Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?

Bio-elm
Photo

Heyvani ağrı hisslərlə yox, ünsiyyətlə əlaqədardır

Əgər uşaq baxçasındakı uşaqları müşahidə etsəniz, gec ya yez onlardan birinin qaçarkən üzü üstə yerə yıxıldığını görəcəksiniz. Həmin anda çox güman sakitçilik yaranacaq. Sonra uşaq ətrafına baxaraq, anasının nəzərlərini tutacaq və var gücüylə ağlamağa başlayacaq. Uşağın ağlamağındakı bu ardıcıllıq təsadüfi deyil: bu, signaldır. Valideyn oxuduğu kitabdan başını qaldıraraq, uşağını əzizləyib könlünü almaq üçün yanına qaçacaq. Bəli, bircə kəlmə belə demədən, uşaq onun ağrısını yüngülləşdirə biləcək birinin diqqətini cəlb edə bilib.

Ağrı nəyə görə var? İnsan həyatında o, əhəmiyyətli bir yeri tutur, amma yenə də ağrı bir bioloji funksiya kimi maraqlıdır. O, saf nosisepsiyadan (ağrıya həssaslıq) – toksik stimulu aşkarlayaraq, ondan qaçmaq prosesindən fərqlənir. Ağrı bizim şüurumuzda bu dünyada uzaq dolanmalı olduğumuz şeylərin təkcə işarəsi və yaxud göstəricisi kimi yer almır. O, həm də bizim subyektiv olaraq hiss etdiyimiz bir təcrübədir.

Bizim ağrıyla əlaqəli olan daxili hisslərimiz qavradığımız xarici sosial dünyanın bir parçasıdır. Bizim hisslərimizlə qeyri-şifahi kommunikasiya qurmaq kimi insani bacarığımız var və bunu edərkən, rahatlıq kimi nəticələrə nail olacağımızı bilirik. Amma nədənsə məsələ heyvanların düçar olduqları əziyyətlərə gələndə, elm adamları heyrətamiz dərəcədə etinasızlıq edərək, bunun cansız bir şeyə xətər dəyməsindən başqa bir şey hesab etməyiblər. Heyvanlar arasında ağrının məqsədinə bir signal vasitəsi kimi baxmaq, yalnız indi antropomorfizm sahəsində getdikcə aktuallaşır.

Həqiqətən də digər canlılar arasında ağrını nümayiş etditmək istəyinin arxasında gerçək və doğruçu bir kommunikasiya məqsədi yatır. Quzu mələşmələrini, yaxud siçovul ciyiltilərini götürək, bununla onlar analarını çağırıb özlərini oxşatmaq, əzizlətmək istəyirlər. Siçanın cığıltısı və qıvrılma forması da buna oxşar nümunə ola bilər. Sosial əhatələmə kimi tanınan fenomen – diqqət və qayğı zədənin necə pis və ağrılı olmasını unutdurur. Tək qalmış quzulardan fərqli olaraq, yanında anaları, yaxud bacı, qardaşları olan quzular ağrı hissi yaşayarkən, daha az təşvişə düşürlər: siçanlar arasında da oxşar təcrübə yaşanır.

Söhbət onda deyil ki, qayğı göstərmək həmişə ağrı hissini səngidir. Siçanlar bəzən ağrı hissi yaşayan siçanların sifətlərinin əks olunduğu təsvirlərdən qaçırlar, böyük ehtimalla ağrını görmək onlara narahatlıq yaradır. Oxşar şəkildə quzular ağrıyan yoldaşlarına kəllə vururlar, yəqin, bununla yırtıcıların diqqətinin cəlb edilməsinin qarşısını almaq istəyirlər.

Bununla o, ağrı hissi yaşadığını göstərmiş olur: yoldaşlarının diqqətini cəlb edən bir şey isə başqalarının da diqqətini cəlb edə bilər. Ağrının sifət quruluşunda əks olunan daha yüngül ifadə formaları bu tapmacanın cavabı ola bilər. Sifətdəki bu ifadə kolların arasında pusquda duran yırtıcılara dərhal aydın olmasa da, yaxında olanlara mesaj göndərir. Əslində, doğrudan da dovşanlar, siçanlar və qoyunlar kimi sifətlərində ağrını ifadə etməyi bacaran heyvanların bir çoxu zəif qurbanlıq heyvanlardır.

Bəs nəyə görə heyvanlar ağrı yaşayanlara diqqət yönəldirlər? Ən bəsit səbəb budur: bu davranış normadan, gündəlik fəaliyyətlərdən o dərəcədə kənardır ki, dərhal reaksiyaya səbəb olur. Ağla daha çox batan bir digər izaha görə isə, başqasını ağrıyarkən görəndə, özün üçün faydalı bir nəticə çıxarırsan. Heyvanlar qidanın yeri, yaxud təhlükə haqda məlumat toplamaq üçün fiziki mühitə necə diqqət kəsilirlərsə, sosial mühitə diqqət yetirməklə də, onlara hazırkı, keçmiş və gələcək hadisələr barədə məlumat toplamaq imkanı əldə edirlər.

Məsələn, əgər bir heyvan quyuya düşməklə özünə xəta yetirsə, digər heyvanlar qurbana çevrilməməkdən ötrü bu quyuya düşməməyi öyrənə bilərlər. Onlar başqalarının narahatlığını görməklə, potensial təhlükədən nəticə çıxarırlar. Rezus-makakalar, zebra balıqları, yer dələləri və çöl itləri daxil olmaqla, bir çox heyvanlar öz yoldaşlarının əzab çəkməsinə baxıb nəticə çıxarırlar. Bəziləri üçün nəticə çıxarmaqdan ötrü cəmi bircə dəfə baxmaq kifayət edir.

Bəs belə olan halda, biz digər canlıların ağrısına kommunikasiya vasitəsi kimi baxmağa niyə bu dərəcədə müqavimət göstəririk? Bir mənada bu, Rene Dekartdan qalma süst inancdan qaynaqlanır: o inanırdı ki, vücud və dərrakə bir-birindən ayrı məfhumlardır, heyvanlar isə dərrakədən məhrumdurlar. Faktiki olaraq biz heyvanların dünyanı təcrübə etmələrinin bizimkindən tamamilə fərqli olduğuna inanırıq. Dostlarımızın ağrımaq formasının nə mənaya gəldiyini biz bilirik, çünki özümüz də əziyyət çəkmişik, bilirik o necə olur. Amma heyvan ağrısı bizim üçün nisbətdə yaddır, ona görə də özümüzü onların yerinə qoymaqda çətinlik çəkirik.

Burada üçüncü səbəb bizim digər canlıların reaksiyalarındakı mexanizmləri və ehtimal olunan mental vəziyyətləri dərk etməkdəki uğursuzluğumuzdan qaynaqlanır. Biz bilirik ki, bəzi heyvanlar motivasiya əsaslı davranışlara qabildirlər, bu, hissiyatdan, emosional yaddaşdan və beynin öyrənən sahələriylə əlaqədardır. Amma məsələ uzananda, hansı heyvanların situasiyanı fikirləşməklə dəyərləndirdiklərinə və qərarlar verdiklərinə gələndə, tupiklə üzləşirik.

Ağrılı davranış uzun müddət heyvanların sağ qalmaqdan ötrü qaçış və özünü sağaltmaq metodu kimi təkamül və adaptasiya nöqteyi nəzərindən izah olunub. Xoşagəlməz, emosional təcrübə xəbərdarlıq funksiyasını yerinə yetirir, canlıya elədiyi şeyi dayandırmalı və özünü situasiyadan çıxarmalı olduğunu signal verir. Sürtünmək və yalamaq kimi müəyyən davranışlar beyinə ağrı signalları göndərməklə xoşagəlməz hissləri o dərəcədə azalda bilər ki, heyvan özünü vəziyyətdən çıxara bilsin. Təhlükəsizlikdə olanda uzanmaq, yaxud zədələnmiş yeri qorumaq sonrakı ağrının qarşısını ala, yaxud yeni bərpa olunmuş hüceyrəni məhv olmaqdan qoruya bilər. Əgər heyvan bu neqativ təcrübəni xususi məkanla, hadisəylə, yaxud amillə əlaqələndirə bilsə, o zaman ağrı hissi həqiqətən də ona gələcəkdə təhlükəli vəziyyətlərdən yayınmağa kömək edər.

Əgər ağrı kommunikasiya üçün təkamül edibsə, onda belə çıxır ki, sosial heyvanlar yalqız heyvanlardan daha çox ağrını nümayiş etdirirlər, çünki onların əlaqə qurmaq üçün kimlərisə var. Onda həm də belə nəticəyə gəlmək olar ki, təbii seçmə manipulyativ davranışdansa səmimi davranışı üstün tutur, çünki ağrını nümayiş etdirmək özünü yırtıcıların qarşısına qoymaq riski yaradır.

Bu fikirlər hələ də tam sınaqdan keçirilməlidir. Ağrılı davranışı açıb göstərən potensial adaptasiya izahlarının heç birisi bitkin deyil: səbəb sadəcə olaraq budur ki, elm adamları kommunikasiya nəzəriyyəsinə biganə yanaşırlar. Halbuki biz ağrıya ciddi sosial signal növü kimi baxmaqla heyvanları balaca qara qutu kimi görən Kartezian düşüncə tərzindən qurtula və onların bioloji sistemdəki yerlərini daha dərindən dərk edə bilərik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR