İnqilabi cins

Tarix
Photo

Elə bir parlaq dövr varıydı ki, rus qadını olmaq seksual azadlıq və radikal bərabərlik demək idi. Beləsi nə əvvəl olmuşdu, nə də sonra

“SSRİ-də seks yoxdur və biz tamamilə onun əleyhinəyik”, – 1986-cı ildə Sovet dövlət televiziyasında otel meneceri olan bir qadın bu sözləri deyəndə, studiyadakı tamaşaçılar gülüşmüşdülər. Bu ifadə tezliklə hamının dilinə düşdü, o, o qədər də saf sayılmayan reallıq ilə rəsmi diskurs arasındakı ziddiyəti göstərirdi. Bununla belə, Rusiyanın bugünədək davam edən mühafizəkar insan-konsepsiyası bu ölkənin tarixindəki çox maraqlı və unudulmuş dövrləri gizlədir. Bu mənada 1917-ci ildə baş verən Oktyabr İnqilabından sonrakı ilk on il elə bir dövr idi ki, Kommunist Partiyasındakı yüksəkçinli qadınlar dövlət siyasəti kimi azad sevgini təbliğ edir, təknigahlılıq və ənənəvi ailə kimi “burjua” təsisatlarını məhv edəcəklərinə ümid bəsləyirdilər.

Lakin seksual inqilabın vədləri uzun sürmədi. 1920-ci illərin ortalarında İosif Stalin hakimiyyəti ələ keçirəndə, zidd bir ideyanı – seksual azadlığın yox, ənənəvi ailənin sosializmin həqiqi meyarı olduğunu təşviq etməyə başladı.

Bəs bu cür siyasi geri dönüşə səbəb nə idi? Bu epizod məqbul sayılmayan siyasəti, yoxsa daha geniş götürəndə, Rusiyanın repressiya tarixində yaranan boşluq nəticəsində hökumətin başlanğıcdakı azad mövqeyini əks etdirirdi?

Tarixə baxışımızı Qərbə tərəf dəyişdirsək, görərik ki, 1920-ci illərdə səsvermə hüquqları uğrunda mübarizə bir çox qadınlara mülkiyyət hüquqlarının verilməsinə gətirib çıxarmışdı (Birləşmiş Krallıqda mülkiyyəti olmayan 21 yaşından yuxarı qadınlar yalnız 1928-ci ildə səsvermə hüququ qazanmışdılar). Ancaq Sovet İttifaqında qadın hüquqları daha çox yol qət etmişdi. Universal səsvermə hüququndan savayı, onların ali təhsil və bərabər maaş hüquqları vardı. Dünyada ilk dəfə fabrik işçilərinin azad şəkildə abort etmələri leqallaşdırılmışdı. Evlilikdə və evlilikdən kənar dünyaya gələn bütün uşaqlar qanun qarşısında bərabər idilər. Evlilik sekulyar, boşanmaq asan və məhdudiyyətsiz idi, nigahdan kənar evlilik damğalanmır, kişi homoseksuallığı isə cinayət sayılmırdı.

Nə idi bu cür radikallığa səbəb olan amillər?

Rusiyada 19-cu əsrin sonlarına doğru zadəgan burjuaziyası və sosialist qadın hüquqları uğrunda hərakatlar paralel şəkildə inkişaf edirdilər. 1895-ci ildə əsası qoyulan Rus Qadınların Müştərək Filantropiya Cəmiyyəti kimi təşkilatlar iş yerlərində qadın hüquqları uğrunda mübarizə aparır, yetimxanalarda şəraiti yaxşılaşdırır, həmçinin yoxsul, əməkçi analar üçün uşaq yuvaları və yeməkxanalar qururdular. Zəhmətkeşlər Evi təhsilli qadınlara mürəbiyyə işi tapmağa kömək edirdi; Gənc Qızlara Yardım Cəmiyyəti isə tarixçi Keti Porterin Aleksandra Kollontainin bioqrafiyasında (2013) yazdığı kimi “xüsusilə işçi sinfindən olan qızları həyatlarındakı mənəvi baxımdan dağıdıcı olan şərtlərdən qorumağa” çalışırdı. Həmin dövrdə getdikcə daha çox qadın işçi qüvvəsinə çevrilirdi. 1904 və 1910-cu illər arasında Rusiyada sənaye işçilərinin sayı 141, 000 nəfərə çatmışdı, onların 80%-dən çoxu isə qadınlar idi.

Sosialist ideologiyası radikal bərabərlik üzərində kök tapır, buna görə də müəyyən mənada Sovet cəmiyyətinin cinslər arasında bərabərlik üçün çalışması başadüşüləndir. Karl Marks fəhlə qadınların fabrikdə, evdə və ailədə daha çox təzyiqə məruz qaldığını irəli sürürdü. “Sosial proqres cinslər arasındakı (çirkinləri daxil olmaqla) düzgün və ədalətli yanaşmasıyla ölçülməlidir ”, – Karl Marks 1868-ci ilə aid bir məktubunda heç bir kinayəsiz yazırdı. Buna baxmayaraq, Rusiyada Oktyabr İnqilabınadək sosial təşkilatlar arasında qadınların statusu məsələsi burjua təxribatı kimi sayılaraq görməzdən gəlinirdi. Sosialist Ortodoksu belə bir inancı ifadə edirdi ki, sinfi mübarizə zamanı işçi qadınlar onsuz da avtomatik olaraq azad olacaqlar.

Yalnız 1912-ci ildə Bolşeviklər – Rusiyada siyasi dominantlıq uğrunda mübarizə aparan çoxsaylı sosialist fraksiyalardan biri, 1917-ci ildə hakimiyyəti ələ keçirməyi bacardılar – qadın məsələlərini ilk dəfə olaraq açar mövzu kimi özlərinin siyasi gündəliyinə saldılar. Bundan sonra onlar işçi qadınları faəl surətdə mitinqlərə cəlb edir, qəzetləri “Pravda”da qadın məsələlərinə həsr olunmuş səhifə buraxırdılar. 1914-cü ildə isə onlar “İşçi qadın” adlı qəzet nəşr etməyə başlamışdılar.

Bu nəslin nümayəndələri içərisində ən irəlidə gedən aktivistlərdən biri Sosial Rifah təşkilatının ilk Komissarı, Kreml hökuməti daxilində ən nüfuzlu qadın, yuxarıda adı çəkilən Aleksandra Kollontai idi. O, seksual azadlığın ilk qabaqcıl ideoloqu sayılır.

1872-ci ildə Sankt-Peterburqda aristokrat ailədə dünyaya göz açan Kollontai gənc yaşlarında artıq 7 dildə danışırdı. Onun burjua idealını “uyğun namizəd” kimi qucaqlayacağını güman etmək olardı. Amma valideynləri ona universitetə daxil olmaq üçün icazə verməyəndə, o, itaətsizlik göstərərək, tədris sertifikatı əldə eləmək üçün imtahan verdi. Məqsədi əmisioğlu Vladimirin kiçik mühəndis maaşına yetərincə çatacaq qədər pul qazanmaq idi – Kollontai Vladimirlə evli olmuş, illər sonra isə boşanmışdı.

“Mən hələ də ərimi sevirdim, lakin xoşbəxt evdar qadın və həyat yoldaşı həyatı mənim üçün “zindan” idi”, – Kollontai 1926-cı ildə yazdığı “Cinsi Azadlığa Qovuşmuş Kommunist Qadının Avtobioqrafiyası”nda izah edirdi: “Rusiyanın inqilabi işçi sinfi getdikcə daha çox mənim marağıma və simpatiyama səbəb olurdu”.

Hələ evli olsa da, 1896-cı ildə Kollontai işçi qadınlara dərs deməyə və fabriklərdə çirkli havanı təmizləmək üçün filterlərin qurulmasına kömək etməyə başladı. Amma işçilərin gecə-gündüz necə bir səfalət içərisində olduğunu gördükdən sonra o, dərk etdi ki, xeyriyyəçilikdən başqa da edə biləcəyi çox şey var. O, özünü feminist aktivistliyin aristokratik bağlarından qopardı və iqtisadi əlaqələrin fundamental dəyişikliklərə gətirib çıxara biləcəyi, başqa sözlə desək, qadın bərabərsizliyinin yalnız sosial inqilab nəticəsində həll olunacağı fikrinə gəlib çıxdı.

Cavablar axtarışında olan Kollontai ərini və 4 yaşlı övladını tərk edərək iqtisadiyyat oxumaq üçün Sürixə getdi. O, bundan sonrakı fəaliyyəti ərzində Sankt-Peterburqda işçi qadınlar üçün hüquq klubları açmış, marşlar təşkil etmiş, çoxsaylı məqalələr, kitablar yazmış və “Yeni Qadın”, “Qadın Məsələlərindəki Sosial Bazis” kimi başlıqlar altında Avropada və Amerikada işçi həyatı, cinsiyyətçilik və analıq mövzularında mühazirələr oxumuşdu.

Seksual inqilab qadınların monoqamiya (birnigahlılıq) gözləntilərindən və ailə əsarətindən qurtulması demək idi

Kollontai 1908-ci ildə həbsdən yayınmaq üçün Rusiyadan qaçdı və İsveçrədə sürgündə olan Leninlə yaxınlıq eləməyə başladı. Çarın taxtdan salınmasından və inqilab zamanı geri qayıtmasından sonra Kollantai Petroqrad sovetinə (yaxud işçilər şurası) seçildi, ən sonda da Sosial Rifah Xalq Komissarlığı idarəsində işləməyə başladı. 1919-cu ildə, vəzifəyə təyin edildikdən iki il sonra Kollontai qadınların təhsil və inkişafı üçün dövlət departameti olan “Jenotdel”in (və ya Qadınşöbəsi) qurulmasına yardım etdi.

Kollontaiyə görə seksual inqilab əsasən qadınların monoqamiya (birnigahlılıq) gözləntilərindən və ailə əsarətindən qurtulması demək idi. Qadınların uşaq sahibi olmaq zamanına özlərinin qərar verməli olduğunu deməklə, o, dövlətin qadınlara təhsil almağa, işləməyə və dövlət işlərinə cəlb olunmağa icazə verməli olduğunu irəli sürürdü. O ümid edirdi ki, bu transformasiyalar “yeni mövcudluq/gündəlik həyat [novıy bıt]” və “İnsan Qadın” yaradacaq.

Kollontai sevginin sosial dominantlığının cinslər arasında qeyri-bərabər gücü təşviq etdiyini vurğulayırdı. 1911-ci ildə yazdığı bir məqalədə o, qeyd edirdi: “Qadınlara verilən müasir təhsil onun həyatını emosiyalarla məhdudlaşdırmaq məqsədi güdür”. “İndi qadınlara sevginin həyatın mənası olmadığını, öz həqiqi mənliyini aşkar etməkdən ötrü atılan bir addım olduğunu öyrətməyin vaxtıdır. Həyatın məziyyətləri təkcə sevgidən ibarət deyil”, – Kollontai yazırdı.

1920-ci illərdə dəyişikliklər sanki həyata keçməyə başlayırdı. Kollontainin 1927-ci ildə ABŞ-da dərc olunan “Qırmızı Məhəbbət” romanı kommunizm quruluşunda yaşayan gənc, subay bir qadının iş və həyat tərzindən bəhs edirdi. İngiliscəyə tərcümənin ön sözündə Kollontai yazırdı ki, Sovet cəmiyyəti “qadınlara “yaxşı əxlaq”a görə deyil, onun funksionallığına, öz sinfi, ölkəsi və bütövlükdə insanlıq qarşısında olan məsuliyyətini dərk etmək qabiliyyətinə görə hörmət edir”.

Qadınları özünü romantikayla məhdudlaşdırmaqdan azad etməklə bərabər, Kollontai dostluğu daha bərabərhüquqlu münasibətlər üçün model kimi irəli sürmək istəyirdi. “Qanadlı Erosa Yol Açın: İşçi Gəncliyə Məktub” (1913) məhəbbətin bir növ siyasi tarixçəsi idi. O deyirdi ki, tarixdən əvvəlki zamanlarda insanlıq məhəbbəti bacı-qardaş və kuzenlər arasında olan qohumluq bağları kimi görürdü. Feodal dünya cəngavərin “spiritual” sevgisini ideala yüksəltdi və sevgini evlilikdən ayırdı. Amma sonda orta sinfin böyüməsiylə, burjua əxlaqında sevgi paradiqması evli cütlüyün məhəbəttinə çevrildi, “Mal-dövləti artırmaqdan ötrü birlikdə işləmək ailə hüceyrəsini cəmiyyətdən ayırdı”. Proletar ideologiyası isə bunun əksinə çalışmalıdır ki, yoldaşlıq həmrəylinin ruhu əsasında cinslər arasında “sevgi-birliyi”nə nail olsun – bu Yunan-Roma modelinə ən yaxın ideal olardı.

İnqilabdan sonrakı ilk illərdə qadınların əlbəttə çoxlu problemləri vardı. Qadın işsizliyi yüksək idi, seksual zorakılıq hələ də geniş yayılmışdı və bir çox müşahidəçilər yeni cinsi siyasətin partnyorları istismar edib, sonra da bir kənara atmasına rəvac verdiyinə görə pisləyirdi. “Kişilər yenicə bərpa olunmuş 40 dərəcəlik arağı necə həvəslə istehlak edirdilərsə, arvadlarını də eyni həvəslə dəyişdirirdilər” – 1926-cı ildə “Atlantik”də bir tənqidçi belə yazırdı.

Lakin bir çox qadınların da həyatı dəyişmişdi, özü də yaxşı yöndə. Rusiyaya səfərdən bəhs edən “İnqilabdan Sonrakı Üç Səyahət Xronikası” adlı səfər gündəliklərində yunan yazıçı Nikos Kazançakis yazırdı ki, Moskvada rast gəldiyi qadınlar ona evlənməkdənsə, sosializm quruculuğunda iştiraka daha həvəsli olduqlarını söyləyiblər. 22 yaşlı Bella Qrigoryevna Kazançakisə belə deyibmiş: “Mənim üçün xoşbəxtlik kişi əldə eləmək yox, işləmək və özümün parazit olmadığımı hiss etməkdir. Mən asketik deyiləm, sevgi də vacibdir. Amma çox danışmaq və vaxtı boş yerə keçirmək sevgisi yox”.

Bu fikirlər SSRİ-nin sərhədlərini aşmışdı. Müharibələrarası dövrdə kommunizmə qucaq açmaq istəyən Rumıniyada Kollontainin evlilikdən kənar seksi dəstəkləməsi anti-kommunist propaqandaçıların əlində vasitəyə çevrilmişdi. (Burada biz bugünkü Rusiyada homoseksuallığın səfərbər olunaraq, Qərbə qarşı müxalif fikrin simvoluna çevrilməsinin əks-sədasını görürük– məsələn, Rusiyada adətən Avropa “Avropa”dansa “Geyropa” kimi qələmə verilir).

Bolşeviklərin lideri Lenin də Kollontainin sevgini “burjua” konsepsiyası olduğu fikrini paylaşırdı. O düşünürdü ki, evliliklə bağlı bütün mövcud fikirləri kənara atmaq sinfi birliyin güclənməsinə və işçilərin sosialist cəmiyyət yaratmalarına təkan verəcək. Bununla belə, onun Partiyanın digər yüksəksəlahiyyətli üzvləri kimi ehtiyat fikirləri də vardı. 1915-ci ildə inqilabi lider İnessa Armanda yazdığı məktubunda o, bildirirdi ki, sevgi maddi, maliyyə narahatçılıqlarından və hesablamalardan azad olmalıdır, lakin uşaqları böyütməkdən imtina etmək və canfəşanlıqla yetkinliyi həvəsləndirmək “proletar yox, burjua tələbatıdır”.

Bilindiyi kimi Armandın özü də Leninin sevgilisi olub. Fransa doğumlu bu sosialist qadın beş yaşı olarkən nənəsi və xalasıyla yaşamaq üçün Rusiyaya köçmüşdü. O, 19 yaşı olarkən zəngin tekstil fabrikinin sahibi Aleksandr Armandla evlənmiş, 9 il sonra isə uzun müddət münasibətdə olduğu ərinin qardaşı, tələbə və inqilabçı, özündən 11 yaşı balaca olan Vladimirə görə evliliyini sonlandırmışdı.

İnqilabdan sonra Armand Lenin və arvadı ilə birgə Kremlə köçdü

Armanda görə, seksual ifadə azadlığı sosialist inqilabının feminist özəyi idi. Kollontai kimi o da xeyriyyəçilik işi ilə aktivistliyə başlamışdı. İlk evliliyi dövründə o, kəndli uşaqlar üçün məktəb açmış və Qadınların Vəziyyətinin Yaxşılaşdırılması üçün Moskva Cəmiyyətinin əsasını qoyanlardan və idarəçilərindən biri olmuşdu, bu təşkilat yoxsul və işçi qadınlara təlimlər keçir və keçmiş fahişələrin reabilitasiyasına kömək edirdi. O, daha sonralar qadın qəzeti və qadınlar üçün Bazar məktəbi açmağa çalışmış, ancaq Çar hökuməti tərəfindən qadağalarla üzləşmişdi.

Çox güman, məhz bu məqam Armandı həqiqi dəyişiklikləri yalnız inqilabın gətirəcəyinə əmin edib. 1903-cü ildə ilk ərindən ayrıldıqdan dərhal sonra o, Rusiya Sosial-Demokrat İşçiləri Partiyasına qoşuldu. Sonra iqtisadiyyat oxumaq üçün Brusselə yola düşdü və sosialist hərəkatı üçün gizli iş görməkdən ötrü Rusiya və Fransa arasında səfərlər etdi. 1911-ci ildə o, Parisdə Leninlə tanış oldu, inqilabdan sonra isə Lenin və arvadı Nadejda Krupskaya ilə birgə Kremlə köçdü. Lenin və Armandın uşağı dünyaya gəlmişdi və belə görünür, Krupskayanın da bundan xəbəri vardı.

Armand, Kollontai ilə qadın maraqlarını təşviq edən qurum “Jenotdel”in təsis edilməsində və idarə olunmasında əməkdaşlıq edirdi. Onun çox yorulmasından narahat olan Lenin 1920-ci ildə Armanda Qafqazda istirahət etməsini məsləhət gördü. Qafqaza çatandan qısa müddət sonra isə Armand taun xəstəliyinə yoluxdu və bir aydan da qısa müddət ərzində həyatla vidalaşdı. Lenin onun ölümündən o qədər sarsılmışdı ki, onun Kremldə inqilabçıların xiyabanında dəfn edilməsini əmr etmişdi.

Əgər Armand və Kollontai seksual azadlığı əsasən evlilikdən və evdarlıqdan xilas olmaq kimi görürdülərsə, yazıçı, aristokrat və kino rejissor Lilya Brik isə azad sevginin daha kəskin və sistemli versiyası olan poliamoriyə (birdən çox adamı özündə birləşdirən çoxsevgililik) qucaq açmışdı. Brik sovet şairi Vladimir Mayakovskinin sevgilisi və “ilham pərisi” kimi və dövlətin mütaliəni həvəsləndirmək üçün verdiyi sifariş əsasında rus rəssam Aleksandr Rodçenkonun yaratdığı posterlərin üzü olmaqla məşhurlaşmışdı.

Mayakovski və Brik 1915-ci ilin iyulunda ədəbiyyat salonlarının birində tanış olmuşdular. Həmin dövrdə Lilyanın əri olan Osip Brik Mayakovskinin “Şalvarlardakı Bulud” şeirindən o qədər təsirlənmişdi ki, israrla onun çap edilməsini təklif etmişdi. Bundan sonra Lilya Brik və Mayakovski arasında məhəbbət macərası başladı. Üç il sonra Mayakovski Brikslərin evinə köçdü, bundan sonra üçü şəhərkənarı evdə birlikdə yaşamağa başladılar.

Bu qeyri-ənənəvi evdə sadəcə bir qayda var idi: heç kim digərlərinin azadlığına qarışmamalıydı. Amma 1925-ci ildə Lilya Brik səyahətdə olan Mayakovskiyə ünvanladığı məktubda yazırdı: “Mənə elə gəlir sən daha məni az sevirsən və labüd ayrılıqdan az əzab çəkəcəksən”. Bu üç nəfər növbəti illərdə kifayət qədər səyahət etsələr də, 1930-cu ildə Mayakovskinin yeni sevgilisi, aktrisa Veronika Polonskaya ilə davadan sonra olan intiharına qədər bir-birləriylə əlaqəni kəsməmişdilər. Özünün intihar məktubunda Mayakovski yazırdı: “Yoldaş hökumət, mənim ailəm Lili Brikdən, anamdan, bacılarımdan və Veronika Vitoldovna Polonskayadan ibarətdir”. O, özünün yaradıcılığının müəlliflik hüququnun yarısının Lilya Brikə, yarısını isə ana və bacılarına vermişdi.

Brik öz həyatına yenidən təravət gətirdi, o, Yves Sent Loren, Pablo Neruda, Mark Şaqall, Pablo Pikassso və Maya Plisetskaya ilə dostluq edir, “burjua” hesab edilməyən ədəbi salona başçılıq edir və icazəylə Moskvada yaşamaqda davam edirdi.

Stalin uşaqların tərbiyəsini “anaların şərəfli ictimai vəzifəsi” kimi xarakterizə edirdi

Armandın 1920-ci ildəki vəfatından sonra Kollontai “Jenotdel”ə təkbaşına başçılıq etməyə başladı. Öz nüfuzuna baxmayaraq, Kollontai hökumətdəki dostlarından fərqli olaraq daha radikal və ziddiyyətli adam idi. Buna baxmayaraq onun sonunu məhz qadınlar və cins barədəki fikirləri yox, başqa bir şey gətirdi. 1921-ci ildə o, Partiya daxilindəki diktaturaya və işçilərin yetərincə təmsil olunmamasına etiraz edərək, İşçilərin Müxalifəti aksiyasını təşkil etdi. Ancaq dəstək qazana bilmədi. Onu Partiya nizamnaməsinə uyğun fəaliyyət göstərmədiyinə görə qovulacağı ilə təhdid edirdilər. Osloda baş tutan bir ticarət müqaviləsinə dair görüşdən sonra isə, o, Finlandiyaya səfir təyin edilməklə ölkədən kənara göndərildi. (Bununla o, 20-ci əsrdə Ermənistanın Yaponiyadakı səfiri Diana Abgardan sonra dünyadakı ikinci qadın səfir oldu.)

“Jenotdel” növbəti onillikdə eyni qaydada fəaliyyət göstərməyə davam etdi, ta ki, 1934-cü ildə Stalin onu ləğv edənə qədər. Stalin qadınların iş yerlərində iştirakını dəstəkləyirdi, amma bunun üçün ailə daxilində, yaxud cinsi bərabərliyə ehtiyac olduğunu düşünmürdü. O, həmçinin abortu qanundan kənar elan etmiş, boşanmağa kəskin məhdudiyyətlər gətirmiş, homoseksuallığı emosional xəstəlik elan etmiş və “natalist” (uşaq dünyaya gətirməyi və valideynliyi təşviq edən ideologiya) dövlət ideologiyasını gücləndirmişdi. 1949-cu ildə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə Stalin uşaq tərbiyəsinin “anaların şərəfli ictimai vəzifəsi” olduğunu demişdi. Dövlət uşaqları pulsuz qayğı və təhsillə təmin eləsə də, kişilərin evdə həyat yoldaşları ilə birgə vəzifələri bölüşməsi tələb edilmirdi. Stalin hesab edirdi ki, qadınların öz bədənləri ilə bağlı hüquqları onu narahat etməməlidir.

1953-cü ildə Stalinin ölümündən sonra isə çarxlar alayarımçıq da olsa, seksual azadlıqlara doğru fırlanmağa başladı. Kommunist Partiyasının yeni lideri Nikita Xruşov de-Stalinizasiya ilə bağlı proqram həyata keçirməyə başladı, bura aborta qoyulan qadağanın aradan qaldırılması da daxil idi.

Amma Kollontai bu yenilikləri görə bilmədi, çünki Stalindən bir il əvvəl vəfat etmişdi. Lakin bütün yeniliklərə baxmayaraq, Rusiya bir də heç vaxt həmin ilk feminist radikalların potensialını əldə edə bilmədi. İkinci Dünya Müharibəsində qadınlar tankçı, snayper, pilot və tibb bacısı kimi iştirak etsələr də, dövlətin anım tədbirlərində görməzdən gəlinirdilər: müharibədən sonrakı dövrdə isə qadınlar siyasi fəaliyyət mərkəzlərindən çıxdaş edilmişdi, analıq onların əsas vəzifə borcu sayılırdı. Seksual zorakılığa geniş miqyasda etinasızlıq göstərilirdi, özəl həyatda da qadınlardan uşaqlara tərbiyə vermək və evdarlıq işləri gözlənilirdi. Hətta bu gün belə Kollontai və Armandın mübarizə apardığı cinsi azadlıq əksər hallarda Sovet tarixində unudulmuş bir epizod olaraq qalır.

Bu yaxınlarda Rusiya parlamentindəki müzakirələr zamanı qadınların karyeralarına investisiya qoymaqdansa, uşaq dünyaya gətirmələrini həvəsləndirmək üçün uşaqsız qadınlara universitetlərə daxil olmaq hüququnun verilməməsi təklif olunurdu. 2017-ci ilin Yanvarında isə ailədaxili zorakılığın hüququ iş olmaqdansa “özəl” olmasını əks etdirən qanun qüvvəyə minib.

Belə görünür, 1920-ci illərdəki proqressiv ideyaların indiki Rusiyanın əsas siyasi diskursuna daxil olması üçün hələ vaxt lazım olacaq – təbii ki, əgər ümumiyyətlə belə bir şey olacaqsa.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR