Kapitalizm sənin seks həyatını necə məhv edir

Müsahibə
Photo

Çox sayda qadın seks həyatından məmnun deyil

Biz seksin heç vaxt olmadığı qədər azad olduğu bir dövrdə yaşayırıq. İnsanlar darıxdırıcı öhdəlikləri və məhdudiyyətləri rədd edirlər, yeni bir seks partnyoru ilə görüşmək isə tualetdə oturanda telefonda qurdalanmaq qədər bəsitləşib. Bununla belə, çox sayda qadın seks həyatından məmnun deyil. Bu faktın bir neçə səbəbi var: patriarxiya şəraitində qadın həzzləri prioritet sayılmır, ümumi kişi bacarıqsızlığı var və antidepressantlarla, yaxud doğuşa nəzarət hormonları ilə bağlı olaraq libido aşağı düşüb. Və səbəb bir də ola bilsin, kapitalizmdir.

Bu axırıncı nəzər nöqtəsi Kristen Qodsinin “Nəyə görə sosializmdə qadınların daha yaxşı seksi olur” kitabında (Kristen Ghodsee – Why Women Have Better Sex Under Socialism) öz əksini tapıb. Müəllif iddia edir ki, kapitalizm istismara əsaslanır və qadınlar onun ağırlığı altında əzilirlər: bu əziyyət onların seks həyatına da təsirsiz ötüşmür. Çünki qadınların əməyi bu quruluşda sistemli şəkildə qiymətləndirilmir, əksərən onların əmək haqları aşağıdır, həyatları bir qayda olaraq kişilərdən asılıdır. Buna görə də qadınların seksuallığı kapitalizm quruluşunda əmtəəyə çevrilib. Bu “əmtəə” açıq-aşkar mübadilə edilməsə də, Qodsinin yazdığına görə, “ictimai gözləntilərə uyğun olaraq formalaşır”, belə ki, seksuallıqlarını vermələrinin əvəzində onlar müəyyən tələblər irəli sürə bilərlər (məsələn, emosional və yaxud maddi təminat kimi), bu isə adətən onları evliliklə və ya tək bir partnyorla məhdudlaşdırır. Müəllif iddia edir ki, bizim bir-birimizlə cinsi və ya digər formadakı münasibətlərimizi kapitalizm fundamental şəkildə formalaşdırıb və ya deformasiyaya uğradıb. Bu da bizim məhrəmliyə və sevgiyə nadir ələ keçən, yalnız faydalı münasibətlərə həsr etməli olduğumuz məfhumlar kimi baxmağımıza gətirib çıxarır.

Qodsinin kitabı keçmişə, 20-ci əsrin dövlət sosializmi rejimlərinə istinad etməklə, bu modelə alternativ təklif edir. Bu rejimlərdə dövlət boşanma hüquqlarını liberallaşdırmış, abortu qanuniləşdirmiş, camaşırxanalara və uşaq baxçalarına yatırım etmişdi və qadınlara daha çox iqtisadi azadlıqlar verməklə, onları daha yaxşı sekslə təmin eləmişdi.

“Əgər qadınlar özləri pul qazanmağın dadını çıxarırlarsa və dövlət onlara yaşlaşanda, xəstələnəndə və yaxud əmək qabiliyyətini itirəndə, sosial təhlükəsizlik vəd edirsə, qadınlar üçün zorakı, təmin eləməyən və ya digər qeyri-sağlam münasibətləri davam etdirmək üçün səbəb qalmır”,

- müəllif yazır.

Qodsi amerikalı qadınların bizim yaşadığımız neoliberal kapitalist cəmiyyəti haqqındakı düşüncələrinə yenidən nəzər salmalarını istəyir, Amerikada qadınların tam iqtisadi azadlığının, bunun da nəticəsində daha yaxşı münasibətlərinin olduğu daha yaxşı bir kollektiv gələcək üçün hansı yola baş vurulmalıdır? Aşağıda sizlərə Qodsi ilə yetərsiz sevgi, seksuallığın əmtəəyə çevrilməsi və nəyə görə siyasi olan şəxsidir kimi mövzulardakı müsahibəmizi təqdim edirik.

Kitabınızın bir yerində belə yazırsınız: “Güclü gender bərabərliyi, reproduktiv azadlığın çox olduğu və geniş sosial təhlükəsizlik şəbəkələri olan cəmiyyətlərdə qadınlar demək olar ki, öz seksuallıqlarının açıq bazarda hansı qiymətə olacağına görə əndişə keçirmirlər”. Bazarın seksuallığa necə təsir etdiyini daha ətraflı izah edə bilərsinizmi?

Biz seksuallıq haqqında çox dar çərçivədə düşünməyə meyilliyik, bu müəyyən qədər də Masters və Consonun stimulyasiyaya və texnikaya köklənmiş dörd fazalı cinsi təhrik sikli ilə əlaqədardır [Redaktorun qeydi: bu modeldə elm adamları Uilyam Masters və Virciniya Conson psixoloji təhrik olunmanın 4 mərhələsini qeyd edirlər: həyəcan, sabitlənmə, orqazm və rahatlanma]. Lakin seksuallığın dəyişən tipləri barədə bildiyimiz şeylərdən biri budur ki, seksuallıq xüsusilə qadın seksuallığı daha mürəkkəb məsələdir və sənin cəmiyyətdə hiss elədiyin təzyiqə qarşı müqavimət göstərməlidir.

Mən tələbələrimin belə dediyini eşidirəm, “Mən münasibətə yatırım edirəm” (“I invest in a relationship”), bu olduqca bazar düşüncəsidir.

Mənim düşüncəmə görə, seksdən danışırıqsa, seks bəxş etmək və almaq kimi məhrəm bir akt olmalıdır, alınıb satılan bir şey yox. Mən tələbələrimin belə dediyini eşidirəm, “Mən münasibətə yatırım edirəm”, bu olduqca bazar düşüncəsidir. Biz özümüzün duyğu resurslarımız barədə məhdud və qıt bir şeylərmiş, ağılla yatırım etməli olduğumuz şeylərmiş kimi düşünürük.

Halbuki biz özümüzdə hissi, cinsi və emosional resurslarımız barədə qeyri-bazar məfhumları kimi düşüncə tərzi də yarada bilərik. Bunu etmək üçün ən məqbul yol dəyər və qiymət anlayışlarını fərqləndirməkdir. Getdikcə artan bir şəkildə biz həyatlarımızda olan dəyərli şeylərə dollar nişanı qeyd etməyə başlayırıq: bu zaman onların bir qiyməti olur. Əgər sənin emosiyalarının, məhrəmliyinin və münasibətlərinin bazardan kənar bir dəyəri varsa, onlar daha çox məmnunluq gətirirlər. Bu empirik iddiadır bilirəm, amma ümumiyyətlə, dəyərli bir şeylə qiyməti olan bir şey arasında bir fərq vardır. Qadın hüquqları dəstəklənəndə, biz nəsnələrin dəyərinin olduğunu görə bilərik.

Açıq bazarda “Seksuallığı satmaq” nə mənaya gəlir?

Bu o deməkdir ki, qadının seksuallığı onun öz ehtiyaclarını qarşılamaq üçün ehtiyac duyduğu şeylərlə müəyyənləşir. Qadınlar üçün doğuşa nəzarət, reproduktiv sağlamlıq, təhsil və peşəkar təlimin olmadığı cəmiyyətlərdə onların özlərini təmin etməkdən ötrü evlənməkdən başqa çarəsi qalmır. Qadın hüquqlarının və reproduktiv azadlıqlarının yüksək səviyyədə təmin olunduğu ölkələrdə isə qadınlar öz seksuallıqlarını əmtəəyə çevirməyə ehtiyac duymurlar. Burdan belə bir məna çıxır ki, qadın hüquq və azadlıqlarına hücumlar əslində qadınları yenidən kişilərdən asılı vəziyyətə gətirmək məqsədi güdür.

Seks əməyi sizin əmtəəyə çevrilmiş cinsiyyət qavramınıza necə uyğun gəlir? Belə demək olarmı ki, seks əməyi seksin beynəlxalq bir məhsul kimi paketləşdirilməsidir, bu zaman əmtəəyə çevrilmiş seksuallıq insanları təhtəlşüurda da olsa, öz seksuallıqlarına başqalarıyla dəyiş-düyüş ediləcək bir əmtəə kimi baxmağa vadar edir? Yəni, seks əməyi kapitalizm quruluşunda hetero münasibətlərdəki təməl yalanı ortaya çıxarır.

Bu əla sualdır. Seks əməyi də əməkdir. Bu, əsasən pulla ödənilən əmək haqqı üçün əmək gücünün (bu halda seksual xidmətlər) aşkarca mübadilə edilməsidir. Sənə pul köçürüləndə, o, bütün mallar və xidmətlər üçün iqtisadiyyatda yenidən istifadə edilə bilər. Seks əməyi əlbəttə, kapitalizmdən əvvəl də mövcud olub.

Seksuallığın əmtəəyə çevrilməsi isə bazar sayağı düşüncənin müdaxiləsi və ictimai münasibətlərin qeyri-bazar sahəsiylə mübadilə şəklində özünü göstərir. Qadınlar öz seksuallıqlarını qeyri-pul mükafatları ilə – nahar, içkilər, paltarlar, evlilik üzüyü - mübadilə edə bilərlər və bu şeylər iqtisadiyyatda istifadə edilmək üçün heç də həmişə pul qismində öz əksini tapmır. Seksuallığın əmtəəyə çevrilməsi aşkarca razılaşdırılmış bir saziş deyil, əksinə, qadınların onların seksuallıqlarının əvəzində nələri mübadilə edəcəklərinə dair dəyişkən sosial gözləntilər şəbəkəsidir.

Siz sevgi mifinin məhdudluğu barədə yazmısınız, mən çoxnigahlı, yaxud limitsiz partnyorlu münasibətlərdəki qadınlar barədə danışmaq istəyərdim, bu münasibətlər kapitalizmi təhdid edir.

Çünki qadınların asılı olduqları hetereoseksual, təkarvadlı evliliklərdə qadınların icra etdikləri əmək ödənişsizdir, əks təqdirdə dövlət buna görə haqq ödəməli olar. Qadınlar evdarlıq edərkən, cəmiyyətin üzərindən böyük bir yük qaldırılmış olur. Qadınlar təkarvadlı və çoxpartnyorlu münasibətlər qurmağa başlayarlarsa isə, bu dövlətin və cəmiyyətin ödənişsiz əməyi istismar etməsini təhdid edər. Mühafizəkarların ailə institutunun dağılmasından bu qədər çox narahat olmalarına səbəb var. Burjua, təkarvadlı münasibətlərdən kənardakı insanlar - çoxpartnyorlu, biseksual və s. – artıq kapitalizmə meydan oxuyurlar.

Müsahibəni bitirməmişdən əvvəl mən sizin son müsahibələrinizin birində ağlıma ilişən bir şey barədə soruşmaq istəyirəm: siz demisiniz ki, siyasətin şəxsi olması düşüncəsi sizin üçün daha maraqlıdır, nəinki feminizmin ikinci dalğasında qışqır-bağırla öz əksini tapan şəxsin siyasi olması fikri.

Zənnimcə feminist hərəkatda və digər sosial hərəkatlarda təmsilçiliyə hədsiz böyük əhəmiyyət verilir: burada düzgün olaraq struktur analizindən qaçılır, çünki strukturları hədsiz çox analiz etmək insanları bezdirə bilər. İnsanlar belə düşünə bilərlər: Sistemi dəyişmək üçün əlimdən heç nə gəlmir. Hərçənd indi vəziyyət elədir ki, biz yaşadığımız struktural məhdudiyyətləri nəzərdən qaçırmışıq. Siyasi olanın şəxsi olduğunu deyərkən, mənim nəzərdə tutduğum budur ki, məsələn, sən ağır iş günündən sonra evə qayıdanda, partnyorun yataqda əylənmək istəyir, sənsə belə fikirləşirsən: “sən allah bəsdir, yorğunluqdan ölürəm, ancaq yatmaq istəyirəm, mənə toxunma”.

Struktural məhdudiyyətlər bizim həyatımızı malik olmalı olduğu emosional resurslardan belə məhrum edir. Araşdırmaların göstərdiyi kimi biz hamımız şəxsi münasibətlərin əhəmiyyətli olduğunu bilirik. Bu mövzu ilə bağlı mənim aldığım ən böyük tənqidlərdən biri “New York Times”da yayımlanan məqaləmə edilmişdi: deyirdilər ki, sosializmdə qadınların daha yaxşı seksual həyatı var, çünki Şərqi Almaniyada məsələn, qadınların görəcəyi bir iş yox idi. Onlar iddia edirdilər ki, qadınlar alış-veriş edə, kinoya baxa bilmir, məşğuliyyətləri yox idi, ona görə də sekslə məşğul olmaqdan başqa seçim yox idi. Mənim cavabım bu idi... bu pisdirmiki? Demək istədiyim budur, bəli orada iqtisadi durğunluq, senzura və qadağalar vardı və mən dövlət sosializminə qayıtmaqda maraqlı deyiləm, amma əgər bizim az da olsa vaxtımız çox olsaydı, şəxsi münasibətlərimizə daha çox vaxtımız qalardı.

Partnyorunla, valideyninlə, övladın və yaxın dostunla hər dəfə birlikdə olarkən münasibətlərin başqa faktorlar tərəfindən necə strukturlaşdırıldığına bax. Əlbəttə, iki insan arasındakı münasibətə mikro səviyyədə yatırım etmək əladır, amma kapitalist superstrukturunun münasibətləri necə əmtəəyə çevirərək pul qazanmaq istəməsini də dərk etmək vacibdir. Fərdlər bunu rədd edərlərsə, həm vacib bir iş görmüş, həm də məmnun olmuş olacaqlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR