Frederik Beqbederin Umberto Eko və Antonio Tabukki ilə müsahibəsi (2-ci hissə)

Müsahibə

F.B: Antonio Tabukki, etiraf etməliyəm ki, Fellininin kinolarındakı mahnıları eşidəndə, sizin “Getdikcə lap gec olur” kitabınızın çox həyəcanlı olan müəyyən anlarını xatırlayıram. Bu, kim tərəfindən yazıldığı bilinməyən, qadınlara ünvalanmış və uşaqlıq xatirələrindən bəhs edən 17 ədəd məktubdan və üstəgəl imzasız və tarixi qeydsiz daha birindən ibarət kolleksiyadır. Bu məktublarda söhbət musiqidən, fotoqrafiyalardan və baş qəhrəmanın sonlandırıb başa çatdıra bilmədiyi səyahətlərdən bəhs edilir. Deyə bilərsizmi, sizdə fraqmentarizmə olan bu meyil hardandır? Kumiriniz Pessoanın təsiri ola bilərmi?

A.T: Elə düşünmürəm. Pessoa bircə roman yazmışdı və 47 yaşında vəfat etdiyi üçün onu nəşr etdirə bilmədi. Lakin, onun dünyası aydın və dəqiq cizgilərlə qurulmuşdu. Mən isə başqa epoxada yaşayıram və indi əlimizdə qalanlar fraqmentlər, parçalar, qırıntılardı. Xoşbəxtlikdən Pessoa 1935-ci ildə, Avropanı və dünyanı bürüyəcək fəlakətdən bir az əvvəl öldü. Bizə qalan ancaq, batıb dağılmış gəminin su üzünə yayılmış qırıntıları, parçaları oldu. Biz onları qamarlayırıq. Və onlardan kitablar yaradırıq.

F.B: Qəribədir. Çünki belə təəssürat oyanır ki, - yeri gəlmişkən, ola bilər bu cəhətinizlə Umberto Ekoya zidd mövqedə durursuz - başlanğıcı, inkişaf xətti və sonluğu olan ənənəvi, klassik roman janrı sizi artıq təngə gətirib. Hər şeyi parçalamaq istəyirsiz?

A.T: Yox, bunu istədiyimi deyə bilmərəm. Ənənəvi roman, mənim fəaliyyətim olmadan da özü zatən parçalanmaqdadı. Axı roman, öz evolyusiyası, fizioloqiyası, yaxud, istəsəniz, belə də deyə bilərik, öz involusiyası olan müstəqil bir orqanizmdir. O, mutasiya edir, yeni mühitlərə uyğunlaşır. Bitkilər kimi. Bəlkə də atmosferdə hansısa zəhərlər var. Ola bilər ki, yazıçılar özləri zəhərdilər. Məsələn, mən zəhərəm. Və zavallı bitki yaşamaqdan ötrü məcburdu ki, birtəhər-bircür buna uyğunlaşsın.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

F.B: Sizin, aydınlanış anlarını tutmaqda öz üsulunuz var. Yaddaşın səylərinə söykənirsiz və eyni zamanda, bu fəaliyyətin nəticələrinə ayrı-ayrı, xırda detallar əlavə edirsiz. Faktiki olaraq Prustvari metoddur.

A.T: Rilkenin mələklər və marionetkalar haqqında şeirləri var. Həyatda, dünyada bir marionetka olan mənim üçün, zavallı marionetkayla danışa biləcək bir mələyin əhəmiyyəti böyükdür. Mən, kilsədən uzaq bir adamam, ruhun ölümsüzlüyünə inanmıram, ancaq mənə görə, ən primitiv yaradıcılıqlar belə absolyut axtarışındadı. Qoy, lap bu hansısa cüzi, xırda bir absolyut olsun. Demək belə: mələklər və marionetkalarla oynamaq mənə olduqca maraqlı gələn absolyutdur.

F.B: Erudisiyanız sizi Umberto Ekoyla yaxınlaşdırır. Postskriptumda maraqlı misralarınız görünür: “Yaddaşım məni aldatmırsa deyim ki, məktublar formasında yazılan bu roman, 1995-ci ilin payız ekinoksu dönəmində doğulmağa başladı. O zaman mən, Parisdə qonaq olarkən intihar edən Sadiq Hidayətlə maraqlanırdım. Eyni zamanda, 16-cı əsrdə yaşayan Andrea Çezalpinonun, qan dövriyyəsiylə bağlı, Pizada olarkən həyata keçirdiyi araşdırmalarına, serotonun fəaliyyətinə, iztirabın sərhədlərinə və artıq itirilmiş olduğunu düşündüyüm bəzi dostluq əlaqələrimə maraq göstərirdim”. Umberto Eko kimi siz də öz əsərlərinizi vaqe olmuş fəlakətlər əsasında yaradırsız.

A.T: Biz qədimi qvardiyanın yazıçılarıyıq. Arxamızda dörd minillik təcrübə durur.

F.B: Ancaq kifayət qədər cavan görsənirsiz!

A.T: Lakin biz bu təcrübəni öz üzərimizdən ata bilmərik. “Gilqameş” dastanı İsanın doğuluşundan iki min il öncə yaranmağa başlamışdı. Biz çox qədim bir kültürün varisləriyik. Və bizi bakir hesab etmək olmaz. “Mən heç kimi təqlid etmirəm, mən üzərimdə heç bir kənar təsir hiss etməmişəm..” deyən yazıçılara inanmıram. Sizə etiraf etməliyəm ki, mənə birmənalı şəkildə hər şeyin təsiri olub. Mən düşüncə təsirlərinə mail insanam!

F.B: Bunu italyan məziyyəti saymaq olarmı?

U.E: Məsum olduğunu, bakir olduğunu iddia etmək qədər riyakar heç nə yoxdur!

Uğursuzluğun filosofu: Emil Cioranın ümidsizliyinin zirvələri (2-ci hissə)

F.B: Müsahibələrinizin birində, hansısa səhifədə ilişən yazıçıya növbəti səhifəyə keçməyi məsləhət gördüyünüzü oxumuşdum. Kitabınızı yazarkən, siz də eyni metoddan istifadə edirdinizmi?

A.T: Bəli, həmişə bu metoddan istifadə edirəm. Gündəlik həyatın içində yaşamağa məhkum olmuş biz fağırların gözlədiyi avtobus gəlmirsə əgər, deməli dayanmağın xeyri yoxdur, növbəti dayanacağa doğru piyada getməlisən. Başqa cür desək, əgər sizin kitabınız, hekayəniz bir yerdə dayanıb ləngiyirsə, o zaman bir yazıçı kimi yerdəyişmə etməlisiz. Yaxud, əgər bu metrodusa, başqa marşrutla getmək lazımdı. Çevik olmalısız. Və fikir verin ki, ədəbiyyat bu imkanları yaratmaq baxımından nə qədər səxavətlidir. O, bizə lütfkarlıq göstərir. O, heç bir artıq sual vermədən, çarxın arasına çomaq soxmadan, ardıcıl olaraq əsrlər boyunca bizə lütfkarlıq göstərib. Nerudanın yerkökü haqqındakı şeirini də qəbul edib, Viktor Huqonun Qavroş barədəki hekayəsini də. Onun, hər şeyi qəbul edən, cömərd bətni var. Onu dəyərləndirmək, sevmək lazımdı. O, xatirələrin qoruyucusudur.

F.B: Umberto Eko, siz, “Lector in fabula” adlı essenizdə, mətnlərinizi ideal oxucu, ideal həmsöhbət üçün yazdığınızı deyirsiniz. Antonio Tabukki, bəs siz kiminçün yazırsınız, özünüz üçün yoxsa digər insanlarçün? Qırıq-qırıq, fasilələrlə yazanda oxucu itirmək təhlükəsiylə üz-üzə qalmırsız ki?

A.T: Düzünü desəm, düşünürəm ki, yazıçı hər şeydən öncə özüyçün yazır. Yazıçı, nəsə danışmağa izaholunmaz bir ehtiyac duyur. Kiminlə danışmağa? Öz-özüylə danışmağa. Bir növ etirafa. Əgər bu etiraf sənə bənzər başqa bir ünvan sahibinə də çatırsa, deməli bəxtin gətirib. Belə olanda özünü bu dünyada o qədər də tənha hiss etmirsən. Deməli bu dünyanın harasındasa hələ də sənə bənzər bir yabançı, sənin hipotetik oxucun, qardaşın yaşayır. Sanki sən onunla məktublaşırsan. Fəqət burası artıq elə də önəmli məsələ deyil..

F.B: Sizi sitat bolluğunda, erudisiya göstərişində, pedantizmdə və sujet xəttinin zəifliyində qınayan italyalı jurnalist Laura Revelli Bomonun bu iradlarına verəcəyiniz hansısa cavablarınız varmı?

A.T: Qısa cavablayacağam. O, tamamilə haqlıdır. Bu kitab, mənim həyat qarşısında duyduğum nəhəng qorxumu və absolyut acizliyimi maskalayır. Bəzən ədəbiyyat bizim fərsizliyimizi aşkara çıxarır. Əslində mən yazanda, zənən mahiyyətinə, qadın təbiiliyinə yönəlirəm. Bu təbiilik sözün dərin mənasında vagina, yaxud genitaliya anlamına gəlmir; qadın bətninin simvolik, metoforik anlamından, bütün varlığın qaynaqlandığı mənbədən danışıram. Bu sual, ədəbiyyat kişisinin, özündə bütün insanlığın sirrini təcəssüm etdirən bir qadına daima ünvanladığı müraciətidir. Ədəbiyyat surroqatdır, əvəzləmə, yerdəyişmədir. Bəlkə də susmaq, ədəbiyyatdan əl çəkmək və qadın bətninə dalmaq ən doğrusu olardı. Ancaq mən daha bunu bacarmıram…

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR