Bu dünyada hansı kitabı və ya məqaləni hamının oxumasını istərdiniz?

Toplum
Photo

Amerikanın məşhur “Atlantik” jurnalı məşhur sənət adamları və oxuculardan hər kəsin oxumalı olduğu kitabların adlarını soruşub. Bu yazıda təzə və maraqlı kitab adları eşidəcəksiniz. Sorğunu Bilgə.az-ın oxucularına təqdim edirik.

Kari Krenston, Amerika Yazıçılarının Ev-muzeylərinin prezidenti

“Amerikalı qul Frederik Duqlasın Həyat Hekayəsi” əsəri (Narrative of the Life of Frederick Douglass, an American Slave) Amerika tarixinin ən pik və ən alçaq nöqtəsini gözlər önünə sərir. Ədəbiyyatın gücünü əks etdirən hədsiz gözəllikdəki bu əsər insanın oxuduqca və yazdıqca necə öz hekayəsini yaratmaq, necə öz həyatını və ətraf dünyanı şəkilləndirmək qabiliyyəti əldə etdiyini göstərir.

Miçiko Kakutani, ədəbi tənqidçi

Şekspirin seçilmiş pyeslərini hər kəsin oxumasını istərdim. Dramaturqun vəfatından 4 əsrdən çox vaxt keçsə də, dünyada onun nüfuzu hələ də artmaqdadır. Şekspir özünün ixtiraçılığıyla; möhtəşəm təsəvvür qabiliyyətiylə; əsrarəngiz, azad qadın obrazları yaratmasıyla; dəyişiklik və itkilərin bol olduğu xaotik dünyanın faniliyini çatdıra bilməsiylə inanılmaz dərəcədə müasir idi.

İmbolo Mbue, “Xəyalpərəstlərə bax” əsərinin müəllifi

Don Migel Ruizin “Dörd Razılıq” əsərini (The Four Agreements) hər kəs oxusun istərdim. Təsəvvür edin dünyada hamı belə razılaşmalar əsasında yaşayır: danışığın qüsursuz olsun; heç nəyi şəxsi qəbul eləmə; ehtimallar irəli sürmə; hər zaman bacardığının ən yaxşısını et.

Suzanna Fogel “Məni Zibilliyə Atan Casus” əsərinin həmmüəlifi, direktor

Arnold Lobelin “Qurbağa və quru qurbağası” seriyasını (The Frog and Toad) hamı oxumalıdır. Uşaq ədəbiyyatı sayılsa da, bu kitab depressiya və təşvişi mükəmməl şəkildə oxucuya çatdırır. Onun qəhrəmanlarından biri indiki zamanda yaşaya bilən özünəqapalı sinik, digəri isə emosional-yenilikçi və vərdişkardır. Bu iki amfibiyanın çox şirin və uzunömmürlü dostluq münasibətləri var. Bir-birlərinə hədsiz zidd olsalar da, onların hər ikisinin dünyaya baxışını qəbul eləmək olur.

K.V. Qortner, “Romanov İmperitçəsi və Madmuazel Şanel” əsərinin müəllifi

Al Qorun “İstənməyən Həqiqət”i (An Inconvenient Truth) mütləq oxunmalıdır. Heç də ürəkaçan olmayan bu əsər bizim bir növ kimi bu kədərli dünyada üzləşdiyimiz ən əhəmiyyətli və ağır məsələdən bəhs edir. Əgər görməzdən gəlinməyə davam edilsə, qlobal istiləşmə planetdəki hər bir canlıya ağır başa gələcək. Öz-özünə həll olunacaq deməklə, biz sadəcə olaraq bu məsələni iqnor eləməkdə davam edə bilmərik.

Kevin Kvan “Dəlisov Zəngin Asiyalılar” kitabının müəllifi

Aldos Hakslinin 1932-ci ildə nəşr olunan “Cəsur Yeni Dünya” əsəri (Brave New World) heyratamiz satirası ilə nəinki bugün baş verənləri, həmçinin haraya doğru getdiyimizi də əvvəlcədən görə bilib.

S. E. Morqan “Kralların İdmanı” kitabının müəllifi

Con E. Sarnonun “Ağıl-bədənin əmri” kitabı (The Mindbody Prescription) mənim həyatımı xilas edib. Bu kitab təhtəlşüurun emosional ağrıdan xilas olmaq üçün necə fiziki ağrı yaratdığını araşdırır. Bir çox tərəflərdən baxdıqda, ağıl-bədən yanaşmasının bizim psixologiyanın köklərinə dair biliklərimizdə inqilab etmək potensialı var. Xroniki ağrıdan əziyyət çəkənlər bu kitabı mütləq oxunmalıdır.

Marli Dias #1000BlackGirlBooks-un yaradıcısı

Doktor Seussun “Çanaqlı manaqlı bağa” əsəri (Yertle the Turtle) zorakı gücün nəticələrini göstərir. Çanaqlı manaqlı bağa onu dəstəkləyənlərə əmrlər verir və qışqırır, amma naşükürlüyü axırda onun özünün hakimiyyəti itirməsinə səbəb olur. Biz böyüdükcə bizə yardım edənlərə minnətdar olmalı və onları dəstəkləməliyik – kitab bunu öyrədir.

Esmeraldo Santiyaqo “Konkistadora”nın müəllifi

Kişilər sülh haqqında danışır, amma müharibələr törədirlər. Kişilər əksər dövlətlərə başçılıq edir, getdikcə artan ölümcül silahları nəzarətdə saxlayır, qadınları və allahları isə mənəvi qalxan kimi istifadə edirlər. Kişi dünyasını başa düşmək istəyən hər kəs kişilərin qəddar təbiətini açan “İlliada”nı mütləq oxumalıdır.

Oxucuları cavabları

Qari Kohl, Toronto, Kanada

Doktor Seussun sənaye və ətraf mühitdən bəhs edən “Loraks”ını hər kəs oxusun istərdim. Çünki nə zamana qədər bizlərdən hər birimiz “baş verən bütün dəhşətləri vecinə almayacaq, o zamana qədər heç nə yaxşı olmayacaq”.

Don Marin, Sun Siti Vest, Arizona

Maya Angelounun “İnsan ailəsi” poemasını (“Human Family”) hamı oxumalıdır. Onun “Dostlar, biz bir-birimizə bənzərsiz deyil, bənzərik” misraları həqiqətən də universaldır

Nansi Hauley, Spokan, Vaşinqton

Mən Fred Rocersin “Mister Rocer Dünyanı necə görür” əsərini (The World According to Mister Rogers) məsləhət görərdim, çünki biz hamımız mərhəmətli, tolerant və hörmətkar olmağı bacarmalıyıq.

Rober Mörfi, Tarpon Sprinqs, Fladelfiya

Mühacirlər, iqlim dəyişikliyi və uğursuz liderlik dövründə “Sürgün Kitabı” (The Book of Exodus) mütləq oxunmalıdır. Kitabdakı hekayədə ölkəsinin təhlükəsizliyi məsələsinə görə paranoyak olan firondan bəhs edilir, o, fərqliliyi sevmir. Sonda təbiətə nəsə olur və fironun dövləti çökür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR