2100-cü ildəki həyatdan bir gün (1-ci hissə)

Miçio Kaku

Hər şeydən biraz
Photo

1 yanvar 2100-cu il, saat 06:15.

Yeni il gecəsindəki qələbəlik və səs-küylü bir şənlikdən sonra şirin-şirin yatmaqdasız.

Qəfildən otağınızdakı divar ekranı aydınlanır. Dostanə və tanış bir çöhrə ekrana çıxır. Bu, təzəlikcə aldığınız proqram təminatı olan Mollidir. Molli nəşəylə, “Con, oyan. Ofisdə sənə ehtiyac var. Şəxsən sənə. Bu vacibdir” söyləyir.

“Bəsdir, Molli! Deyəsən zarafat edirsən” deyə donquldanırsız. “Bu gün yeni ildi, özü də mən sərxoşluqdan süst haldayam. Həm bu dərəcədə önəmli olan nə baş verib ki?”

Özünüzü yavaş-yavaş yatağınızdan bayıra sürüyürsüz və həvəssiz halda hamama yönəlirsiz. Siz üzünüzü yuyarkən, ayna, tualet və əlüzyuyanda gizlənən yüzlərlə DNA və protein sensoru səssiz halda hərəkətə keçir, nəfəsinizdən və bədəninizdən çıxan mayelərdən yayılan molekulları analiz edirlər və hər hansı bir xəstəliyin molekulyar səviyyədə üzə çıxacaq ən cüzi göstəricisi olub-olmadığını yoxlayırlar.

Hamamdan çıxdıqdan sonra başınızın ətrafına, evinizi telepatik şəkildə kontrol etməyinizə imkan yaradan simləri taxırsız. Zehni yollarla mənzilinizin istiliyini yüksəldirsiz, xoşagələn, rahatladıcı bir melodiya işə salırsız, mətbəxinizdəki robot aşbaza səhər yeməyinizi və azca da qəhvə hazırlamasını söyləyirsiz və maqnetik avtomobilinizdən qarajdan çıxmasını və sizi aparmaq üçün hazırlanmasını istəyirsiz. Mətbəxə girərkən, robot aşbazınızın mexaniki qollarla eynən sizin sevdiyiniz şəkildə yumurta hazırladığını görürsüz.

Sonra kontakt linzaları taxırsız və internetə qoşulursuz. Gözünüzü qırpan kimi gözünüzün tor qişası üzərinə düşən interneti görürsüz. İsti qəhvənizi içə-içə, kontakt linzalarınızda qarşınıza çıxan xəbər başlıqlarına göz gəzdirməyə başlayırsız:

Mars üzərindəki məskunlaşma yerləri daha artıq məbləğ tələb edir. Marsda qış mövsümü sürətlə yaxınlaşır. Əgər orada məskunlaşmaq istəyənlər kolonizasiya prosesinin növbəti mərhələsini tamamlaya bilsələr, dondurucu dərəcədə soyuq havalarda sağ qalmaq üçün Dünyadan aparılan daha artıq resursa ehtiyacları olacaq. Planları, Marsın səthindəki istiliyi artıraraq Marsı yaşanılacaq məkana çevirməyin ilk mərhələsinə başlamaqdır.

İlk ulduz gəmiləri uçuşa hazırdı. Hər biri sancaq başı ölçüsündə olan milyonlarla nanorobot Ay bazasından atəşlənəcək, Yupiterin maqnetik sahəsindən istifadə edərək onun ətrafından sürətlə dönüb istiqamət dəyişdirəcəklər və yaxındakı ulduza doğru yönələcəklər. Fəqət təkcə bir ovuc nanorobot digər ulduz sistemindəki hədəfə yetişə biləcək, bunun da baş tutması üçün illərə ehtiyac duyulacaq.

Nəsli tükənmiş başqa bir heyvan da bu yaxınlarda yerli zooparkın gündəlik həyatına qatılacaq. Bu dəfə, tundra sahələrinin birində donmuş halda tapılan və DNA yoluyla yenidən həyata qaytarılan, nadir bir qılıncdişli pələng zoopark bağına gətiriləcək. Dünya istiləşməkdə olduğu üçün, nəsli tükənmiş heyvanların getdikcə daha çoxunun DNA-sı əldə edilməyə başlandı və klonlandı. İndi dünyanın bütün zooparklarına yayılıb yaşamağa başlayırlar.

İllər boyunca kosmosa yük daşıyan kosmos lifti, indi məhdud sayda turisti kosmosa daşımaq imkanına malikdi. Son illərdə kosmos səyahətinin qiyməti, kosmos lifti açıldığından bəri zatən 50 qat aşağı düşüb.

Ən köhnə termonüvə stansiyaları artıq əlli yaşa çatıblar. Bəzilərinin fəaliyyətinin dayandırılmasına və yenilərinin inşa edilməsinə gərək var, bu işi həyata keçirməyin zamanı çatıb.

Elm adamları, Amazon çayında qəflətən ortaya çıxan yeni bir ölümcül virusu diqqətlə müşahidə edirlər. İndiyə qədər, kiçik bir bölgə çərçivəsində yayıldığı aydınlaşıb, ancaq hələlik məlum müalicəsi yoxdur. Alimlərdən ibarət bir qrup təlaş içində bu virusun gen sıralanışını tamamlamağa çalışırlar, bu yolla onun zəif nöqtələrini və onunla necə mücadilə aparılacağını öyrənəcəklər.

Qəfildən, xəbərlərdən biri diqqətinizi çəkir:

Manhetteni əhatələyən bəndlərdə gözlənilməz sızıntı halı qeydə alınıb. Bəndlər təmir olunmasa, bütün şəhər su altında qala bilər. Belə hadisə keçmişdə də bir çox şəhərin başına gəlmişdi.

Öz-özünüzə “hmm” deyirsiz. “Deməli, ofisdən məni aramalarının və oyandırmalarının səbəbi buymuş.

Səhər yeməyindən vaz keçirsiz, geyinir və tələsik halda bayıra qaçırsız. Qarajdan bayıra öz-özünə çıxan maşınınız bayırda sizi gözləyir. Telepatik olaraq avtomobilinizdən sizi ən qısa zamanda ofisə aparmağını istəyirsiz. Və bu maqnetik alət anındaca internetə, GPS-ə və davamlı şəkildə yol hərəkətini izləyən, yol boyunca gizlənmiş milyardlarla çipə bağlanır.

Maqnetik maşınınız səssiz halda havaya qalxır, superötürücü asfaltın əmələ gətirdiyi maqnetik yastıq üzərində süzərək hərəkət edir. Mollinin çöhrəsi ansızın maşının ön şüşəsində yenidən ortaya çıxır. “Con, ofisinizdən gələn ən son mesaj hər kəslə konfrans salonunda görüşməli olduğunuzu söyləyir. Üstəlik, bacınızın sizə göndərdiyi bir video mesaj var.

Maşınınız öz-özünə hərəkət etdiyindən, bacınızın sizə göndərdiyi video-poçta göz atmaq üçün zamanınız var. Onun görünüşü qol saatınızda üzə çıxır, “Con, Kevinin altı yaşını qeyd etmək üçün bu həftəsonu ad günü şənliyi keçirəcəyik, unutma bunu. Ona son zamanlar istehsal olunan ən yeni robot küçüyü alacağına söz vermişdin. Yeri gəlmişkən, görüşdüyün xanım varmı? İnternetdə bric oynayırdım və xoşuna gələcək bir xanımla tanış oldum.” söyləyir. Öz-özünüzə “Ooo” söyləyirsiz.

Maqnetik maşınınızda dolaşmağı sevirsiz. Yol üzərində, havada süzdüyü üçün, əndişə yaradacaq heç bir təpəcik yaxud çuxur yoxdur. Bu anda ən gözəl məqam, sizi yavaşladacaq heç bir sürtünmə prosesi olmadığı üçün yanacağı nadirən almağınızdır. (“Əsrin əvvəllərində enerji krizisinin baş verdiyinə inanmaq çətindir” deyə öz-özünüzə düşünürsüz. Bu enerjinin böyük hissəsinin sürtünməyi yenməkdən ötrü boş yerə israf olunduğunu dərk edirsiz və başınızı təəssüflə yelləyirsiz.)

Superötürücü avtomobil yolunun ilk dəfə açıldığı zamanı xatırlayırsız. Media, hamımızın bildiyi elektrik dövrü sona çatır deyə yas tutmuşdu; yeni bir maqnetik dövr başlayırdı. Əslində, həmin elektrik çağı üçün az da olsa darıxmırsız. Bayıra baxırsız, havada sizi ötərək keçən süslü avtomobilləri, yük maşınlarını və qatarları görürsüz, inkişafın maqnetizmdə olduğunu və bu prosesin qənaətcil sərfiyyata səbəb olduğunu anlayırsız.

Maqnetik maşınınız indi şəhər zibilliyini ötüb keçərək hərəkətinə davam edir. Zibillərin çoxunun komputer və robot parçalarından ibarət olduğunu görürsüz. Çiplərin demək olar maya dəyəri yoxdur, sudan belə ucuzdular. İstifadəsiz çiplər, bütün dünyada, şəhər zibilliklərində dağlar əmələ gətirib. Bu çiplərin ərazi doldurmaq üçün istifadə edilməsi barədə söhbətlər gedir.

Ofisdə

Nəhayət ki, ofisinizin yerləşdiyi böyük bir inşaat şirkətinin mərkəzi olan binaya çatırsız. İçəri daxil olanda, bir lazerin demək olar hiss etdirmədən, səssizcə gözünüzün qüzehi qişasını kontrol edərək üzünüzü təyin etdiyini sezirsiz. Plastik güvənlik kartlarına artıq gərək yoxdur. Vücudunuz kimliyinizdir.

Konfrans salonu demək olar boşdur. Masanın ətrafında sadəcə bir neçə iş yoldaşınız var. Sonra, kontakt linzalarınızda iclasın digər iştirakçılarının üçölçülü görüntüləri sürətlə masanın ətrafına yığılır. Ofisə gələ bilməyənlər holoqrafik biçimdə burada zahir oldular.

Otağa göz gəzdirirsiniz. Kontakt linzalarınız masa ətrafındakı bütün insanları sizə təqdim edir, tanıdır, bioqrafiyalarını və cv-lərini göstərir. Xeyli sayda əhəmiyyətli insanın orada olduğunu anlayırsız. İclasa qatılan həmin önəmli insanları ağlınızın bir tərəfinə qeyd edirsiz.

Rəisin görüntüsü qəfildən öz kreslosunda peyda olur. “Cənablar” deyə səslənir, “yəqin ki, xəbəriniz var, Manhetten ətrafındakı bəndlər birdənbirə sızmağa başlayıb. Problem ciddidi, ancaq vaxtında fərqinə vardıq, dolayısıyla çöküş təhlükəsi yoxdur. Ancaq, çox təəssüf ki, həmin bəndləri təmir etmək məqsədilə aşağıya endirdiyimiz robotlar işin öhdəsindən lazımınca gələ bilmədilər, uğursuz oldular.”

Birdən işıqlar sönükləşir və sualtı bəndlərin üçölçülü görüntüləri sizi əhatələyir. Sanki tamamilə suya batmısız, üzərində böyük bir yarıq əmələ gəlmiş həmin bənd düz gözünüzün qarşısındadır.

Görüntülər tək-tək gözünüzün önündən keçərkən, sızıntının dəqiq olaraq harada yarandığını görə bilirsiz. Bənddə diqqətinizi çəkən böyük və qəribə çatı müşahidə edirsiz. “Robotlar kifayət etmir, yetərli deyillər” deyə rəisiniz davam edir. “Bu onların proqramlarında qeyd edilməyən sızıntı növüdür. Vəziyyəti dəyərləndirməyi bacaracaq, həll yolu təklif edəcək təcrübəli insanları oraya endirməyimizə gərək var. Əgər bu işdə bacarıqsız olsaq, Nyu Yorkun, indi bəziləri su altında qalan digər böyük şəhərlərlə eyni taleyi paylaşacağını xatırlatmağıma sanıram ki, gərək yoxdur.”

Qrupdakı hər kəs ürpərir. Hər kəs, dəniz səviyyəsi yüksəldikcə tərk edilən bütün şəhərlərin adlarını bilir. Planetin əsas enerji qaynağı olan, zaman-zaman bərpa edilən texnologiyalar və termonüvə enerjisi on illər öncə fosil yanacaqlarının yerini almış olsa da, insanlar hələ də keçən əsrin ilk yarısında atmosferə buraxılmış karbondioksitin fəsadlarından əziyyət çəkməkdədilər.

Uzun müzakirələrdən sonra, insanların başçılıq etdiyi robotik təmir heyətinin oraya göndərilməsinə qərar verilir. Bax, bu məqamda siz işin içinə girirsiz. Siz bu robotların dizayn olunmasında köməkçi kimi iştirak etmişdiniz. Təhsilli insan-fəhlələr kapsul içinə salınır və başlarının çevrəsinə elektrodlar yerləşdirilir. Beyin siqnalları bu fəhlələrlə robotlar arasında telepatik təmas qurmağa imkan verəcək. Onlar bu kapsulların içində robotların gördüyü və hiss etdiyi hər şeyi görə bilir və hiss edə bilirlər. Bu sanki birbaşa olaraq həmin məkanda olduğunuz anlamına gəlir, fəqət yeni və superinsani bir vücudun içərisindəsiz.

İşinizlə haqlı olaraq qürur duyursuz. Bu telepatik kontrollu robotlar öz dəyərlərini və önəmlərini indiyədək çox isbatlayıblar. Ay üzərindəki baza əksərən, Dünya üzərində rahat və güvənli şəkildə öz kapsullarında uzanan insan-fəhlələr tərəfindən kontrol edilir. Ancaq, bir radio siqnalının Aya çatması təqribən bir saniyə davam etdiyindən, sözügedən işçilər öz fəaliyyətlərini bu zaman gecikməsinə uyğunlaşdırıb tənzimləmək üçün gərək təlim-tərbiyə keçsinlər.

(Mars bazasına da robotlar yerləşdirmək istəmişdiz, amma bircə siqnalın Marsa çatması iyirmi dəqiqəyə qədər zaman aldığından və sonra geri qayıtması da əlavə iyirmi dəqiqəyə baş tutduğundan, Marsdakı robotlar ilə əlaqə qurmağın çox çətin olacağına qərar verildi. Heyf, bütün inkişaf səviyyənizə rəğmən, proqress boyunca tənzimləyə bilmədiyiniz bircə nəsnə var: İşıq sürəti.)

Ancaq iclasda bir məqam sızı narahat edir.

Nəhayət ki, sonda rəisinizin sözünü kəsmək üçün cəsarətinizi toplayırsız. “Cənab, bunu söyləməyə nifrət edirəm, ancaq bənd içindəki sızıntıya baxanda, həmin çatın öz robotlarımızdan birinin işi olduğuna dair şübhələrim yaranır.

Otaqda hay-küy qalxır. Yüksək səsli etirazlar eşidirsiz: “Bizim robotlarımız mı? Mümkün deyil. Cəfəngiyyatdı. Belə bir hal heç zaman baş verməyib” deyə iclasdakı insanlar sizin sözlərinizə qarşı çıxırlar.

Sonra rəisiniz otaqdakıları sakitləşdirir və ciddi şəkildə cavab verir. “Bu mövzunu kiminsə gündəmə gətirməsindən qorxurdum, buna görə də, bunun çox önəmli məsələ olduğunu və mütləq çox gizli saxlanılmalı olduğunu söyləməyimə icazə verin. Biz öz şəxsi mətbuat vasitəmizlə bu barədə açıqlama verənədək, bu bilgilər bu otaqdan qırağa çıxmamalıdır. Bəli, sızıntıya anidən kontroldan çıxan bir robotumuz səbəb oldu.”

İclasdakıları dəhşət bürüyür. İnsanlar təəccüb içində başlarını yelləyirlər. Bu necə ola bilər?

Robotlarımızın mükəmməl keçmişi var” deyə rəisiniz israr edir. “Fəaliyyətləri mütləq şəkildə ləkəsizdi. Bircə robotumuz belə indiyə qədər hər hansı bir zərərə yol verməyib. Onların qəza-güvənlik mexanizmlərinin fəaliyyəti dəfələrlə özünü təsdiqləyib. Biz bu keçmiş fəaliyyəti müdafiə etməyə hazırıq. Ancaq bildiyiniz kimi, inkişaf etmiş robotlarımızın ən son nəsli kvant komputerlərindən istifadə edir, bunlar hazırda mövcud olan ən güclü komputerlərdilər, insan zəkası səviyyəsinə yetişməkdədilər. Bəli, insan zəkası səviyyəsinə. Kvant nəzəriyyəsində, hər zaman yanlış bir vəziyyətin yaranacağına dair kiçik, ancaq mütləq ehtimal var. Belə vəziyyət yaransa, hər şey cızığından çıxar.

Bu xəbərin təsirindən heyrətə düşub halsız vəziyyətdə kreslonuza çökürsüz.

Yenidən evdə

Çox uzun bir gün keçirdiniz, əvvəlcə sızıntını təmir etmək üçün robotik təmir qrupunu təşkil etdiz, sonra, ən azından bu problem həll olunana qədər, kvant komputerlərindən istifadə edən bütün təcrübəvi robotların deaktiv edilməsinə yardım etdiz. Nəhayət evinizə qayıtdız. Yorğunsunuz. Divana rahatlıqla uzananda, Molli divar ekranında yenidən peyda olur. “Con, Doktor Broundan sizə önəmli mesaj var.”

Doktor Broun mu? Sizin bu robot həkiminizin nə sözü ola bilər ki?

Molliyə “Onu ekrana çıxar” deyirsiz. İndi də həkiminiz divar ekranında peyda olur. Doktor Broun o qədər həqiqi görünür ki, bəzən onun əslində sadə proqram olduğunu unudursuz.

“Narahat etdiyim üçün üzr istəyirəm, Con, ancaq diqqətinizə çatdırmalı olduğum bir məsələ var. Keçən il xizək sürüşməsi zamanı başınıza gələn qəzanı xatırlayırsızmı? Az qalmışdı sizin ölümünüzə səbəb olsun. Həmin qəzanı deyirəm.”

Necə unuda bilərsiz ki? Alpların bitdiyi yerdə xizəklə sürüşərkən bir ağaca çarpdığınızı xatırlayanda hələ də ürpərirsiz. Alp qarlarının çoxu ərimiş olduğundan, çox yüksəkdə, heç tanımadığınız bir tətil məkanı seçməyə məcbur qalmışdız. Əraziyə bələd deyildiniz, yanlışlıqla, bilmədən bir yamac boyunca aşağıya yuvarlanmışdız və saatda altmış beş kilometr sürətlə bir sıra ağaca çarpmışdız. Vah!

Doktor Broun, “Məndəki qeydlər, zərbənin təsirindən şüurunuzu itirdiyinizi, beyin silkələnməsi keçirdiyinizi və ağır daxili qanamalar yaşadığınızı, ancaq geyimlərinizin sizi xilas etdiyini göstərir” deyə davam edir.

Şüursuz olmağınıza rəğmən, həmin anda geyimləriniz avtomatik olaraq təcili yardım çağırmış, tibbi keçmişinizi yükləmiş və dəqiq koordinatlarınızı müəyyən etmişdi. Daha sonra xəstəxanada robotlar qanaxmanı dayandırmaq, yırtılmış kiçik qan damarlarını tikmək və digər xəsarətləri müalicə etmək üçün mikrocərrahiyyə tətbiq etmişdilər.

Mədəniz, qaraciyəriniz və bağırsaqlarınız bərpaolunmaz dərəcədə zərər görmüşdü” deyə Doktor Broun davam edir. “Şansınız var ki, tam zamanında sizin üçün yeni orqanlar istehsal edib yarada bildik.”

Qəfildən özünüzü bir az robot kimi hiss edirsiz. Çünki vücudunuzun böyük bir qismi toxuma fabrikasında istehsal edilmiş orqanlardan təşkil olunub.

Bilirsinizmi, Con, parçalanmış qolunuzu da tamamilə mexaniki bir qolla dəyişdirə bilərdiniz, məndəki qeydlər belə göstərir. Ən modern robot qolu, qolunuzdakı gücü beş qat artıra bilərdi. Ancaq siz rədd etdiniz.”

“Hə” deyə cavablayırsız, “Deyəsən mən hələ də köhnə modalı adamam. Həmişə polad yerinə əzələləri tərcih edirəm” söyləyirsiz.

Con, yeni orqanlarınızı periodik olaraq yoxlamağa məcburuq. MRT skanneri götürün və onu yavaşca qarın bölgənizin üzərindən keçirin.”

Hamama gedir və mobil telefon ölçüsündəki kiçik cihazı götürürsüz və onu yavaş-yavaş orqanlarınızın üzərindən keçirirsiz. Daxili orqanlarınızın üçölçülü görüntüləri anında divar ekranında görünməyə başlayır.

Con, vücudunuzdakı sağalmanı görmək üçün bu görüntüləri analiz edəcəyik. Yeri gəlmişkən, hamamınızdakı DNA sensorları bu səhər mədəaltı vəzinizdə böyüməkdə olan xərçəng təsbit etdilər.”

“Xərcəng?” Dikəlirsiz. Təəccüb içindəsiz. “Ancaq xərcəngin illər əvvəl müalicə edildiyini sanırdım. Artıq bu mövzuda danışan kimsə yoxdur. Məndə necə xərçəng ola bilər?”

“Əslində, elm insanları heç bir zaman xərçəngi müalicə etmədilər. Xərçəng ilə sadəcə atəşkəs içindəyik deyə bilərəm, indi bərabər qüvvəyə sahibik, hələ ona qalib gəlməmişik. Xərçəngin bir neçə növü var. Zökəm kimi. Onun da qəti müalicəsi hələ yoxdur. Sizin vücudunuzdakı xərçəng hüceyrələriylə mücadilə etməkdən ötrü nanohissəciklər sifariş etmişəm. Xərçəngə bulaşmış bir neçə yüz hüceyrəniz var. Siravi haldı. Ancaq indi müdaxilə etməsək, təxminən yeddi il içində öləcəksiz” deyə ifadəsiz tonda cavab verir.

“Həə, onda rahatladım” öz-özünüzə söyləyirsiz.

“Bəli, bu gün artıq şişin əmələ gəlməsindən illər əvvəl xərçəngi müəyyən etməyi bacarırıq” deyə Doktor Broun vurğulayır.

“Şiş? O nədir?”

“Aaa, bu inkişaf etmiş xərçəng növünü xarakterizə edən vaxtıkeçmiş bir kəlmədir. Lüğətdən silinib. Artıq o kəlməyə əsla rast gəlmirik” deyə Doktor Broun əlavə edir.

Sonra qəfil həyəcanla, bacınızın sizin üçün tapdığı xanım barədə söylədiklərini unutduğunuzu anlayırsız. Təkrar Mollini çağırırsız.

“Molli, mən bu həftəsonu heç nə etməyəcəyəm, mənimlə görüşəcək bir xanım tapa bilərsənmi? Sevdiyim insan tipindən xəbərdarsan.”

“Bəli, kriteriləriniz hafizəmdə qeyd olunub. Bir dəqiqə gözləyin, interneti yoxlayım.” Bir dəqiqədən sonra, Molli tapdığı namizədlərin profillərini nümayiş etdirir, bu namizədlər əslində həmin anda öz divar ekranlarının önündə oturmaqdadırlar, çünki onlar da öz divar ekranlarına eyni ehtiyacla müraciət etmişdilər.

Namizədləri yoxladıqdan sonra, nəhayət sizə xitab edən birini seçirsiniz. Karen adlı bu xanım sizə xüsusi görünür. “Molli, Karenə bu həftəsonu görüş üçün uyğun olub-olmadığını soruşmaqdan ötrü nəzakətli bir mesaj yolla. Yeni açılmış bir restoran var, ora getmək istərəm.”

Molli video-poçt formatında olan profilinizi Karenə göndərir.

Həmin axşam, sizə pivə içmək və futbol izləmək üçün baş çəkən bəzi iş yoldaşlarınızla vaxt keçirib, dincəlirsiz. Dostlarınız oyunu izləmək məqsədilə holoqrafik şəkildə də sizin otağınızda görünə bilərdilər, fəqət oyun həyəcanına birbaşa və xüsusi olaraq qatılan dostlarla birgə təntənəli ev komandası yaratmaq həmişə daha xoş ovqat bəxş edir. Birlikdə əylənmək vərdişinin, təxminən min illər öncədən gəldiyini, mağara adamlarının bir-birləriylə münasibət, bağ yaratmağa gərək duyduqları zamanlardan qaldığını xəyal edib, gülümsəyirsiniz..

(Ardı var..)

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR