Qədim qəbiləçiliyin izlərini indi özümüzdə necə yaşadırıq?

Edvard O. Uilson

Elmi-kütləvi
Photo

Ən təməl insani cəhətlərdən biri olan qəbiləçilik

Qruplar yaratmaq, bu davranışın yaratdığı ailə-doğmalıq bağlarının təsiriylə könül rahatlığı və qürur duymaq və bu qrupunu rəqib qruplara qarşı canla-başla müdafiə etmək...Bu yaşantı insan təbiətinin və dolayısıyla da insan kültürünün mütləq, fundamental, ümumdünyəvi özəlliklərindən biridir.

Bir insan qrupu, bəlli və müəyyən bir məqsədlə qurulduqdan sonra da öz sərhədlərini elastiki, yumşaq, keçiləsi saxlayır. Ailələr tez-tez fərqli qruplara qarşı hiss etdikləri bağlılıq səbəbindən parçalansalar da, adətən həmin qrupların içinə alt qruplar şəklində daxil edilirlər. Eyni hal müttəfiqlər, yeni nümayəndələr, dönmələr, fəxri nümayəndələr və rəqib qruplara xəyanət edərək qrup dəyişdirənlər üçün də keçərlidir. Qrupun hər bir nümayəndəsi müəyyən bir şəxsiyyətə və hansısa mənada ünvana sahibdir. Fəqət qrupun bir fərdinin əldə edəcəyi istənilən şan-şöhrət yaxud zənginlik, eyni alt qrupun içindəki digər nümayəndələri də bəlli bir şəxsiyyət və güclə təmin edir.

Modern qruplar da tarixdən əvvəlki dövrlər və ibtidai çağlarda yaşayan qəbilələrlə psixoloji uyğunluq göstərirlər. Bu qruplar birbaşa olaraq ibtidai, modern insandan öncə yaşayan qəbilələrin soyundan gəlirlər. Fərdləri bir-birinə bağlayan instinkt, qrup seçməsinin bioloji nəticəsidir.

İnsanların bir qəbiləyə sahib olmağa ehtiyacı var. Bu onlara həm ad-san bəxş edir, həm də xaos içində olan, qarmaqarışıq bir dünyada onların həyatına sosial anlam gətirir. Ətraf aləmi daha təhlükəsiz hala gətirir, çevrəni daha az ağılqarışdırıcı edir. Modern insanların hər birinin sosial dünyası bircə qəbilədən ziyadə, iç-içə keçmiş müxtəlif qəbilələr sistemindən əmələ gəlir. İnsanlar onlar kimi düşünən dostlarıyla bir yerdə olmaqdan zövq alırlar və belə cəmiyyətlər arasında ən yaxşısı sayılacaq qrupların birində, digərləriylə müqayisədə daha yaxşı sayılacaq və eyni kateqoriyada yer alan digər qruplarla mücadilə edən qrupların birində - məsələn, SAT komandosu birliyində, yaxud elit universitet mühitində, hansısa şirkətin idarəedici kadrları arasında, hansısa təriqətdə, dərnəkdə və yaxud bağçılıq klubunda yer tutmaq üçün - mövqe qazanmağa can atırlar.

Bu gün dünyanın hər yerində yaşayan insanlar müharibədən çəkindikləri, hürkdükləri və onun nəticələrindən qorxduqları üçün, savaşların müəyyən dərəcədə mənəvi əvəzləyicisi olan komanda oyunlarına, qrup halında oynanılan idmanlara maraq göstərirlər. Bir qrupa aid olmaqla bağlı hiss etdikləri mənəvi susamışlığı və ən yaxşı qrupa daxil olmaq arzusunu, maraq duyduqları qrupun savaşçı nümayəndələrinin mərasimləşmiş, ümumən qəbul edilmiş çarpışmalarını izləyərək və savaş meydanındakı qalibiyyətlərini görərək təmin edirlər. Eynilə Washington D.C.-nin şən və səliqəli geyinmiş insanlarının Daxili Savaşdakı Birinci Bull Ran Müharibəsinin canlandırılmasını izləyərək bu təcrübədən həzz alması kimi. Tərəfdarlar öz komandalarının uniformalarını, simvollarını, ya da “silahlarını” gördükdə, sərgilənən çempionluq kuboklarına, bayraqlara baxdıqda, rəqs edən yarıçılpaq bakirələri -çerlidinq (idman oyunları zamanı dəstəkləyici rəqslər edən rəqqas qızlar qrupu-tərc.) qızlarını izlədikdə həyəcanlanırlar. Bəzi tərəfdarlar komandalarını dəstəkləmək üçün əcaib kostyumlar geyinir, makiyajlar edirlər.

Zəfərlərinin şərəfinə böyük əyləncələr təşkil edirlər. Hətta bir çoxu, xüsusilə də “savaşda” iştirak edənlər və gənclər, müharibə ruhuna və bu əhvalın ardınca gələn çılğın əyləncəyə daxil olduqda, bütün mədəni sərhədləri keçib əndazəni aşırlar. Boston Cletics komandası 1984-cü ilin iyun gecəsində, Beynəlxalq Basketbol Kuboku mücadiləsində Los Anceles Lakers qrupunu məğlub edəndə, komanda və tərəfkeşləri sevincdən özlərinə nəzarəti itirmişdilər və hər tərəfdə “Ən böyüklər Çeltlərdilər!” deyə bağırırdılar. Oyundan sonrakı bu toplum əhval-ruhiyyəsinə şahid olan sosial psixoloq Roger Broun gördüklərini belə şərh edirdi:

“Özlərini “ən böyük” hiss edənlər təkcə oyunçular deyil, eyni zamanda azərkeşlər idi. Meydan ətrafında böyük coşqu var idi. Garden və ətrafdakı barlardan dəstə-dəstə insan axışır, sanki, havada breakdance oynanılır, məşəllər yandırırdılar. Qollarını havaya yüksəldərək ucadan qışqırırdılar. Bir maşının üstünə çıxan, sevincdən özündən keçmiş təqribən otuz kişi maşının tavanını dümdüz etmişdi və maşının sahibi olan digər azərkeş onları gülümsəyərək izləyirdi. Siqnal düdükləri məhəllə ətrafında öz-özündən yaranan zəfər yürüyüşü yaratmışdı. Mənə elə gəldi ki, bu azərkeşlər təkcə öz komandaları üçün sevinmirlər, məsələ onların öz komandaları ilə empatiya qurmaqlarında deyil. Bu insanlar özləri, şəxsən zəfərdən sərxoşa çevrilmişdilər. Həmin gecə hər azərkeşin özgüvəni ən yüksək mərhələsinə çatmışdı, sosial kimlik duyğusu şəxsi kimlik duyğusunu daha da şiddətləndirmişdi.”

Broun bu fikirlərinin ardınca önəmli nöqtəyə toxunur:

“Hər hansı idman komandasına qovuşmaq meyli, özündə, balaca qrupların istədikləri kimi hərəkət etməyə göstərdiyi canatma özəlliyindən müəyyən cizgilər daşıyır. Celtics azərkeşi olmağınız üçün Bostonda doğulmağınıza, ya da burada yaşamağınıza gərək yoxdur və eyni hal komanda nümayəndələri üçün də keçərlidir. Azərkeşlər və oyunçular, həm fərdi mənada, həm də aid olduqları digər qrupların (məsələn, ailə, sosial status, fikir birliyi və s.-tərc.) nümayəndələriylə birlikdə olduqda, digər qruplara, insanlara qarşı düşməncəsinə, aqressiv mövqe sərgiləyə bilərlər. Halbuki, sözügedən məqamda, Celtics azərkeşi olmağın sevincini, onlara bəxş etdiyi üstünlük duyğusunu yenə də hamısı birlikdə, ayrıca qrup şəklində qutlayırdılar.”

Sosial psixoloqlar tərəfindən illərdir aparılan təcrübələr, insanların son dərəcə sürətlə və mütləq şəkildə qruplara ayrıldığını və ardınca tez bir zamanda da daxil olduqları bu qrupun xeyrinə ayrıseçkilik etdiklərini ortaya çıxardı. Araşdırmaçılar bu qrupları gəlişigözəl formada seçib, təcrübə iştirakçılarını qruplarına görə işarələdiklərində, bu qruplar arasında ən əhəmiyyətsiz məqamlarda belə qərəzli yanaşmaların yarandığını gördülər. Qrupların öz aralarında aparılan oyunlarda, ya da bir qrupun hər hansı abstrakt rəsmi digər rəsmlər arasından seçməsi üçün həyata keçirilən çalışmada, təcrübə iştirakçılarının digər qruplarının nümayəndələrini öz qruplarının nümayəndələrindən daha aşağı, alçaq gördüyü təsbit edildi. Təcrübə iştirakçıları “rəqiblərini” öz qruplarındakı nümayəndələrlə müqayisədə daha sevimsiz, daha ədalətsiz, daha güvənilməz və daha qeyri-yetkin hesab etdilər. Və bu qərəzli yanaşma, təcrübə iştirakçılarına, onların elə-belə, təsadüfən, gəlişigözəl şəkildə yığıldığı söylənildikdə də belə dəyişmədi. Bir təcrübədə, iştirakçılardan bir qab çipsini hər iki qrupun nümayəndələri arasında paylaşmaları istənildi. Təcrübənin sonunda nəticələrə baxıldıqda, hər iştirakçının çipsinin çoxunu aid olduğu qrupun nümayəndələri arasında payladığı aydınlaşdı: özü də bu hal hər hansı təşviq olmadan baş vermişdi, üstəlik iştirakçılara hansı qrupdan olduqları əvvəlcədən bildirilsə də, hələ ki onların öz qruplarının nümayəndələri ilə tanışlıqları baş tutmamışdı. Buna baxmayaraq, yenə də çipsi paylaşımını öz qruplarının lehinə həyata keçirdilər.

Ümumdünyəvi və güclü meyl kimi özünü göstərən qrup yaratma və ardınca da bu qrupun digər nümayəndələrini dəstəkləmək istəyi instinktivdir. Qrup içindəki fərdləri seçməyə olan bu insani meylin, məsələn, ailə nümayəndələri ilə yaxın münasibətlər qurmağın öyrədilməsi, yaxud qonşu uşaqlarıyla oynamağın təşviq edilməsi kimi davranış şəkilləri tərəfindən şərtləndirildiyini söyləyə bilərsiniz. Ancaq bu cür həyati təcrübələr sözügedən məqamda hansısa rol oynasa da, bu vəziyyət, psixoloqların “növə xas olan hazırlıq” adlandırdıqları instiktiv motivdən - insanın bir prosesi və davranışı sürətli və mütləq şəkildə öyrənməyə istiqamətlənmiş anadangəlmə meylindən qaynaqlanır. Əgər eyni qrupa daxil olan fərdləri tərcih etməyə istiqamətlənmiş bu meyl sözügedən kriteriyalardan qaynaqlanırsa, irsi olması mümkündür və bu halda da onun təbii seçmənin nəticəsi kimi təkamülün bir parçası olduğunu söyləmək məntiqli olar. İnsanın öyrənmə prosesi boyunca “növə xas olan hazırlıq”ın başqa örnəklərinə misal olaraq dili qavramaq, insestdən uzaq durmaq və hər hansı bir fobiyadan əziyyət çəkməyi göstərmək olar.

Əgər qrupçu davranış həqiqətən də irsi xarakter daşıyırsa və “növə xas olan hazırlıq”ın özünüifadəsi olan instinktdirsə, bu meylin izlərini kiçik yaşlı uşaqlarda da müşahidə edəcəyimizi təxmin edə bilərik. Bu fenomen koqnitiv psixoloqlar tərəfindən öncədən kəşf edilmişdir. Yeni doğulanlar ilk dəfə duyduqları səslərə, analarının üzünə və ana dillərinə qarşı çox həssas olurlar. Bir müddət sonra isə əvvəllər də bu ana dilində danışdıqlarını eşitdikləri insanlara baxmağı, onlara tərəf olmağı seçirlər. Məktəbəqədərki yaş dövrü ərzində uşaqların dost kimi onlarla eyni dildə danışan uşaqları seçməsi də təcrübələrlə təsdiq edildi. Demək ki, bu cür həyati yaşantılar danışmaq qabiliyyətinin nə demək olduğunun dərk edilməsi mərhələsindən də əvvəl başlayır və fərqli ləhçələrlə aparılan danışıqlar tamamilə anlaşıqlı hala gəldikdən sonra da davam edir.

Bir qrupa aid olmağa və bundan dərin bir həzz duymağa aparan təməl simul çox asanlıqla daha mürəkkəbləşmiş qəbiləçilik duyğusuna səbəb ola bilər. İnsanlar etnikmərkəzçiliyə meyllidir. Tərcihləri üstündə heç bir təzyiq olmasa da belə, insanların yenə də eyni irq, milliyyət, soy və dindən olan insanlarla bir arada olmağa daha çox can atması rahatsızedici həqiqətdir. İnsanlar seçdikləri bu adamlara daha çox güvənir, iş və sosial həyatlarında bu insanlarla daha rahat münasibət qurur və evlilik seçimində daha çox onlara üz tuturlar. Qrup xaricində qalan, qrupdan uzaq olan hər hansı bir insanın ədalətsiz davranışı, ya da haqqı çatmadığı həyati bir hədiyyəni alması onları daha çox və daha qəfil sürətdə əsəbləşdirir. Öz qruplarının qaynaqlarını mühafizə edən sərhədləri pozmağa çalışan digər qruplara qarşı düşməncəsinə reaksiya göstərirlər. Ədəbiyyat və tarix bu kimi məsələlərin nə dərəcədə geniş hal aldığını anladan saysız-hesabsız örnəklərlə doludur, eynilə Əhdi-Ətiqdəki Hakimlər kitabının 12:5-6-cı bölümündə təsvir edildiyi kimi:

İordan çayının Əfrayıma aparan dayaz keçidlərini tutan Gilatlılar, keçmək istəyən Əfrayımlı qaçaqlardan “Əfrayımlısanmı sən?” deyə soruşardılar. Əgər adamlar “Yox” deyə cavab versəydilər, o zaman onlara, “Hələ Şibbolet söylə görək” deyə əmr verərdilər. Tutulan adamlar “Sibbolet” deyərdilər. Çünki, “Şibbolet” kəlməsini doğru söyləyə bilməzdilər. Buna görə də onları boğazlayıb İordan çayının dayaz keçidlərində öldürərdilər. Həmin gün Əfrayımlılardan qırx iki min insan öldürüldü.

Bir təcrübədə qara və ağdərili Amerikalılara digər irqin rəsimləri göstərilərkən, beyinlərinin qorxu və qəzəb mərkəzi olan amiqdalaları elə kəskin reaksiya vermişdi ki, beyinlərinin şüurlu mərkəzləri bu təzahürə təpki göstərə bilməmişdi. Əslində təcrübənin bunun əksini həyata keçirməsi mümkün deyildir. Ancaq digər tərəfdən, təcrübəyə digər yanaşma əlavə olunduqda - məsələn, yaxınlaşmaqda olan qaradərili insanın bir həkim, ağdərili insanınsa onun xəstəsi olduğu müəyyən edildikdə - beynin daha təkmil bilgilənmə mərkəzləri sayılan iki bölgəsinin - sinqulat korteks ilə dorsolateral prefrontal korteksin fəaliyyətə keçərək amiqdaladan gələn aqressiv siqnalları susdurduğu müşahidə edilmişdir.

Dolayısıyla, hələlik əlimizdə olan son qənaətə gəldikdə, deyə bilərik ki, beynin fərqli bölgələri qrup seçməsi tərəfindən qrupçuluğu yaradacaq şəkildə formalaşıb. Bu beyin mərkəzləri insan orqanizmində başqa qrupların nümayəndələrini xor görmək meylinin kök saldığı, ya da əksinə, bu meylin yaratdığı ani və avtonom reaksiyaları yatışdırmaqdan məsul sayılacaq yerlərdir. Vəhşi görüntüyə sahib idman müsabiqələrini, yaxud döyüş filmlərini izləyərkən insanların aldığı həzz heç bir günahkarlıq duyğusu oyatmır, ya da çox cüzi narahatlığa səbəb olur. Yetər ki, bu prosesi amiqdala yönəltsin və hekayənin sonunda düşmən təminedici şəkildə məğlubiyyətə uğrasın.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR