Heyvan nə dərəcədə empatiya göstərə bilər?

Frans de Vaal

Toplum
Photo

Bir vaxtlar, böyük bir millətin başçısı bəlli mimikalarıyla məşhur idi. Hislərini sanki çətinliklə idarə edərmişcəsinə alt dodağını dişləyir və dinləyicilərinə: “Ağrı-acılarınızı hiss edirəm, bölüşürəm,” söyləyərdi. Bu davranışının səmimi olub-olmaması indiki söhbətimizdə önəmli deyil - önəmli olan, onun başqa insanların çətin vəziyyətindən təsirlənməsidir. Empatiya və ortaq duyğudaşlıq bizim təbiətimizin elə əhəmiyyətli bir parçasıdır ki, bu duyğulardan məhrum olan insanlara dəli ya da təhlükəli insan kimi baxırıq.

Film izləyərkən özümüzü film obrazlarının yerinə qoymadan qala bilmirik. İçində səyahət etdikləri iri gəmilərini batarkən görmək bizi iztiraba düçar edir, onlar, çoxdandır görmədikləri, uzaq qaldıqları sevgililərinin gözlərinə baxanda bizim də içimizə sevinc dolur. Etdiyimiz yeganə iş sadəcə yerimizdə oturub film pərdəsini izləmək olsa da, salondakı hər kəsin gözləri dolur. Hamımız qeyri-ixtiyarı şəkildə empatiyanın nə olduğunu hiss etsək də, ona elmi mövzu kimi xeyli sonralar diqqət edilməyə başlanıldı. Mühüm məsələlər arxasınca qaçan elm adamlarına bu mövzu xeyli yumşaq göründüyündən, bu mövzu da telepatiya və digər fövqəltəbii mövzularla eyni bölməyə atılmışdı.

Dövran dəyişdi və mənim şimpanzelərim, uşaqlarda empatiyanın təzahürləriylə bağlı araşdırmalar aparan Karolin Zan Vaksler məni ziyarət etməyə gələndə, onunçün maraqlı örnək sərgilədilər. Karolinlə Yerkes koloniyasına tamaşa etməyə gəlmişdik. Meymunlar arasında, insanları çox sevən Tai adlı bir dişi meymun var. Hətta, deyərdim ki, öz növündən olan şimpanzelərdən çox bizimlə əlaqəyə can atır. Üzü bu sahəyə istiqamətlənmiş qalada görünən kimi, yüksək səslə məni salamlayır və yanıma qaçır. Mən də daima onunla salamlaşır və söhbət edirəm, o isə oturur və mən gedənə qədər mənə tamaşa edir.

Bəlkə də bu, onlar yox olmamışdan öncə hekayələrini anlatmaq üçün yeganə şansdır

Bu dəfə Karolinlə etdiyimiz söhbətə elə dalmışdım ki, bu sahəyə tərəf gələndə başımı qaldırıb ətrafa nəzər salmadım. Taini görməzdən gəldiyim üçün Karolinlə etdiyimiz söhbət, diqqət çəkici, yüksək və kəskin qışqırıqlarla bölündü. Tai, şimpanzelərin hirslənərkən etdikləri kimi öz-özünə zərbələr vururdu. Bu hadisədən az sonra ətrafına digər şimpanzelər yığıldı, onu qucaqlayır, öpür, təskin etmək üçün sakitləşdirirdilər. Tainin nə üçün bu qədər səs-küy saldığını qəfildən anladım və uzaqdan əlimi ona tərəf uzadaraq həvəsli şəkildə onu salamladım. Karolinə bu şimpanzenin, onu salamlamağı unutduğum üçün, özünü yaddan çıxarılmış hiss etdiyini söylədim. Karolinə bu davranış tanış idi. Çöhrəsi əsəbi, iri bir dişağartmaya bürünmüş Tai durub mənə baxırdı. Nəhayət bir müddətdən sonra sakitləşdi.

Bu hadisənin ən maraqlı tərəfi, Tainin mənim kobudluğuma hirslənməsi deyil, aid olduğu qrupun buna göstərdiyi reaksiyaydı. Bu elə Karolinin uşaqlar üzərində araşdırdığı davranış idi. Digər şimpanzelər Tainin iztirablarını yüngülləşdirməyə çalışmışdılar. Karolin beləliklə, heyvanlar üzərində xüsusi diqqətlə araşdırma aparmağa başlamadan öncə artıq onların bu təbii qabiliyyətinə şahid oldu. Karolin öz araşdırma qrupuyla müxtəlif evlərə gedib uşaqların reaksiyalarını öyrənərkən, ailə nümayəndələrinin üzüntü (ağlamaq), əzab (“ah” səsiylə bağırmaq), ya da fiziki çətinlik (boğulurcasına öskürmək) təqlidi etdiklərində, bir yaşı azca keçmiş uşaqların onları sakitləşdirməyə, rahatlaşdırmağa çalışdıqlarını müşahidə etmişdilər. Bu mərhələ uşaq inkişafının əhəmiyyətli keçid nöqtəsidir: Tanıdıqları bir insanın çətin vəziyyəti onlarda, bu canlının yarasını oxşamaq yaxud ovalamaq kimi qayğı reaksiyası oyadır. Duyğudaşlıq təzahürləri bizim növümüzün bütün nümayəndələrində görüldüyü üçün, bu da, ilk addım atmaq kimi inkişaf göstəricisi hesab edilir.

Empatiya üçün dilə gərək olduğu barədə irəli sürülən fikir əski düşüncə deyil. Nədənsə bir qrup elm insanı dili, insan zəkasının bəhrəsi deyil, qaynağı sayırlar. Bir yaşlı uşağın davranışı dil qabiliyyətinin formalaşmasından daha əvvəl təzahür etdiyi və ona üstün gəldiyi üçün, Karolinin araşdırması empatiyanın dildən daha əvvəl inkişaf etdiyini göstərmişdi. Bu hal, dil qabiliyyəti olmayan canlılar üzərində məcburi şəkildə aparılan heyvan araşdırmaları üçün də keçərlidir. Karolinin araşdırma qrupu, it və pişik kimi ev heyvanlarının da uşaqlara bənzər şəkildə, üzüntü təqlidi sərgiləyən ailə üzvləriylə birgə narahat olduğunu, əndişə hiss etdiyini ortaya çıxardı. Heyvanlar bu insanların yaxınlığında dolaşır, onlarla maraqlandıqlarını göstərən hərəkətlərlə başlarını onların qucaqlarına yaslayırdılar. Uşaqlara tətbiq etdiyimiz meyarla dəyərləndirsək, deyə bilərik ki, heyvanlar da empatiya göstərmişdilər.

Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?

Bu davranış meymunlarda daha diqqət çəkicidir və “təsəlli” kimi adlandırılıb. Təsəllini ölçməyin üsulları bəsitdir: Şimpanzelərimiz arasında baş verən qəfil qovğaların yaranmasını gözləyirik və bu dava-dalaşdan sonra ətrafda dayanan şimpanzelər qovğa bitdikdən sonra dava-dalaşın qurbanına yaxınlaşırlarsa, bunu qeydə alırıq. Ətrafdakı şimpanzelər adətən pis vəziyyətdə olanlara sarılır və onları tumarlayırlar. Ağaca dırmanmağa çalışan bala şimpanzenin sürüşüb düşməsi və qışqırması nadir hadisə deyil. Belə hadisə baş verəndə, hansısa şimpanze tez bir zamanda onu qucağına alır və sakitləşdirməyə çalışır. Binti Juanın (dişi qorilla) Brookfild Zooparkındakı uşağa göstərdiyi reaksiya da eynilə beləydi. Yetkin bir şimpanze rəqibiylə apardığı döyüşdə məğlub olduqdan sonra bir ağacın təpəsinə çıxıb təkbaşına bağırmağa başlayanda, digərləri də ona toxunmaq və onu sakitləşdirmək üçün yanına dırmaşırlar. Təsəlli meymunlar arasında tez-tez müşahidə edilən reaksiyadır. Bu davranışı tanımağımızın əsas səbəbi isə, onu, bizim etdiyimizə oxşar şəkildə həyata keçirməkləridir. Bonobolar arasında isə zaman-zaman hətta seksual təsəlliyə də rast gəlinir.

Empatiya reaksiyası ən güclülərdən biridir, hətta meymunun məşhur banan ehtirasından belə güclüdür. Bunu ilk təsbit edən alim iyirminci əsrin əvvəllərində Yoni adlı gənc bir şimpanze üzərində araşdırma aparan Rus psixoloqu Nadiya Ladigina Kouts olub. Kouts hər gün Yoninin yaramazlıqlarıyla məşğul olmaq məcburiyyətində qalırmış. Yonini evin kümündən aşağı salmağın yeganə yolunun, ondan ötəri əndişə hiss etməyinə təsir göstərmək olduğunu anlayıb:

Gözlərimi yumub ağlıyırmış kimi səslər çıxaranda, Yoni anında öz oyununu ya da digər fəaliyyətlərini yarıda qoyub yanıma qaçır, evin kümü yada qəfəsin tavanı kimi ən yüksək yerlərdən belə böyük həyəcan və üzüntüylə düşüb gəlirdi. Halbuki başqa cür çağıranda, hətta yalvaranda belə onu aşağı endirə bilmirdim. Məni kimin bu hala gətirdiyini anlamaq istərcəsinə tələsik halda ətrafımda dolanırdı; üzümə baxır, çənəmi şəfqətlə əlinə alır, nə baş verdiyini anlamağa çalışırmış kimi barmaqlarıyla xəfif-xəfif üzümə toxunurdu.

Empatiya, ən bəsit tərifinə görə digər fərdin ya da məxluqun vəziyyətindən təsirlənmə biçimidir. Sadəcə bədən hərəkəti formasında belə üzə çıxa bilər. Başqalarının davranışını təqlid edə bilərik. Başqası da eyni hərəkəti edirsə, biz də əllərimizi başımızın arxasına qoyarıq, hansısa toplantıda məsləkdaşlarımıza baxaraq ayağımızı ayağımızın üzərinə aşırarıq, önə ya da geriyə yaslanarıq, saçımızı səliqəyə salarıq, dirsəklərimizi masanın üzərinə söykəyərik və s. Bunları fərqində olmadan edə bilərik, xüsusən də sevdiyimiz insanların yanında. Uzun zaman ərzində bir-biriylə yaşayan cütlüklərin nə üçün bir-birinə bənzədiyini də bu məqamla izah etmək olar. Fiziki halları, davranış şəkilləri, bədən dilləri bir-birinə yaxınlaşmışdır. Bədən təqlidinin gücünü bilən araşdırmaçılar, insanların bir-birinə qarşı duyduqları hislərini yönləndirə bilərlər. Ona verilən təlimatlar əsasında bilərəkdən qəribə bədən hərəkətləri edən bir insan bizdə, etdiyimiz hər hərəkəti rastgələ şəkildə təqlid edən bir insan qədər xoş duyğular oyatmır. İnsanlar “ona qanım qaynadı” deyərkən ya da kiməsə aşiq olarkən, bir-birlərində sezdikləri digər incə cizgilərlə yan-yana, ayaqları açıq ya da qapalı saxlamaq, qolları qaldırmaq ya da qovuşdurmaq kimi bir-birini əks etdirən bədən təqlidlərindən də istər-istəməz təsirlənirlər.

Heyvanlar niyə gülmür?

Uşaq olarkən özümdən asılı olmadan başqalarının bədən hərəkətlərini təqlid edərdim. Xüsusən də idman kimi aktiv fəaliyyətlər zamanı. Bunu özümdə gördükdən sonra basdırmaya çalışdım, ancaq bacarmadım. Voleybol matçı zamanı çəkilən bir fotom var, şəkildə topa vuracaqmış kimi tullanmışam, halbuki həmin anda top böyük qardaşımdadı. Sadəcə onun həyata keçirməli olduğu davranış barədə düşünmüşəm və qeyri-ixtiyari olaraq həmin formada durmuşam. Uşağını bəsləməklə məşğul olan ata-analarda da bu meyl müşahidə edilir. Uşağın ağzına yeməklə dolu qaşığı uzadarkən öz ağızlarını da açır və adətən uşaqla həmahəng şəkildə dil hərəkətləri edirlər. Uşaqlar bir az böyüdükdən sonra, məsələn müsamirələrdə iştirak edərkən, tamaşaçılar arasında oturan valideynləri də onlarla birgə misraları təkrarlayırlar.

Qarşılıqlı cismani həssaslıq heyvanlar arasında ortaq duyğudur. Bir dəfə dostum ayağını sındırmışdı və ayağı gipsə salınmışdı. Bir neçə gün sonra onun iti də sağ ayağını sürüyərək çolaqlıq etməyə başladı. Onu diqqətlə müayinə edən baytar heç bir xəstəlik işarəti tapmadı. Bir neçə həftədən sonra dostumun ayağından gips çıxarılandan sonra iti də normal yeriyişinə qayıtdı. Arnhemin şimpanze koloniyasında da Luit adlı yetkin, erkək şimpanze bir dəfə möhkəm döyüşüb əlini yaralamışdı. Bükdüyü biləyinə söykənərək qeyri-ənənəvi formada yeriyirdi. Bu hadisədən bir az sonra koloniyanın bütün gənc nümayəndələri onun kimi yerimeyə başladılar. Luitin yarası sağalandan sonra belə aylar ərzində bu oyunlarını davam etdirdilər. Keti Peyn (amerikalı zooloq-tərc.) fillər arasında rast gəldiyi belə cismani yaxınlıq barədə söhbət açarkən bu hadisəni danışır: “ Bir dəfə, oğlunun qaçan bir qnu antilopunu qovalamasına tamaşa edən ana filin zərafətli şəkildə “xortum-ayaq rəqsi”ni həyata keçirdiyini görmüşdüm. Uşaqlarımın çıxışlarını seyr edərkən mən özüm də oxşar hərəkətlər, rəqslər etmişəm- yeri gəlmişkən, mənim övladlarımdan biri də sirkdə akrobatdır.”

Hibbon meymunları başqalarının qaşındığını görərkən qaşınmağa başlayırlar, iri meymunlar televizorda əsnəyən meymun gördüklərində özləri də əsnəyirlər. Biz də eynisini edirik, üstəlik təkcə öz növümüzdən olanlarla deyil. Bir dəfə əsnəyən heyvan fotoqraflarının sərgiləndiyi slayd tamaşasına qatılmışdım, bir də baxıb gördüm ki, seyrçilər də əsnəməyə başlayıblar. Mən də ağzımı qapalı saxlamaqda çətinlik çəkirdim. İtaliyanın Parma Universitetindəki bir araşdırma qrupu, meymunlarda bəzi beyin hüceyrələrinin, sadəcə öz əlləriylə bir əşyanı tutarkən deyil, digər meymunun da digər bir əşyanı tutduğuna tamaşa edərkən hərəkətə keçdiyini təsbit etdi. Digərinin hansısa hərəkətini görərkən, onu uzaqdan hiss etməyə imkan yaradan bu hüceyrələrə ayna neyronları ya da “primat” neyronları adı verilib. Sosial heyvanlar bir-birləriylə, elm adamlarının daha əvvəl zənn etdiklərindən daha artıq səviyyədə münasibət yaradırlar. Ətrafımızdakılarla əlaqə yaratmaq, bağ qurmaq və onları duyğusal şəkildə əks etdirmək təbiətimizdə mövcuddur. Bu avtomatik mexanizmdir. Üz ifadələrindən ibarət fotoqraflara tamaşa edərkən özümüzdən asılı olmadan gördüyümüz çöhrələrdəki ifadələri təqlid edirik. Foto bir neçə millisaniyə göstərildikdə belə, qeyri-şüuri şəkildə üzümüz oxşar ifadə alır. İfadənin fərqində olmasaq da, üz əzələlərimiz onu əks etdirir. Gündəlik həyatımızda da eyni davranışı göstəririk. Lui Armstronqun klassik misralarında söyləndiyi kimi “Sən gülüncə..bütün dünya gülər.”

Üzə çıxması üçün dilə və şüura gərək duymayan təqlid və empatiyanın, başqalarıyla əlaqəli olmağın bəsit formalarının hər növ heyvanda rast gəlindiyinə təəccüb etməməliyik. Hətta tez-tez pislənən siçanlarda da. 1959-cu ildə “Siçanların digər həmnövlərinin əzablarına göstərdiyləri duyğusal reaksiyalar” adlı provokativ başlıqlı məqamə yayımlanmışdı: siçanlara bəlli bir davranış müqabilində qida verilirmiş, ancaq bu davranışın yaxınlıqdakı digər siçanlara elektrik cərəyanı ötürdüyünü gördüklərində dayanırdılar. Görəsən nəyə görə siçanlar daha qida almağa can atmır və yanlarındakı elektrikli qril üzərində əzabla rəqs edən siçanları görməzdən gəlmirdilər? Klassik təcrübələr zamanı meymunlar daha güclü müqavimət davranışı sərgiləmişdilər. Yemək istədikləri zaman ipi çəkən meymunlardan biri, bunun yoldaşının elektriklə vurulmasına səbəb olduğunu gördükdən sonra beş gün, digəri isə on iki gün boyunca bu hərəkəti təkrarlamamışdı. Meymunlar digərlərinə əzab verməmək üçün az qalırmış ki, aclıqdan ölsünlər.

Bütün bu araşdırmaların ən ehtimal olunan izahı bir kəsin yaxşılığına dair göstərilən etinadan çox onun sıxıntılarından duyulan sıxıntıdır. Bu cür reaksiyaların həyatda qalmaqla bağlı böyük dəyəri var. Digərləri qorxu və üzüntü ifadə edirlərsə, sənin də əndişələnməyin üçün güclü səbəblərin ola bilər. Yerdə oturan quş sürüsündən biri havaya uçduqda, digər quşlar da nə baş verdiyini anlamadan onun ardınca havaya qalxırlar. Çünki uçmayan ovlanıla bilər. İnsanlar arasında panikanın bu qədər sürətlə yayılmasının da eyni səbəbləri ola bilər.

Başqalarının əzablarını görməkdən və duymaqdan həzz almamaq istiqamətində proqramlanmışıq. Məsələn, kiçikyaşlı uşaqlar başqa bir uşağın yıxılıb ağladığını gördüklərində özləri də ağlamsınır və təsəlli üçün analarının qoynuna qaçırlar. Digər uşaq üçün əndişələnməsələr də, onun göstərdiyi duyğuların təsirini hiss edirlər. Uşaqlar öz “mən”ləriylə digərləri arasındakı ayrı seçkiliyə böyüdükcə meyl göstərir və başqa insanların duyğularını özlərinkindən fərqləndirirlər. Ancaq empatiyanın inkişafı bu ayrı seçkilik yaranmamışdan əvvəl başlayır. Duyğular, onlara bənzəyən digər duyğuları yaratmağa yönəlikdir; qəhqəhə və sevinc təzahürlərindən tutmuş ağlayan uşaqlarla dolu otaq fenomeninə qədər bunun şahidi ola bilərik. Duyğuların bulaşıcı olması beynin elə qədimi hissələrindən qaynaqlanır ki, biz də bu duyğuları siçan, it, fil və meymun kimi fərqli heyvanlarla paylaşırıq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR