Dostoyevski və ata qatilliyi (2-ci hissə)

Ziqmund Freyd

Fəlsəfə

Ölümə bənzər tutmaların mənasını və ehtiva etdiyi məqsədi bilirik. Ölümə bənzər vəziyyətlər, ölü bir şəxslə eyniləşmə mənasına gəlir. Bu insan həqiqətən ölü biri olduğu kimi, ölümə bənzər tutmanın təsirində qalan şəxsin ölümünü istədiyi başqası da ola bilər. İkinci hal daha maraqlıdır. Bu vəziyyətdə tutma bir növ cəza vermə dəyəri daşıyır. Çünki bu halda, hər hansı bir şəxs başqasının ölümünü istəyir və özü o başqasının yerinə keçərək ölü halına düşür. Bu vəziyyət qarşısında psixoanaliz, bir uşaq üçün bu başqasının atası olduğunu və tutmanın (buna isterik tutma deyilir) nifrət edilən atanın ölümünü istəməkdən doğan özünə cəza verməni ifadə etdiyini deyir. Hamımızın bildiyi bir fikir, ata Qatilliyinin həm insanlığın, həm də fərdin işlədiyi ilk və əsas cinayət olduğunu irəli sürür. (“Totem və Tabu” adlı kitabıma bax. 1912-1913). Bu doğru olmasa belə, ata Qatilliyinin qəbahətlilik hissinin əsas mənbəyi olduğunu bilirik. Bununla yanaşı, ata Qatilliyinin qəbahətlilik hissinin yeganə mənbəyi olub-olmadığım dəqiq bilmirik. Bu istiqamətdə aparılan tədqiqatlar qəbahətliliyin və özünə cəza vermə ehtiyacının ruhi kökünü hələ ortaya çıxara bilməmişdir. Sözügedən ruhi vəziyyət çox mürəkkəbdir və uzun araşdırmalar tələb edir. Bir oğulun atasına qarşı olan vəziyyəti bizim dilimizlə desək, “iki dəyərli”dir. Yəni atasını düşmən kimi görən uşaq, ondan nifrət edərək ölümünü arzulayarkən, ona qarşı müəyyən bir ölçüyə qədər sevgi də hiss edir. Bu iki ruhi davranış, oğlun özünü atası ilə eyniləşdirilməsinə yol açır. Yəni oğul, atasına heyranlıq duyduğu üçün onun yerində olmaq istəyir, amma həm də bu səbəbdən onu aradan götürmək də istəyir. Bütün bu proses birdən-birə sağlam bir əngəllə üz-üzə gəlir. Bəzən də, uşaq düşmən gözündə gördüyü üçün atasını aradan götürməsinin yenə onun tərəfindən özünə veriləcək bir cəzayla, yəni axtalanma (castration) cəzası ilə nəticələnəcəyinə inanır.

Beləliklə, axtalanma qorxusundan (yəni kişilik gücünü qorumaq qayğısıyla) ötrü anasına sahib olmaq və atasından xilas olmaq istəyindən əl çəkir. Bu istək şüur xaricində qaldığı ölçüdə qəbahətlilik hissinə təməl təşkil edir. Burada açıqladığımız məsələnin normal proseslərdən və “Edip komleksi”nin normal inkişafından başqa nəsə olmadığını güman edirik, amma bu, mühüm bir genişləndirməni lüzumlu edir.

Bir uşaqda, iki cinslilik (biseuxuality) dediyimiz əsas faktor lazım olduğundan daha güclü bir şəkildə inkişaf edibsə, başqa nizamsızlıq ortaya çıxır. O zaman, axtalanma təhlükəsi qarşısında, uşağın meylinin qadınlıq istiqamətinə doğru döndüyü; özünü anasının yerinə qoyaraq, atasının sevgisinin obyekti (məsələsi) olması baxımından ananın oynadığı rolu özünə köçürməyə cəhd etdiyi müşahidə edilir. Lakin axtalanma qorxusu bu çözüm formasını də mane olur. Uşaq, atası tərəfindən bir qadın kimi sevilmək istəyirsə, axtalanmanı yenidən nəzərə alması gərəkdiyini anlayır. Beləliklə, hər iki impulsu da, (yəni atadan nifrət etmə və atanı sevmə impulsaları) boğulmaya (repression) məruz qalır. Ataya nifrətdən imtina etmə xarici təhlükədən (axtalanma) qaynaqlandığı halda, atanı sevmə, yenə eyni xarici təhlükəyə əsaslanmaqla yanaşı, instinktiv daxili təhlükə olaraq ələ alındığı üçün bu ikisi arasında psixoloji fərq vardır.

Ataya nifrəti qəbuledilməz bir hiss halına gətirən şey, atadan qorxudur. Çünki, istər sevginin mükafatı, istərsə də cəzası olsun, axtalanma dəhşətli bir şeydir. Atadan nifrəti yatıran iki amildən birinin, yəni axtalanma və ya cəzaya məhkum edilməkdən doğan qorxunun normal bir amil olduğu və bu amilin xəstəlik istiqamətində inkişafının ancaq iki amillə, yəni qadın davranışından qorxu ilə ortaya çıxdığı deyilə bilər.

Beləliklə, güclü və anadangəlmə iki cinslilik meylinin, nevrozu azdıran səbəblərdən biri və yenə də nevrozun ilkin şərtlərindən biri olduğu müşahidə edilir. Belə bir tendensiyanın Dostoyevskidə olduğundan şübhə etmək çətindir. Belə ki, bu meyl, inkişaf edə biləcək şəkildə (gizli homoseksualizm kimi), kişi dostlarının öz həyatında oynadığı önəmli rolda; eşq həyatındakı rəqiblərinə qarşı göstərdiyi qəribə yaxınlıq və sevgidə; bəzi hallarla bağlı olan və ancaq boğulmuş homoseksuallıq ilə açıqlana olan heyrətamiz qavrayışında (romanlarındakı müxtəlif nümunələr bunu göstərir) ortaya çıxır.

Ataya qarşı olan nifrət və sevgi ilə axtalanma təhlükəsi üzündən, bu hisslərin dəyişikliyə uğraması barədə etdiyim bu açıqlamalar, psixoanalizə yad olan oxucuya yavan və inanılmaz fikirlər kimi gələ bilər. Buna üzülürəm, lakin gerçəkləri dəyişdirməyə də girişmirəm. Mənə qalsa, əsl nifrət oyadacaq şey axtalanma kompleksidir. Lakin psixoanaliz təcrübələrinin, xüsusilə bu məsələləri şübhəyə yer verməyəcək şəkildə əsaslandırmış və onlarda hər nevrozu izah etməmizə yarayacaq bir açar tapa biləcəyimizi öyrətdiyini deyəm gərək. Elə isə, bu açarı Dostoyevski epilepsiyası deyilən şeyə tətbiq etməyimiz doğru olar. Şüur-xarici həyatımızı idarə edən həqiqətlər, şüurumuza bu qədər zidd və yaddır bax.

Bura qədər dediklərimiz, Edip kompleksində, atadan nifrətin boğulmasının doğurduğu nəticələrin hamısını əhatə etmir. Deyəcək yeni nəsə də var. Yəni, yuxarıda açıqlanan bütün hallara baxmayaraq, ata ilə eyniləşmənin (identification), eqo (Mən) içində özünə möhkəm yer edərək yerləşdiyini də qeyd etmək lazımdır. Bu eyniləşmə eqonun daxilinə qəbul edilir, amma eqonun yerdə qalan məzmunu ilə ziddiyyət halında olaraq, bambaşqa bir amil kimi eqoya yerləşir. Biz psixoanalitiklər ona super eqo (üstün mən) adı verir və ana-atanın qalığını daşıyan bu ruhi gerçəkliyin çox mühüm funksiyaları olduğunu qəbul edirik. Ata sərt, kobud və daşürəklidirsə, super eqo bu keyfiyyətləri ondan alır və eqo ilə onun arasındakı əlaqələrdə, boğulduğu güman edilən passivliyin (passivity) yenidən qurulduğu görülür. Super eqo sadist davrandığı üçün eqo mazoxist bir davranış mənimsəyir, yəni əslində qadıncasına passivliyə bürünür. Eqoda sərhədsiz bir cəzalandırılma ehtiyacı ortaya çıxır və eqo, bir tərəfdən özünü alın yazısına bir qurban kimi təqdim edərkən, digər tərəfdən super eqonun pis rəftarında (yəni qəbahətlilik hissində) sevinc və məmnunluq tapır. Belə ki, hər cəzalandırma bir axtalanmadır və belə olması baxımından ataya qarşı sərgilənmiş əski passiv davranışın reallaşmasıdır. Hətta alın yazısı belə, atanın daha sonralar ortaya çıxan yansıtılmasından (projection) başqa şey deyil.

Vicdanın yaranmasını təmin edən normal proseslərin də burada açıqladığımız anormal proseslərə bənzəməsi lazımdır. Bununla yanaşı, bu ikisi arasında dəqiq sərhədlər cızmaq məsələsində uğur qazana bilməmişik. Yuxardakı açıqlamalarda ən böyük payın boğulmuş passiv qadınlıq elementinə düşdüyü görünür. Bundan əlavə, atanın və ya qorxulan kimsənin, həqiqətən sərt və incidən bir şəxs olmasının da ayrıca əhəmiyyəti vardır. Bu, Dostoyevskinin vəziyyəti üçün qəbulediləndir və normaldan ziyadə qəbahətlilik hissinə qapılmış olmasını və mazoxist bir davranış göstərməsini onda güclü qadınvari elementin tapılması ilə geri apara bilərik. Elə isə, Dostoyevskinin vəziyyətini belə izah edə bilərik: güclü və anadangəlmə bir ikicinslilik meyli daşıyan və sərt atasına bağlı olmağa qarşı bütün gücü ilə özünü müdafiə edən bir şəxs. Bəhs edilən ikicinslilik xüsusiyyəti, ruhi quruluşu ilə bağlıdır və daha əvvəl gördüyümüz elementlərə əlavə olunur. Uşaqlıq illərində müşahidə edilən ölümə bənzər tutmalar, beləliklə, eqonun gerçəkləşdirdiyi ata ilə eyniləşmələr və super eqonun təşəbbüsçüsü olduğu cəzalandırmalar hesab edilə bilər. “Atanın yerinə keçə bilmək üçün onu öldürmək istədin, bax, indi sən atasan, amma ölü bir ata”. Bu isterik əlamətlərin hər zaman rast gəlinən mexanizmidir. Bundan əlavə, “məhz indi, atan səni öldürür” şəklində də ortaya çıxır. Çünki ölüm əlaməti, eqo baxımından, kişivari istəyin xəyal gücündə doydurulması və eyni zamanda mazoxist bir məmnunluqdur. Super eqo üçün də cəzalandırıcı bir məmnunluqdur, yəni sadist bir məmnunluqdur. Burada, eqo da, super eqo da ata rolunu oynayır.

Bir sözlə, subyekt ilə ata – obyekt arasındakı əlaqə, məzmunundan heç nə itirmədən, eqo ilə super eqo arasında bir bağlantı halına çevrilmişdir. Edip kompleksinin doğurduğu bu növ uşaqlıq çağı reaksiyaları, həqiqətin təsiri ilə möhkəmlənməsə, ortadan qalxa bilər. Amma Dostoyevskinin atasının xarakteri dəyişməmiş, daha doğrusu, illər keçdikcə daha da pisləşdiyi üçün, ona qarşı duyduğu nifrət və ölümünü istəmə hissi aradan qalxmamışdı. Bu növ boğulmuş arzular, həyat tərəfindən həyata keçirilsə, təhlükəli vəziyyətlər ortaya çıxar. Yəni xülya reallığa çevrilmiş və müdafiə tədbirləri daha gücləndirilmişdir. Beləliklə, Dostoyevskinin tutmaları epilepsiya formasını almışdır, bunların cəza baxımından atası ilə eyniyyəti ifadə etdiyi açıq-aşkardır, amma atasının ölümü kimi qorxunc bir hala da düşüblər. Tutmaların daha nə kimi məzmunlar (xüsusən nə kimi cinsi məzmunlar) əldə etdiyini demək mümkün deyildir.

Amma burada bir şey diqqət çəkir. Epilepsiya tutmasından əvvəl, sonsuz xoşbəxtlik yaşantısı ortaya çıxır. Bunu, ölüm xəbərinin duyulmasından doğan asılı olmama hissi və qələbə işarəti olaraq şərh edə bilərik. Lakin bu hal çox az davam edir və ardından qorxunc bir cəza gəlir. Necə ki, ilk icmalarda, atalarını öldürmüş qardaşların qələbə və şikayət, nəşə və şikayət davranışlarını eyni şəkildə şərh edəcəyimiz kimi; bu vəziyyətin totem yemə mərasimində də təkrarlandığını görürük. Dostoyevski Sibirdə epilepsiya tutmalarından xilas olsaydı, bu tutmaların özü üçün bir cəza mənası daşıdığı fikri yaxşıca möhkəmləndirilmiş olacaqdı. Çünki, başqa bir formada cəzalandırıldığı zaman, tutmalara artıq ehtiyacı qalmayacaqdı. Amma bunun belə olduğunu göstərə bilmirik. Əslində, Dostoyevskinin ruhi həyatında ortaya çıxan cəzalanma ehtiyacı, bu düşkünlük və lənətlənmə illərini məğlubiyyətə uğramadan keçirməsini açıqlayır. Dostoyevskinin siyasi məhbus kimi məhkum olunması böyük haqsızlıq idi. Bunu bəlkə özü də bilirdi. Lakin “Atamız” – deyə adlandırılan Çarın əlindən çıxan bu haqsız cəzanı, Dostoyevski, gerçək atasına qarşı törətdiyi cinayətin cəzası yerinə keçən bir cəza kimi qəbul etmişdi. Özünü cəzalandıracağı yerdə, atasının yerini tutan Çar tərəfindən cəzalandırılmış olurdu. Burada cəmiyyətin verdiyi cəzaların psixoloji cəhətdən haqlı çıxarılması (justification) ilə qarşılaşırıq. Cinayətkarlardan bir çoxunun cəzalandırılmaq istəyini duyduğunu bilirik. Yəni, bu cinayətkarların super eqoları bunu istəyir və beləliklə özləri cəza vermək məcburiyyətindən xilas olurlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR