, utanc və təvazökarlıqdan ibarət olan insanlıq mərkəzinə yaxınlaşdırdı. Fransızca yazdığı kitablarda, ilhamlanmış, sərxoş bir müdrikliyin müvəffəqiyyətsizliyi ilə əlaqədar pasajlara rast gələ bilərsiniz:

Müvəffəqiyyətsizliyin ən təlaşlı anında, sanki utancın bizi yerin dibinə soxacağı o anda, qəfil bir qürur dalğasına qapılarıq, amma çox davam etməz bu: daxilimizi boşaldacaq, bizi gücsüz qoyacaq, güclərimizlə birlikdə, utancımızın sıxlığını yüngülləşdirəcək qədər davam edər ancaq.

Həyatı boyu davam edən müvəffəqiyyətsizlik praktikası, qəribə bir düşünmə ilə yanaşı, axır-əvvəl Cioranı dəyişdirdi. Yaşlandıqca, digər insanların axmaqlıq və qəribəliklərinə qarşı daha tolerant və anlayışlı oldu. Fransız Cioran birdən "demokratik" bir mütəfəkkir olmadı təbii ki. Allah qorusun, əsla başına gəlməyəcəkdi bu; "Qərbin çöküşü"nün peyğəmbəri, qaranlıq, qiyamət vəsvəsələrinin mütəfəkkiri olaraq qalmağı davam etdirəcəkdi. Məsələn "Tarix və Utopiya"da (Histoire et Utopie, 1960) bunlara işarə edirdi:

Yolum hansı böyük şəhərə düşsə, orada hər gün qiyamların, qırğınların, alçaq qəssablığın, bir dünya sonu qarışıqlığının başlamamasına heyran oluram. Bu qədər məhdud bir sahədə necə olur da o qədər insan bir-birini yox etmədən, bir-birlərinə ölüm nifrəti etmədən bir yerdə yaşaya bilirlər. Əslində bir-birlərinə nifrət edirlər, amma nifrətlərinin haqqını verə bilmirlər. Bu qabiliyyətsizlik, bu gücsüzlük cəmiyyəti xilas edir, davamlılığını və sabitliyini təminat altına alır.

Xeyr, Cioran liberal demokratiyanın müdafiəçisi olmadı, lakin müəyyən formada dünya komediyasından zövq almağı öyrənmiş olmalı idi – əslində, kosmik müvəffəqiyyətsizliyin quyusunu qazmağa şövqlə qarışdı. Cioranın sonrakı düşüncəsi, terminin tam mənasıyla joyous desperation, yəni şən ümidsizlik (Cioran özünü şən bir pessimist [un pessimiste joyeux] olaraq görürdü) adlandırılacaq xüsusi xarakter sərgiləyirdi. Eyni nümunə, təkrar-təkrar: bir şey qorxunc, dümbədüz bərbad, yenə də müəyyən formada o bərbadlıq içində ortaya çıxır, xilasının toxumları burada yatırdı. Həyat dözülməz ola bilər, yuxusuzluq qatildir, daxili sıxıntı (le cafard) yavaşca içinizi gəmirib durur, yenə də yazaraq öhdəsindən gələ biləcəyiniz bir şeydir bu. Cioran "ifadə edilmiş hər şey daha xoş qarşılana biləndir," – deyə elan edirdi. Yazmaq, bu işi görənlərə görə hərəkət edən və onların həyatlarını daha dözülən edən görkəmli cadugərlikdir. Mənfi olan şey əsla saf hal almaz – onu çürüdən bir şey vardır daima; hər fəlakət mümkün olduğu qədər öz qurtuluşunu öz içində daşıyır.

Cioranın son dövr yazılarında ən çox maraq oyandıran şey onun siyasi tənqidçi mövqeyidir. "Tarix və Utopiya"da "İki Cəmiyyət Cinsi Barədə (Uzaqdakı Bir Dosta Məktub)" adlı hissə vardır. Bu mətn əslində bir məktub olaraq yazılmış, ilk olaraq 1957-ci ildə La Nouvelle Revue Française-də nəşr olunmuşdur. Dəmir Pərdənin ardında rahatca yaşayan "uzaqdakı dost" əslində rumın filosof Constantin Noicanın məhz özüdür. Cioran bu məktubunda hər zamanki kimi, Şərq Avropada Sovet Rusiyanın qurduğu siyasi rejimi, mühüm bir fəlsəfi düşüncəni rişxənd mövzusu etmək üçün iynələyirdi. "Sizin rejiminizə edilə biləcək zülümlərin ən böyüyü," – deyə yazırdı, "qurumların və xalqların özlərini yeniləmə qanunu olan utopiyanı məhv etməsidir". Cioran yerləşmə və davamlılıq üçün rus tanklarına ehtiyacı olan bir rejimi dəstəkləyə bilmirdi. Belə bir kommunist siyasi rejim, kommunist düşüncənin özünü çoxdan öldürmüşdü.

Daha da mühümü, bununla belə, Cioran eyni məktubda Qərbi də az qala eyni şiddətlə tənqidə məruz qoyurdu. Bu məktubda "Xoş qarşılanmayacaq iki cəmiyyət cinsiylə qarşı-qarşıyayıq," – deyə yazırdı. "Dəhşətli olan şey də, sizinkindəki sui-istifadələrin buradakına öz sui-istifadələrini gücləndirmə; öz alçaqlıqlarını müvəffəqiyyətlə orada işlənən alçaqlıqlara qarşı çıxarma fürsəti verməsidir". Qərb, sivilizasiyası "xilas etdiyi" üçün heç zaman lovğalanmamalıdır. Geriləmə onsuz da olduqca irəliləmiş vəziyyətdədir Ciorana görə, (müəyyən ehtimal) görünüşlər istisna, artıq heç nə xilas edilə bilməz. İki "cəmiyyət cinsi" olmasına baxmayaraq, bunlar bir-birindən fərqli deyildirlər. Son təhlildə, bu, sadəcə nüans məsələsidir:

Rejimlər arasındakı fərqlilik, göründüyündən azdır; siz zorakı yalnızsınız, biz məcburiyyətsiz yalnızıq. Cəhənnəm ilə həzin cənnət arasındakı məsafə o qədərmi böyükdür? Bütün cəmiyyətlər pisdir; amma bunun dərəcələri olduğunu qəbul edirəm. Əgər bu cəmiyyəti seçdimsə, bundan betərinin nüanslarını ayrıd edə bildiyim üçündür.

Bütün o analitik və stilistik keyfiyyətlərinə baxmayaraq, Cioranın məktubu siyasi səhvə çevrildi. Həmsöhbəti, Rumıniyanın şəhərkənarı seqmentlərində gözə batmamağa çalışan Constantin Noica, yazışmaları ciddi qəbul edərək oxuma vərdişinə sahib idi və Cioranın mətnləri Noica-nı özünə aid iti fəlsəfi təcrübə ilə cavab vermək üçün təşviq etdi. Noica eyni zamanda son dərəcə saf bir insan idi. Esseni tamamladıqdan sonra, Parisdəki dostuna göndərdi və zərfi gərəkdiyi kimi küçədəki məktub qutusuna atdı. Bu qarşılıqlı xəbərləşmə, ölkənin bütün məktub qutularının üzərindəki barmaq izlərini əlində saxlayan Rumıniya gizli polisinin gözündən qaçmamışdı. Lakin bu adların fəlsəfi anlayışları bir az fərqli idi, nəticə olaraq isə Nioca buna qarışdığı üçün, bir neçə il siyasi həbslə bunun əvəzini ödəmək məcburiyyətində qaldı. Cioran, dostunun tutularaq həbs edilməsinə dair xəbərləri öyrənincə, doğrudan nə qədər də dibsiz bir müvəffəqiyyətsizlik olduğuna çaş-baş qalmalıdır. Nə olursa-olsun, müvəffəqiyyətsiz olmadan dayana bilmir insan.

***

M. Cioran 20 iyun 1995-ci ildə öldü. Bununla belə, ölməmişdən əvvəl çoxdan (həyatdan) ayrılmışdı. Son bir neçə il idi ki, Alzheimerdən əziyyət çəkirdi, Parisdəki Broca Xəstəxanasında həkimlərin nəzarətindəydi. Belə bir sondan açıq şəkildə qorxduğu üçün, intihar etməyi planlaşdırmışdı. Cioran və uzun müddət həyat yoldaşı olan Simone Boué birlikdə öləcəkdilər, eynilə Koestler ailəsi kimi. Lakin xəstəlik daha sürətli davrandı, plan müvəffəqiyyətsiz oldu və Cioran ölümlərin ən alçaldıcısı olan, illərcə süründürən xəstəlikdən öldü. Başlanğıcda əziyyət verən tək-tük əlamətlər vardı: bir gün Cioran şəhərdən evinə dönərkən, evinin yolunu tapa bilmədi; mükəmməl gəzgin olan Cioran yolları ovçunun içi kimi bilirdi. Daha sonra xatirələrindən bəzilərini bir-bir itirdi; özünə dair dəqiq bir idrakı varmış kimi də görünmürdü. Möhtəşəm yumor anlayışını aşkar şəkildə itirirdi. Bir gün küçədə yoldan keçən biri Ciorandan "Sizin Cioran olma ehtimalınız varmı görəsən?" – deyə soruşdu. Cioranın cavabı isə belə oldu: "Əskidən idi o." Lakin bu əlamətlər artdıqca artdı və gedərək ciddiləşdi: Cioran narahatedici nisbətdə unutmağa başladı, o qədər ki müşahidə altında saxlanılmağa başlandı. Nəticədə sözlər onu yanıltmışdı: dövrünün ən parlaq yazıçılarından olan Cioran artıq bir çox əsas şeyləri adlandıra bilmirdi. İndi isə növbə zehinində idi. Nəhayət özünün kim olduğunu da tamamilə unutdu.

Son, uzun iztirab prosesinin bir nöqtəsində, qısa müddətli aydınlıq anında Cioran öz-özünə pıçıldadı: "C'est la démission totale!" (Budur, tamamilə çəkilirəm!) Bu, çox böyük və ən yüksək müvəffəqiyyətsizlik idi. Cioran müvəffəqiyyətsizliyin nə olduğunu idrak etməyi yenə bacarmışdı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR