Kültür və mədəniyyət

Toplum
Photo

İnsan cəmiyyətlərinin bütün üzvlərini bir-birinə bağlayan, yəni xalq arasında harmoniyanı təmin edən qurumlar hars (kültür) qurumlarıdır. Türklüyün özünəməxsus dərin bir harsı vardır. Lakin təqlidçilik bunu pozmuşdur (ərəb və fars mədəniyyətinin təsiri). Şair və yazıçılarımız harsçılıqla mədəniyyətçiliyi bir-birinə qarışdırmağa çalışdılar. Osmanlının bir çox qurumu türk kültürünə görə təşkil edilmişdir.

Türk harsı çox qədimdən Çin mədəniyyətindən qurtularaq İran mədəniyyətinin təsirinə girdi. İndi Avropa mədəniyyətindən təsirlənir. Mədəniyyət millətlər arasındakı ortaq qurumlardır. Əsas elementləri pozitiv elmlər (müspet bilimler), elm (ilim), texnika və sənətlərdir. Musiqinin qeyri-milliliyinin səbəbi harsdan çox mədəniyyətə dəyər verməyimizin nəticəsidir…

Bir hars daxil olduğu mədəniyyəti təmsil etmək üçün çalışmazsa, həmin mədəniyyət o harsı pozar və yox edər. Hars canlı bir varlıq, mədəniyyət isə o canlını bəsləyən mühitdir. Bu səbəbdən, harslar (kültürlər) mədəniyyəti təmsil etməlidir.

Hars (kültür) ilə mədəniyyət arasında həm birləşmə, həm də ayrılma nöqtələri vardır. Birincisi, kültür milli olduğu halda, mədəniyyət beynəlmiləldir. Ölkəmizdə yan-yana iki dil yaşayırdı: Osmalıca və Türkcə. Bu iki dildən ikincisi təbii bir əmələgəlmə idi və gündəlik həyatda istifadə edilə-edilə öz-özünə meydana gəlmişdi. Bu səbəbdən milli kültürümüzün dili idi. Birincisi isə, (Osmalıca) insanlara aid üsulla və şüurla düzəldilmişdi.

Ölkəmizdə bundan başqa yan-yana yaşayan iki musiqi növü var. Bunlardan biri xalq arasından öz-özünə doğulmuş olan türk musiqisi, digəri isə Fərabinin Bizansdan çevirmə və köçürmə yolu ilə aldığı Osmanlı musiqisidir. Bunlardan birincisi (türk musiqisi) milli kültürümüzün, ikincisi isə (Osmanlı musiqisi) mədəniyyətimizin musiqisidir.

Niyə bu ölkədə yaşayan iki tip, Türk ilə Osmanlı tipi bir-birinə bu dərəcədə ziddir? Çünki Osmanlı tipi türkün kültürünə və həyatına zərərli olan imperializm meydanına atıldı, kosmopolit oldu, sinfi mənafeyini milli mənafeyin üstündə gördü.

Kültür duyğulardan mədəniyyət isə bilgilərdən meydana gəlirdi. Osmanlı mədəniyyəti Türk, Əcəm, Ərəb mədəniyyətləri, İslam dini, Şərq mədəniyyəti və son zamanlar da Qərb mədəniyyəti qurumlarından ibarət qarışıqdır. Bu qarışıq heç vaxt qaynaşaraq, uyğunlaşaraq müvafiq bir nizama qovuşa bilmədi. Osmanlı mədəniyyəti iki səbəbdən yıxılmağa məhkumdu. Birincisi Osmanlı İmperatorluğunun bütün imperiyalar kimi müvəqqəti icmalardan meydana gəlməsiydi. Əbədi yaşayanlar isə müvəqqəti birliklər deyil, cəmiyyətlərdir. İkinci səbəb, Qərb mədəniyyətinin yüksəldikcə Şərq mədəniyyətini aradan qaldırmaq xüsusiyyətində olmasıdır.

Türkçülüyün vəzifəsi bir tərəfdən yalnız xalqın arasında qalmış olan türk mədəniyyətini axtarıb tapmaq, digər tərəfdən Qərb mədəniyyətinin texnikasını tam və canlı bir şəkildə ələ alaraq milli kültürə aşılamaqdır. Tənzimatçılar Osmanlı mədəniyyətini Qərb mədəniyyəti ilə uzlaşdırmağa çalışmışdılar. Bir millət ya şərqli olur, ya qərbli, iki dinli bir insan olmadığı kimi, iki mədəniyyətli bir millət də ola bilməz. Tənzimatçılar bu məqamı bilmədikləri üçün etdikləri yeniliklərdə uğur əldə edə bilmədilər.

Türkçülərə gəlincə, bunlar kökü bizanslı olan Şərq mədəniyyətini tamamilə tərk edərək, Qərb mədəniyyətini tamamilə almaq istədikləri üçün təşəbbüslərinə müvəffəq olacaqlar. Türkçülər tam mənada türk və müsəlman qalmaq şərti ilə Qərb mədəniyyətinə qəti şəkildə daxil olmaq istəyənlərdir.

Hars cəmiyyətlərin özdəki dəyişikliklərindən, mədəniyyət isə müxtəlif harsların (kültürlərin) birləşməsindən meydana gəlir. Harsı meydana gətirən bütün ülkücü faktorlar dindən, mədəniyyəti meydana gətirən bütün texniki məqamlar da sehrdən çıxıb yayılmış kimidir. O halda maddi elmlər sehrdən, mənəvi elmlər də dindən doğulub deyə bilərik.

Subyektiv xarakter daşıyan inanclar, əxlaqa aid vəzifələr, gözəlliklə bağlı formalar və bütün məfkurələr bir kültür (hars) icmasının inanclarıdır. Obyektiv xarakter daşıyan elmi həqiqətlər, səhiyyəyə, iqtisadiyyata və quruculuğa aid qaydalar, kənd təsərrüfatı və ticarət sahəsindəki alətlər ilə bütün riyaziyyat və məntiq qavramları isə mədəniyyət toplumunun fikirləridir

Bəşəriyyət yalnız fərdlərdən meydana gələn bir mədəniyyət toplumu olsa idi, hadisələrin ümumiləşməsini yalnız təqlidə bağlamaq, sosial həyatda yalnız texnika və avadanlıqlara qiymət vermək bəlkə də doğru olardı. Halbuki bəşəriyyət müstəqil fərdlərdən meydana gələn bir mədəniyyət birliyindən ibarət deyil: şəxslər ailə, oymaq, nahiyə, ocaq, sinif, dini icma, qövm, ümmət, dövlət kimi bir çox mədəniyyət toplumları içində yoğrulub gedib, şəxsi xüsusiyyətlərini itiriblər. Əşirət (oymaq) bir çobanlar icmasını, nahiyə bir kənd və ya qəsəbəni, ocaq sənətdən olan insanları, korporasiya bir peşənin bütün məsləkdaşlarını, camaat bir bölgədəki eyni məzhəbdən olan insanları yadlara qarşı təkvücud, yəni bir bədəndə bütünləşmiş ailə halına gətirir.

Vicdan bizim “Nə üçün Yaşamaq?” sualımıza “Məfkurə üçün” cavabını verir. Ağıl isə “Necə Yaşamalı?” sualımıza “Ağıla uyğun şəkildə” deyə cavab verir. Edmond Demolins anqlo-saksonların inkişaflarını fərdiyyətçi olmalarına, Şərq millətlərinin geriləməsini isə camaatçı olmasına bağlayır.

Bir mədəniyyət birliyinə daxil olan müxtəlif millətlərin hər biri yüksək bir kültür yaratmaq üzrə iş bölgüsünə girmişdirlər. Şəxsi qabiliyyətlərin başqa-başqa olmasından bölgəsəl iş bölgüsü ortaya çıxdığı kimi, milli qabiliyyətlərin fərqli olmasından da millətlər arasında fərqli kültürlər yaranır. Mədəniyyət toplumu içərisində ortaq bir həyat səviyyəsində olmağı istəmək və yaşamaq, ailə və dövlət həyatının xüsusiyyətlərinə, hətta millət və ümmət icmasının daxilində olan kültürəl birliklərə tərs düşməz.

Biz türklər əsrimiz mədəniyyətinin ağıl və elmi ilə silahlanmış olduğumuz halda, bir Türk-İslam mədəniyyəti yaratmağa çalışmalıyıq.

Sosiologiys bizə belə səslənə bilər: “Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı”. Sosiologiya görə, kültürləri və dinləri ayrı olan müxtəlif toplumlar arasındakı ortaq qurumların hamısına mədəniyyət adını vermək uyğun olar.

Mədəniyyəti də din kimi kənarından deyil, içindən almaq lazımdır. Mədəniyyət də eynilə din kimidir. Ona da inanmaq və ürəkdən bağlanmaq lazımdır. Bu məqamı yaxşı anlamamış Tənzimatçıların bizi Avropa mədəniyyət dairəsinə xarici görünüşü təqlid edərək salmağa çalışmaları buna görə də qısır qaldı.

Avropada Renesans, islahat, fəlsəfədə yenilik, romantizm kimi əxlaq, din, elm və estetika sahələrindəki dəyişikliklər orta əsr həyatına son qoydu. İslam dünyasında bu yeniliklər baş vermədiyi üçün, biz hələ də Orta Əsrlərdən xilas olmamışıq.

Bir millətin Şərq mədəniyyətindən Qərb mədəniyyətinə keçməsi üçün hansı üsulları sınaqdan keçirməsi lazım olduğunu anlamaq üçün Dəli Pyoturun “Yeniləşmə Tarixi”ni araşdırmaq kifayətdir. Ruslar bacarıqsız görünərkən, bu məcburi yenilikdən sonra sürətlə irəliləməyə başladılar.

Din və vətən təhlükələri qarşısında yalnız bir qurtuluş yolu var ki, o da elmlərdə, sənayedə, hərbi və hüquq təşkilatında avropalılar qədər irəliləmək, yəni mədəniyyətdə onlarla bərabər olmaqdır. Bunun üçün də tək yol vardır: Avropa mədəniyyətinə tam olaraq girmək.

Yaponlar dinlərini və milliyyətlərini qorumaq şərtilə Qərb mədəniyyətinə girdilər. Bu sayədə hər məsələdə avropalılara yetişdilər. Bunu bizlər də edə bilmərikmi? Aristotelin dəlilçi məntiqini tərk edərək, Dekartla Bakonun məntiqini və bu məntiqdən doğan metodologiya götürməyin din və mədəniyyətimizə nə zərəri ola bilər?

İctimai inamımızın birinci formulu bu olmalıdır:”Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətdənəm”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR