Kitablar və oxucular

Cavid Ramazanlı

Kitab
Photo

“Qafil yaşamaqdansa ölmək yaxşıdır”

- Atalar sözü

“Kitablar və siqaretlər” adlı essesində Corc Oruell İngiltərədə kitab oxuma sayını müəyyənləşdirməyə çalışır. Rəqəmləri toplayır, çıxır, vurur - hasil heyrətamizdir: bəlli olur ki, ingilislər kitab oxumurlar. Hamısı deyil əlbəttə, amma böyük bir qisminin kitabdan uzaq olduğu ortaya çıxır.

İndi Qərbdəki kütləvi savadlanma ilə əlaqədar rəqəmlərdə dəyişiklik var, lakin bu da həqiqətdir ki, kitab oxumaq onsuz da hər dövrdə hər cəmiyyətin az qismini əhatə edib. Corc Oruellin ingilisləri ifşa etdiyi metoddan istifadə edib Azərbaycan barədə də müəyyən qənaətə gəlmək olar. Amma buna nə hacət? Onsuz da özümüz özümüzə yaxşı bələdik.

Kitab işi ilə məşğul olan, maarifləndirici saytlar işlədən tanışlarım Azərbaycanda oxuyan təbəqənin çox balaca olduğundan şikayət edirlər. Tez-tez onların giley-güzar dolu söhbətlərini kədərlə dinləməli oluram. Bu yazının ortaya çıxmasına da səbəb bu oldu. Ölkədə kitab oxunmamasının min bir səbəbi var, o səbəbləri sadalayası olsaq, gərək kitab həcmində bir sicilləmə yazaq, amma düşünürəm, kitab oxumağı təşviq etmək üçün kiçik bir cəhd etməyə dəyər.

Vərdiş halına salmayınca, mütəmadi kitab oxumaq mümkün deyil

Bütün yaxşı vərdişlər kimi kitab oxumaq vərdişini yaratmaq da insandan iradə, təmkin və prinsipiallıq tələb edir. Hamı bilir ki, idman etmək çox yaxşı vərdişdir məsələn. Bir gün həvəslənib idman etməyə başlayırıq, bir neçə gün qan-tərin içinə batırıq, yoruluruq, əzələlərimiz ağrımağa başlayır. Növbəti seansı yerinə yetirmək üçün əlavə güc sərf etməliyik, bu vaxt içimizdəki tənbəl qulağımıza pıçıldayır:“İndi əzələlərin ağrıyır, saxla başqa vaxt edərsən, idman qaçmır ki!” Tənbələ uyuruq, bir müddətdən sonra isə ayılıb görürük ki, idmanı yenə atmış və yenə süstlüyə məhkum olmuşuq.

Yaxşı bir vərdişi formalaşdırmaq üçün insan inadla, iradəsini səfərbər edərək özüylə vuruşmalıdır. Vərdiş formalaşdımı, o artıq ömürlük yol yoldaşıdır. Yuxudan erkən durmağa, səyahət etməyə, sağlam qidalanmağa vərdiş etmiş insanlar var, bunlarsız onlar həyatlarını təsəvvür etmirlər. Halbuki bu vərdişləri formalaşdırmaq üçün adətən əvvəlcə böyük özünühəsr tələb olunur. Kitab oxumaq vərdişi də eləcə, formalaşdımı, insana ömürlük bəxş edilən imtiyazdır. Bu vərdişi formalaşdırmaq üçün ilk əvvəllər diqqətlə seçilmiş, oxunaqlı, rahat həzm olunan kitabları seçmək daha məqbul olar, hansı janrı sevdiyini də müəyyən etməlisən. Ondan-bundan götürülmüş təsadüfi kitablarla kitab oxumaq vərdişi formalaşdırmaq çətin məsələdir. Mütəmadi kitab oxuma vərdişi olan insan həm də formalaşmış zövqü olan mütəmadi kitab alıcısıdır.

Pis vərdişləri yaxşı vərdişlərlə əvəzləmək

İnsanın bütün vaxtını alan çoxsaylı vərdişləri var və bunlar adətən bərbad vərdişlər olur. İndi əksəriyyətin internet, sosial şəbəkə və smartfon asılılığı var. Kiminsə əlindən interneti bir neçə saatlıq alsan, havalanar. Asılılığımız bizi hövsələsiz edib, işə köklənə, diqqətimizi toplaya bilməməkdən əziyyət çəkirik. Oyun oynamaq, çatlaşmaq, daim ünsiyyətə, sosiallaşmağa can atmaq kimi vərdişlər insanın bütün vaxtını hədər yerə alır. Yaxşı bir vərdişi formalaşdırmaq isə onu pis bir vərdişlə əvəzləməkdən keçir, onsuz da gün 24 saatdan ibarətdir, bərbad vərdişlərin arasında yaxşı vərdişə yer açmaq lazımdır. Günə 5-6 saat sosial şəbəkəyə vaxt ayırmaqdansa, onun heç olmasa, yarım saatını, bir saatını kitaba həsr eləmək olar. Arada bir sosial şəbəkəyə bir həftəlik, on günlük, bir aylıq fasilə verib insanın özünü kitablara həsr etməsi həm yaxşı istirahət, həm də iradə testi ola bilər.

Boş vaxtlarda kitab oxumaq

Bizim gün ərzində tez-tez boş vaxtımız yaranır. İctimai nəqliyyatla işə-gedib gələrkən, tualetdə oturarkən, adam və növbə gözləyərkən. Deyək ki, unitazda oturmusunuz, insanın ömründən xeyli vaxt alan və könül oxşamayan bir proseduru həyata keçirmək məcburiyyətindəsiniz. Yaranan boş vaxtda dərhal sosial şəbəkəyə cummaqdansa, bir məqalə, bir neçə səhifəlik kitab oxumaq adama daha çox doyumluluq və özünəhörmət qazandırar.

İctimai nəqliyyatda kitab oxumaq, dünyanın ən seksual mənzərələrindən biridir. Kitab oxuyan insan seksualdır. Müşahidə eləsəniz görərsiniz ki, metroda, avtobusda kitab oxuyan insanın başını hansısa xala belə yer tələb eləmək üçün kəsdirmir. Sənin özünlə tək qala bilməyin, fikrini cəmləməyin, öyrənməyin, ətrafa fikir vermədən kitaba dalmağın insanlarda rəğbət, qarşı cinsdə isə müəyyən bioloji hisslər doğurur. Belə olanda, yolun özü də gözə görünmür.

Kitab siyahısı tərtib etmək

Oxumaq vərdişini formalaşdırmaq üçün il ərzində oxunulacaq kitabları və onların sayını müəyyənləşdirmək yaxşı fikirdir. 2019-cu il təzə girib, siyahını tərtib etmək üçün ideal vaxtdır. Yaxşı kitab siyahısı olanda, adamın kitab oxumaq üçün həm həvəsi, həm də ilin sonunda özünə verəcəyi maraqlı bir hesabatı olur. Hər bir pisin bir alternativi var, “Goodreads.com” sosial şəbəkəsi kitabsevərlərin Feysbukudur. Burada qeydiyyatdan keçməklə kitabsevərlərlə dostlaşmaq, siyahılar tərtib eləmək, kitabların reytinqləri və haqqındakı oxucu rəyləri ilə tanış olmaq olar, istəsən özün də resenziya yaza, hətta onlayn kitabxanaçılıq edə bilərsən.

Kitab formatları

İndi elə bir dövrdə yaşayırıq ki, mütaliə etmək istəyən üçün hər cür kitab formatı var. Hətta ənənəvi kağız formatlı kitablar yavaş-yavaş aradan qalxır, “E-reader”lər, audio kitablar getdikcə populyarlaşır.

Bakının nəqliyyat cəngəlliyində elə bir gün olmur ki, sürücülər tıxaca düşməsinlər, bəzən tıxacda bir neçə saat qalmalı olursan. Tıxacda ilişib qalmış sürücülərə baxanda, adamın ürəyi ağrıyır: acıqlı, hövsələsiz sifətlər, dilxorçuluq, qəm, qüssə, kədər, siqnal səsləri. Halbuki tıxac mütaliə etmək üçün yaxşı fürsətdir. Audio kitablar elə bunun üçündür. İnternetdə pullu-pulsuz, hətta Azərbaycan dilində hər janrda nə qədər desən, audio kitab var. İstəsən, şeirə qulaq asarsan, istəsən romana, istəsən də elmi araşdırmaya və s. Pozaları dəyişəndə, proses daha maraqlı olur, bu, kitab oxumağa da aiddir, audio kitab dinləməyin özünün məxsusi həzzi var.

Kitab oxumaq vərdişini formalaşdıracaq amillərə siz də nələrsə əlavə edə bilərsiniz. Mən burda yekunlaşdırıram. İndi biz kitabların və kitab seçimlərinin heç vaxt olmadığı qədər bol olduğu bir dövrdə yaşayırıq. Harda istəsən, necə istəsən, nə cür istəsən, hansı dildə istəsən kitab oxumaq mümkündür. İstəyən üçün hər cür şərait və imkan var.

Və çalışıb 1-dən çox kitab oxumaq lazımdır, çünki məlum məsələdir, heç kitab oxumayanlardansa, bir-iki kitab oxuyub “subyektiv fikirləri” olan insanlar daha təhlükəlidirlər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR