Yay bizi niyə tənbəlləşdirir?

Hər şeydən biraz
Photo

1846-cı ildən 1882-ci ilədək yazdığı gündəliklərdə Harvardın kitabxanaçısı Con Lengdon Sibli tez-tez onu haldan salan yay istisindən şikayətlənir. “İsti məni süstləşdirir, haldan salır, bütün əhvalımı korlayır”, – o, 1852-ci ildə yazırdı. Sibli sərinkeşlərdən əvvəlki dövrdə yaşayırdı, ancaq araşdırmalar göstərir ki, onun müşahidələri hələ də aktualdır: yay həqiqətən də bizim məhsuldarlığımızı aşağı salmaq iqtidarındadır. Yayda bizim beynimiz obrazlı desək, süstləşir.

Əsas məsələlərdən biri motivasiya ilə əlaqədardır: hava pis olanda, heç kim çölə çıxmaq istəmir, ancaq Günəş çıxanda, hava isti, səma mavi olanda, tənbəllik baş qaldırır. 2008-ci ildə “American Time Use Survey”dən götürülmüş məlumatlar əsasında keçirilən sorğu zamanı məlum olub ki, kişilər günəşli günlərə nisbətən yağışlı günlərdə işdə yarım saat artıq qalırlar. 2012-ci ildə Harvard Universiteti və Şimali Karolina Universitetlərindən olan tədqiqatçılar Yaponiyanın bank işçiləri arasında sahə araşdırması aparıblar və oxşarlıq aşkar ediblər: kredit müraciəti zamanı tapşırıqları tamamlamaq müddəti ölçülərkən məlum olub ki, pis hava şəraiti işçiləri daha məhsuldar edir.

Hava yaxşılaşanda isə bunun əksinə, məhsuldarlıq aşağı düşüb. Tədqiqatçılar bunun səbəbini müəyyənləşdirmək üçün Harvard tələbələrinin günəşli və yağışlı günlərə aid məlumatlarını analizdən keçiriblər. Tələbələr təsadüf əsasında seçilən iki şəraitdən birində yoxlanılıblar: onlara ya işə başlamazdan əvvəl üzgüçülük, açıq havada yemək kimi açıq hava məşğuliyyətlərini əks etdirən 6 şəkil göstərilib, ya da özlərinin gündəlik rejimlərini təsvir etmələri istənilib. Tədqiqatçılar aşkar ediblər ki, iştirakçılar xoşbəxt açıq hava şəkillərini görəndə daha az məhsuldar olublar. Onlar çöldə havanın günəşli və yağışlı olmasından asılı olmayaraq (baxmayaraq ki, günəşli günlərdə təsir daha böyük olub), öz işlərinə köklənməkdənsə, fikirləri nələr edə bilərdilər məsələsində qalıb. Beləliklə, daha yaxşı alternativin olması fikri konsentrasiyanın azalmasına səbəb olub.

Düzdür, hər mövsümdə insanı cəlbedən gözəl günlər olur, xizəkçi ən ölü qış mövsümünə kef çəkəcək fürsət kimi baxır. Amma məsələ burasındadır ki, yay mövsümündə bizim zehni fəaliyyətimiz də tənbəlləşir. Ətraf mühitlə əlaqədar olaraq ovqat dəyişikliyi hadisəsinin dərketmə və mühakiməetmə qabiliyyətinə necə təsir göstərməsi sahəsində pioner tədqiqatçılardan olan Cerald Klore 1994-cü ildə müəyyən etdi ki, gözəl hava tez-tez konsentrasiyanı pozan fasilələrə səbəb olur. Klorenin komandası yaxşı və pis havalı günlərdə 122 tələbəyə yaxınlaşaraq onlardan ali təhsillə bağlı sorğuda iştirak etməyi istəyib. Hava nə qədər yaxşı olsa, tələbələri zəif aqrumentlərə inandırmaq bir o qədər asan olub: hava günəşli, açıq və isti olanda insanlar il sonundakı buraxılış imtahanları ilə bağlı güclü və zəif arqumentlərə bərabər dərəcədə inanıblar. Havalar yağışlı, buludlu və soyuq olanda isə onlardakı tənqidi yanaşma güclənib: belə olanda yalnız güclü arqumentlər inandırıcı olub. Klore və komandası tapıntılarından belə qərara gəliblər ki, yaxşı hava insanları daha evristik əsaslı (şəxsi ehtimallar əsasında qərar çıxarmaq-tərc) düşüncəni qəbul etməyə vadar edir – belə ki, onlar həqiqi analizdənsə, emosional qısa yollara etibar edirlər.

Yay havası – xüsusilə bürkülü – bizim konsentrasiya qabiliyyətimizi və enerjimizi də aşağı sala bilər. Bir araşdırma zamanı yüksək rütubət konsentrasiyanı aşağı salıb və iştirakçılar arasında yuxululuğu artırıb. Hava həmçinin onların tənqidi düşüncə qabiliyyətinə zərər vurub: isti nə qədər çox olsa, insanlar nə danışdıqlarına bir o qədər az fikir veriblər.

Huşsuzluğa doğru dəyişiklik bizim emosiyalarımızdan qaynaqlana bilər. Gün işığı və xoşbəxtlik arasındakı əlaqəni göstərən bir ortaq tapıntı mövcuddur: Cənubi Kaliforniya kimi günəşli yerlərdə yaşayanalar Ortaqərbin çətin şəraitində yaşayanlardan daha xoşbəxt olmasalar da, gün işığının gündəlik dəyişkənliyi fərq yaradır. Gün dönümü yaxınlaşdıqca, günlər uzun və isti olanda insanlar daha da xoşbəxt olurlar, günlər qısa və soyuq olanda isə əksinə. Əksəriyyətin fikrincə, nisbətdə gözəl günlərdə həyatdan daha çox zövq alırlar. Onda belə çıxır ki, ən xoşbəxt fəsil yaydır.

Ümumiləşdirib danışsaq, belə çıxır, yaxşı ovqat Klorenin yaxşı gün iştirakçılarında müşahidə etdiyi eyni evrikstik, nisbətdə ağılsız düşüncəylə bağlıdır. Pis ovqat isə bunun əksinə olaraq daha ciddi analitik düşüncəni stimullaşdırır. Belə olanda havadan asılı olaraq dəyişən ovqat real həyatda qərarların verilməsinə təsir edir – hətta ən vacib qərarların verilməsinə də. Bu yaxınlarda baş tutan layihələrin birində psixoloq Uri Simonson aşkar edib ki, tələbələr böyük ehtimalla akademik ciddiyyətinə görə ad çıxaran o universitetlərdə yalnız o zaman qeydiyyatdan keçirlər ki, havanın tutqun olduğu günlərdə ora baş çəkmiş olsunlar. Hava pisləşəndə, onların akademik təhsilə verdikləri dəyər artır.

Lakin istinin bizim ovqatımızı yaxşılaşdırmasında da limit var: temperatur dünyanın istənilən yerində yay istilərinə qədər yüksələndə, effekt sürətlə pisləşir. 2013-cü ildə rəğbətlə qarşılanan tədqiqatında iqtisadçı Mari Konolli aşkar etdi ki, temperatur 32 dərəcəni keçəndə insan xoşbəxtliyinə olan mənfi təsir dul qalmaq və ayrılmaqdan doğan nəticələrdən daha pis olur.

Bununla belə, istinin bizim beynimizə olan təsiri tamamilə mənfi deyil. Psixoloqların araşdırdıqları bir çox davranışlar U-dönüşü adlandırılan xüsusiyyətlə bağlıdır: bir faktor gözəçarpacaq dərəcədə artanda, onunla əlaqəli davranış yaxşılaşır, ən yüksək həddə çatandan sonra isə pisləşməyə başlayır. Buna dair ən məşhur nümunə bir nəfərin verilmiş tapşırığı yerinə yetirən zaman yaşadığı stresi ölçən Yerkes-Dodson xəttidir. Əgər biz çox az və ya çox stres yaşayırıqsa, performansımıza xələl gəlir. Qoldilok kimi (cizgi filmi qəhrəmanı-tərc) kimi biz də hər şeyi doğru-düzgün eləmək istəyirik. Oxşar şəkildə bizim dərketmə qabiliyyətimiz müəyyən temperaturda yaxşılaşırmış kimi görünür, sonra isə temperatur artıqca qəfildən pisləşir. İlkin araşdırmalar göstərir ki, optimal temperatur 22 selsi dərəcə üzərindədir. Ən son araşdırmalar isə arzuolunan dərəcənin 27 selsi, yaxud təqribən 81 Farengeyt olduğunu irəli sürür. (Lakin burada bir vacib məqam var ki, bu araşdırmaların heç birisi rütubəti və gün işığını nəzərə almayıb, halbuki bunlar yay havasının davranışlara təsir edən iki əsas faktorudur.)

Bəlkə də isti hava dondurma yeməkdən ötrü bizim üçün yaxşı bir bəhanədir: tədqiqatlar dəfələrlə qandakı qlükoza dərəcəsinin dərketmə performansı və iradə ilə əlaqədar olduğunu sübut edib. Bəlkə də temperatur artanda beynin ehtiyac duyduğu yeganə şey qlükoza ehtiyatını artırmaqdan ötrü soyuq və şirin bir şeyi dişləməkdir.

Mariya Konnikova

Nyu-Yorker jurnalı

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR