2100-cü ildəki həyatdan bir gün (2-ci hissə)

Miçio Kaku

Hər şeydən biraz

Bütün salon birdənbirə aydınlanır və həmin anda sanki (Amerikan) futbolu meydanında, baş verən oyunda, 50-yard xətti üzərindəymişsiz kimi hiss edirsiz. Kvoterbek (Amerikan futbolunda oyunçu mövqeyi-tərc) irəliyə doğru pas atarkən, onun yanında dayanırsız. Oyun sizin dört tərəfinizdə, əhatənizdə oynanılır.

Oyunun yarısı boyunca dostlarınızla birgə oyunçuları dəyərləndirirsiniz. Pivə içə-içə, popkorn yeyə-yeyə, oyunçular arasında ən çox məşq edənin kim olduğu, ən yaxşı məşqçilərə və gen terapevtlərinə kimin sahib olduğu barədə qızğın müzakirələr aparırsınız. Birlikdə azərkeşlik etdiyiniz komandanın, pulun ala biləcəyi ən yaxşı genlərlə, liqadakı ən yaxşı genetikə sahib olduğu barədə hamınız həmfikirsiniz.

Dostlarınız getdikdən sonra hələ yuxunuz gəlmir, çünki həyəcanınız hələ keçməyib. Ona görə də, yatmamışdan əvvəl sürətli poker oynamağa qərar verirsiniz.

“Molli” deyə çağırırsınız, “gec olsa da poker oyunu qurmaq istəyirəm. Özümü nədənsə indi şanslı hiss edirəm. Bu dəqiqə mənimlə bir neçə əl oynamaq istəyəcək insanlar olmamış deyil, İngiltərəyə, Çinə, Hindistana ya da Rusiyaya nəzər salmaq lazımdı, kimlərsə oyaq ola bilər.”

“Problem deyil”, Molli söyləyir. Bir neçə insan sifəti ekrana çıxır. Hər oyunçunun üçölçülü görüntüsü otağınızda nümayiş edilərkən, aralarından ən yaxşı blefi həyata keçirəcək adamı sezmək ideyasından ləzzət alırsız. “Minlərlə kilometr uzaqda yerləşən ölkələrdəki insanlarla, qapıqonşunuzla olduğundan daha dərin tanışlığa malik olmaq bir az gülməlidi, doğrusu” öz-özünüzə söylənirsiz. Ölkələr arasındakı sərhədlər həmin günlərdə o qədər də böyük əhəmiyyət daşımır.

Son olaraq, yatmağa gedərkən, Molli əlüzyuyan aynasında peyda olub yenidən söhbətə girişir:

Con, Karen dəvətinizi qəbul etdi. Bu həftəsonu üçün hər şey yerli-yerində təşkil edilib. Dediyin restoranda sizə görə yer sifariş verəcəyəm. Karenin özü haqqında yazdığı informasiyaları görmək istəyirsənmi? Profilinin doğruluğunu müəyyən etmək üçün internetdə arayış aparmağımı istəyirsənmi? İnsanların öz profilləri barədə..Hmm..Necə deyim..yalan söylədikləri aydın məsələdi.

Yox” deyirsiniz. “Gəl bunu həftəsonu üçün surpriz kimi saxlayaq”. Poker oyunundan sonra özünüzü təkrarən şanslı hesab edirsiz.

Həftəsonu

Həftə sonu gəldi, alışverişə getmək və Kevin üçün hədiyyə almaq zamanıdır. “Molli, alışveriş mərkəzini ekrana çıxara bilərsənmi?”

Alışveriş mərkəzi divar ekranında nümayiş edilir. Qol və barmaqlarınızı tərpədib hərəkət etdirirsiz, yelləyirsiz və divar ekranındakı görüntü alışveriş mərkəzi boyunca yol izləyib dəyişir. Oyuncaq mağazası görünənə qədər alışveriş mərkəzi içində virtual şəkildə dolaşırsız. Budur, tam olaraq siz istədiyiniz ev heyvanlarının robotik oyuncaqlarına rastladınız. Telepatik əlaqəylə avtomobilinizdən sizi həmin alışveriş mərkəzinə aparmağını istəyirsiz. (Siz onlayn yoluyla da həmin oyuncağı sifariş edə bilərdiniz. Ya da e-poçt vasitəsiylə göndəriləcək detallı planlar əsasında evinizdəki birləşdirici makinanızın (fabricator-tərc) proqramlanıcı maddədən (programmable matter-tərc) istifadə edərək həmin oyuncağı sıfırdan yaratmasını istəyə bilərdiniz. Fəqət, arada evdən çıxıb alışverişə getmək hər zaman xoş təsir göstərir.)

Maqnetik maşınınızla yola çıxarkən, bayıra tamaşa edir, gəzintiyə çıxan insanları görürsüz. Olduqca gözəl bir gündür. Üstəlik, müxtəlif çeşidli robotlar nəzərinizə çarpır. İt gəzdirən robotlar. Robot satıcılar, aşpazlar, resepsionçular və evdar robotlar. Təhlükəli işlərin, təkrarlanmalar əsasında həyata keçirilən işlərin ya da sadəcə bəsit insan müdaxiləsi gərəkdirən işlərin robotlar tərəfindən yerinə yetirildiyini görürsünüz. Sözün doğrusu, robot biznesi indi çox böyük biznesdi. Hər yanda, robot təmiriylə, servisiylə, təkmilləşdirilməsiylə ya da sifarişə görə yeni robot yaratmaqla məşğul olan şirkətlərin reklamlarını görürsüz. Robotlarla bağlı sferada çalışan hər kəsin parlaq gələcəyi var. Robot sektoru keçən əsrin avtomobil sektorundan daha böyükdür. Robotların çoxunun göz önündən qıraqda olduğunun fərqindəsiz, səssiz halda şəhərin infrastrukturunu təmir edir və əsas xidmətlərin davamiyyətini təmin edirlər.

Oyuncaq mağazasına çatanda, robot satıcı girişdə sizi qarşılayır. “Buyurun, necə kömək edə bilərəm?” deyir.

Hə, köməyinizə ehtiyacım var, robot küçük almaq istəyirdim.”

Ən son gələn robot küçüklərə baxırsınız. Bu robotik heyvanların etdiklərinin çox heyrətləndirici olduğunu düşünürsünüz. Oynamağı, qaçmağı, uzağa atılan əşyanı gedib gətirməyi, bir itin edə biləcəyi hər hərəkəti etməyi bacarırlar; xalçanın üstünü sidikləmək istisna olmaqla hər şeyi. “Bəlkə ata-analar öz uşaqlarına məhz bu səbəbdən belə oyuncaqlar alır”, deyə ağlınızdan keçirirsiz.

Altı yaşlı bacımoğlu üçün robot heyvan almaq istəyirəm” söyləyirsiniz. “Çox zəki, aktiv uşaqdır. Ancaq bəzən utancaq və səssiz olur. Nə cür küçük onun qabığından çıxıb açılışmasına yardımçı ola bilər?”

Robot cavab verir: “Üzr istəyirəm, cənab. Bunlar mənim proqram təminatıma aid məsələlər deyil. Ancaq sizə kosmik bir oyuncaq təklif edə bilərəmmi?”

Bu robotların, funksional baxımdan nə qədər çoxyönlü olurlarsa olsunlar, insan davranışlarını anlaya bilmək üçün hələ uzun inkişaf yolu qət etmələrinə gərək olduğunu, deyəsən, unutmusunuz.

Sonra kişi geyimləri mağazasına gedirsiniz. Görüşəcəyiniz insana xoş təsir göstərmək istəyirsinizsə, köhnəlmiş, zövqsüz qiyafətinizi dəyişdirməyin zamanıdır. Dizaynerlərin məxsusi olaraq hazırladığı kostyumları geyinib yoxlayırsınız. Hamısı çox şıkdı, fəqət bədən ölçülərinizə uymurlar. Məyuslanırsınız. Sonra, sizin üçölçülü həssas bədən biçimlərinizi ehtiva edən kredit kartınızı çıxarırsınız. Bu bilgilər komputerə ötürülür və həmin andan etibarən sizin bədən ölçülərinizə uyğun olan bir kostyum fabrikdə tikilməyə başlanır, ən qısa zamanda qapınıza gətirilib sizə təslim ediləcək. Bu tip geyim dəstlərində heç bir xəta olmur, hər zaman mükəmməl şəkildə vücudunuza otururlar.

Axırda marketə gedirsiniz. Rəflərdəki plastik maddələr içindəki çiplərə baxırsız və kontakt linzalarınız vasitəsiylə, ən ucuz və ən yaxşı malların şəhərin hansı mağazasında satıldığını görmək üçün qiymətləri müqayisə edirsiz. Artıq kimin daha ucuz satdığını təxmin etməyinizə gərək yoxdur.

Görüş zamanı

Bütün həftə boyunca bu görüşü səbrsizliklə gözləmisiniz. Karenlə görüşməkdən ötrü hazırlanarkən, özünüzü məktəbli oğlan kimi hiss etməyinizə heyrət edirsiniz. Onu yeməkdən sonra öz mənzilinizə dəvət edəcəksinizsə, gərək köhnə mebellərinizin formalarında dəyişiklik aparasınız. Buna qərar verirsiniz. Onsuz da mətbəx piştaxtası və və qonaq otağındakı mebellərin çoxu proqramlanıcı maddədən hazırlanıb.

Molli” çağırırsınız, “Mənə istehsalçı firmanın yeni mətbəx və qonaq otağı mebellərindən ibarət kataloqunu göstərə bilərsənmi? Mebelləri yenidən proqramlamaq istəyirəm. Olduqca köhnə görünürlər.”

Ən son mebel dizaynlarının şəkilləri ekrana çıxır.

Molli, lütfən, bu mətbəx stolunun, bu divanın və bu masanın planlarını endirib yükləyə bilərsənmi?”

Siz görüşə hazırlandığınız zaman, Molli planları endirib yükləyir. Qəfildən mətbəx stolu, qonaq otağındakı divan və masa yavaş-yavaş əriməyə başlayıb məcuna bənzər maddəyə çevrilir və sonra təkrarən, yavaş-yavaş yeni, siz seçdiyiniz görüntülərə uyğun formalar almağa başlayırlar. Bir saat içindəcə, mənzilinizin görünüşü yenilənir. (Son zamanlarda, internetdəki daşınmaz əmlak bölümünə nəzər salarkən, proqramlanıcı maddədən hazırlanmış evlərin moda halına gəlməyə başladığını görmüsünüz. Əslində, sizin çalışdığınız mühəndislik şirkətinin də, bayırdakı bütün şəhəri tamamilə proqramlanıcı maddədən hazırlamaq planları var. Bircə düyməyə basırsan və -puff!- birdənbirə yeni bir şəhər ortaya çıxır.)

Mənzilinizin sanki bir az cansıxıcı göründüyünə qərar verirsiniz. Əlinizi yelləyirsiz və divar kağızının naxış və rəngləri anında dəyişir. Divarları yenidən boyamağa məcbur qalmaqdansa, ağıllı divar kağızına sahib olmağın əlbəttə ki, daha yaxşı olduğunu öz-özünüzə söyləyirsiz.

Yoldan çiçək qamarlayırsınız və sonra görüşəcəyiniz xanımla tapışırsınız. Xanım sizi heyrətə salır, xoşunuza gəlir. Ona qanınız qaynayır. Daxilinizdə duyğular oynaşır. Şam yeməyində Karenin sənətçi olduğunu öyrənirsiniz. Normalda pulsuz-parasız, aclıqdan ölməmək üçün səki boyunca üç-beş quruşa rəsm satmalı olduğuna dair zarafatlar edir. Əksinə, o, çox uğurlu Veb dizaynerdir. Sözün doğrusu, özünün şirkəti də var. Belə görünür ki, hər kəs Veb üçün ən yeni və son dizaynları axtarır. Yaradıcı sənətə yönəlik nəhəng tələbat yaranıb.

Karen barmaqları ilə havada bəzi dairələr cizir və havada ona aid bir çox animasiyalar formalaşmağa başlayır. “Son işlərimin bəziləridi” deyə qürurla vurğulayır.

Bilirsənmi, mən bir mühəndis kimi bütün gün boyu robotlarla çalışıram. Bəziləri olduqca təkmildi, ancaq zaman-zaman olduqca axmaq davranışlara da yol verirlər. Sizin iş sferanız hansı vəziyyətdədir? Robotlarda inkişaf dinamikası müşahidə edilirmi?” deyə soruşursuz.

“Yox, qətiyyən yox” deyə Karen qarşı çıxır. O, təkcə yaradıcı insanlarla çalışdığını, ən dəyərli əsərlərin xəyal gücüylə ortaya çıxdığını və ən mükəmməl robotların belə bu qabiliyyətdən məhrum olduğunu söyləyir.

Bəlkə də bir az mühafizəkar, köhnə modalı insanam, ancaq mənim çalışdığım iş sferasında biz robotlardan sadəcə kopya çıxarmaq ya da büro işlərini həyata keçirmək üçün istifadə edirik.” deyə qürurla söyləyir. “Ancaq, doğrusu, günlərin bir günündə, yumoristik hekayə, roman, ya da simfoniya əsəri kimi, robotların da həqiqətən orijinal bir əsər yaratdıqlarını görmək istərəm.

Doğrudu, bu hələ gerçəkləşməyib, ancaq bir gün gerçəkləşə bilər” deyə öz-özünüzə düşünürsüz.

Karen söhbət edərkən, bir sual zehninizdən keçir. Görəsən, neçə yaşı var? Yaşlanma müddəti illər əvvəl tibbi baxımdan əngəlləndiyi üçün insanlar indi istənilən yaşda ola bilirlər. Ona aid Veb sayt neçə yaşında olduğunu söyləmir. Ancaq, görünüşünə görə yaşı iyirmi beşdən artıq görsənmir.

Onu evinə ötürdükdən sonra, xəyallar qurmağa başlayırsınız. Əcaba, onun kimi bir insanla yaşamaq necə olar? Həyatınızın qalanını onunla keçirmək? Ancaq sizi narahat edən bir məsələ var. Bu məsələ gün boyunca başınızın ətini yeyib.

Divar ekranına tərəf çevrilib “Molli, lütfən, mənim üçün Doktor Brounu çağır” deyirsiniz. Robot həkimlərə günün hər saatında müraciət edə bilərsiz, bunu düşünərkən məmnuniyyət hiss edirsiniz. Heç bir zaman şikayət etmir, mızmızlanmırlar. Bu onların proqramlamasına yad davranışdı.

Doktor Brounun görüntüsü anidən divar ekranına çıxır. “Övladım, səni narahat edən nəsə var?” deyə ata nəvazişiylə soruşur.

Doktor, sizdən son vaxtlar məni narahat edən bir məsələ barədə soruşmaq istəyirəm.”

Doktor Broun, “Aha, buyur, nə məsələdi?” deyə razılıq bildirir.

“Doktor” deyə davam edirsiz, “Mənim bundan sonra neçə müddət yaşayacağımı düşünürsünüz?”

Yaşam müddətinizin nə qədər olacağına mı işarə edirsiz? Yaxşı, ancaq həqiqətən bilmirik. Məndəki qeydlər sizin yetmiş iki yaşında olduğunuzu göstərir, ancaq orqanlarınız bioloji baxımdan təqribən otuz yaşındadır. Siz, uzun həyat sürsünlər deyə, genetik baxımdan yenidən proqramlanan ilk nəslin nümayəndəsisiniz. Yaşlanmağı dayandırmaq istədiyiniz zaman otuz yaş civarındaydınız. Hələ ki, sizin aid olduğunuz nəsillər içində yetəri qədər ölən adam yoxdur, dolayısıyla bu məsələylə bağlı, üzərində araşdırma aparacağımız dərəcədə məlumata malik deyilik.”

Onda siz mənim sonsuza qədər yaşayacağımı düşünürsünüz?” deyə soruşursunuz.

Və ölümsüz ola biləcəyinizi?” Doktor Broun qaşlarını çatır. “Yox, yox, elə olduğunuzu düşünmürəm. Hələ ölçülməmiş, olduqca uzun ömür müddətinə sahib olan bir adamla, sonsuza qədər yaşayan bir adam arasında böyük fərq var.”

“Amma əgər yaşlanmıramsa, onda mən bilə bilmərəm ki, haçan...” cümlənin ortasında özünüzü saxlayırsız. “Oldu, yaxşı..gördüyün kimi mən sadəcə müstəsna bir xanımla tanış olmuşam.. Əgər onunla birgə yaşayacağım həyat yolu planlamaq istəyəcəyimi fərz etsək, bəs həyatımın mərhələlərini onunkuyla necə tənzimləyəcəyəm? Əgər mənim nəsildaşlarım ölmək üçün hələ yetərincə yaşlanmayıblarsa, onda, nə zaman evlənəcəyimi, uşaq sahibi olacağımı və təqaüd planı hazırlayacağımı necə müəyyən edəcəyəm? Həyatımın dönüş nöqtələrini necə aydınlaşdıracağam?”

Doktor Broun “Bu sualın cavabını bilmirəm. Gördüyün kimi, bu məsələdə insan irqi sanki bir növ dəniz donuzcuğudu, təcrübə heyvanı qismində ortaya çıxır..” söyləyir. “Əfsus, Con, bu mövzuyla bağlı naməlum sulardasan.”

Sonrakı bir neçə ay

Növbəti bir neçə ay sizlə Karen üçün ecazkar sürpriz olur. Onu bir virtual gerçəklik salonuna aparırsız və məzəli virtual həyatlar yaşayaraq çox əylənirsiz. Təkrarən uşaqlıq dövrünüzə qayıtmısız. Boş bir otağa girirsiz. Bir virtual dünya proqramı kontakt linzalarınızın içinə doğru şüalanır və bütün mənzərə ansızın dəyişir. Proqramın birində dinozavrlardan qaçırsız, ancaq haraya üz tutsaz, başqa bir dinozavr tikkanlı kolluqlar içindən önünüzə cumur. Digər proqramda gəminizə girməyə çalışan yadplanetlilər ya da kosmos piratlarıyla mücadilə aparırsız. Digərində, növ dəyişdirməyə qərar verirsiz və səmada süzən iki qartala çevrilirsiz. Başqa bir proqramda Cənub Dənizinin romantik bir adasında yaşamdan ləzzət alırsız ya da havaya yayılan gözəl bir musiqinin sədaları altında, ay işığında rəqs edirsiz.

Bir müddətdən sonra, siz və Karen yeni və fərqli həzlər yaşamaq istəyirsiz. Bu dəfə, virtual həyatlar əvəzinə, gerçək həyata üz tutursuz. Beləliklə, ikinizin də məzuniyyət zamanı gəlib çatanda, Avropa daxilində sürətli bir səyahət keçirməyə qərar verirsiz.

Divarınıza “Molli, Karen və mən Avropaya səyahətə getmək istəyirik. Gerçək tətil keçirmək. Lütfən, uçuşları, otelləri və uyğun xidmətləri yoxla. Marağımızı çəkəcək şou və tədbirlərin siyahısını çıxar. Zövqlərimizi bilirsən” söyləyirsiz. Bir neçə dəqiqə içindəcə Molli detallı bir marşrut çıxarır.

Sonralar, Roma Forumunun (the Roman Forum: Qədim Romada önəmli müzakirələrin keçirildiyi məkan-tərc) qalıqları arasında yeriyərkən kontakt linzalarınızda Roma İmperatorluğunun mənzərələrinə tamaşa edirsiz. Dağınıq sütunların, daşların və tarixi qalıqların yanından ötərkən, bir zamanlar Roma İmperatorluğunun ehtişamının zirvəsində olduğu o qüdrətə heyran qalırsız.

Alışveriş həmişə həzz bəxş edir, İtaliyanın yerli dükkanlarında bazarlıq edərkən belə. Söhbət etdiyiniz insanın sözlərinin tərcüməsini aydın şəkildə görürsüz. Bələdçi kitablara və istifadəsiz xəritələrə gərək yoxdur artıq. Hər nəsnə kontakt linzalarınızın içindədir.

Gecələr, Roma səmasına baxarkən kontakt linzalarınızda ulduz qruplarını açıq-aydın görürsüz. Səma boyunca nəzərlərinizi gəzdirincə, Saturn halqalarının böyüdülmüş görüntüləri, havada süzən quyruqlu ulduzlar, gözəl görünüşlü qaz buludları və partlayan ulduzlar gözünüzün önündə aydınlanır.

Günlərin birində Karen sirrini açır, həqiqi yaşı altmış birdir. Bu yaş problemi bəlli dərəcədə əhəmiyyətini itirib artıq.

“Belədisə, Karen, bu qədər uzun yaşadığın üçün özünü daha xoşbəxt hiss edirsənmi?”

“Bəli, bəli!” deyə cavab verir anında. “Bilirsənmi, mənim nənəm, qadınların evləndiyi, ailəyə sahib olduğu, ya da bunları etməyib karyera arxasınca qaçdığı bir dövrdə yaşamışdı. Mən üç dəfə karyera qurmuşam və üç dəfə reinkarnasiya keçirmişəm. Əsla peşman olmamışam buna görə. İlk olaraq, bir neçə ölkədə rəhbərlik etdim, dünyanı gəzdim. Möhtəşəm həyat idi. Turizm, xeyli sayda iş həyata keçirə biləcəyim, olduqca böyük biznes sahəsidir. Ancaq sonra, özümə daha artıq uyğun olan işlərlə məşğul olmaq istədim. Bu səbəbdən hüquqşunas oldum, məhkəmələrdə iştirak etdim, mənim üçün əhəmiyyətli olan insanları müdafiə etdim. Sonra, sənətçi yönlərimə diqqət kəsilməyə başladım və Veb dizayn şirkətimi yaratdım. Bilirsənmi, heç zaman robot istifadə etmədiyimi söyləməkdən qürur duyuram. Heç bir robot rəhbərlik edə bilməz, məhkəmədə bir iddianı qazana bilməz ya da gözəl sənət əsərləri yarada bilməz.”

“Bunu zaman göstərəcək” deyə öz-özünüzə düşünürsüz.

“Dördüncü karyera barədə düşünürsənmi?” deyə ondan soruşursuz.

“Ola bilər, daha ürəyiməyatan bir iş olsa, niyə də yox” deyə gülümsəyir.

“Karen, əgər yaşlanmağı durdursaq, evlənmək, uşaq sahibi olmaq və bir ailəyə çevrilmək üçün ən uyğun zamanı necə müəyyən edə bilərsən? Bioloji saat on illər əvvəl pəncərədən çıxıb getdi. Buna görə də demək istəyirəm ki, bəlkə də yuva qurmağın və bir ailəyə sahib olmağın zamanı gəlib çatıb.”

Karen bir az çaşmış halda “Uşaq sahibi olmağı nəzərdə tutursan?” deyə sual edir. “Bu, ciddi olaraq düşündüyüm bir məsələ deyil, doğrusu. Yəni, indiyə qədər ciddi mövzu deyildi mənim üçün. Bu tamamilə adamın özünə uyğun gələn, doğru insanla qarşılaşmasına bağlı məsələdi” deyə dəcəl-dəcəl gülümsəyir.

Daha sonra, birgə evliliyi, uşaq üçün hansı adı seçə biləcəyinizi və uşaqda hansı genlərin olması gərəkdiyini birlikdə müzakirə edirsiz.

Divar ekranına yaxınlaşır və “Molli, mənə hökümət tərəfindən təsdiq edilmiş genlərin siyahısını çatdıra bilərsənmi?” söyləyirsiz. Siyahını yoxlayarkən, saç rəngi, göz rəngi, boy, bədən və hətta bəzi şəxsi keyfiyyətlər üçün o anda təklif edilən bir çox çeşiddə gen görürsüz. Bu siyahı hər il daha da böyüməkdədir. Üstəlik, müalicəsi mümkün olan irsi xəstəliklərin uzun siyahısı da nəzərinizə çatdırılır. Artıq yüzillərdir ki, sizin nəslinizdə üzə çıxan kistik fibroz (cyctic fibrosis: adətən uşaqlarda, ağciyər, qaraciyər və bağırsaqlarda müşahidə edilən irsi xəstəlik-tərc) xəstəliyindən əndişə duymağınıza gərək yoxdur. Rahatlayırsız.

Təsdiqlənmiş genlər siyahısını yoxladıqca, özünüzü təkcə gələcəyin valideyni kimi deyil, eyni zamanda da xəyalınızdakı uşağı yaradan bir növ tanrı kimi hiss edirsiz.

Sonra Molli, “Bir körpənin DNA analizini həyata keçirən və gələcəkdəki üzü, vücud forması və şəxsi keyfiyyətləri üçün məntiqli təxminlər yürüdəcək bir proqram var. Bu proqramı endirmək və gələcəkdə uşağınızın necə görünə biləcəyinə baxmaq istərsənmi, Con?” söyləyir.

“Yox, Molli. Bəzi məqamlar sirr olaraq qalmalıdır” deyə etiraz edirsiz.

Bir il sonra

Karen indi hamilədir, ancaq doktorlar, indi turistlərə də açıq olan kosmos lifti ilə səyahət etməyin ona hər hansı bir təhlükə yaratmadığı barədə güvən verirlər.

“Bilirsən də, mən uşaq olanda həmişə kosmosa çıxmağı arzulayırdım. Astronavtın etdiyi işlərlə məşğul olmaq istəyirdim. Həmişə, günlərin bir günündə bircə qığılcımla məni kosmosa doğru uçuracaq milyonlarla qalon uçucu roket yanacağı üzərində oturacağımı düşünürdüm. Sonra kosmos səyahətinə qarşı duyduğum maraq bir az sönükləşməyə başladı. Ancaq kosmos lifti fərqlidir. Təmiz və güvənlidi. Heç bir qarışıqlığı yoxdur. Kosmosa, bax, belə bir qurğuyla gedəsən gərək.”

Karenlə birgə liftə minəndə, operatorun “yuxarı” işarəli düyməyə bənzər bir nəsnəni itələdiyini görürsüz. Bir tərəfiniz alt paltarı şöbəsini görəcəyini gözləyir. Fəqət, bunun yerinə, özünüzün kosmosa doğru yüksəldiyini hiss edirsiz. Havada sürətlə yüksələrkən, yavaş təcil hiss edirsiz. Liftin göstəricisində “10 km, 20 km, 30 km...” yazılır.

Bayırdakı mənzərənin saniyəbəsaniyə dəyişdiyini görürsüz. Atmosferdə yüksələrkən gözləriniz bir anlıq yanından keçdiyiniz qabarıq, gur buludlara ilişir. Sonra göyüzü mavidən bənövşəyi rəngə, bənövşəyidən tünd qara rəngə dönüşür və ən nəhayət sizi əhatələyən ulduzlar bütün ehtişamıyla gözlər önünə səpələnir. Əvvəllər onları heç görmədiyiniz bir şəkildə, uzaqlarda par-par parıldayan ulduz bürclərini ayırd etməyə çalışırsız. İndi ulduzlar Dünya üzərindən göründükləri kimi titrəşərək, görünüb yox olaraq parıldamırlar, əksinə, milyard illər boyunca var olduqları kimi, gur parlaq halda sizə baxırlar.

Lift Dünya səthindən təqribən 160 kilometr yuxarıda yavaş-yavaş dayanır. Kosmosdan, daha əvvəllər təkcə rəsmlərdə gördüyünüz gözqamaşdırıcı mənzərəyə tamaşa edirsiz.

Aşağıya baxarkən Dünyanı tamamilə yeni işıq içində görürsüz. Okeanlardan, qitələrdən və meqaşəhərlərdən kosmosa çatan işıqlar yayılır.

Dünya kosmosdan o qədər dinc, sakit görünür ki, insanların bir zamanlar səfeh sərhədlər ucbatından müharibələrə girişdiklərinə, qan tökdüklərinə inanmaq çox çətindir. Hələ də belə ölkələr mövcuddur, ancaq ünsiyyət, rabitə vasitələrinin hər an və çox yayğın olduğu bir dönəmdə, onların mövcudluğu olduqca yavan, vəhşi və yersiz, məhdud anlamlı görünür.

Karen başını çiyninizə yasladığı zaman, yeni bir planetar uyqarlığın doğuluşuna şahid olduğunuzu dərk edirsiz. Uşağınız bu yeni sivilizasiyanın ilk vətəndaşları arasında olacaq.

Sonra arxa cibinizdən köhnə cildli əski bir kitab çıxarırsız və Karenə yüz əlli il əvvəl vəfat edən bir şəxsin sözlərini oxuyursuz. Bu, sizə yeni planetar uyqarlığa qovuşmadan öncə bəşəriyyətin qarşı-qarşıya qaldığı çətinlikləri xatırladır.

Mahatma Qandı bir zamanlar belə yazmışdı:

Zorakılığın kökləri:

Zəhmətsiz zənginlik,

Şüursuz həzz,

Xaraktersiz bilgi,

Əxlaqsız ticarət,

Qeyri-humanist elm,

Qeyri-fədakar ibadət,

Prinsipsiz siyasət.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR