İntellektualın təmsil etdiyi dəyərlər (2-ci hissə)

Edvard Said

Hər şeydən biraz

Nəticədə intellektual, bu və ya digər dünyabaxışını göz önündə təmsil edən, bu fəaliyyətini hər cür əngələ rəğmən, həmsöhbət kimi seçdiyi icma adına həyata keçirən insandır. İddiam budur ki, intellektuallar təmsil etmək sənətini (ki bu danışmaq, yazmaq, müəllimlik fəaliyyəti, öyrətmək, televiziyaya çıxıb düşüncələrini bölüşmək şəklində ifadə edilir) şəxsi vəzifələrinə çevirmiş fərdlərdilər. Və bu mövqe, ictimaiyyətin gözləri önündə cərəyan etdiyi və özündə ehtiva etdiyi riskin, cürətin hansı dərəcədə ortaya çıxdığı ölçüdə əhəmiyyət daşıyır; Jan Pol Sartrı ya da Bertran Rasseli oxuduğum zaman məni təsirləndirən əsas məqam, müdafiə etdikləri tezislərdən çox fərdiyyətləri, səciyyəvi səsləri və mövcudiyyətləridir. Çünki inandıqları dəyərləri dilə gətirirlər. Onları məmur qılafı arxasında gizlənən “adsız”larla yaxud ehtiyatlı, ürkək bürokratla qarışdırmaq mümkün deyil.

Kamyu və Sartrı bir-birindən küsdürən nə imiş?

İntellektuallarla bağlı bir-birinin ardınca, xeyli sayda araşdırma ərsəyə gəlsə də, bu əsərlərdə intellektualın tərifi üzərində gərəyindən artıq fikir söylənilsə də, onun imici, imzası, faktiki müdaxilələri və performansı yetərincə dəyərləndirilməyib. Halbuki, bütün bü cəhətlər istənilən həqiqi intellektualın həyat çövhəridir. İsayah Berlin, on doqquzuncu əsrdə yaşayan Rus yazıçılarının oxucularının “yazıçının ictimai səhnədə şahidliklə məşğul olduğunu şüurlu şəkildə dərk etdiklərini” söyləmişdi. Mənim anladığım və ifadə etmək istədiyim modern intellektual imici, onun ictimai rolu özündə, bu oxucuların zehnində əks olunan intellektualın keyfiyyətlərini ehtiva edir. Buna görə də, məsələn, Sartr kimi bir intellektualı xatırlayarkən, onun özünə xas davranışları, özünü bütün varlığıyla müdafiə etdiyi zehni-mənəvi davaya həsr etməsi, nümayiş etdirdiyi səmimi cəhdlər, gözə aldığı risklər, iradəsi, sümürgəçiliklə, ictimai sədaqətlə, yaxud toplumda baş verən hadisələrlə bağlı sözləri, düşmənlərini əsəbləşdirən, dostlarını həyəcanlandıran, bəlkə də sonradan düşündüyündə, utanc duymasına belə yol açmış həmin cəhətləri gəlir ağlımıza. Sartrın Simon de Bouvarla olan münasibəti, Kamyuyla apardığı mübahisə, Jan Genetlə yaratdığı sıx bağlılıq haqqında nəsə oxuyanda, onu bu mühitin içindəki mövqesinə yerləşdiririk. Sartr, bax burada və hansısa mənada bu auranın, mühitin sayəsində Sartr olmuşdu, Fransanın Əlcəzair siyasətinə, digər yanda Vyetnam siyasətinə qarşı haqq səsini qaldıran insan olmuşdu. Bütün bu xırdalıqlar, nəinki onun bir intellektual kimi dəyərini azaltmır, əksinə söylədiyi sözlərə daha artıq gərginlik və sanbal qazandırır, onun darıxdırıcı və əxlaqçı bir vaiz deyil, hər kəs kimi yanıla bilən insan olduğunu göstərir.

Modern ictimai həyatı, hər hansı bir menecment araşdırmasının, yaxud sosiologiyanın xammaddəsi kimi deyil, bir romanın, ya da dram əsərinin təsvir etdiyi kimi nəzərimizdə saxlasaq, intellektualların təkcə gizli, yaxud böyük bir ictimai hərəkatı deyil, eyni zamanda da sırf öz varlıqlarına xas olan, bir az qəribə, hətta yorucu həyat tərzini və ictimai performansı necə təmsil etdiklərini anlaya bilərik. On doqquzuncu əsrdə və iyirminci əsrin əvvəllərində yazılan bir sıra qeyri-ənənəvi romanlarda - Turgenyevin “Atalar və oğullar”, Floberin “Sentimental tərbiyə”, Coysun “Sənətkarın gənclik portreti” adlı əsərlərində bu rolun ən yaxşı və ilkin təsvirinə rast gəlirik. Bu romanlarda ictimai gerçəkliyin təmsil edilmə forması, yeni bir həyat aktyorunun, modern, gənc intellektualın qəfildən səhnəyə çıxmasından köklü şəkildə təsirlənir, hətta təyinedici dərəcədə dəyişikliyə uğrayır.

Turgenyev 1960-cı illərin Rus şəhər-qraflığının portretini təsvir edir, burada heç bir xüsusi hadisə baş vermir, varlı gənclər həyat tərzlərini ata-analarından miras alır, evlənir, uşaq sahibi olurlar, həyat da kor-koranə öz axışıyla ötüb keçir. Ancaq bu vəziyyət Bazarov adlı təxribatçı, fəqət güclü bir adam birdənbirə bu insanların həyatına girənədək davam edir. Bazarovda fərqinə vardığımız ilk cəhət ailəsiylə öz arasında olan bağı qopartmasıdır; sanki heç vaxt ata-anaya sahib olmamış, öz-özünü yaratmış varlıq kimi görünür. Adətlərə qarşı dirənir, ortabablığa və klişelərə hücum edir, ağılçı və proqressiv hesab etdiyi yeni, elmi, sentimentallıqdan uzaq dəyərləri müdafiə edir. Turgenyev Bazarovu sevimli göstərməyi rədd etdiyini söyləmişdi; “o, qaba, mərhəmətsiz, acımasız dərəcədə quru və əsəbi” şəxs olacaq. Bazarov Kirsanovların ailəsinə lağ edir, ortayaşlı atası Şuberti ifa edərkən, ona gülür. Alman materialist elminin düşüncələrini müdafiə edir: onun fikrinə görə təbiət tapınası məbəd deyil, emalatxanadır. Anna Sergeyevnaya aşıq olarkən, xanım ona yaxınlaşır, ancaq həm də ondan hürkür: Bazarovun əngəl tanımaz, əksərən anarxik intellektual enerjisi onda qorxunc xaos təəssüratı oyadır. “Onunla birgə olmaq, adama uçurumun kənarında olarkən hiss edilən baş giccələnməsini yaşadır” deyə söyləyir.

21-ci əsr üçün 21 dərs - Azadlıq mifi

Romana gözəllik və pafos bəxş edən əsas cəhət, Turgenyevin, ailələrin, eşq və əqraba sevgisindəki davamiyyətin, əski, təbii sayılan davranış tərzlərinin hökm sürdüyü Rusiya ilə, romanda adı keçən digər xarakterlərin əksinə, hekayə edilməsi mümkünsüz olan yabancı tarixin sahibi Bazarovun nihilist sayılacaq dərəcədə təxribatçı gücü arasındakı uzlaşmazlığı vurğulamasıdır. Bazarov qəfildən ortaya çıxır, onu əhatələyən hər şeyi iztehza hədəfinə çevirir və müalicə etdiyi xəstə kəndlidən xəstəlik qaparaq qəfildən də ölür. Bazarovu amansız sorğulama gücüylə və son dərəcə müxalif zəkasıyla xatırlayırıq; Turgenyev Bazarovun yaratdığı obrazlar arasında ən simpatik obraz olduğunu iddia etsə də, özü belə, Bazarovunun cəsuranə intellektual gücü qarşısında çaşqınlığa düşür, ağlı qarışır və oxucularının bu obraza qarşı göstərdiyi reaksiyalar qarşısında nitqi tutulur. Bəzi oxucular düşünür ki, Turgenyev Bazarovu yaratmaqla gənclərə saldırmağı nəzərdə tutub. Bəziləri Bazarovu yeni qəhrəman sayıb öyür, digərləri isə təhlükəli hesab edirlər. Şəxsiyyəti barəsində nə düşünürüksə düşünək, Bazarovu təhkiyə xarakteri kimi “Atalar və oğullar”ın heç bir yerinə yerləşdirə bilmirik; dostları, Kirsanovlar ailəsi, hətta mərhəmətə ehtiyac duyan valideynləri belə həyatlarına davam edərkən, Bazarovun bir intellektual kimi sərgilədiyi mütləqçilik və dirəniş onu hekayənin dışına çıxarır, əhliləşdirilməyə əlverişli olmadığı kimi nəql edilən hekayətə də uyğunlaşmır.

Coysun gənc qəhrəmanı Stefan Dedalusun vəziyyəti də eynilə belədir, hətta daha qəlizdir. Dedal həyata atıldığı ilk illərini kilsə, müəllimlik məsləyi, İrlandiya milliyyətçiliyi kimi qurumların başdançıxarıcı təsiriylə, varlığında sanki şeytani meyllə üzə çıxan non serviam (xidmət etməyəcəksən!) sözünü özü üçün düstura çevirən, intellektual olaraq yavaş-yavaş yaranmağa başlayan inadkar mənliyi arasında davamlı şəkildə var-gəl edərək keçirir. Semus Den, Coysun bu romanıyla bağlı mükəmməl bir fikir söyləyir: Bu roman “İngilis dilində bəlli bir düşüncə ehtirasının tam və dolğun mənada sərgiləndiyi ilk romandır”. Dikkensin, Tekkereyin, Oustinin, Hardinin, Gorg Eliotun qəhrəmanlarının təməl mövzuları və narahatlıqları, cəmiyyət içində “düşüncə həyatı” keçirmək olan insanlar deyillər, ancaq gənc Dedal üçün “düşünmək bir növ dünyəvi təcrübədir”. Den, Dedaldan öncə İngilis ədəbiyyatında intellektualın sadəcə “qrotesk formalarda təmsil edildiyini” söyləyərkən haqlıdır. Ancaq qismən də olsa, gənc bir provinsiallı, sümürgə mühitinin bəhrəsi olduğundan Stefen, sənətçi ola bilmək üçün intellektual dirəniş şüuruna çatmağa gərək duyur.

Romanın sonunda Stefan, nəticədə, uğrunda fərdiyyətindən vaz keçməli olduğu bütün ideoloji təsəvvürlər qədər öz ailəsinə və Fenianlara da tənqidi gözlə və yadcasına nəzər salır. Turgenyev kimi Coys da gənc intellektual ilə insan həyatının normal axışı arasındakı uyuşmazlığı iynəli dillə sərgiləyir. Ailədə boya-başa çatan, sonra da məktəbə və universitetə gedən gənc bir insanı anladan klassik hekayə kimi başlayan romanın kompozisiyası yavaş-yavaş çözülərək Stefanın dəftərindən götürülən bir sıra elliptik qeydə dönüşür. İntellektual əhliləşməyəcək, yeknəsəqliyə təslim olmayacaqdır. Romanın ən məşhur bölümlərinin birində Stefan intellektualın azadlıq kredosunu belə dilə gətirir: “ Nə edəcəyimi və nə etməyəcəyimi sənə söyləyim. İstər evim, istər yurdum, istər kilsəm olsun, inanmadığım heç nəyə xidmət etməyəcəyəm. Və özümü mümkün olduğu qədər azadə və mümkün olduğu qədər dolğunca dilə gətirəcəyim həyat yaxud sənət tərzini tapmağa çalışacağam. Özümü müdafiə etmək üçün istifadə edəcəyim silahlar isə istifadəsini bildiyim bu silahlar olacaq: səssizlik, sürgün və hiylə.” Coys bu kəlmələrdəki melodramatik ədanı Stefanın təmtəraqlı dirənişini vurğulamaq üçün istifadə edir.

Bəşərin qlobal fəlsəfəsi olan humanizm (2-ci hissə)

Ancaq “Uliss”də də Stefan inadkar və asi gənc insan kimi təsvir edilir. Kredosunun ən cazibədar cəhəti intellektual azadlığa haqq qazandırmasıdır. İntellektualın hərəkətlərində ən önəmli məsələ budur, qəsdli cığallığı ya da zehni qaraqabaqlığı məqsəd sayması deyil. İntellektualın fəaliyyətinin məqsədi insanın azadlığını və bilgisini artırmaqdır. Çağdaş fransız filosofu Lyotardın bu cür qəhrəmanə cəhdlərin, “böyük azadlıq və aydınlanma hekayətləri”nin postmodernizm çağında oxunmayacağını söyləməsinə rəğmən, mən bu məqsədin hələ də doğru istiqamət olduğuna inanıram. Sözügedən təsbitləri irəli sürənlərin fikrincə, indi böyük hekayətlərin yerini lokal vəziyyətlər və dil oyunları alıb. Dövrümüzün postmodern intellektualları doğruluq ya da azadlıq kimi ümumbəşəri dəyərləri deyil, yetərliliyi üstün tuturlar. Ancaq mən düşünürəm ki, Lyotard və davamçıları postmodernizmə rəğmən əllərinin altında olan ucsuz-bucaqsız imkanları doğru şəkildə qiymətləndirmirlər və onların bu mövqeyi təmbəlliklərindən, yetərsizliklərindən, bəlkə də laqeydliklərindən qaynaqlanır və özləri də qeyri-ixtiyari olaraq bunu etiraf edirlər. Çünki, diqqət etsək görərik ki, hökümətlər hələ də xalqlarını açıq-aydın şəkildə əzməkdə, ədalət hələ də ciddi formada zədələnməkdə, iqtidarlar intellektualları öz sıralarına qatıb onların səsini böyük bacarıqla basdırmaqda, intellektuallar da tez-tez öz vəzifələrindən boyun qaçırmaqdadırlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR