Dövlət quruculuğunu süquta və uğura aparan yollar

Toplum
Photo

Xalqlar necə bir araya gəlir

Xalqlar çoxsaylı millətləri, dilləri və tarixləri özlərində əks etdirirlər, lakin onlardan ən güclülərinin paylaşdığı 3 sadə faktor var

Bəzi ölkələr əksər vaxt özlərinin etnik zəmindəki səhvlərinə görə uğursuzluğa düçar olduqları halda, bəziləri nəyə görə onilliklər və əsrlər boyunca çoxsaylı xalqları idarə etməyi və birgə yaşamağı bacarırlar? Nəyə görə bəzi coğrafiyalarda dövlət quruculuğu uğurla tamamlandığı halda, digərlərində müvəffəqiyyətsizliyə düçar olur? Hazırda Suriyada baş verən faciə uğursuz dövlət quruculuğunun hansı ölümcül nəticələrə səbəb ola biləcəyini göstərir. Mətbuatın diqqətindən qaçsa da, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında da son illərdə oxşar hadisələr yaşanır. Qərbi Avropanın İspaniya, Belçika və Birləşmiş Krallıq kimi zəngin və demokratik ölkələrində də uzunömürlü seperatçı hərəkatlar təşəbbüsü yenidən ələ alıblar. Biz yaşadığımız dövrdə seperatçı hərəkatların bu ölkələri parçalayacağına şahid ola bilərik. Bununla belə, nədənsə Kanton dilində danışılan cənubi Çində, yaxud Hindistanın Tamil bölgəsində seperatçı hərəkatlar gözə dəymir. Və çox maraqlıdır, nəyə görə indiyəcən heç bir ciddi siyasətçi İsveçrə və Burkino Faso kimi qarışıq ölkələrdəki milli birlik məsələsinə toxunmayıb?

Bu suallara cavab tapmazdan əvvəl dövlət quruculuğunun nə olduğunu daha dəqiq şəkildə müəyyənləşdirmək vacibdir. Burada söhbət təkcə bayrağı, himni və ordusu olan müstəqil dövlətdən getmir. Bəzi qədim dövlətlər (Belçika kimi) millətlərin bir araya gəlməsi nəticəsində qurulmayıb, təzəlikcə meydana çıxan bəzi ölkələr isə (Hinsdistan kimi) millətlərin bir araya gəlməsi nəticəsində ortaya çıxıb. Dövlət quruculuğu medalında iki tərəf mövcuddur: bir tərəfində ölkə ərazisindəki siyasi müttəfiqliyin çoxşaxəliliyi, digər tərəfində isə dövlətin kimi idarə etməsindən asılı olmayaraq, onun institutlarıyla identifikasiya olunmaq və sədaqət var. Birincisi özünü dövlət quruculuğunun siyasi-inteqrasiya aspektində, ikinci isə özünü siyasi kimlik aspektində göstərir. Hər ikisini təşviq etməkdən ötrü isə dövlət və vətəndaşları arasındakı siyasi əlaqələr etnik bölünmələr boyunca baş tutmalıdır.

Bu cür müttəfiqlik əlaqələri bəzən könüllülük təşkilatları, partiyalar, peşəkar qruplar və s. kimi vasitəçi siyasi təşkilatlar vasitəsilə milli hökumətlərlə fərdi vətəndaşları birləşdirir. İdeal olarsa, bu əlaqələr bütün vətəndaşları dövlətdə mərkəzləşən ittifaq şəbəkələrində birləşdirir. Belə ölkələrdə bütün vətəndaşlar hətta üstün tutduqları partiya, yaxud siyasi güc hazırda hökumətdə təmsil olunmasa belə, özlərini güc mərkəzlərində təmsil olunmuş kimi hiss edirlər. İntellektuallar, siyasi elitalar, həmçinin ortabab bir fərd də nəhayətdə, bütün vətəndaşları irqi və etnik mənsubiyyətindən asılı olmayaraq, milli icmanın bərabərhüquqlu bir üzvü kimi görür.

Effektiv dövlət quruculuğu vacib və müsbət nəticələr ortaya çıxarır. Ölkə ərazisində mövcud olan ittifaqlar etnik parçalanmaları siyasi cəhətdən zərərsizləşdirir. Siyasət etnik qrupların dövlətə nəzarət mübarizəsində “ya hər şey, ya heç nə” oyunu olmaqdan çıxır. Bunun əksinə, dövlətin nələr edə biləcəyinə dair əsaslı siyasi mövzular müzakirələrdə daha çox özünü göstərir. İnkluziv (iştirakçı - irq, yaş, əməkhaqqı və s. kimi müxtəlif kateqoriyaları özündə birləşdirən siyasət) siyasi koalisiyalar dövlətə sahiblik duyğusunu təşviq edir və ailənin, kəndin, tayfanın, yaxud peşənin hüdudlarını aşan kollektiv bir məqsədin idealını təşviq edir. Özlərini millətləriylə identifikasiya edən vətəndaşlar bir qayda olaraq vergiləri ödəməyə o qədər də müqavimət göstərmirlər, rifah siyasətini dəstəkləyir və daha effektiv dövlətlər tərəfindən idarə olunurlar. Biz həmçinin bilirik ki, etnik azlıqları və çoxluqları əhatə edən inkluziv koalisiyalar əksərən vətəndaş müharibəsi riskini azaldır və iqtisadi artımı təşviq edirlər.

ABŞ-da əksər xarici siyasətşünaslar dövlət quruculuğunu demokratikləşmə ilə eyniləşdirir. Onlar inanırlar ki, demokratiya inkişaf etməkdə olan ölkələrdə siyasi birliyə nail olmaqdan ötrü ən yaxşı vasitədir. Arqument belə qurulur: demokratik seçkilər müxtəlif etnik seçiciləri siyasi mərkəzə doğru yönəldir və siyasətçilərə özlərinin etnik mənşəyini paylaşan seçicilərin birliyi üzərindən geniş koalisiyalar qurmağa həvəsləndirir. Bu həqiqətdir ki, dövlət quruculuğunda uğursuzluğa düçar olan ölkələrin əksəriyyəti Suriyanın ələvi prezidenti Bəşər əl-Əsəd kimi kiçik azlıqların idarət etdiyi avtokratiyalardır. Bunun əksinə olaraq isə, demokratik ölkələrdə bir qayda olaraq azlıqların nümayəndələri idarəçi koalisiyalarda təmsil olunurlar.

Buna baxmayaraq, idarəçi koalisiyalar ölkənin demokratiyaya qədəm qoymasıyla dərhal inkluziv olmaq məcburiyyətində deyillər. Təzəlikcə demokratikləşən bəzi ölkələrdə etnik çoxluqlar özlərinə qədər hökmran olan etnik icmalardan revanşı götürmək üçün hakimiyyətə can atırlar. Səddam Hüseynin devrilməsindən sonrakı İraq buna yaxşı nümunədir: ölkə daxilində Əl-Qaidəyə, sonra isə İŞİD-ə dəstəyi hakimiyyəti itirdiklərinə görə qəzəbli olan keçmiş Baat elitası və gücsüzləşdirilmiş sünni qəbilələri verirdi.

ABŞ da özünün ilk 70 illik demokratik mövcudluğu dövründə quldarlıq quruluşunu saxlamışdı, bundan sonrakı bir əsr ərzində də Afrikan Amerikalılara siyasi təmsilçilik üçün heç bir azadlıq verilmədi. Demokratiyayla iştirak arasındakı birlik ona görə yaranır ki, artıq daha iştirakçı koalisiyalar tərəfindən idarə olunmaqda olan ölkələr demokratiya uğrunda qanıyla və canıyla mübarizə aparan eksklusionar (çıxdaşçı) rejimlərdən daha tez və daha rahat şəkildə demokratikləşmə prosesi keçirlər. Başqa sözlə desək, demokratiya xalq yaratmır, lakin artıq formalaşmış xalqlar böyük ehtimalla demokratiyaya keçid edirlər.

Azad və ədalətli seçkilərdənsə, mən digər üç faktı qeyd etmək istərdim ki, daha yavaş inkişafa – nəsillər boyunca – səbəb olsalar da, etnik zəmində hədsiz effektiv siyasi əlaqələr qurmağa imkan verirlər. Bu faktorlardan birincisi belə əlaqələrin necə təşkil olunacağı ilə bağlıdır. Oxucu çevrələri, ticarət birlikləri, siyasi klublar və s. kimi mövcud könüllülük təşkilatları vasitəsilə birlik qurmaq mümkündürsə, etnik dairələrdə siyasi birliyi yaratmaq asanlaşır. Könüllü təşkilatlar adətən bir-birləriylə üfiqi ittifaqlara daxil olurlar – Kaliforniyadakı yerli dayə birliklərinin koalisiyası kimi. Bunun əksinə, iyerarxiyaya əsaslanan himayəçi sistemlərdə isə əlaqələr himayəçi ilə himayə olunan arasında qurulur, sonra həmin himayə olunan bir başqasının himayəçisinə çevrilir və bu tendensiya hakimiyyət və güc piramidasınının aşağılarına doğru davam edir. Könüllülük təşkilatları üzərində qurulmuş müttəfiq şəbəkələri buna görə də himayəçiliyə əsaslanan sistemlərdən fərqli olaraq, ərazi boyunca daha asan yayıla və etnik dairələrə daha tez çata bilirlər. Məsələn, ölkə boyunca bütün dayə birliklərini əhatə edən çətir formalı təşkilat qurmaq nisbətdə daha asandır. Bu çətir formalı təşkilat sonradan Səhiyyə Nazirliyi və yaxud da milli siyasi partiya ilə ittifaqa daxil olmaq arzusunda ola bilir.

Bu cür könüllülük təşkilatlarının nə qədər müddət boyunca fəaliyyətdə olması bir ölkənin müasir mövcudluğu dövründə xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu, mütləq monarxiyanın devrilməsindən sonra da (əksərən Avropada olduğu kimi) baş verə bilər, keçmiş müstəmləkənin müstəqilliyə qovuşmasıyla da (əksərən dünyanın geri qalanı). Əgər bu cür təşkilatların çoxsaylı şəbəkələri artıq mövcuddursa, hakimiyyətə yenicə gələnlər bu cür təşkilatlara tərəfdarları səfərbər etmək və siyasi liderlər toplamaq baxımından etibar edəcəklər. Bu cür şərtlər altında etnik azlıqlar və ya çoxluqlar özlərini çətin ki, siyasi baxımdan təcrid olunmuş hiss etsinlər, çünki könüllülük təşkilatları ölkədə etnik icmaların məskən saldığı bir çox yerlərdə artıq qol-qanad açmış olurlar. Müxtəlif qurumlar bu cür təşkilatlara siyasi dəstək almaq üçün etibar edəndə, çox güman müxtəlif etnik icmalardan olan insanları da özlərində birləşdirmiş olurlar.

Oxşar ölçüyə, oxşar dil kompozisiyasına və oxşar iqtisadi göstəricilərə malik İsveçrə və Belçika arasındakı müqayisə buna dair yaxşı nümunə ola bilər. İsveçrədə ovçu klubları, oxucu çevrələri və xor cəmiyyətləri kimi vətəndaş cəmiyyəti təşkilatları 18-ci əsrin sonlarında və 19-cu əsrin birinci yarısında təşəkkül tapıb. Modern sənaye ölkənin bütün əsas regionlarında meydana gəldiyi üçün həmin təşkilatlar da asta-asta ölkə boyunca yayılıblar, İsveçrənin şəhər hökumətlərinin isə onların qarşısını almaq üçün nə gücü, nə də həvəsi olub. Belçikada isə bunun əksinə, Napaleon və ona qalib gələn Niderland kralı bu cür könüllü təşkilatlarda inqilabi potensial görüb və onların fəaliyyətinə qadağalar qoyub. Hətta daha bir vacib məqam odur ki, Belçikada mövcud olan belə birliklər iqtisadi cəhətdən daha inkişaf etmiş və daha təhsilli fransız dilli regionlardan və əhali seqmentlərindən o tərəfə getməyib.

1831-ci ildə Belçika Niderland Krallığından müstəqillik qazananda ölkənin idarəçilərinin əksəriyyəti uzun müddət idi ki, fransız dilli təşkilati birliklərin üzvləriydilər. Onlar çox düşünmədən fransız dilini dövlətin, ordunun və məhkəmənin rəsmi dili elan etdilər. Nisbətdə çox cüzi azlıqda qalan, yalnızca flamand dilində danışan və həmin şəbəkələrə üzv olmayan çoxluq isə beləliklə, mərkəzi hakimiyyətdən çıxdaş edilmiş oldu. 19-cu əsrin sonlarınadək flamandlar Frankofon Belçikasında daxili müstəmlərə kimi idarə olunurdular. İlkin dövlət quruculuğu uğursuzluğa uğramışdı, dil ayrımı 20-ci əsr boyunca hədsiz siyasiləşdirildi, hal-hazırda isə ölkə parçalanmaq həddindədir.

İsveçrədə dövlət quruculuğuna keçid isə 1848-ci ildəki qısa vətəndaş müharibəsindən sonra baş tutdu. Müharibədə qalib gələn və nəsillər boyunca ölkəyə hökmranlıq edən liberal elitalar ardıcıllar və liderlər qazanmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarının regionlararası, multi-etnik şəbəkələrinə etibar edirdilər. Meydana gəlməkdə olan hakimiyyət strukturu çoxluqlar və azlıqlardan bərabər şəkildə təşkil olunurdu. Ən başdan etibarən təqribi say nisbətinə görə hər bir dil qrupu həm dövlətin, həm də federal administrasiyanın ən yüksək pillələrində təmsil olunurdu. Yenə də çox düşünülmədən fransız, alman və italyan dilləri ölkənin rəsmi dilləri kimi bəyan edilmişdi. Beləliklə, ölkənin növbəti əksər siyasi tarixində və bugünədək dil fərqliliyi qeyri-siyasi məsələ olaraq qaldı.

Resursları paylaşdırarkən bürokratların etnik bağa üstünlük verdiklərinə dair çox az sübut var

İkinci faktor vətəndaşların ölkədə paylaşdıqları resurslarla əlaqədardır. Vətəndaşlar siyasi baxımdan bir qayda olaraq vergilər qoymaqla, ictimai mülkiyyətlə (hava limanı, xəstəxana, körpü, dəmiryolu, enerji və s. kimi – tərc.) təmin edən hökumətləri dəstəkləyirlər. Əgər vergilər ictimai mülkiyyətlə mübadilə edilirsə, dövlətlə vətəndaşlar arasındakı əlaqələrin təbiəti dəyişir. Belə olanda güc yoluyla məhrum etmək aradan qalxır – bu tendensiya millət-dövlətlərdən əvvəl mövcud olan mütləq krallıq, imperiya idarəçiliyi və müstəmləkə administrasiyası kimi zorakı rejimlərdə hakim idi. Bir dövlət ictimai mülkiyyəti ölkənin regionlarında nə qədər çox uğurla paylaşdıra bilirsə, mübadilə əməkdaşı kimi bir o qədər cəlbedici olur və daha çox vətəndaş onunla əməkdaşlıq etmək istəyir. Beləliklə, hakim koalisiya bu cür çoxşaxəli ittifaq strukturlarında və beləliklə, xalqın etnik müxtəlifliyində özünü doğrultmuş olur.

Somali və Botsvana arasındakı müqayisə nümunə kimi göstərilə bilər. Bu ölkələrin ikisi də iqtisadi fundamentlərinə görə oxşardır, ikisi də mal-qara ixrac edir və bənzər müstəmləkə tarixinə malikdirlər. Botsvana 1966-cı ildə müstəqillik qazananda hökumət maldarlar üçün uğurlu ixrac imkanları yaratdı və idarə etdi. Nəqliyyat infrastrukturu, məktəblər və səhiyyə müəssisələri böyük ölçüdə genişləndirildi. Həmçinin heyvandarlıq iqtisadiyyatını müntəzəm şəkildə dağıdan quraqlıq dövrləri üçün isə zəruri proqramlara start verildi. Beləliklə, ölkənin bütün regionları bu cür ictimai mülkiyyətlərdən bərabər şəkildə faydalanmağa başladı.

Bu resursları kəndlərdə və rayonlarda paylaşdırarkən, bürokratların etnik əlaqələri üstün tutmasına dair çox az sübut var. Müvafiq olaraq, hakim partiya regionlardan və etnik seçicilərdən dəstək alırdı, bu da öz növbəsində azlıqların və çoxluqların əhali saylarına təqribən uyğun olaraq parlamentdə və kabinetdə təmsil olunmasıyla nəticələnirdi. Bu cür iştirakçı hakimiyyət konfiqurasiyası isə zamanla dövlətlə Tsvana çoxluğu arasında güclü identifikasiyanın meydana gəlməsində səbəb oldu. Bununla yanaşı, getdikcə daha çox azlıqda olan vətəndaşlar assimilyasiya prosesi keçdilər və özlərini Tsvana çoxluğu ilə identifikasiya etməyə başladılar.

Somalidə isə ictimai mülkiyyətin təchizatıyla dövlət quruculuğuna töhvə vermək üçün şərtlər daha az ürəkaçanıydı. Keçmiş Britaniya və İtaliya müstəmləkələri birləşib Somalini əmələ gətirəndən sonra, dövlətin əhalini ictimai mülkiyyətlə təmin etmək qabiliyyəti çox aşağı idi. Vergilər və gömrük haqlarındansa xarici yardım çox sürətlə genişlənən bürokratiyanı qidalandırırdı. Dövlət layihələrini paylaşdırmağa gələndə isə, bürokratlar ən çox rüşvət verə bilənləri, yaxud özlərinin qəbiləsinə, yaxud nəslinə daxil olanları üstün tuturdular. Məhəmməd Siad Barrerin 1969-cu ildəki hərbi çevrilişi bu dövlət məsələsini sadəcə olaraq müvəqqəti dəyişdi. İnstitutsional baxımdan yetərsiz olan Barre rejimi ictimai mülkiyyəti qısamüddətli, hərbiyə bənzər kampaniyalar vasitəsiylə – köçəri əhaliyə necə yazmağı və oxumağı öyrətməklə, yaxud quraqlıq qurbanlarına yardım etməklə çatdırmağa çalışırdı. Lakin bu yolla heç vəchlə mərkəzləşmiş sabit siyasi ittifaqlar qurmaq mümkün deyildi. Bunun əksinə olaraq, Barre öz hakimiyyətində getdikcə daha çox öz qəbiləsindən və anasının qəbiləsindən olanlara etibar etməyə başladı. Hakimiyyətin daxili çevrələrindən çıxdaş olunanlar beləliklə, silaha sarılmağa başladılar. Qəbilələrin və hərbi komandanların bir-birlərinə qarşı qurduqları saysız-hesabsız ittifaqlar isə son nəticədə ölkəni tar-mar edən vətəndaş müharibəsinə gətirib çıxardı.

Vətəndaşlar və dövlət arasındakı əlaqələrin üçüncü aspekti onların bir-biriylə əlaqələrini əks etdirir. Əgər fərdlər bir-birləriylə ümumi dildə danışa bilirlərsə, regionlar və etnik bölünmələr arasında əlaqələr yaratmaq asanlaşır. Bu, “sövdələşmənin qiymətini” aşağı salır, yəni inama əsaslanan sabit əlaqələrin qurulması üçün həyati vacib olan bir-birinin niyyətini başa düşmək, narazılıqları aradan qaldırmaq və güzəşt danışıqlarına getmək üçün hədsiz səy göstərməyə ehtiyac qalmır. Bunun əksinə, dil baryerləri olan zaman isə ölkə ərazisi boyunca siyasi şəbəkələrin yayılma sürəti zəifləyir.

Çin və Rusiyanın son iki əsrlik tarixi ümumi kommunikasiya vasitələrinin dövlət quruculuğunu necə sürətləndirdiyinə dair yaxşı bir nümunədir. 19-cu əsrin əvvəllərində həm Çin, həm də Rusiya iri və çoxsaylı xalqlardan təşkil olunmuş və uzunəsrlik mütləq hakimiyyətə əsaslanan və heç bir zaman xarici idarəçiliyə məruz qalmamış imperiya sülalələri idi. Çin əhalisi çoxlu müxtəlif dillərdə danışırdı, bu, dövlət quruculuğunu çətinləşdirən amil idi. Buna baxmayaraq, məktublar, qəzetlər və kitablar vahid əlifbada (heroqriflərlə-tərc) yazılırdı. Bu əlifba danışılan müxtəlif dillərin heç birinə yaxın deyildi və buna görə də nəhəng ölkənin fərqli bölgələrindən olan fərdlərin bir-birini asanca başa düşməsini təmin edirdi. Əlifbanın bu cür hegemonluğu imperiya dövrü boyunca dövlətə müxtəlif yazılı imtahanlar vasitəsiylə ölkənin müxtəlif bucaqlarından bürokratlar toplamağa imkan verdi. Nəticədə Çinin bürokratik elitası əhali kimi poliqlot idi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR