Kommunikasiya vasitələri və cəmiyyət

Doğan Cüceloğlu

Elmi-kütləvi
Photo

Soğan Cüceloğlu Türkiyənin tanınmış alimlərindən biridir. O, fərdi və sosial psixologiya sahəsində ən mürəkkəb problemləri araşdırır, həmin problemlərin həlli üçün düzgün və real yollar tapmağa çalışır.

D.Cüceloğlu Mersində anadan olmuş, İstanbul universitetinin psixologiya fakültəsini bitirmiş, ABŞ-da linqvistik psixologiya üzrə doktorluq dərəcəsi aldıqdan sonra bir müddət öz ölkəsinin müxtəlif universitetlərində (Hacəttəpə, Boğaziçi) dərs demişdir. 1980-1996-cı illərdə Kaliforniyadakı Fulerton universitetində çalışmışdır. Sonra öz ölkəsinə dönərək, intensiv yaradıcılığla məşğul olmağa başlamışdır. “İnsan və davranışı”, “İçimizdəki uşaq”, “Bir qadın, bir səs”, “Qorxu mədəniyyəti” və s. kimi kitabların müəllifidir.

İnsan elə bir varlıqdır ki, yalnız ünsiyyət prosesində mövcud ola bilir, buna görə də düşünmək və düşüncəsini çatdırmaq qabiliyyəti ictimai həyatın bünövrəsini təşkil edir. İnsanın hiss və fikirlərini böluşmək imkanının məhdudlaşdırılması, yaxud genişləndirilməsi onun həyat tərzinin dəyişməsinə səbəb olur. Bizim dövrümüz həmin mübadilə imkanının genişlənməsinə və bunun nəticəsində baş verən dəyişikliyə parlaq sübutdur. Bu dəyişiklik saysız informasiyalar və işarələrin meydana gəlməsindən və onların geniş bir sahəyə yayılmasından doğmuşdur. Heç bir texniki ixtira informasiya texnikasının inkişafı qədər insanların həyat tərzinə, fərdlərin şüuruna və ictimai davranışa təsir göstərə bilməmişdir. Kutləvi kommunikasiya vasitələri sahəsində tanınmış Amerika ekspertlərindən biri olan Taqer bu məsələ barədə yazır: “Əvvəllər nəsildən – nəslə şifahi şəkildə ötürülən biliklər yazı ixtira olunduqdan sonra kitab vasitəsilə ötürülməyə başladı. Mətbəənin yaranması və savadsızlığın aradan qaldırılması müasir sənayeləşmiş cəmiyyətin əsasını təşkil edən informasiya mübadiləsinin meydana gəlməsinə səbəb oldu. İndi biz elə bir dövrdə yaşayırıq ki, dünyanın bütün nöqtələri kosmik peyklər vasitəsilə bir – birinə bağlanmışdır. Hazırda hər hansı ölkədə baş vermiş istənilən hadisədən dəqiqələrlə ölçülən bir zaman müddətində bütün dünya xəbər tuta bilir. Cəmiyyətin modernləşməsi və mürəkkəbləşməsi ilə bərabər insan əlaqələrinin sayı da artmışdır. Biz hər gün yüzlərlə əlaqədən toxunmuş əlaqələr torunda yaşayırıq. Hesablanmışdır ki, böyük bir şəhərdə yaşayan hər bir fərd gündə orta hesabla 1500 informasiya alır, başqa sözlə desək, hər bir nəfər gündə orta hesabla 1500 dəfə bir nəfərin diqqətini özünə cəlb edir”.

İbtidai cəmiyyətlərdə insanlarla yalnız bədənin fiziki gücünün imkanları çərçivəsində əlaqə qurmaq mümkün olurdu. Yəni hər bir fərd özündən o qədər də uzaqda olmayan, onunla bir kənddə yaşayan qohumları, dostları və qonşuları ilə ünsiyyətə girə bilirdi. Kutləvi ünsiyyət vasitələrinin inkişafı əlaqə hüdudlarını genişləndirdi və kənd, şəhər, ölkə çərçivəsindən kənara çıxan əlaqələrin qurulmasını mümkün etdi. Maraqlı burasıdır ki, bu gün insan çox vaxt onunla bir binada yaşayan qonşusunun anasının vəfatından xəbər tutmur, lakin dünyanın o başında hansısa musiqiçinin avtomobil qəzasına düşdüyünü bilir!

Mədəniyyət necə təkamül etdi?

İbtidai cəmiyyətlərdə bir kənddə, bir məhəllədə yaşamağın böyük mənası vardı. Və yəqin bilirsiniz ki məhəllənin şərəf və ləyaqəti üstündə dava-dalaş da olurdu. Bu gün isə şəhərin, hətta ölkənin müxtəlif nöqtələrində yaşayan insanlar tərəfindən yaradılmış cəmiyyət və təşkilatlarda üzvlük adamları bir – birinə yaxın və ya uzaq edir. Bir məhəllədə yaşamağın (həmyerli olmağın) sanki daha heç bir mənası yoxdur.

Görəsən, ünsiyyət imkanlarının bu cür genişlənməsi ötəri bir xüsusiyyətdən xəbər verir, yoxsa daimi bir dəyişiklikdən? Amerika psixoloqu Alvin Toffler elmi və texniki inkişaf sürətinin zaman ölçülərini araşdırmışdır. Toffler yazır ki, insanların yer üzündə mövcudluğunu sübut edən sənədlərin tarixi əlli min il bundan öncəyə gedib çıxır. Əgər “ömür vahidini”ni 62 il fərz etsək, həmin əlli min ilin səkkiz yüz ömür vahidindən (və ya nəsildən) ibarət olduğunu söyləyə bilərik. Bu səkkiz yüz nəslin son vahidində baş vermiş kəşflər, ixtiralar, elmi və texniki yeniliklər ondan əvvəlki nəsillərdə əmələ gəlmiş dəyişikliklərə bərabərdir. Bəşəriyyət altı yüz əlli nəsil ərzində mağaralarda yaşamış və yalnız son yetmiş nəsil ərzində yazıdan istifadə etmişdir. Çap maşınlarından təkçə son altı nəsil ərzində, elektrik mühərriklərindən isə son iki nəsil ərzində istifadə olunmuşdur. Bəşəriyyət yalnız özünün səkkiz yüzüncü nəslində ilk dəfə elə bir cəmiyyət yaratmışdır ki, orada sənayeyə kənd təsərrüfatından daha artıq əhəmiyyət verilir. Bu vaxta qədər cəmiyyətin yetmiş, yaxud səksən faizi kənd təsərrüfatı ilə məşğul olurdu və insanları güclə doyuzdururdu. Halbuki bu gün əhalinin maksimum on beş faizi kənd təsərrüfatı ilə, səksən beş faizi isə sənaye, ticarət, təhsil və idarəetmə işləri ilə məşğuldur və bu vəziyyət ərzaq baxımından heç bir problem doğurmur. Beləliklə, insanlar öz təbii ehtiyaclarını ödəmək üçün bütün günlərini fiziki fəaliyyətə həsr etmək zərurətindən xilas olmuş və ticarət, sənaye, təhsil, incəsənət və elm sahəsində məşğuliyyət imkanı qazanmışlar. Məşğuliyyət sahəsindəki bu dəyişiklik ünsiyyət imkanlarını artırmış, kommunikasiya vasitələrinin inkişafı isə ticarət və sənətin fəaliyyət hüdudlarını genişləndirmişdir. Ünsiyyət imkanlarının genişlənməsi ictimai həyata yeni ölçülər bəxş etmiş kütləvi kommunikasiya vasitələrində özünü parlaq şəkildə göstərir.

FƏRDLƏRARASI VƏ KÜTLƏVİ KOMMUNİKASİYA

Fərdlərarası unsiyyət adresant ilə adresatın (bilgini göndərənlə alanın) üzbəüz söhbəti şəraitində baş verir. Kutləvi kommunikasiyada isə adresantla adresat bir yerdə olmurlar. Qəzetlər, jurnallar, kino, radio və televiziya kütləvi kommunikasiyanın vasitələridir və bu vasitələrin köməyilə müəyyən adresant geniş bir zaman və məkan çərçivəsində çoxsaylı adresatlarla ünsiyyətə girir. Bundan əlavə, fərdlərarası unsiyyətlə kutləvi kommunikasiya arasında reaksiya, şərait, məhdudiyyətlər və təsir baxımından da fərqlər mövcuddur. Fərdlər arasındakı üzbəüz dialoqda reaksiya birbaşa və ani olur: adresatın sözlərindən, üzündən, səsinin ahəngindən və fiziki durumundan onun bizim dediklərimizə reaksiyasının necəliyi aydınlaşır. Halbuki kutləvi kommunikasiyada reaksiya qeyri-müstəqim və gecikmiş xarakter daşıyır, bir sıra hallarda, ümumiyyətlə, mövcud olmur. Qəzetdə və ya jurnalda yazısı çap olunmuş muəllif, çıxışı televiziya ilə yayılan natiq yalnız sonradan aldığı məktublar, telefon zəngləri və sair kimi yollarla reaksiyanı müəyyənləşdirir. Filmin muəllifi kino tənqidçilərinin məqalələri və tamaşaçıların rəyləri əsasında reaksiyanı öyrənir. Başqa sözlə, fərdlərarası kommunikasiyada ünsiyyətin ikitərəfli olması labüd və zəruridir, kütləvi kommunikasiyada isə belə bir zərurət yoxdur və o, yalnız birtərəfli öturmə şəklində də baş verə bilər.

Fərdlərarası kommunikasiya yaxın əlaqədən doğan məhrəm atmosferdən tutmuş son dərəcə rəsmi bir şəraitə qədər ən müxtəlif vəziyyətlərdə reallaşa bilər. Yəni o, misal üçün, həm səmimi ailə mühitində, həm də iki müəssisə arasında əməkdaşlıq barədə rəsmi danışıqlar şəraitində baş verə bilər. Kütləvi kommunikasiyada şərait baxımından bu cür müxtəliflik və rəngarənglik yoxdur; bu ünsiyyət yalnız formalaşmış, strukturu və qaydaları müəyyənləşmiş bir şəraitdə reallaşa bilər. Buna görə də yazıçı və ya televiziya proqramının aparıcısı öz mənzilində həyat yoldaşı ilə söhbət vaxtı sözlərdən necə istifadə etməsinə diqqət yetirmədiyi halda, yazdığı məqalədə, yaxud televiziyadakı çıxışında belə bir diqqətin zəruriliyini hiss edir.

Həsəd dövrü: Hamının xoşbəxt olduğu dövrdə necə həsəd aparmamaq olar?

Fərdlərarası kommunikasiyada ünsiyyətə girən insanların sayı məhdud olur, kütləvi kommunikasiyada isə əlaqələrin sayı demək olar ki, qeyri-məhduddur. Qəzet, jurnal, film, radio və televiziya vasitəsilə göndərilən informasiyanın dinləyici və ya oxucusunun sayının maksimal həddini texniki imkanlar müəyyənləşdirir. Müasir kommunikasiya vasitələrinin texniki imkanları isə son dərəcə yüksək səviyyəyə qalxmışdır. Əgər biz özümüz yalnız bizimlə bir otaqda və ya bizə yaxın məsafədə olan məhdud sayda adamlara sözümüzü çatdıra biliriksə, radio və televiziyanın köməyi ilə həmin sözü milyonlarla insana çatdırmaq imkanı qazanırıq.

Araşdırmalar göstərir ki, fərdlərarası ünsiyyət mövqeyi dəyişmək, kütləvi kommunikasiya isə informasiya vermək işində səmərəlidir. Başqa sözlə, insanda yeni mövqe formalaşdırmaq və ya onun əvvəlki mövqeyini dəyişmək baxımından üzbəüz canlı dialoq, tədris və bilgi vermək sahəsində isə kütləvi kommunikasiya daha təsirlidir.

KÜTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİ VƏ SOSİAL – MƏDƏNİ DƏYİŞİKLİKLƏR

Kütləvi kommunikasiya vasitələri cəmiyyətin dəyişməsində rol oynayırmı? Kütləvi kommunikasiya vasitələri sosial həyata və mədəniyyətə hansı baxımdan təsir göstərir? Bu sualları cavablandırmaq düşünüldüyü qədər də asan deyil. “Cəmiyyətin dəyişməsi” dedikdə, fərdlərin fikir və hisslərinin müəyyən yöndə dəyişməsini nəzərdə tutsaq, onda birinci suala həm “hə”, həm də “yox” cavabı verə bilərik. Əgər cəmiyyətdə kütləvi kommunikasiya vasitələrinə nəzarət edən şəxslər və müəssisələr konkret istiqamətdə dəyişiklik tərəfdarı olsalar və öz fəaliyyətlərini bu məqsədə yönəltsələr, zaman keçdikcə həmin yöndə dəyişikliklərin baş verməsi mümkündür. Ona görə “mümkündür” deyirik ki, cəmiyyətin dəyişməsi təkcə kütləvi kommunikasiya vasitələrinə bağlı deyil. Burada çoxsaylı siyasi, hərbi və iqtisadi ünsürlərdən təşkil olunmuş mürəkkəb amillər öz təsirini göstərir və hər bir millətin siyasi baxışlarını, iqtisadi vəziyyətini, mədəniyyətini, təhsil sistemini müəyyənləşdirirlər.

Əgər ictimai dəyişiklik konkret istiqamətlə əlaqələndirilməyib “hər hansı dəyişiklik” mənasında götürülsə, onda yuxarıdakı birinci suala asanlıqla “hə” cavabı vermək olar. Çünki kütləvi kommunikasiya vasitələri hökmən müxtəlif yönlərdə “dəyişiklik” doğurur.

Kütləvi kommunikasiya vasitələri cəmiyyətin sosial, iqtisadi və siyasi strukturundan təcrid olunmuş şəkildə araşdırıla bilməz. Misal uçun, inkişaf etmiş sənaye ölkələrindəki kommunikasiya vasitələri ilə inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdəki kütləvi ünsiyyət vasitələri arasında bir çox cəhətdən böyük fərqlər var. Cəmiyyətin iqtisadi inkişaf səviyyəsindən əlavə, onun idarəçilik üsulu da kütləvi kommunikasiya vasitələrindən istifadənin formalarını müəyyənləşdirir. Nəzərə alınmalı cəhətlərdən biri də budur ki, kütləvi kommunikasiya vasitələrinə kim rəhbərlik edir: əgər dövlət rəhbərlik edirsə, onların təsiri bir cür, iqtisadi maraqlar güdən özəl sektor rəhbərlik edirsə, başqa cür olur…

Kapitalizm sənin seks həyatını necə məhv edir

Bu gün sosial inkişaf bütün millətlərin ümumi məqsədinə çevrilmişdir. Müxtəlif irqə və dinə mənsub olan xalqlar surətli iqtisadi və ictimai inkişaf proqramlarını həyata keçirməklə məşğuldurlar. Bir vaxtlar sənaye inqilabından kənarda qalmış və dünyanın üçdə ikisini təşkil edən inkişaf etməkdə olan ölkələr bu istiqamətdə daha geniş fəaliyyət göstərirlər. Nə üçün bu ölkələrin çoxu əvvəllər inkişafa belə can atmırdı? Nə üçün sosial inkişaf indi xalqların ən mühüm qayğılarından birinə çevrilib?

Bunun səbəblərindən biri, heç şübhəsiz, informasiya və ünsiyyət imkanlarının genişlənməsidir. Məhz bu imkanların genişlənməsi sayəsində müxtəlif xalqların başçıları və ziyalıları inkişaf etmiş ölkələrlə daha yaxın tanışlıq əldə ediblər. Sənayenin nailiyyətlərindən əlavə, radio, telefon, televiziya və s. kommunikasiya vasitələri inkişaf etmiş ölkələrin həyat tərzini göz önündə canlandırır. Başçılar və ziyalılar yeni ictimai həyatın təsirinə məruz qaldıqları kimi, onların həmvətənləri də baş vermiş dəyişikliklərin təsiri altında kənddən şəhərə üz tutur, şəhər həyatını öyrənib uyğun təbəddülata uğrayırlar.

Əhalisi ənənəvi mədəniyyət şəraitində yaşayan kəndə daxil olan kiçik bir tranzistor dünyaya açılan pəncərə rolunu oynayır və kəndlə dünya arasında əlaqə yaradır. Kəndə gələn ilk radioqəbuledici öz sahibinə sosial nüfuz qazandırır. Onun qonşusu başa düşür ki, onunla birgə çox şeylərdən xəbər tuta bilər və radio sahibinin evinə sərbəst gedib-gələ bilmək üçün onunla münasibətlərinə xüsusi diqqət yetirir. Bəlkə də çoxumuz kəndə ilk dəfə gələn radioqəbulediciyə kəndlilərin reaksiyasını müşahidə etməmişik. Lakin yaxşı yadımızdadır ki, televizorun az olduğu vaxtlar camaat verilişlərə baxmaq üçün çayxanalara toplaşır, yaxud məhz bu məqsədlə televizoru olan evlərə qonaq gedirdilər.

Kəndə gələn hər bir radio, alınan hər bir televizor, oxunan hər qəzet və jurnal cəmiyyəti əvvəlkindən qat – qat geniş bir dünyaya bağlayır və ənənəvi həyat tərzinə təsir göstərməyə başlayır. İqtisadi inkişafı həyata keçirmək üçün isə ənənəvi mədəniyyət qoynunda böyümüş insanların baxışlarında və davranış tərzində köklü dəyişiklik etmək lazımdır. Con Kondlif kommunikasiya vasitələri ilə sosial inkişafın əlaqəsinə dair araşdırmalarının nəticələrini belə ümumiləşdirir: “Baxışların dəyişməsindən doğan inkişaf birbaşa iqtisadi inkişafla nəticələnmir; bu baxışlar iqtisadi bir stimula çevrilməlidir. Stimul – dəyərlərin dəyişməsi mənasındadır. Əgər bir ölkə uşaqların təhsili sahəsində fədakarlıq göstərməyə hazır deyilsə, həmin ölkədə iqtisadi inkişaf asanlıqla həyata keçə bilməz. İqtisadi inkişafa nail olmaq üçün cəmiyyət üzvlərinin təhsili və rifahı, məsələn, təmtəraqlı toy etmək kimi özünü göstərmək hallarından, yaxud işsiz oturmaqdan üstün tutulmalıdır”.

İctimai dəyərlər və rollar dəyişikliyə müqavimət göstərirlər; buna görə də sosial inkişaf tədricən həyata keçən iqtisadi – ictimai bir dəyişiklikdir. Kütləvi kommunikasiya vasitələrinin humanitar aspektlərinə dair araşdırmaları ilə tanınan Frederik Harbison yetmiş beş ölkənin inkişaf təcrübəsini öyrəndikdən sonra belə qənaətə gəlir: “Hər bir millətin inkişafı hər şeydən əvvəl, onu təşkil edən fərdlərin inkişafına bağlıdır. Öz fərdlərinin potensial qüvvəsini reallaşdırmayan və onları həvəsləndirməyən millət mədəni və ya siyasi sahədə heç bir baxımdan inkişafa nail ola bilməz. İnkişaf etməmiş ölkələrin əsas problemi təbii ehtiyatlarının azlığı deyil, insan ehtiyatlarının azlığıdır. Buna görə inkişafa can atan hər bir millət əvvəlcə öz insan ehtiyatlarını qiymətləndirməyə və inkişaf etdirməyə çalışmalıdır; başqa sözlə, əvvəlcə öz təhsil sistemini təkmilləşdirməli və öz fərdləri üçün cəmiyyətə fayda vermək imkanı yaratmalıdır. Eyni zamanda milləti təşkil edən fərdlərin mənəvi və fiziki sağlamlığı inkişafın ilkin şərtlərindəndir”.

Xoşbəxtliyə çatmağın mürəkkəb ancaq ağıllı yolu

Fikrimizcə, insanın potensial qüvvəsinin reallaşması ilə kommunikasiya vasitələri və təhsil arasındakı əlaqə o qədər aydındır ki, heç bir şərhə ehtiyac yoxdur. Beləliklə, kommunikasiya vasitələri sosial inkişafın bünövrəsində özünəməxsus mühüm yer tutur.

KÜTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİNİN ÜÇ ƏSAS FUNKSİYASI

Əgər sənayeləşmiş cəmiyyətləri və inkişaf yoluna yenicə qədəm qoymuş ölkələri araşdırsaq, kütləvi informasiya vasitələrinin üç əsas funksiya daşıdığını görərik. Hərçənd sənayeləşmiş cəmiyyətlərdə kütləvi informasiya vasitələri bu funksiyaları mürəkkəb bir şəkildə yerinə yetirirlər, yenicə inkişaf yoluna çıxmış ölkələrdə isə həmin funksiyalar sadə şəkildə və aşağı səviyyədə həyata keçirilir. Qeyd olunan əsas funksiyalar aşağıdakılardır:

1. Ayıltmaq funksiyası

Kütləvi kommunikasiya vasitələri insanları xarici hadisələrdən olduğu kimi, daxili proseslərdən də xəbərdar edir. İnkişaf etmiş cəmiyyətlərdə bu funksiyanın reallaşması sayəsində şəhərli kəndliyə, kəndli isə şəhərliyə diqqət yetirməyə başlayır. Şəhərli kəndlinin əmək şəraitinin modernləşməsi zərurətini anlayıır, kəndli də yol, su, elektrik kimi imkanlara malik olmağın gərəkliyini başa düşür. Bu vaxta qədər dövlətin varlığını yalnız vergi məmuruna və polisə müraciət zamanı hiss edən kəndli indi siyasi həyata fikir verməyə başlayır. Artıq vergi məmuru və polisdən savayı, muəllimlər, aqronomlar, yol mühəndisləri, melioratorlar da dövlətin varlığını kəndliyə göstərirlər.

Beynəlxalq səviyyədə də inkişaf etməmiş ölkələr güclü dövlətlər qarşısında öz maraqlarını daha yaxşı qorumaq üçün birliklər yaradırlar. Beləliklə, dünənə qədər seyrci mövqeyində duran dövlətlər indi dünyanın siyasi həyatına təsir göstərməyə başlayırlar. Başqa sözlə desək, inkişaf etməkdə olan ölkələrin daxili və xarici üfüqləri genişlənir, kütləvi kommunikasiya vasitələri də “inkişaf etmiş üfüqlərdən” xəbər tutmaq və bu xəbəri çatdırmaq vəzifəsini öz öhdəsinə götürür.

2. Öz müqəddəratının həllində iştiraka cəlb etmək funksiyası

Kütlələrin dəstəyi olmadan inkişaf cəhdləri uğurla nəticələnə bilməz. Buna görə də mühüm qərarların qəbulunda xalqın dəstəyinə arxalanmaq lazımdır. Həmin dəstəyin ən əlverişli forması xalqın qərar qəbulunda iştirakıdır. Yuxarıda deyildiyi kimi, modernləşmə, cəmiyyətdəki baxış və dəyərlərin dəyişdirilməsi sosial həyatda müəyyən fərdlərin mövcudluğunu nəzərdə tutmalıdır. İnkişafın reallaşması üçün əhali yeni məqsədləri özününkü saymalı, yeni məsuliyyətləri qəbul etməli, münasibət normalarını gözləməlidir. Bütün bunlar fərdləri başa salmağı və onları çəkindirməyi zəruri edir; idarə edənlərin idarə olunanlara və əksinə informasiya göndərdikləri “şaquli” kanalların mövcudluğu ilə yanaşı, idarə olunanların özləri arasında rabitə yatarmaq üçün “üfüqi” əlaqə kanallarının qurulmasına ehtiyac yaranır. Beləliklə, problemlər bütün cəmiyyətin problemləri kimi, həll yolları da cəmiyyətin seçdiyi həll yolları kimi bütün fərdlərin diqqət mərkəzində dayanır.

3. Öyrətmək funksiyası

Sosial inkişaf üçün çalışan hər bir fərd daim yeni məlumatlar və yeni imkanlar öyrənməklə məşğuldur. Bütün ölkə bir məktəbə, cəmiyyətin hər bir üzvü isə şagirdə çevrilir. Kəndli kənd təsərrüfatı texnikasından istifadəni, öz məhsulunu şəhərə çatdırmağın ən yaxşı yollarını öyrənir, şəhərli də bu zaman istehsalı artırmaq metodlarını, nəqliyyat vasitələrinin çoxalması şəraitində yaşayıb işləmək və geri qalmamaq yollarını öyrənməklə məşğul olur, qadın isə arvadlıq və analıq vəzifələrini ictimai əməklə məqsədəuyğun şəkildə əlaqələndirmək üsullarını mənimsəyir. Kişi artıq ailə büdcəsinin formalaşmasında iştirak edən qadını özunə bərabər bir məqamda görməyə alışır. Bu dəyişikliklər bütün fərdlərin həyatında özünü göstərir. Kütləvi kommunikasiya vasitələri isə bu geniş “öyrənmə prosesinə” təkan verir, onun davamlı olmasını təmin edir və həmin prosesdə fərdlərə yol göstərir.

Kommunikasiya imkanlarının genişlənməsi bir tərəfdən cəmiyyətin çoxsaylı problemlərinin həlli yollarını göstərir və sosial inkişafın fundamental ünsürlərindən birinə çevrilir, digər tərəfdən isə ictimai həyata yeni problemlər əlavə edir.

KÜTLƏVİ KOMMUNİKASİYA VASİTƏLƏRİNİN DOĞURDUĞU BƏZİ PROBLEMLƏR

Kütləvi kommunikasiya vasitələrinin inkişafı nəticəsində fərdlər istər – istəməz onların təsiri altına düşür, öz qavrayışlarını kütləvi kommunikasiya mərkəzlərində qabaqcadan hazırlanmış qəliblərin çərçivəsi ilə məhdudlaşdırırlar. Bu gün televiziya reklamları, moda jurnalları, siyasi cərəyanların şüarları fərdə atadan, anadan, ailədən və məktəbdən artıq təsir göstərən bir qüvvəyə çevrilmişdir. Kütləvi informasiya vasitələrinin təsiri altına düşmüş fərd özü öz problemlərini dərk etmək məqamından çıxır və güclü kommunikasiya mərkəzləri ona təlqin edir ki, o, hansı problemlərə malikdir və ya malik olmalıdır.

Kommunikasiya vasitələrinin inkişafından doğan problemlərdən biri də kiçik bir qrupun kommunikasiya vasitələrini ələ keçirməyə və bu yolla cəmiyyətə hakim olmağa can atmasıdır. Məlumdur ki, əksər ölkələrdə siyasi partiyalar televiziya proqramlarına çox həssaslıqla yanaşırlar. Hər bir siyasi partiya televiziyaya yalnız öz ideyalarının və həyat fəlsəfəsinin inikası vasitəsi kimi baxır və bu reallaşmayana qədər öz tənqidini davam etdirir. Siyasətçilərin bu fəaliyyətinin arxasında kütləvi kommunikasiya vasitələrinin əhaliyə təsirini anlamaq dayanmışdır.

Başqa bir problem insanın tənhalığı ilə əlaqədardır. Burada zahirən bir ziddiyyət vardır – biz həm kommunikasiya vasitələrinin inkişafı sayəsində insanların bir – biri ilə ünsiyyətə girməsinin asanlaşmasından, həm də bu inkişaf nəticəsində insanların bir – birinə və cəmiyyətə yadlaşmasından, daha çox təklənməsindən danışırıq. Halbuki insanların ünsiyyəti artdıqca, onlar keçmişdəkindən daha az tənhalığa düçar olmalı idilər.

Bu mənada ünsiyyət imkanları bu qədər genişlənmiş insanın tənhalığından danışmaq qəribə görunə bilər.

Əslində kütləvi ünsiyyət vasitələrinin inkişafı ilə fərd özündən və cəmiyyətdən ayrılıb uzaqlaşır. İntensiv və mürəkkəb əlaqələr fərdin həyatındakı isti və yaxın dostluq münasibətlərini aradan qaldırır və onların yerini standartlaşmış və səthi münasibətlər tutur. Keçmişdə insan məhdud əlaqələr çərçivəsində özunə etibarlı dostlar tapır, onları özünə yaxın bilir, dərdini onlarla bölüşürdü: indi isə o, elə bir vəziyyətə düşür ki, hətta problemlərini dilə gətirməkdən çəkinir.

Gündəlik əlaqələrin sayının artması fərdlərarası münasibətlərin dərinliyini azaltmış, istiliyi soyuqluqla, daimiliyi ötəriliklə əvəz etmişdir. Məhz bu səbəbdən sənayeləşmiş cəmiyyətlərdə alkoqolizm və intihar faizinin artması təsadüfi bir hal deyildir.

Əlbəttə, deyilənlərdən bu nəticəyə gəlmək olmaz ki, sənayeləşmiş cəmiyyətlərdə hamı tənhadır. Kommunikasiya vasitələrindən şüurlu şəkildə isifadə edənlər onların köməyi ilə daha geniş, çoxölçülü, dərin mahiyyətli əlaqələr qura bilərlər. Eyni zamanda hər bir fərd yeni imkanlardan faydalanaraq, seçdiyi şəxslərlə yaxın və dərin münasibətlərə girə bilər, halbuki ənənəvi mədəniyyət şəraitində yalnız qohumlar və qonşularla bu cür münasibətlər qurmaq mümkün idi.

Mənbə: mesiha.blogspot.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR