Dostoyevski və ata qatilliyi

Ziqmund Freyd

Fəlsəfə
Photo

1925-ci ildən başlayaraq, Fulöp Müller və Eckstem Dostoyevskinin əsərlərinin yayımına əlavə cildlər nəşr etdirməyə başladılar. “Karamazov Qardaşları”nın ilk eskizləri və hazırlıq hissələrini əhatə edən cildə növbə çatdıqda, redaktorlar Freyddən bu romanın və yazıçının psixologiyası ilə bağlı giriş yazısı yazmağı xahiş etdilər. Freyd, “Dostoyevski və ata qatilliyini” 1926-ci ilin əvvəllərində yazmağa başladı. Lakin 1928-ci ildə tamamladı.

Dostoyevskinin mürəkkəb şəxsiyyətini dörd fərqli yöndən ələ ala bilərik. Dostoyevski, yaradıcı bir sənətkar, nevrozlu xəstə, moralist və günahkar bir şəxsdir. Bu heyrətamiz dolaşıqlığın içindən çıxmaq o qədər də asan deyil.

Yaradıcı sənətkarlığı ən az şübhələniləcək tərəfidir. Çünki Dostoyevski sənətkarlıq baxımından Şekspirdən dərhal sonra gəlir. “Karamazov Qardaşları” ilə heç bir roman rəqabət apara bilməz. Dünya ədəbiyyatının ən kamil nümunələrindən biri olan “Böyük İnkivizator”u nə qədər öysək azdır. Yaradıcı sənətkar problemi qarşısında psixoanaliz silahlarını, təəssüf ki, bir qırağa qoymalıdır.

Halbuki, Dostoyevskinin moralist tərəfini xırdalamaq daha asandır. Əxlaqın zirvəsinə çata bilmək üçün hər hansı bir kəsin dəhşətli günahlar törətməsi gərəkdiyini irəli sürərək, Dostoyevskinin böyük moralist olduğunu deməyə çalışsaq, ortaya çıxacaq bir şübhəni görməzlikdən gəlmiş olarıq. Əxlaqlı insan, şeytana tabe olduğunu anladığı andan, müqavimət göstərən və özünü xilas edən kəsdir. Bir tərəfdən günah işləyən, digər tərəfdən peşman olduğu zaman əxlaqi qaydalar ortaya qoyan bir şəxs işə səhti yanaşır demək. Belə bir kəs əxlaq həyatının mahiyyətini, yəni imtinanı həyata keçirməmiş sayılmalıdır. Çünki əxlaq davranış hər şeydən əvvəl praktik humanist dəyər daşıyır. İşə səhti yanaşan şəxs qədim dövrlərin barbarlarına bənzər bir davranış sərgiləyir. Qədim dövr barbarları əvvəl adam öldürür, sonra peşman olurdular. Beləliklə, peşmançılıq duymaq insan öldürməyi təmin edən bir üsula çevrilmişdi. Qorxunc İvan da eyni formada davranmışdı. Necə ki, əxlaq qarşısında göstərilən bu kompromis vəziyyət rusların fərqləndirici xüsusiyyətidir. Dostoyevskinin əxlaqi hisslərinin verdiyi nəticə də çox ali bir şey deyildi. Dostoyevski, insanın instinktiv istəkləri ilə icma həyatının zəruri məsələlərini razılaşdırmaq üçün çətin çarpışmalara girdikdən sonra dünyəvi və ruhi güclərə baş əymək; xristianların Tanrısının və Çarın qarşısında əyilmək və kobud rus millətçiliyi fikrinə bağlanmaq vəziyyətinə düşdü. Halbuki, o qədər də ağıllı olmayan insanlar, daha az səy göstərərək eyni nəticələrə çatmışdırlar. Dostoyevski kimi böyük bir şəxsiyyətin zəif nöqtəsi elə budur. İnsan sivilizasiyasının gələcəyi, bu baxımdan, Dostoyevskiyə çox az şey borclu olacaqdır. Dostoyevski, bəşəriyyətin müəllimi və xilaskarı olmaq şansını ayaqlamış və öz düşmənləri ilə birləşmişdir. Bu vəziyyətə təsirində olduğu nevroz üzündən düşdüyünü demək olar. Yoxsa zəkasının dərinliyi və bəşəriyyətə qarşı duyduğu sevginin gücü, ona peyğəmbərcə bir həyatın yolunu açardı.

Dostoyevskini bir günahkar və cinayətkar kimi görmək, yalnız dar düşüncəlilərin etirazlarına yol açmaz. Amma etirazın əsl səbəbləri də dərhal ortaya çıxır. Bir cinayətkarda (qəbahət etmişdə) iki əsas ruhi xüsusiyyət görürük. Bunlardan biri hədsiz eqoizm, digəri isə güclü dağıtma istəyidir. Bu iki xüsusiyyətin ortaq tərəfi olan və hər ikisinin də dilə gəlməsi üçün gərəkli olan başqa bir xüsusiyyət də sevgi yoxluğu və humanist nəsnələr qarşısında duyğulanmama halıdır. Belə bir şəxslə Dostoyevski arasında ziddiyyət olduğu ilk baxışdan görünür. Dostoyevski, sevilmək ehtiyacı ilə alovlanan və bəzən nifrət etməsi gərəkli yerdə yaxınlıq göstərib yardıma qaçmasına yol açan (məsələn, arvadına və arvadının məşuquna qarşı davranışında görünür bu) şişirdilmiş şəfqətlə dolu bir şəxsdir. Belə olduqda, Dostoyevski cinayətkarlar arasına qatma meylinin nəyə əsaslandığını soruşmaq lazımdır. Bu qatmanın səbəbini ağır, öldürücü və eqoist xarakterləri aşkarlayan mövzular seçməsində və öz həyatındakı müəyyən bir sıra hadisələrdə (qumar düşkünlüyü, kiçik bir qızı çirkləndirdiyini açıqlaması kimi) axtarmaq lazımdır. Dostoyevski görünən və onu qanundan-kənar bir şəxs halına asanlıqla sala biləcək dağıdıcı instinktlərin, əslində, öz şəxsiyyətinə yönəldiyini (yəni kənar deyil, içəri yönəldiyini) və beləliklə mazoxizm və qəbahətlilik hissi formasında dilə gəldiyini dərk etsək, bəlkə, bəhs edilən ziddiyyəti aydınlaşdıra bilərik. Bununla belə, Dostoyevskinin şəxsiyyətində sadistliyi dilə gətirən tərəflər də var. Bunları, əzab verməyi sevməsində; sevdiyi insanlara belə tolerantlıq göstərməməsində; narahatlığında və bir müəllif olaraq oxucularına qarşı davranışında görürük. Demək, Dostoyevski əhəmiyyətsiz şeylərdə başqalarına qarşı, önəmli şeylərdə də özünə qarşı sadistdi. Yəni əslində, bir mazoxistdən başqası deyildi. Mazoxist hər kəsdən daha üzüyola, kübar və ürəyi yanan bir şəxsdir.

Dostoyevskinin mürəkkəb şəxsiyyətindən üç amili ələ almış oluruq: emosional həyatının qeyri-adi bir gərginlik daşıması; anadangəlmə pozğun instinktiv meyl (bu, onun sado-mazoxist və cinayət törədən bir insan olduğunu labüd şəkildə ortaya qoyur) və aydınlaşdırıla bilməyən sənət bacarığı. Bunların birincisi kəmiyyət, ikinci və üçüncüsü keyfiyyət amillərdir. Bu üç amil, nevrozsuz da bir yerdə ola bilər. Belə ki, tamamilə mazoxist olduqları halda nevroz olmayan şəxslər var. Bununla belə, instinktiv istəklərlə onlara qarşı duran qadağaların (əldəki yüksəltmə metodları da əlavə olunduqda) arasındakı qüvvələr balansı, Dostoyevskinin “instinktiv xarakter” – deyə tanınan sinifə daxil edilməsini təmin etmək üçün kifayətdir. Lakin bu arada nevrozun da olması, vəziyyəti tamamilə qarışdırır. Hərçənd, bəhs edilən amillərin nevrozu tələb etmədiyini demişdik, amma eqo tərəfindən cilovlanması gərəkən nizamsızlıqlar nə qədər çoxdursa, nevrozun ortaya çıxmasının o qədər asanlaşdığını da unutmamaq lazımdır. Çünki nevroz, eqonun bir sintezə nail olmaq məsələsində uğur qazana bilmədiyini və bunu etməyə çalışarkən öz birliyini əldən verdiyini bildirən işarətdir.

Bəs Dostoyevskinin nevrozu özünü necə ifşa edir? Dostoyevski epileptik olduğunu demiş və başqaları da, şüurunu itirməsi; əzələlərinin titrəməsi və ruhi tənəzzülə uğraması ilə birlikdə ortaya çıxan gərgin anları nəzərə alaraq onun epilepsiya xəstəsi olduğuna inanmışdılar. Halbuki, epilepsiyanın təsirində olduğu nevrozun bir əlaməti olduğu və buna görə də xəstəliyin isterik epilepsiya, yəni şiddətli isteriya kimi təsnif edilməsi daha məqsədə uyğundur. Lakin bu barədə qəti nəsə deyə bilmərik. Bunun da iki səbəbi var. Birincisi, Dostoyevski epilepsiyası deyilən şey barədə məlumatlarımız kifayət qədər və möhkəm deyil. Bundan əlavə, epilepsiya formasında üzə çıxan tutmalarla birlikdə ortaya çıxan xəstəlik hallarını kifayət qədər anlamış deyilik…

Dostoyevskinin epilepsiyasının ikinci növdən olması daha real görünür. Lakin bunu qəti olaraq irəli sürə bilmərik. Qəti olaraq irəli sürmək üçün, tutmaların ilk ortaya çıxışlarını və daha sonrakı dəyişikliklərini Dostoyevskinin ruhi həyatının zənciri içinə yerləşdirəcək vəziyyətdə olmalıyıq. Halbuki bunu etməyə imkan verəcək məlumatdan yoxsuluq. Tutmaların təsvirləri bizə nəsə öyrətmədiyi kimi, bu tutmalarla Dostoyevski arasındakı əlaqə üzərində əldə edə bildiyimiz məlumat da həm yarımçıq, həm də ziddiyətlidir. Tutmaların Dostoyevskinin uşaqlığına qədər uzandığını və əvvəlcə daha yumşaq əlamətlər halında ortaya çıxdıqları halda, ancaq on səkkiz yaşında keçirdiyi o dəhşətli həyatdan, yəni atasının öldürülməsindən sonra epilepsiya tutmaları tərzinə girdiklərini demək ağla ən uyğun gələn açıqlamadır.

Dostoyevskinin Sibirdəki sürgün həyatı zamanı bu tutmaların sona çatdığı sübut olunsaydı, yuxarıdakı açıqlama yaxşıca qüvvətlənərdi. Amma əldə olan məlumatlar bunun belə olmadığını göstərir.“Karamazov Qardaşları”nda atanın öldürülməsi ilə Dostoyevskinin atasının öldürülməsi arasındakı qəti oxşarlıq, bu böyük yazıçının həyatını yazanların çoxunun nəzərindən qaçmamış və onları “bəlli bir modern psixologiya məktəbindən” bəhs etmək məcburiyyətində qoymuşdur. Həqiqətən də, psixoanaliz baxımından (onların bəhs etdiyi modern psixologiya məktəbi elə psixoanalizdir) Dostoyevskinin atasının öldürülməsinin şiddətli bir travma olduğunu və müəllifin bu hadisəyə göstərdiyi reaksiyaya isə nevroz halının bir dönüş nöqtəsi kimi baxıla biləcəyini qeyd etmişdik. Bu fikri psixoanaliz baxımından əsaslandırmağa cəhd etsəm, psixoanalizin dilinə və nəzəriyyələrinə yad olan oxucular tərəfindən başa düşülməmək təhlükəsi yaranacağından qorxuram.

Çıxış nöqtəsi kimi tutacağımız tək həqiqət var əlimizdə. “Epilepsiya” vəziyyəti ortaya çıxmamışdan xeyli əvvəl, Dostoyevskinin gəncliyində təsirini duyduğu ilk tutmaların mənasını bilirik. Bu tutmalar ölümü dilə gətirirdi. Ölüm qorxusu ilə ortaya çıxır və hərəkətsiz yatmış-oyaq hallar kimi davam edirdi. Bu xəstəlik, Dostoyevski hələ uşaq ikən, (daha sonralar dostu Slovyevə demişdi) öləcəkmiş kimi hiss və əsassız bir melanxoliya formasında özünü biruzə verirdi. Həqiqətən də, bu hallardan sonra ölüm vəziyyətindən çox az fərqli bir görüntü ortaya çıxırdı. Qardaşı Andrey, hələ kiçik yaşlarda belə Dostoyevksinin yatmazdan öncə bir neçə sətir yazıb qoyduğunu və bu yazılarda ölümə bənzər hala yatarkən düşməkdən qorxduğunu və buna görə də dəfninin beş gün gecikdiriliməsini xahiş etdiyini açıqlayır.

(ardı var).

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR