Biz başqalarının nə düşündüyünü qavraya bilərikmi?

Emosional intellekt
Photo

Romanlar və hekayələr deyir ki, yox

Kanta Dihal Kembric Universitetində İntellektin Gələcəyi Mərkəzinin tədqiqat assistenti və layihə koordinatorudur.

Kassandra yuxudan oyananda, pərdələr arasından süzülən Günəş şüaları şəlalə kimi onun çılpaq döşlərinə tökülürdü. O, gərildi, qollarıyla birgə qalxan məmələri sanki Günəşi salamladı. Yataqdan qalxdı, əyninə geyindiyi köynəyin incə parçasının altından məmə ucları görünürdü. O, döşlərini sallada-sallada pilləkənlərdən aşağı endi, ayaqları yumşaqca yerə toxundu.

Bu təmtəraqlı cümlələr bir müddətdir ki, “Tumblr” şəbəkəsində fırlanırdı. Amerikalı podkaster Uitni Reynolds “Tvitter”də belə bir çağırış etmişdi: “Qadınlar, özünüzü kişilərin təsvir edəcəyi kimi təsvir edin”. Yuxarıdakı cümlələr də 2018-ci ilin aprelində bu çağırışa cavab kimi yazılmışdı.

Çağırışa çoxlu başqa reaksiyalar da gəlmişdi. Bir çoxları qadınlar barədə qorxunc, seksist təsvirləri əks etdirən yazılar paylaşmışdılar. Bir nəfər isə istənilən romanı bu cür xülasə edilə biləcək Murakaminin adını çəkmişdi: “Qəhrəman adi bir kişidir, amma nədənsə dünya gözəli qadınlar onunla yatmaq istəyir”. Bir başqası Kutzeeni yada salmışdı. “İngilis dili ədəbiyyatı professoru gözəl yeni tələbə qızla yatır”.

Bunlar isə bir məsələni fakt kimi bizim qarşımıza qoyur: yazıçılar ədəbi əsərlərdə qadın bədəni haqqında bəs deyincə yazsalar da, qadın düşüncəsi barədə hədsiz məhdud anlayışa sahibdirlər.

Məhz buna görə də, biz başqalarının düşüncələrinin konturlarını çıxarmağa çalışmaq kimi fəlsəfi təşəbbüsü həqiqi sınaqdan keçirməliyik. Əgər hətta başqa insanlar bizim idrakımızdan kənardırlarsa, onda biz heyvanları, süni intellekti, yaxud yadplanetliləri anlamaq üçün nəyə ümid edə bilərik?

Bizim dediklərimiz nəzərdə tutduqlarımıza qarşı

Mən ədəbiyyat üzrə elm adamıyam. Belə görürəm ki, ədəbiyyat tarixində minillər boyunca yazıçıların Başqalarını ( “B” böyük hərflə) anlamağa çalışmaq təşəbbüsü uğursuzluğa uğrayıb. Bədii ədəbiyyat yazıçısının təsəvvürü müəyyən qədər məhduddur. Bu ədəbi təcrübə bizə başqalarının düşüncələrini təsəvvür etmək qabiliyyətimizin hədsiz zəif olduğunu təkrar-təkrar göstərir.

Yazıçıların uzun dövrlər boyunca onlar kimi olmayan qəhrəmanları sistemli şəkildə yanlış təqdim etdiklərini sübut etmək üçün feminizm və post-müstəmləkəçilik kimi fenomenlərin meydana çıxması lazım oldu. Və belə görünür, kişi yazıçılar hələ də inandırıcı qadın qəhrəmanlar yaratmaqda əziyyət çəkirlər. Eyni problem yazıçılar fərqli etnik qrupdan olan obrazları təqdim edəndə də ortaya çıxır, bu dəfə üstəlik daha ağır formada.

“Qəhvəyi dərili” kimi ifadələri nəzərdə tuturam, məsələn. Mən sənin nəzərində hansı etnik qrupu tutduğunu bilməkdən ötrü doğrudan da səhər qəhvənə nə qədər süd tökdüyünü, onun hansı rəngə boyandığını bilmək məcburiyyətindəyəmmi? Təsvirin effektini artırmaq üçün ərzaq metaforaları ilə sarmaş-dolaş olan yazıçılar sübut edirlər ki, onlar nə belə dəriyə sahib olmağın, nə də belə metaforaların hansı mahiyyət daşıdığını dərk etmirlər.

Bunun əksinə, biz bu yaxınlarda bəzi naşirlərin koreyalı-amerikan yazıçı Leonard Chang-ın “The Lockpicker” (2107) romanını çap eləməkdən imtina etdiklərini öyrəndik, səbəb kimi naşirlər yazıçının ağdərili oxucuların koreyalı-amerikanlar barədə anlayışını təmin edə bilmədiyini göstərmişdilər. “Çanq koreyalıların və koreya əsilli amerikalıların bizlərdən nə ilə fərqləndiyini göstərmək üçün heç bir detal verməmişdi”, - naşirlərdən biri belə deyib: “Məsələn, qadının güzgüyə baxdığı səhnədə, siz onun qıyıq gözlərinin necə göründüyünü göstərmirsiniz...” Maraqlıdır, belə görünür, qeyri-ağ qəhrəmanın başa düşməkdəki istənilən uğursuzluğu qeyri-ağ yazıçının günahıdır.

Məhəbbətin adı

Bədii ədəbiyyat eynilə qeyri-insani ağlın da bizim təsəvvürümüzdən kənar olduğunu göstərir. Elmi fantastika əsərlərində ümumiyyətlə, planetlərarası səyahət və ünsiyyət barədə hədsiz əcaib təsvirlərlə rastlaşmaq olar – antropomorfizm (insan kimi təsvir etmə - tərc) nə qədər desən var. Yerdən kənar həyatdakı ağıllı varlıqlar Balaca Yaşıl Adamlar kimi təsəvvür olunur. Beləliklə, yadplanetlilər barədə düşüncələr müəlliflərin insan qəhrəmanlara (müəlliflərin özündən kəskin fərqləndikləri halda) aid etdikləri oxşar proyeksiyaya və fərziyyələrə məruz qalırlar.

Məsələn, gəlin insan ağlı ilə yadplanetli ağlının müqayisəsinə baxaq. Çinli elmi fantastika yazarı Liu Cixin “Üçbədənli Problem” (2008) əsəri ilə başlayan trilogiyasına görə məşhurdur. 2014-cü ildə ingilis dilinə tərcümə edilən bu trilogiyanın hər kitabında haşiyələr var – çünki kitabdakı bəzi qavramları çincədən ingilis dilinə tərcümə eləmək mümkün deyil və ingilisdilli oxucular qəhrəmanların davranışlarını başa düşmək üçün həmin haşiyələrə ehtiyac duyurlar. Amma əsərdə başqa bir Günəş sistemindən olan yadplanetlilər də var. Və nədənsə onların davranışlarını tərcümədə başa düşmək üçün haşiyələrə ehtiyac duyulmayıb.

Trilogiya nə qədər möhtəşəm olsa da, mən bir məsələ barəsində baş sındırmaya bilmirəm. Hələ təkcə Yer planetində romanın dərk edilməsini əngəlləyən linqvistik və mədəni baryerlər varsa, görün indi xarici aləmlə bağlı motivləri qavramaqdan ötrü biz nə qədər haşiyəyə ehtiyac duyuruq.

Müvafiq olaraq bizim süni intellekt barədə təsəvvürlərimiz insani fantaziyalarla doldurulub. Yayğın şəkildə süni intellektə ən çox uyğun gələn təsvir kimi robotlar göstərilir. Təsvirlərdə süni intellekt varlıqları metal insanlar şəklində olur. Və mətbuat üçün fərqi yoxdur, söhbət Bristolda sürüylə istehsal olunan robotlardan gedir, yoxsa “House of Lords”da ərsəyə gətirilənlərdən: material Terminator təsviriylə oxuculara təqdim edilir. Təsvirdə fərqlilik yalnız ağıllı robotlar - məsələn, iri məməli, metal dərili qadınlar - insanlarla cinsi əlaqəyə girmək istədiyi zaman ola bilər. Bu, artıq “Frings Lang’s Metropolis” filmi (1927) və “Westworld” (2016) serialı kimi ekran əsərlərində trend olub. Bizim qeyri-insanları bədiiyatda istifadə etmək metodumuz bizim insan kimi bir-birimizi necə az tanıdığımızı əks etdirir.

Bütün bunlar bizim bir-birimizi başa düşmək üçün əsas etibarilə təcəssüm etdirmə fikrindən istifadə etdiyimizi də göstərir. Bir müəllifin öz vücudu ilə qəhrəmanın vücudunu fərqləndirə bilməməsi gülünc situasiyadır. Əgər hiss edə bilmiriksə, özümüzü bir başqasının yerində təsəvvür etməyimiz də çətinləşir. “Jurassic World” (2015) filmində hündürdaban ayaqqabılı qadının dinozavrdan qaçmaq səhnəsini izləmək mənim üçün kef idi, bilirdim ki, bu səhnəni düşünən şəxsin qadın bədəninə sahib olmağın necə bir hiss olmasından ümumiyyətlə xəbəri yoxdur.

Ədəbiyyat və elm

Nədir-nədir hekayələr bizə mərhəmətli, həssas olmağı öyrədir deyə, Süni İntellektli varlıqları insani xüsusiyyətlərdə göstərən bədii əsərləri oxumalı olduğumuzu iddia edən insanlar var. Amma mən inanmıram ki, şəfqət və empati kimi duyğular digər varlıqların düşüncəsində dərindən oturub. Əlbəttə, bəzi bədii əsərlər bizə bir-birimizi anlamağa imkan verir. Lakin biz başqa varlıqlarla empati qurmaqdan ötrü (ümid edək, öldürmək və məhv etməkdən ötrü yox) özümüzü onların yerinə qoymağa ehtiyac duymuruq, sadəcə göz atmaq da kifayətdir.

Amerikalı filosof Tomas Nagelin 1974-cü ildə iddia etdiyi kimi, insan heç vaxt yarasa olmağın necə bir hiss olduğunu bilə bilməz, çünki onlar fundamental olaraq fərqli varlıqlardır: onların hissiyat mexanizmi və hərəkətləri bizimkindən tamamilə fərqlidir. Amma Nagelin dediyi kimi biz “hissəvi” (segment) formada təsəvvür edə bilərik. Yəni, yarasanın ağlını başa düşməsək də, onu xəta-baladan qorumaq üçün yollar tapa, hətta yetim bala yarasaya qayğı göstərə və böyüdə bilərik (internetdə belə videolar çoxdur).

Ümumiyyətlə isə problem odur ki, biz bəzən nəsə böyük bir şeyi görmədikcə, bu hissəvi xüsusiyyətin fərqinə vara bilmirik. Bir qadın, rəngli dərili bir insan, yaxud bir dinozavr bizə təsəvvürümüzün necə məhdud olduğunu göstərənədək, öz idrakımızın məhdudiyyətini dərk etmirik. Digər insanların ağlı bizim idrakımızdan nə qədər uzaqdırsa, qeyri-insani ağıl da bizdən bir o qədər çox uzaqdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR