1918-ci ilin dərsləri bugünkü dünya liderlərinə nə öyrədə bilər?

Tarix
Photo

Heç bir başqa ideologiya millətçilik qədər emosional gücə malik deyil. Amma onu idarə eləmək də qəliz məsələdir.

Bu qatar vaqonu qatarla səyahətin qızıl dövründən qalıb. 1913-cü ildə “Compagnie Internationale des Wagons-Lits” tərəfindən sifariş edilmiş 2419D nömrəli vaqonun nahar otağının divarları qırmızı ağacdan düzəldilib. Vaqon 1918-ci ilin 11 Noyabrında Kompinye meşəsində dayanaraq, fransız marşal Ferdinand Foxun mobil qərargahı kimi fəaliyyət göstərirdi. Həmin gecə fransız, alman və britaniyalı 8 kişi vaqondakı kiçik taxta masanın ətrafında bir-birinə yaxın oturaraq siqaret çəkir, fransızların qəddar saziş şərtlərini müzakirə edirdilər. Fox danışıqlarından imtina edirdi: almanlar təklif olunan sazişi ya imzalamalı, ya da vaqonu tərk etməliydilər. Səhər 05:12-də alman katolik siyasətçi Mattias Erzberger sazişi imzaladı və belə dedi: “70 milyonluq xalq əziyyət çəkəcək, amma ölməyəcək”. Fox yenə də əl tutub salamlaşmadı.

Fransa Almaniyaya qarşı həqarətli münasibətini 1919-cu il Versal sülh danışıqlarında da davam etdirdi. Danışıqlardan sonra Fox belə deyibmiş (ən azından Uinston Çörçilin dediyinə görə): “Bu, sülh deyil. 20 illiyinə bağlanan atəşkəsdir“. Və bunun həqiqət olduğu üzə çıxdı. 1940-cı ildə Hitler Fransaya təslimiyyəti həmin vaqonda imzalatdırdı (Erzbergerin nümayəndə heyətinin yerində indi fransızlar oturmuşdu), sonra isə Kompenyendəki abidələri partlatdı. Bircə Foxun heykəli istisna olmaqla, o, ərazini görməsi üçün “sağ” buraxıldı.

1918-ci il Sazişi başqa ölkələrlə necə davranmamaq olar deyə bir nümunədir. Tarixçi Marqaret MakMillan deyir ki, Almaniyanın təhqir olunması birbaşa ikinci dünya müharibəsinə səbəb olmadı, arada 20 il vaxt var idi. Amma bununla belə, Kompenyeyə gedəndə, qaçılmaz olaraq arada bir əlaqənin olduğunu görürsən.

Gələn həftə Parisdə toplaşacaq dünya liderləri 1918-ci ilin aşağıda sadalanan dərslərini xatırlasalar, yaxşı olar:

• Beynəlxalq əlaqələrdə öz opponentlərinə uzunmüddətli biznes partnyorları kimi bax. Sən onlarla yenə üzləşəcəksən, əgər onları qısamüddətli qazanc üçün incitsən, bunu sənə bağışlamayacaqlar. Donald Tramp qeyd götürsə, yaxşı olar, amma Avropa liderləri də Breksit məsələsində əndişələnməlidirlər: onlar Britaniyaya “Versal həqarətini” göstərərkən ehtiyatlı olmalıdırlar.

• Millətçi ehtiraslar tez alovlanır, sonra isə onları geri basdırmaq çətin olur. Foxun Almaniyaya təzyiqinin (əvvəlcə o, Almaniyanın əslində əlində olandan daha çox silah verməsini tələb edirdi) səbəblərindən biri fransız seçicilərin 4 ildə baş verən ölümlərə görə daha çox kompensasiya tələb etməsi idi. Heç bir başqa ideologiya millətçilik qədər emosional gücə malik deyil. (Məsələn, liberalizmə görə çox az insan canından keçər). Ona görə də istənilən siyasətçi bu emosiyadan istifadə etməyə şirniklənir. Amma onu idarə etmək də olduqca qəliz məsələdir.

• Həqarətə məruz qalan ölkə günah keçisi axtarmağa başalayacaq – bəzi insanlar isə qəzəbli sözlərlə zorakılığa addım atacaqlar. Erzbergerin Sazişi imzalamaqdan başqa çarəsi yoxuydu. Onun ölkəsi xaos içində idi; 9 Noyabrda Kayzerin taxtdan endirilməsindən sonra, kommunist inqilabı qapını döyürdü. Almaniyanın yeni liderləri daxil olmaqla, General Pol von Hindernburq imzalaması üçün ona teleqraflar göndərirdilər. Amma sənədi imzaladığı anda Erzenberq günah keçisinə çevrildi. Bir ildən sonra Hinderburq ona qamçı kimi zərbə endirdi: “İngilis genaralı düz deyib: Alman Ordusu “kürəyindən bıçaqlanıb””. Beləliklə, mif yarandı: “Əgər Noyabr cinayətkarları xəyanət etməsəydilər, Alman ordusu müharibədə qalib gələrdi”. İndi kürəyə zərbə endirənlər cəzalandırılmalıydı. “Tägliche Rundschau” qəzeti belə yazırdı: “Erberger güllə kimi kök ola bilər, amma gülləkeçirməz deyil”. 1921-ci ildə o, istirahət mərkəzində radikal sağçı terrorçular tərəfindən qətlə yetirildi. Tarixçi Pol Fassel, Tomas Knellinin “Atəşkəs, Meşədə Qeybət” romanını şərh edərkən, belə yazırdı: “20-ci əsr Mattias Erzbergerlərə dözə bilməz. Çünki onlar sivil və ağıllıdırlar”.

• Tərəqqi kövrəkdir. Hitler həmin möhtəşən 2419D vaqonunun Berlinə göndərilməsi və “Lustegarten”də sərgilənməsi barədə göstəriş vermişdi. Böyük ehtimalla o, 1945-ci ilin aprelində Gotha yaxınlığında bir təsadüf nəticəsində yandı. Vaqonun ancaq metal çərçivəsi qaldı. Müharibədən sonra Şərqi Almaniya 1913-cü il standartlarına o qədər də əhəmiyyət vermədi, buna görə də 30 il ərzində çərçivədən sıradan çıxana qədər Gotha stansiyasında mal daşımaq üçün istifadə edildi. Bugün Kompenyedə nümayiş olunan vaqon isə müharibədən öncəki seriyadan bir başqasıdır.

• Müharibələr müharibələr törəyir. Fox Hitlerin törəməsinə kömək etmişdi; Versalda cızılan Yaxın Şərq sərhədləri regionda bugünkü münaqişələri törəyib; Koreya müharibəsi də indiyədək ölməyib və Amerikan vətəndaş müharibəsi şimal-cənub mədəniyyət toqquşmasında indiyədək mövcudluğunu davam etdirir. Bununla belə, indi Fransız, Alman və İngilis nişanələri daşıyan 1914-1918-ci il Kompenye muzeyində gəzişərkən, Fransa-Alman münaqişələri adama Pun müharibələri qədər uzaq görünür. Bu gün bu iki qonşu ölkə yəqin ki, yer üzündə bir-biriylə müharibə edəcək ən axırıncı ölkələrdir. Bunun təməlində dayanan əsas faktor müharibədən sonrakı Avropa əməkdaşlığı olub. Amma yenə də regiondakı sülhü Avropa Birliyi tam təmin etməyib. Çünki avropalılar sülhün qədir-qiymətini bilmirlər, indi onlar bir-birinə sual verirlər: “Sən axırıncı dəfə mənim üçün nə eləmisən?“

• Müharibəsizlik hər zaman siyasi nailiyyətdir. Dəqiq olmaq naminə qeyd edək ki, Saziş 11-ci ayın 11-i, saat 11-də qüvvəyə minmişdi. İmzalama və atəşkəs arasındakı 5 saatlıq vaxt ərzində isə hesablamalara görə 2738 insan həlak olmuşdu. Ən son ölən amerikalı Henri Gunther təsadüfən Alman sərhədini keçərkən saat 10:59-da yerə yıxılmışdı.

Kompenyedə gəzərkən mən bizi müşayiət edən ölülər barədə düşünürdüm. Onlar bizim kökəlməyimizdən, uzun və yaxşı yaşamağımızdan riqqətə gələrdilər. Halbuki indi biz bunların qədrini bilmirik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR