Herman Hesse-nin kitabxananız üçün təklif etdiyi seçmə kitablar

Ədəbiyyat

Bəşər mənəviliyinin ən qədim və sayğılı abidələrindən başlayırıq – müqəddəs rəvayət və əlyazmalardan. Hamımıza məlum olan Bibliyayla yan-yana biz kitabxanamıza qədim Hindistan müdrikliyinin “Upanişadlar“ başlığı altında toplanan “Vedantalar”ını qoyuruq. Bu bölmədə Buddanın təlimlərinə də yer var, Qədim Babilin bizə bəxş etdiyi nəhəng eposu, ölümlə mübarizəyə qalxan qəhrəman “Gilqameş“i də götürəcəyik. Qədim Çindən Konfutsinin söhbətləri, Lao çzi-dən “Dao de çzin“i və Çjuançzinin heyranedici pritçaları bəs edər. Bu əsərlərdə qədimi ədəbiyyatın bütün əsas mövzuları işlənib: Əhdi-Ətiqdə və Konfutsinin düşüncələrində ifadə olunan nizama və qanuna can atma, Hindlilərın düşüncələrində və Əhdi-Cədiddə təsvir edilən yerüstü günahlardan xilas olmağın ruhani axtarışları, narahat və qarmaqarışıq dünyanın o tayındakı əbədi harmoniyaya duyulan inanc, təbii və ruhi qüvvələr qarşısında iradi təslimiyyət və bununla birgə allahların sadəcə simvolik olduğunun, həyatın əzab və sevincinin, zəifliyin və gücün yalnız insanın öz əllərində olduğunun aydın, bəzənsə tutqun duyumu. Söz sənətinin genişliyi, hərtərəfli ifadəsi, varlığımızın mahiyyətində döyünən hüzn və ona qarşı yaranan təskinliyin və yumorun bütün yönləri, dünyayla bağlı təməl mühakimələrimiz artıq bu azsaylı kitablarda təsvir edilib. Seçdiyimiz bu qədimi kitabların yanına istəsək əski Çin lirikasını da əlavə edə bilərik.

Tarixin ən dahi filosoflarından biri - Konfutsi kim idi?

Kitabxanamızı yığarkən Şərqin daha yaxın dövrlərinin əsəri olan, dünyada ən zəngin illüstrasiyalı və bitib-tükənməz həzlərlə dolu toplu nağıllardan ibarət “Min bir gecə”siz keçinmək olmaz. Dünyanın bütün xalqları nağıllar yaradıblar, ancaq təkcə bu möcüzəvi kitab bizim kolleksiyamıza hələ ki yetər, sonralar bu bölümü Qrimm qardaşlarının topladığı alman xalq nağıllarıyla zənginləşdirəcəyik. Fars lirikası antologiyası da arzuolunandı, hər halda Ömər Xəyyam və Hafiz dilimizə tez-tez çevrilir.

Keçirik Avropa ədəbiyyatına. Antik poeziyanın ecazkar zənginliyi arasından, təkcə Homerin Qədim Yunanların həyat və yaşam atmosferindən bəhs edən hər iki poemasını seçməklə kifayətlənmirik, buraya qədim dünyanın üç böyük traqikini – Esxil, Sofokl və Evripidi də əlavə edirik; ardınca lirik şeirlər kolleksiyası olan “Palatin antologiyası” nı. Yunan müdrikliyi dünyasına nəzər saldıqda bir məqamla bağlı məyusluq bürüyür bizi: Elladanın ən görkəmli və təsirli müdriki olan Sokratın həyatı və düşüncələrini məcburuq ki, digər mütəfəkkirlərin əsərlərindən parça-parça əldə edək, xüsusən də Platon və Ksenofantdan. Onun həyatı barəsində daha geniş, əhatəli, dəyərli məlumatlardan ibarət külliyat bizimçün böyük lütf olardı. Filoloqlar bu işlə məşğul olmağa həvəs göstərmir, çünki asan deyil. Sözün əsl mənasında filosofları mən bu kitabxanaya yığmayacağam, ancaq kolleksiyamız özündən sonra möhtəşəm avropalı komiklər pleyadasının yaranmasına rəvac verən Aristofansız kasad görünər. Plutarxın, bu qəhrəmanə bioqrafiyalar ustadının bir-iki cildi bəs edər, həmçinin satirik Lukianın kitabxanamızda olmasının heç bir zərəri yoxdu. Ancaq bizim kitabxanamızda deyəsən bir önəmli kitab çatışmır axı: Qədim yunan tanrıları və qəhrəmanları barədə miflər. Belə seçmələr bizdə çox deyil. Qustav Şvabın, əski, gözəl miflərin dərin olmasa da, parlaq rəngli təsvirlərindən ibarət “Qədim dünyanın klassik rəvayətləri” kitabını götürmək olar.

Həqiqət axtarışını həyatıyla ödəyən filosof- Sokrat

Romalılar arasından mən həmişə tarixçi-şairləri tərcih etmişəm; istənilən halda Horasini, Verqilini və Ovidini götürəcəyik, onların sırasında Tasit və Svetoniy də olacaq, həmçinin Petroniyin Neron epoxasının əxlaqından bəhs edən komik romanı “Satirikon”u və Apuleyin “Qızıl eşşək”i. Hər iki roman Roma imperiyası zamanı antik dünyanın çöküşünü təsvir edir. Roma dekadansının bu həssas və skeptik kitablarına qarşı latın stilinin digər şedevrini, fəqət artıq sonrakı kulturaya, digər mənəvi dünyaya – erkən xristianlığa aid olan əsəri, Müqəddəs Avqustinin “Etiraflar”ını təklif edirəm. Bununla da Antik Romanın nisbi sakitliyi öz yerini daha gərgin atmosferin öhdəsinə buraxır və orta əsrlər dövrü başlayır.

Lap son dövrlərədək hamının “Qaranlıq çağ” adlandırdığı orta əsrlərin mənəvi dünyası bizim ata-babalarımız tərəfindən yetəri qədər maraq görmədiyi üçün, indi əlimizdə o dövrün əsərlərinin tərcüməsi cüzi saydadı. Ancaq tək dəyərli istisnanı – Paul fon Vinterfeldin “Latın orta çağının alman şairləri” adlı fövqəladə əsərini çox istərdim ki, kitabxanamıza daxil edək. Dantenin “İlahi komediya”sı – orta əsrlər ruhunun bu möhtəşəm zirvəsi hələ də yaşayır. Doğrudu, onu ciddi şəkildə oxuyan və bilənlər çox azdı, italyanlar, filoloq alimlər ona daha yaxşı bələddilər, bu aydındı, fəqət yenə də bu əsər bizim ümumi kulturamızı, mənəvi mahiyyətimizi təsirləndirməkdə davam edir. Bu min ildə bir dəfə ortaya çıxan nadir əsərlərdəndi.

Albert Eynşteynin 5 ən sevimli kitabı

Bizə yaxın dövrlərin qədim italyan ədəbiyyatından əsas nümunə kimi Bokkaçonun “Dekameronu”nu götürəcəyik. Şöhrətli, eyni zamanda da hekayələrdəki ədəbsizliklər ucbatından adı bədnam olan bu novellalar toplusu müasir Avropa nəqletmə ənənəsinin əsas əsəridir; o əski italyanca, parlaq və canlı dillə yazılıb və dəfələrlə digər xalqların dilinə tərcümə olunub. Bokkaçonun davamçılarına gəldikdəsə, ondan sonraki üç əsr ərzində eyni üslubda yazılan novellalar az deyil, lakin onların heç biri “Dekameron” səviyyəsinə yüksələ bilmədi. Ancaq yenə də onlardan bir neçəsini kitabxanamıza ala bilərik, örnək olaraq Paul Ernest tərəfindən yığılan novellalar toplusunu. Daha sonrakı davamçıların, xüsusən Vilandın ənənəsini davam etdirəcəyi, məftunedici obrazlar və hiyləgər icadlarla dolu, ecazkar romantik labirint “Qəzəbli Roland” in müəllifi, Renessans dövrünün digər italyan hekayəçi-şairi Ariostosuz da keçinə bilmərik. Bu əsərlə yan-yana Petrarkanın sonetlərini qoyuruq və Mikelancelonun, öz epoxasının digər şedevrləri arasında qürurla və ləyaqətlə durmağı bacaran kiçik şeirlər kitabçasını da əsla unutmuruq. İtalyan Renessansının atmosferini canlı təsəvvür etmək üçün Benvenuto Çellininin bioqrafiyası çox mühümdü. Bu mərhələdən sonra yaranan İtalyan ədəbiyyatı bizi az maraqlandırır, hərçənd Qaldonidən iki-üç komediya, Karlo Koççinin nağılvarı pyesləri, on doqquzuncu əsrdənsə Leopardi və Karduççinin valehedici lirikası bizə bəs edər.

Orta əsrlərin ən gözəl əsərləri fransız, ingilis və almanların xalq yaradıcılığı olan qəhrəmanə nağıllar, hamısından öncə də Kral Arturun cəngavərliyi barədə əfsanələrdi. Bir zamanlar bütün Avropada sadə xalq arasında yayılan bu nağıllar sonralar “Alman xalq nağılları” toplusuna yığıldı və bu kitab da bizim kolleksiyamızda əhəmiyyətli yer tutmağa layiqdi. Bu kitab gərək “Nibelunqlar barədə nəğmə” və “Kudrun”la yan-yana dursun, hərçənd sonuncuyla müqayisədə bu kitab əzəli vəziyyətindəki kimi deyil, sonralar müxtəlif dillərə tərcümə olunduqca yayğın sujetlərə çevrilmişdi. Provansal trubadurlar haqda yuxarıda söhbət açmışdıq. Onların ardınca Valter fon der Voqelveydin şeirlərini, Strasburqlu Qotfridin “Tristan və İzolda”sını və Volfram fon Eşenbaxın “Parsifal”ını, eynilə cəngavər-minnezinqerlərin şeir toplusuyla birgə ürəkaçıqlığıyla kolleksiyamıza qəbul edirik. Bax, beləcə orta əsrlərin sonuna gəldik. Xristian-latın ədəbi üslubu solğunlaşdıqca, əfsanə yaradan xalq mənbələri quruduqca Avropa ədəbiyyatında yeni üslublar, mövzular doğulmağa başladı: formalaşmağa başlayan milli dillər yavaş-yavaş latın dilini sıxışdırdı və İtaliyada Bokkaçodan bəri başlayan, monastrsayağı və anonim deyil, müəllifli və şəhərli ədəbiyyat tipi ilk addımlarını atdı.

Həyata dair baxış bucağınızı dəyişdirəcək və təkminləşdirəcək 25 fəlsəfi kitab

Bu dövrdə Fransada yalqız və məğrurcasına yaşayan Fransua Viyon adlı şair vardı, hansı ki, coşqun və qeyri-adi şeirlərinin tayı-bərabəri yoxdur. Fransız ədəbiyyatı dünyasında gəzişdikcə kitabxanamızın onlarsız yarımçıq qalacağını hiss etdiyimiz çoxlu əsərlərlə rastlaşırıq. Montenin heç olmasa bircə dənə esselər cildi, Fransua Rablenin bizə filisterlərə ikrahı və yumoru öyrədən “Qarqantua və Pantaqrueli”i və Paskalın, bu tənha və asketik mütəfəkkirin “Düşüncələr”i, “Provinsiala məktub”u bizə mütləq lazım olacaq. Tragediyalardan Kornelin “Sid” və “Horatsiya”, Rasinin “Fedra”, “Ataliya” və “Berenika”sını götürəcəyik və fransız teatrının ataları və klassikləri olan bu müəlliflərin yanına üçüncü ulduzu da əlavə etmək lazımdı - “Tartüf”ün yaradıcısı, iztehzanın ustası, seçmə əsərlərindən ibarət kitabına mütaliə həyatımız boyunca tez-tez qayıdacağımız komedioqraf Molyeri. Lafontenin təmsilləri və Fenelonun “Telemax”ı da bizim rəfimizdə olmalıdı. Volterin dramları və şeirləri bizim üçün vacib deyil, ancaq onun dünyaya fransız hazırcavablığını və zərafətini göstərən parlaq nəsrindən iki-üç cild götürməliyik, öncə də ən əsas “Kandid”i və “Zadiq”i. Ancaq Fransız ədəbiyyatı, həmçinin onun inqilabi qolu çox genişdi, buna görə də kitabxanamızı Bomarşenin “Fiqaronun toyu” və Russonun “Etirafları”yla zənginləşdirəcəyik.

Ancaq deyəsən biz Lesajın kələkbaz, məftunedici romanı “Jil Blaz”ı və abbat Prevonun riqqətli sevgi romanını “Manon Lesko”nu unutduq. Keçirik fransız romantikasına və onun davamçıları olan böyük romançılara. Bu cərəyanla bağlı yüzlərlə dəyərli kitab adı çəkə bilərik, fəqət ən təkrarsız və orijinal olanlarla kifayətlənəcəyik. Başlanğıc üçün Stendalın “Qırmızı və Qara”, “Parma monastrı”nı seçirik, bu romanlarda baş verən hadisələr boyunca coşqun qəlblə soyuq məntiq arasında gedən savaşın incə təsviri, ədəbi yaradıcılığın tamamilə yeni növünü yaradıb. Bodlerin “Şər çiçəkləri”i də bu əsərlər kimi təkrarsızdı. Bu nəhənglərlə müqayisədə cırtdan kimi görünsələr də, Müssenin məlahətli personajlarla dolu şeirlərindən, romantik hekayətçilər Qotye və Myurjedən hansısa kiçik hekayələr də seçə bilərik. Balzakın romanlarından heç olmasa “Qorio Ata”, “Ejeni Qrande”, “Şaqren dərisi” və “Otuzyaşlı qadın” mütləq kitabxanamızda olmalıdı. Bu azğın, çılğın, həyat eşqiylə, reallığın həmləsiylə dolu kitabların yanına Merimenin yüksək ustalıqla yazılmış sənətkəranə, tərtəmiz, şaqraq novellalarını və ən zərif fransız stilistlərindən biri Floberin şedevrlərini - “Madam Bovari” və “Duyğusal tərbiyə”ni əlavə edəcəyik. Zolya bu nasirlərlə müqayisədə bizə görə nisbətən aşağıda durur, ancaq onun “Tələ” və “Abbat Murenin təqsiri” əsərlərinin kitabxanamızda olması bizim mədəni gəlişməmizə yardımçı olacaq. Mopassanın bir neçə novellası iztirablı olsa da, çox gözəldilər. Nəhayət biz yeni dövr fransız ədəbiyyatının sərhədlərinə kimi gəlib çıxdıq, ancaq əlavə olaraq bir neçə sevimli kitabın adını çəkmədən keçmək istəmirəm. Məsələn, şeirlərində bəlkə də bütün fransız poeziyasından daha çox duyğu, hiss bolluğu təsvir olunan Verleni unuda bilmərik.

Maarifçilik dövrünün iki nəhənginin son görüşü: Volter və Didro

İngilis ədəbiyyatıyla tanışlığa Çoserin “Kenterber hekayələri”ylə başlayırıq, bu hekayələrin cövhəri Bokkaçodan alınıb, ancaq üslubunun yeniliyiylə ondan fərqlənir. Çoser ilk həqiqi ingilis şairidi. Onun sırasına Şekspiri qoyuruq, ancaq seçmə əsərlərini deyil, bütün yaradıcılığını. Bizim müəllimlər Miltonun “İtirilmiş cənnət”i barəsində heyranlıqla danışırdılar və tez-tez soruşurlar, biz onu oxumuşuqmu? Yox. O zaman biz də bu sualı verməyəcəyik, hərçənd belə davranış bəlkə də haqsız sayıla bilər. Çesterfildin “Oğluma məktub”u çox ədəbli əsər sayılmasa da, qəbul etmək məsləhətdi. Dünyaya “Qulliver”i bəxş edən dahi irlandlı Conatan Sfivtdən nə tapsaq hamısını oxuyacağıq gələcəkdə: onun geniş ürəyi, acı yumoru və parlaq dühası, bu üstünlüklərlə yan-yana üzə çıxan əcaib qəribəliklərini və bəd aurasını bizim üçün görünməz edir. Daniel Defonun çoxsaylı əsərlərindən yalnız “Robinzon Kruzo” və “Moll Flandersin tarixi” əsəri bizim üçün əhəmiyyətlidi. Bu əsərlərdən etibarən ingilislərin böyük klassik romanları başlayır. İmkan çərçivəsində Fildinqin “Tom Cons” və Smollettin “Pereqrin Piklın macəraları” adlı romanlarını nəzərə almaq lazımdı. Ancaq Sternin, özündə ən incə həssaslıqla, ən heyrətamiz yumoru birləşdirən, əsl ingilis əhval-ruhiyyəsiylə yazılan “Sentimental səyahət” və “Tristram Şendi” romanları mütləq kitabxanamızda olmalıdı.

Ossiandan, bu qədim keltlərin romantik şairindən alacağımız həzzi Hötenin “Verter”ində də tapa bilərik. Bəşəriyyətin yarada bildiyi ən gözəl lirik şeirlərin müəlliflərini - Şellini və Kitsi yaddan çıxarmayaq. Bayrona gəldikdəsə, bu ehtiraslı dahinin mənə bəxş etdiyi şövqlər, sevinclər nə qədər bol olsa da, bizim kitabxanamız üçün onun bircə əsəri, “Çayld Haroldun sərgərdanlığı” poeması bəs edər. Hörmət xatirinə qoy, Valter Skottun hansısa tarixi romanı, örnək üçün “Ayvenqo” olsun bizdə. Anormal əhvalla yazılan, talesiz sənətkar De Kuinsinin “Opiomanın etirafları” da olsun. Makoleyin ən azından bir cildlik esseistikası vacibdi. Karleylin ələmli “Qəhrəmanlar”ından əlavə, ingilis zəkasının həqiqi itiliyini ifadə etməsi naminə “Sartor resartus”u götürəcəyik. Növbəti yaradıcılar iki böyük romançıdı: “Snoblar kitabı” və “Şöhrətpərəstlik yarmarkası”nın müəllifi Tekkerey və onun ağlağan yaradıcılığına zaman-zaman ədəbi hücumlar edən, ingilis hekayətçiliyinin kralı Dikkens. Onun mərhəmət və əlvan yumorla dolu əsərlərindən ən azı “Pikkviks klubundan qeydlər”ini və “Devid Kopperfildi”i seçəcəyik. Ardıcılları arasında ən dəyərli sənətkar Mereditdi, onun “Eqoist” romanını və imkan olsa “Riçard Feverel”ini oxumaq önəmlidi. Suinbernin zərafət dolu (və demək olar ki, tərcüməolunmaz dərəcədə orijinal) şeirlərini unutmayın. Kitabxanamızda həmçinin Oskar Uayldın bir neçə cildi, bəzi esseləri və ən əsas da “Dorian Qreyin portreti” olacaq.

İrlandiyada körpə uşaqları bişirib yeməyi təklif edən yazıçı : Conatan Svift

Amerika ədəbiyyatından təqdim edilən əsas əsərlər Edqar Alan Ponun dəhşət janrında yazılan psixoloji novellalar toplusu və Uolt Uitmenin qabarıq həyəcanlarla, duyğularla dolu demokratik şeirləridi.

İspan ədəbiyyatından ilk olaraq “Don Kixot”u götürəcəyik: ölümsüz qəhrəmanlardan - xəyali şər qüvvələrlə savaşan gəzgin cəngavərlə, onun gombul silahdaşıyanı Sanço Pansanın macəralarından bəhs edən və bütün dövrlərin ən əzəmətli, valehedici kitablarından birini. Yazıçı mükəmməlliyinin ən dəyərli nümunələrini oxumaq istəyiriksə, bu seçimə Servantesin novellalarını da əlavə edəcəyik. İspan dünyasının “Jil Blaz” sayağı kələkbaz romanlarından birini ayırmaq lazımdı, beləsi az deyil, ancaq mən hər halda qızğın macəralarla və fantastik zəkiliklə əhatələnmiş “Pablo Seqovi”nin üzərində dururam. Uzun və şöhrətli ispan romantikləri sırasından, barokko dövrünün dahi şairi, gah kübar və dəbdəbəli, gah da imanlı və ibrətamiz səhnələr sehrbazı Kalderon bizə yetər.

Holland və Flamand ədəbiyyatından seçdiklərimiz: De Kosterin “Til Ulenşpiqel”i və Multatulinin “Maks Havelaar”ı. Kosterin romanı “Don Kixotun” kiçik qardaşı sayıla bilər, bu flamand xalqının eposudur. “Maks Havelaar” isə həyatının uzun illərini Malay adalarının yerli xalqlarının hüquqları uğrunda mübarizə aparan əzabkeş Multatulinin ən önəmli əsəridir.

Skandinav ədəbiyyatından kitabxanamız üçün ən uyğun əsərlər “Böyük Edda” nəğməsi, islandiya saqalarından biri, örnək olaraq, Eqil skaldı haqqında saqalar, yaxud Artur Bonusun “İslandların kitabı”dır. Yeni dövrün ədəbiyyatındansa Andersenin nağılları, Yakobsenin hekayələri, İbsenin məşhur pyesləri və Strindberqin bir neçə cildliyi önəmlidi, hərçənd son iki yazıçının bizim xələflərimiz üçün çox böyük önəmə sahib olacağını düşünmürəm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR