Buddizm dindir yoxsa fəlsəfə?

Hər şeydən biraz
Photo

Derek Beres

Buddizmin din olub-olmadığı mövzusunda davam edən uzun müddətli mübahisə (müzakirə), inanc və praktikanı qəti şəkildə bir-birindən ayırdı.

Son iyirmi ildə nəşr olunan psixologiya və nevrologiya kitablarına nəzər salsanız, Buddizmin, təxminən 2400 il sonra psixoanaliz və fəlsəfənin meydana çıxışına dair qəti fikrə malik biri tərəfindən hazırlanmış kompleks fəlsəfi sistem olduğunu düşünə bilərsiniz. Buddizm, həqiqətən də, inkişaf edən elm sahələrinə, başqa hansısa inanc sisteminin verə bilmədiyi töhfələr verir. Əslində, Sam Harris və Stephen Batchelor da daxil olmaqla, bir çox müasir mütəfəkkir, Buddizmi başa düşmək üçün inancın zəruri olub-olmadığını soruşur. İnanc məsələsi, Siddhartha Gotamanın (Budda) əsasən qaçdığı sual idi. Stephen Batchelor bu barədə yazır:

Gotamanın Dharması (Budda təlimləri), bir 'dinin' təsisindən daha çox, yeni sivilizasiyanın təsisinin qapılarını açdı.

Qəbiləçilikdən keçid dövrlərində, Budda, cinsiyyət yaxud da irq əsaslı ayrı-seçkilik güdməyən təlimlərini bütün dünyaya açdı. Rahiblər və rahibələr, xalqla qarşılıqlı bağlılığa əsaslanan münasibət saxlayırdılar: din adamlarının təqdim etdiyi ruhi dinclik müqabilində, xalq da onları yemək və pulla təmin edirdi. Təlimə görə, hər kəs, ya ömür boyu, ya da Yaponiya kimi bəzi ölkələrdə olduğu kimi, müəyyən müddət, üç cövhər daxilində yerləşə bilər: Dharma (Budda təlimləri); Sangha (icma); və Budda. Bu üç fikrə inanmaq, buddist həyatın qapılarını giriş səviyyəsində açmaq deməkdir.

Buna baxmayaraq, əgər inanc zəruridirsə, buna din demək olarmı? Buddanın dinə olan münasibəti ilə ardıcıllarının onun təlimlərini şərh etmə formaları arasında nəzərə çarpan fərqlər mövcuddur. Budda həmişə onu əhatə edən hind inanclarına şübhə ilə yanaşırdı. Buddizm, Siddharthanın ənənələr və ruhlar üzərində qurulmuş nizamı aravermədən sorğu-suala tutması sayəsində meydana gəlmişdir. Budda, yoqa müəllimlərindən ikisini, öyrəndiyi şeylərə özü təcrübədən keçirmədən, yalnız kor-koranə inanmasını istədiklərinə görə tərk etmişdi. Çünki Buddizmdə inanc, nə saf ümidlərə, nə də yaxşı niyyətlə qurulan xəyallara deyil, təcrübə və sorğuya əsaslanır. Bununla belə, praktik baxımdan, Buddizm artıqlaması ilə dindir. 2010-cu ildə planetin əhalisinin yeddi faizini təmsil edən 488 milyon buddist vardı. Bu əhalinin təxminən 481 milyonluq ən böyük qismi Asiyada yerləşir. Şimali Amerika, dörd milyondan az buddist əhalisi ilə, ikinci yeri tutur. Buddistlərin yarısı bu ilk dörd ölkədə – Çin, Tayland, Yaponiya və Myanmarda yaşayır.

Buddizm təlimlərində, onu dinlərlə birləşdirən metafizik ideologiyanın bir çox nümunəsi var. Buddist ədəbiyyatın ən vacib növlərindən biri Abhidharmakosa və ya "metafizika"dır. Ölən anasının əsas dinləyici olduğu bu metafizik mətnlərdəki dərslərin, birbaşa Budda tərəfindən tanrılara danışıldığı rəvayət edilir. Diqqətlilik meditasiyasının faydasına dair bir çox klinik ədəbiyyat olmasına baxmayaraq, buddist rituallar və inanclar həmişə müasir elmlə eyni dili danışmır. Buddist mənşəli mif olan ‘Agganna Sutta’da, tanrılar Meru dağının yamaclarında və zirvənin ən təpəsində yaşayırlar; dağın bir hissəsi lacivənd daşındandır (lapis lazuli) və əslində okeanın mavi olmasının səbəbi budur. Yüz tanrı ili yaşadıqdan sonra ölən bu tanrıların bir ili, yüz insan ilinə bərabərdir.

Buddizm ən mübahisəli fəlsəfələrdən birini də əhatə edir; yenidən doğulma. Buddanın cavab verməkdən imtina etdiyi 14 sualdan ikisi kainatın başlanğıcı və sonu olub-olmadığı barədədir. Samsara adı verilən yaranma dövrləri zamanı, siz, tanrı, yarı-tanrı, insan, heyvan, qarabasma və ya Cəhənnəmin daimi bir üzvü kimi yenidən doğula bilər yaxud da hal-hazırda doğulmusunuz. Həyatınızı başqalarına kömək edərək keçirmək isə, bəziləri fiziki formada olmayan, lakin yalnız şüur səviyyəsində mövcud olan tanrılardan biri kimi yenidən doğulmağımıza imkan verir.

Buddizm, bir çox tabu və duanı da ehtiva edir. Hətta bu inanclar nəticəsində ortaya çıxmış, Nyu-Yorkun Çin məhəlləsində başlayıb digər yerlərə də sıçramış, "ruh evlilikləri" yolu ilə həssas valideynlər, nənə və babalardan pul qopardan fırıldaqçılıq şəbəkəsi belə vardır. Buna əsasən, planetin səthinin altında, təxmin edilməyəcək qədər dərinliklərdə yaşayan buddist ruhlar, insanların bəzi işləriylə eləcə maraqlanmaq üçün təsadüfən meydana çıxır və onları yalnız fövqəladə güclərə sahib olan keşişlər görə bilir.

Buddanın kainatın başlanğıcı və ya sonunu qəbul etməyi rədd etməsinə baxmayaraq, buddist kosmologiya çox mürəkkəb və qatıdır. Andlarını pozanları (sadəcə bunlarla məhdudlaşmamaq üzrə) səkkiz isti və səkkiz soyuq cəhənnəm gözləyir. Verilən cəzalar mərhəmətdən çox uzaqdır: isti cəhənnəmə atılmaq milyonlarla il davam edəcək cəza deməkdir. Ananızı, atanızı və ya Arhatı (ölümü ilə nirvanaya çatan aydınlanmış varlıq) öldürdüyünüz halda sizə belə bir cəza verilə bilər. Eyni zamanda, əgər Buddanı incitsəniz, yaxud da rahiblər və rahibələr arasında qarışıqlığa səbəb olsanız, qaynayan qazana atılarsınız.

Budda, aydınlanmasından sonrakı 45 il ərzində, təlimini şifahi şəkildə yaymağa çalışdığı üçün, fikirlərinin cəmini ehtiva edən hansısa 'kitab' yoxdur. Halbuki Buddizm, hətta "kitabların dini" adlandırılır. Əsrlər boyu saysız-hesabsız insan tərəfindən yazılmış İncil kimi, buddist mətinləri də, Buddizmin təlimlərinə dair hərtərəfli nəzərdən daha çox, hər bir müəllifin bu təlim barəsindəki zehniyyətini əks etdirir.

Budizm dindirmi? Bir çox adam üçün cavab pozitivdir. Çünki dünyadakı digər dinlər kimi, bir çox etik kodlar və gündəlik həyatınıza empatiya, dinclik və şəfqət dolduran olduqca gözəl tətbiqlər təqdim edir. Bundan əlavə, Buddizmin öz daxilində metafizik sistemi də var. Buddizm də, eyniylə digər dinlərin öz daxillərində yaratdığı təsnifat kimi, həyatdan sonra gələn şeylər üçün – cənnət və cəhənnəm – özündə müəyyən təsnifat yaratmışdır. Bu mənada Buddizmə digər dinlərdən ayrı baxa bilmirik.

Buna baxmayaraq, Buddizm dünyada aşkar formada yayılan dünyəviliyi gücləndirmək üçün unikal vəziyyətdədir. Məhz bu səbəbdən, buddist ideologiyasından çox şey öyrənmək olar. Yazar Pankaj Mişranın Buddizmin başlıca təliminin bizə istiqamətlənmiş tərəfləri haqqında yazdığı kimi:

Hər hansı zehni təlimdə olduğu kimi, meditasiya da, daima fərdlərə yeni həssaslıq qazandıran intizamdır. Ona göstərir ki, müvəqqətinin, özü olmayanın və qüsurlu olanın arxasınca qaçmaq əzab çəkməyə səbəb olacaq.

O biri dünyanın həsrətini çəkmək əvəzinə, Buddizmin əsas nəzər nöqtəsi yaşanan an üzərindədir və hərəkətlərinizin (karma) nəticələri olduğu istiqamətində dərk inkişaf etdirmək yolu ilə, bizi həyatın gətirdiyi hər problemlə qarşılaşmağa hazırlayır. Bir-biri ilə münaqişə halında olan qruplara çevrilmiş olsa da, Buddizm qəbiləçilik deyil. Sangha, əzabın kökündə arzunun olduğu və hərəkətlərimizin hər birinin yaşadığımız dünyaya təsir etdiyi fikrini paylaşan fərdlər icmasıdır. Bu baxımdan, fərdi məsuliyyət və ictimai dürüstlük həmişə qarşılıqlı əlaqədədir.

Bunlar, Siddharthanın həyatının yarısından çoxunu öyrətmək üçün keçirdiyi günlərdə olduğu kimi, hazırda da dünyamız üçün etibarlı olan dərslərdir. Dindar bir insan üçün, bu doktrinada nəzərə alınması zəruri çox şey var. Ancaq mənəvi öhdəliyimiz nə olursa-olsun, əzab çəkməyimiz və çəkdiyimiz əzabları aradan qaldıracaq texnikaların mövcud olduğunu bilmək belə, bizim üçün çox dəyərlidir və bunun üçün fövqəltəbii inanclara malik olmağa ehtiyac yoxdur. İnanc sübutun içindədir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR