Dostoyevski və ata qatilliyi (3-cü hissə)

Ziqmund Freyd

Elmi-kütləvi

İsteriya əlamətlərinin uğradığı məna dəyişikliklərinin qarışıqlığına yad olmayan bir şəxs, bu başlanğıcdan hərəkət edərək, Dostoyevskinin tutmalarının mənasını qavramağa cəhdin mümkün olmadığını başa düşəcəkdir. Tutmaların daha sonra göstərdiyi bütün irəliləmələrdə başlanğıcdakı mənanın dəyişikliyə uğramadan qaldığını demək kifayətdir. Dostoyevskinin atasını öldürmək niyyətinin əmələ gətirdiyi qəbahətlilik duyğularından heç vaxt xilas ola bilmədiyini qəti tərəddüd etmədən deyə bilərik. Bu duyğular onun ata əlaqəsinin son sözü dediyi iki başqa sahədəki mövqeyinə, yəni dövlət gücünə və Tanrı inancına qarşı göstərdiyi mövqeyi də müəyyən etmişdir. Dostoyevski birinci sahədə “Atamız” deyə adlandırılan və onunla bir vaxtlar həqiqətən ölüm komediyası oynayan (halbuki tutmalar eyni komediyanı sadəcə bir oyun kimi dilə gətirmişdir) Çara sonda tam itaətlə bağlanmışdır. Burada peşman olub tövbə etmənin üstün gəldiyi görünür. Halbuki Dostoyevskinin din sahəsində daha böyük bir sərbəstliklə hərəkət etdiyi məlumdur.

Əlimizdəki etibarlı məlumatlara görə, Dostoyevvski son nəfəsinə qədər inanc ilə ateizm arasında çabalamışdır. Onun üstün zəkası inancın ortaya çıxardığı düşüncə məşəqqətlərini görməməzlikdən gələ bilməməsinə yol açmışdır. Dostoyevski dünya tarixindəki irəliləmənin fərddə yenidən ortaya çıxması yolu ilə, İsa idealı içində qəbahətlilikdən xilas olaraq azadlığa qovuşmağa ümid edirdi. Hətta o, İsaya bənzər bir rol oynaya bilmək səlahiyyətini özündə tapmaq üçün çəkdiyi iztirablardan istifadə edə biləcəyini düşünmüşdür. Ümumiyyətlə, Dostoyevskinin azadlığa qovuşmayaraq mürtəce vəziyyətinə düşməsinin səbəbini bəşər övladında əksər hallarda rast gəlinən və din duyğusunun əsasını təşkil edən övlad qəbahətliliyinin onda fərdüstü bir səviyyəyə qalxmasında və yüksək zəkasına baxmayaraq, keçilməz bir şey kimi qalmasında axtarmaq lazımdır. Bunları yazarkən psixoanalizin tərəfkeşlik göstərməməsinin vacibliyi tələbinə əməl etməklə yalnız bəlli bir dünyagörüşün tərəfkeşliyi baxımından haqq qazandırıla biləcək ittihamlara hədəf olacaq bir vəziyyətə düşdüyümüzün fərqindəyik. Bizim yerimizdə hansısa mühafizəkar olsa, Böyük İnkivizitorun tərəfini tutaraq, Dostoyevskini başqa bir formada mühakimə edərdi. Bu etiraz yerindədir. Bunun müqabilində, vəziyyəti yüngülləşdirmək üçün Dostoyevskinin qərarının nevrozdan meydana çıxan ideoloji bir dayandırma ilə müəyyən edilmiş kimi göründüyü deyilə bilər yalnız.

Dünya ədəbiyyatının ən böyük üç əsərinin (Sofoklun “Tiran Edip”i, Şekspirin “Hamlet”i və Dostoyevskinin “Karamazov qardaşları”) eyni məsələni, yəni Ata Qatilliyini işləməsi təsadüf olaraq açıqlana bilməz. Üstəlik, bu üç əsərdə də həmin davranışın mənbəyi, yəni bir qadın üzündən meydana çıxan cinsi düşmənçilik açıq şəkildə ortaya qoyulmuşdur.

Bunların ən barizinin qədim yunan nağılından götürülən faciədə dilə gətirildiyinə şübhə edilə bilməz. Burada cinayəti törədən faciə qəhrəmanının özüdür. Amma yumşaltmadan və görüntü dəyişikliyinə məruz qoymadan mövzunu şeir baxımından ələ almaq mümkün deyil. Analizin sonunda bizim əldə etdiyimiz nəticənin, yəni Ata Qatilliyinə yönəlmiş bir niyyətin bariz şəkildə olduğu kimi qəbul edilməsi və bundan əvvəl təhliledici hazırlıqların edilməməsi mümkün deyildir. Bu yunan faciəsi törədilmiş cinayəti bir tərəfə qoymamaqla yanaşı, qəhrəmanın şüur-xarici motivlərini özünə yad bir taleyin əmri formasında həyata yansıdaraq, gərəkli yumşaltmanı ustalıqla həyata keçirir. Qəhrəmanın gördüyü iş, istəyərək edilmədiyi kimi, qadının təsiri altında qalaraq da edilməmişdir. Lakin qadının təsiri məsələsində müəyyən bir vəziyyət yaradılmış və ana kraliçanı əldə edə bilməsi üçün, qəhrəmanın atasını simvolizə edən canavarın üzərində eyni işi təkrar etməli olmuşdur.

Cinayəti ortaya çıxdıqdan və şüur sahəsinə gəldikdən sonra, qəhrəman özünü təmizə çıxarmaq üçün heç nə etməmiş və tale zərurəti kimi saxta bir üzrə müraciət etməyə cəhd göstərməmişdir. Qəhrəmanın törətdiyi cinayət qəsdən işlənmiş bir cinayət kimi qəbul edilmiş və cəzalandırılmışdır. Məntiq nöqteyi-nəzərindən bunu bəlkə də haqsız görə bilərik, lakin psixoloji baxımdan bunda heç bir haqsızlıq yoxdur.

“Hamlet”də vəziyyətin daha dolayı yolla dilə gətirildiyini görürük. Cinayəti törədən qəhrəmanın özü deyildir. Cinayət başqası tərəfindən işlənmişdir və onun baxımından Ata Qatilliyi sayıla bilməz. Bu səbəbdən, qadın üçün duyulan gizli cinsi rəqabət motivinin başqa formaya salınmasına gərək qalmamışdır. Bundan əlavə, başqasının törətdiyi cinayəti öyrəndiyi zaman bu məlumatın ona göstərdiyi təsir sayəsində, qəhrəmanın Edip kompleksini açıq şəkildə görə bilirik. Bu cinayətin intiqamını gərək alsın, amma bunun əlindən gəlmədiyini təəccüb içində dərk edir. Hamletin əl-qolunu bağlayan şeyin qəbahətlilik hissi olduğunu bilirik. Lakin nevroz proseslərinə uyğun olaraq, qəbahətlilik hissinin öz yerini, etməli olduğuna nail olmayacağının dərkinə verdiyini görürük. Qəhrəmanın bu qəbahətliliyi fərdüstü bir şey kimi qəbul etdiyini göstərən əlamətlər vardır. Başqalarına da özü kimi dəyər vermir.

“Karamazov Qardaşları”nda isə bu istiqamətdə addım atıldığı nəzərə çarpır. Bu romanda da cinayət başqası tərəfindən işlənmişdir. Amma onun öldürülən şəxslə əlaqəsi, romanın qəhrəmanı Dmitrininki kimi ata-oğul əlaqəsidir. Bu başqasının vəziyyətində cinsi rəqabət motivi açıq şəkildə qəbul edilmişdir. Digər tərəfdən, qəhrəmanın qardaşı olan cinayətkara, Dostoyevskinin öz xəstəliyini, yəni epilepsiya kimi irəli sürülən xəstəliyi yükləməsi və beləliklə də, sanki, nevroz və epilepsiyalı tərəfinin, Ata Qatilliyi xarakteri daşıdığını açıqlamaq istəyir kimi davranması diqqət çəkəndir. Belə ki, məhkəmə prosesi zamanı edilən müdafiədə psixologiyaya lağ edilir; “Psixologiya iki üzlü bir bıçaq kimidir”. Bu həqiqətin gizlənişindən başqa bir şey deyildir. Çünki Dostoyevskinin vəziyyəti necə gördüyünü yaxşıca anlamaq istəyiriksə, deyilənlərin əksini düşünmək kifayətdir. Əslində, istehza obyekti olması gərəkən, psixologiya deyil, məhkəmə istintaqlarının üsuludur. Cinayətin həqiqətən kim tərəfindən işlənməsi mühüm şey deyildir. Psixologiya bu cinayəti kimin düşündüyü və istədiyini, kimin cinayətin işlənməsindən sevinc duyduğunu araşdıraraq tapmaq istəyir. Bu baxımdan onlara heç bənzəməyən Alyoşa bir yana, Karamazov qardaşlarının hamısı impulslarına qapılan zövq düşkünü, şübhəli mütəfəkkir və epilepsiyalı günahkar qəbahətlidir. “Karamazov Qardaşları”nın bir səhnəsi, xüsusilə izahedici bir məna daşıyır. Dmitri ilə danışdığı zaman Zossima, onun ata qatili olmağa hazırlaşdığını dərk edərək ayaqlarına qapanır. Bunu heyranlıq hissinin dilə gəlişi kimi şərh etmək mümkün deyildir. Bu davranışın tam bir xristian olan Zossimanın qatildən nifrət və ona dəyər verməmə meylinə düşməsinin qarşısını almaq istəyini dilə gətirdiyini və bu səbəbdən qatilin qarşısında özünü alçatdığını deyə bilərik.

Həqiqətən də, Dostoyevski cinayətkarlara qarşı sərhəddsiz yaxınlıq hiss edir. Bu hiss cinayət törətmiş bir zavallıya qarşı bəslənən şəfqət duyğusundan çox, keçmiş əsrlərdə dəlilərə və epilepsiyalılara qarşı bəslənən “müqəddəs qorxu”ya bənzəyir. Dostoyevskinin gözündə hər hansı bir cinayətkar, sanki başqalarının yüklənmək məcburiyyətində qalacağı qəbahəti üzərinə götürmüş xilaskardır. Bu cinayətkar insan öldürdüyü üçün digərinin cinayət törətməsi lazım deyil artıq. Çünki o, bu cinayəti törətməsəydi, bəlkə də başqası törətmək məcburiyyətində qalacaqdı. Bu, sadəcə şəfqət hissi deyil, bir-birini xatırladan öldürmə meylləri üzərində təməllənən eyniləşmədir. Daha doğrusu, yerindən sürüşmüş bir narsizimdir. Bəlkə də (burada duyğunun əxlaqi dəyərini müzakirə etmirik) ümumi olaraq, yaxınlıq hissinin mexanizmi, qəbahətlilik hissi ilə yüklənmiş bir yazar olan Dostoyevskidə asanlıqla gördüyümüz bu ruhi mexanizmdən fərqsizdir. Eyniləşdirmə yolu ilə ortaya çıxan bu yaxınlıq hissinin Dostoyevski tərəfindən bu və ya digər mövzunun seçilməsində qəti şəkildə müəyyənedici olduğuna şübhə edilə bilməz. Dostoyevski əvvəlcə bayağı cinayətkarlarla (bu cinayətkarları idarə edən motivlər yalnız eqoizmdən doğulan motivlərdir) və siyasət ilə din sahəsində cinayət törətmiş şəxslərlə məşğul olmuş və yalnız həyatının sonlarına doğru, əsas cinayətə, yəni Ata Qatilliyinə qayıdaraq, bunu bir sənət əsərində ürəyini boşaltmaq məqsədilə istifadə etmişdir.

Dostoyevskinin ölümündən sonra nəşr olunmuş yazıları və arvadının gündəliyi həyatının müəyyən bir dövrünü, yəni Almaniyada qumar oynama ehtirasına qapıldığı dövrü geniş işıqlandırmışdır. Bu qumar düşkünlüyünü patoloji ehtiras düşkünlüyü kimi görməmək mümkün deyildir.

Amma bu maraqlı davranışı ağıla yatan bir hala salmaq üçün müxtəlif səylər də göstərilmişdir. Nevroz xəstələrində adətən rast gəlindiyi kimi, Dostoyevskinin qəbahətlilik duyğusu da altından çıxa bilmədiyi ağır bir borc formasına bürünmüşdü. Borcu olduğunu bəhanə edərək, qumar masalarının başından ayrılmır və Rusiyaya qayıtdığı zaman borcluların tərəfindən həbs etdirilməməsi üçün pul qazanmağa çalışdığını irəli sürürdü. Amma bu, bəhanədən başqa bir şey deyildi. Belə ki, Dostoyevski bunun bir bəhanə olduğunu anlayacaq qədər iti zəkalı və açıqlayacaq qədər də namuslu bir insandı. Əslində, mühüm olanın oyun oynamaq üçün oynamaq (le jeu pour le jeu) olduğunu bilirdi. Ağıl-xarici motivləri dilə gətirən bu davranış başqa şeyi də ifşa edirdi. Dostoyevski, son qəpiyinə qədər uduzmadan rahat olmurdu. Dostoyevski üçün qumar da bir növ özünü cəzalandırma üsulu idi. Gənc arvadına artıq heç vaxt qumar oynamayacağı və ya hansısa bir gün qumar masasının yanına yaxınlaşmayacağı məsələsində namus sözü verir, amma bu sözünün üstündə heç vaxt durmurdu. Qumar üzündən pulsuz qalaraq özünü və arvadını faciəvi bir vəziyyətə saldığı zaman da, bundan patoloji bir məmnunluq əldə edirdi. Arvadının qarşısında özünü alçaldıb gülünc hala salır; arvadının onu alçatmasını və günah işləməkdən imtina etməyən bir adamla ailə qurduğu üçün ona yazığı gəlməsini istəyir, vicdanına çökən yükü beləliklə atdıqdan sonra yenidən keçmiş həyatına qayıdırdı. Dostoyevskinin gənc arvadı özünü bu vəziyyətə öyrəşdirmişdi. Çünki həqiqi xilas ümidini yaradan tək şeyin (yəni Dostoyevskinin əsər yazmasını) əllərində nə varsa, hamısını itirdikdən və bütün əşyalarını girov verdikdən sonra hər zamankından daha yaxşı baş verdiyini bilirdi. O, bu iki vəziyyət arasındakı əlaqəni anlaya bilməmişdi, təbii ki. Halbuki, özünə verdiyi cəzalarla qəbahətlilik duyğusunu məmnuniyyətə çatdırdığı zaman əsəri üzərindəki mane zəifləyir və Dostoyevski uğura aparacaq yolda bir neçə addım atmaq icazəsini özünə verə bilirdi.

Qumarbazın unudulub getmiş uşaqlığının görəsən hansı hissəsi oyun aludəçiliyində özünü yenidən ortaya qoyur? Bunun cavabını gənc yazıçılarımızdan Stefan Sveyqin bir hekayəsindən almaq çətin deyil. Dostoyevskini də araşdırmış Stefan Sveyqin “Die Verwirrung der Gefühle” (“Duyğu Qarışıqlığı”, 1927) adı altında topladığı üç hekayəsi arasında, özünün “Vierundzwanzig Stunden aus dem Leben einer Frau” (“Bir qadının iyirmi dörd saatı”) adlandırdığı bir hekayə var. Bu kiçik şahəsər qadının nə qədər məsuliyyətsiz bir məxluq olduğunu və gözlənilməz bir həyatın onu (özü də heyrət etdiyi halda) hansı ifratlara sürükləyə biləcəyini göstərir. Amma bu hekayədə başqa bir şey də ifadə edilir. Psixoanaliz baxımından şərh etsək, hekayənin başqa bir şey, yəni universal olaraq humanist, daha doğrusu, kişisayağı bir şey açıqladığı görünür.

Belə bir yozum açıqlıq xarakteri daşıdığı üçün özünü zorla qəbul etdirir. Bununla yanaşı, yaradıcılığın bir xüsusiyyəti də yaradıcı yazarın, bəhs edilən psixoanaliz üsulu ilə əldə edilən nəticələrin fərqində olmaması və onları həyata keçirmək məqsədini güdməməsidir. Belə ki, yaxın dostum olan Stefan Sveyqə bu hekayə barəsində fikirlərimi dedikdə, belə bir şeyi heç düşünmədiyini bildirdi. Halbuki hekayədəki bir çox detal sanki gizli bir həqiqəti danışmaq üçün ortaya qoyulub.

Bu hekayədə yaşlı bir xanım, iyirmi beş il əvvəl başına gələn bir hadisəni müəllifə danışır. Qadın hələ gənckən iki oğlan uşağı ilə dul qalmışdır. Amma uşaqların ona ehtiyacları yoxdur artıq. Həyatdan heç nə gözləməyən qırx iki yaşlı bu qadın, məqsədsiz səfərlərindən birində Monte Karlo qumarxanalarına baş çəkir. Qumarxanaların ona göstərdiyi təsir altında, şanssız bir oyunçunun bütün hisslərini açıq şəkildə dilə gətirən bir cüt əl xüsusilə diqqətini çəkir. Gənc şanssız aktyor (müəllif bu gənci, sanki təsadüfi, qadının böyük oğlu ilə eyni yaşda bir şəxs kimi tanıdır) ümüdsizlik içində çölə çıxır və özünü öldürmək məqsədilə qumarxananın həyətinə yönəlir. Ona qarşı dərin bir yaxınlıq duyan qadın onun dalınca gedir və onu xilas etmək üçün əlindən gələni edir. Oğlan, qarşısındakını, bu cür yerlərdə tez-tez rast gəlinən narahat qadınlardan biri sanaraq başından etməyə çalışır. Amma qadın onun yanından ayrılmamalı olduğunu düşünür və heç yadırğamadan onun qaldığı otelə gedərək gecəni onunla birlikdə keçirir. Bu gözlənilməz eşq gecəsindən sonra, qadın bir qədər səngimiş oğlandan qumarı atacağı barədə qəti söz alır və evinə geri qayıtması üçün gərəkli pulu da verdikdən sonra gənci görmək üçün qatarla hərəkət edəcəyi saatda vağzalda olacağını deyir. Amma qadın, gəncə qarşı böyük bir yaxınlıq hiss etməyə başlayır; ondan ayrılmamaq üçün hər fədakarlığa dözməyə və onu yola salacağı halda, onunla birlikdə getməyə qərar verir. Lakin müxtəlif çatışmazlıqlar qadının gecikərək qatarın hərəkət saatında vağzalda ola bilməməsinə səbəb olur. Sevgilisini düşünərək qumarxanaya qayıtdığı zaman, bu qədər yaxınlıq hiss etməsinə yol açan o bir cüt əli yenidən görüb təəccüblənir. Oğlan sözünü tutmayaraq qumar masasının başına qayıtmışdır. Qadın gəncə verdiyi sözü xatırladır, amma qumar ehtirasından gözü dünyanı görməyən gənc qadını təhqir edərək dərhal çıxıb getməsini istəyir və verdiyi pulu sifətinə çırpır. Qadın kədərli halda oranı tərk edir və müəyyən müddət sonra gəncin canına qıydığını öyrənir.

Uğurlu təhkiyəsi olan və ustaca yazılmış bu hekayənin qüsursuz olduğuna və oxucu üzərində dərin təsir qoyduğuna şübhə edilməsi mümkünsüzdür. Lakin hekayəni təhlil etsək, yazılma əsasında bir çox adamın şüurlu şəkildə xatırladığı bir istəyin, yəni yetkinlik çağında meydana çıxan xəyali bir istəyin olduğu müşahidə edilir. Bu istək masturbasiyanın qorxunc pisliklərindən xilas olmaq üçün, bir oğlan uşağının cinsi həyata anasının vasitəçiliyi ilə alışdırılmasını gözləməsi formasında ortaya çıxan bir xülyadır (phantasy). (Necə ki, xilas mövzusuna toxunan müxtəlif sənət əsərlərinin əsası da budur). Masturbasiya “düşkünlüyü”nün yerinə qumar ehtirasının qoyulması və əllərin həyəcan dolu hərəkətliliyinin bu əsası ələ verdiyini müşahidə edirik. Həqiqətən də, qumar oynama ehtirası masturbasiya meylinin həmdəyəridir. Necə ki, uşaq baxımından cinsi orqanların əlləşdirilməsi “oynamaq” kəliməsiylə ifadə edilir. Bu meylin qarşısının alınmazlığı, ardından verilən qəti sözlər (bu sözlər heç vaxt yerinə yetirilməz), sərsəmlədici zövqlər və özünü israf etdiyini idda edən qəbahətlilik duyğusu (canına qəsd etmək) kimi bütün elementlər, bəhs edilən hekayədə əvəzetmə (substitution) prosesi ərzində dəyişikliyə uğramadan qalmışdır.

Sveyqin hekayəsinin oğul tərəfindən deyil, ana tərəfindən danışıldığı doğrudur. Oğulun bu formada düşünməsi bəlkə də daha xoşuna gəlmişdir: “Anam masturbasiya üzündən hansı təhlükələrə girdiyimi bilsə, bütün şəfqətimi öz vücudu üzərinə tökməyimə icazə verərək məni onlardan mütləq xilas edərdi”. Hekayədəki gəncin qadını fahişə kimi görməsi yenə də eyni xülya ilə əlaqəlidir. Əldə edilməsi mümkünsüz qadın beləcə asan şəkildə ələ edilə bilən qadına döndərilmişdir. Xülyanı müşaiyət edən qəbahətlilik duyğusu hekayənin kədərli bir formada sona çatmasına yol açmışdır. Yazarın hekayəyə qazandırdığı sərt üzün, psixoanalizin ortaya çıxardığı mənanı necə gizlətməyə çalışdığını görmək də maraqlıdır. Çünki qadının cinsi həyatının birdən ortaya çıxan anlaşılmaz impulsların hakimiyyəti altında olduğunu irəli sürmək çətindir. Tam tərsinə, psixoanaliz eşqdən uzaqlaşmış vəziyyətdə olan bu qadının təəccüblü davranışını izah edəcək həqiqi motivləri ortaya çıxarmaqdadır. Ölmüş ərinin xatirəsinə bağlı olan bu qadın, özünü müxtəlif meyillərə qarşı mübarizə aparacaq vəziyyətə gətirmişdir, amma bir ana kimi, oğluna ötürdüyü eşqdən (bu ötürmə dərk edilmədən baş vermişdir) xilas olmamış və müdafiəsiz qaldığı bu nöqtədə taleyi onu ələ keçirə bilmişdir.

Qumar vərdişi, bu vərdişi tərk etmək üçün sərf edilən uğursuz səylər və təmin etdiyi özünə cəza vermə imkanları ilə birlikdə, masturbasiya meylinin təkrarıdırsa, bu vərdişin Dostoyevskinin həyatında çox mühüm yer tutmasına təəccüblənməmək lazımdır. Çünki hansısa yüksək dərəcəli nevroz yoxdur ki, ilk uşaqlıq və yetkinlik çağlarının avto-erotik məmnuniyyətinin təsirini əks etdirməsin. Digər tərəfdən, bu məmnuniyyəti aradan qaldırmaq səyi ilə atadan qorxu arasındakı əlaqə açıq şəkildə məlumdur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR