Elm insanı “bilgili cahil” dirmi?

Toplum
Photo

Avstriyalı fizik Filip Frank gəncliyindən etibarən həm də elm fəlsəfəsinə maraq göstərmiş və alimlərin toplaşıb elmi-fəlsəfi müzakirələr apardığı “Vyana çevrəsi”nə qatılmışdır. Bu toplantılarda dartışılan əsas mövzular, fəlsəfənin içinə düşdüyü qeyri-müəyyənlikdən və zehni bulanıqlıqdan hansı yollarla xilas ediləcəyiydi. Frank 1907-ci ildə səbəbiyyət barədə yazdığı məqaləylə Eyneşteynin diqqətini çəkmiş və bundan belə aralarında uzun bir dostluq başlamışdır. Bu dostluq əlaqələrinin başlamasından qırx il sonra Frank Eyneşteynin bioqrafiyasını yazdı.

Ralf Uold Emerson təqribən yüz il əvvəl pozitiv elmlərlə humanitar elmlər arasında yaranan bugünki uçurumun köklərini elm müəllimlərinin insan üçün yad, uzaq, qeyri-çəkici olmasında görürdü. Belə yazırdı:

İnsandan uzaq qalmağın bədəli var. Elm nə cür insani reaksiyaya səbəb olur? Əksər uşaqlarda maraq oyatmır. Uşaqlar belə söyləyir: Mən müəllimim kimi insan olmaq istəmirəm.

Fəlsəfə, tarix və ya din müəllimlərinin orta statistik universitet tələbəsinin intellektual və emosional yönləri üzərində göstərdikləri təsirin, riyazıyyat və ya kimya müəllimlərinin göstərdiyindən daha çox olduğuna şübhə yoxdur.

Çox məhdud sahələrdə ixtisaslaşan və cəmiyyət tərəfindən göylərə çıxarılan elm insanlarının Qərb mədəniyyəti üçün böyük təhlükə qaynağı ola biləcəyi barədə fikirlər bir çox düşüncə insanı və yazıçı tərəfindən vurğulanırdı. Onlar arasında bu mövzunu ən dolğun və aydın şəkildə təsvir edən düşüncə insanlarından biri İspan filosofu Orteqa Qasset idi. “Kütlələrin üsyanı” adlı kitabında belə söyləyir: “Mədəniyyətimizin qaynağı olan elm onu (alimi) özlüyündən kütlə insanına, modern barbara çevirir.” Digər tərəfdən, elm insanı 20-ci əsr kulturasının ən əsas təmsilçisidir, “Avropa bəşərinin zirvə nöqtəsidir.” Ancaq yenə də Qassetin fikrinə görə, bu gün ortabab təhsil almış bir elm adamı öz ixtisas sahəsinə daxil olmayan və xüsusi şəkildə xəbərdar olmadığı, “bil”mədiyi hər mövzuda cahildir. Ona “bilgili cahil” deməkdən başqa seçimimiz yoxdur və bu çox həssas məqamdır. Söhbət açdığımız bu cəhalət cahil insanın cəhaləti deyil, təhsilli insanın bütün əsəbi və hövsələsiz təbiətiylə sahib olduğu cəhalətdir.

Yazıçımızın mövqeyinə görə elmi araşdırmalar, basmaqəlib intellektualların önəmli nəticələr əldə etmələrinə və özlərindən gərəyindən artıq məmnun qalmalarına şərait yaradacaq şəkildə təşkilatlanır. Fizika və yaxud biologiyada həyata keçirilməsi zəruri sayılan işlərin əksəriyyəti, hər kəs tərəfindən bacarılan mexaniki işlərdir. Çoxlu sayda araşdırmanı gerçəkləşdirmək üçün elmi kiçik bölümlərə ayırıb, onlardan birinə daxil olmaq və qalanları barədə düşünməmək… Səmərəli nəticələrə yetmək üçün bu fəaliyyətlərin “anlam”ları və qaynaqlarını təfərrüatlıyla qavramağa ehtiyac belə yoxdur.

Xose Orteqa Qassetdən götürdüyümüz bu iqtibas əlbəttə ki, Nyuton və yaxud Darvin, Eyneşteyn və Nils Bor kimi alimlərin elmi araşdırmalarını deyil, elmi təhsildə mütləq, doqmatik üsulların izlənildiyi məktəb kitablarında və siniflərdə tanıdılan “elmi metodu” olduqca yaxşı təsvir edir. Əslinə baxsaq, elmdəki böyük dirçəlişlər və yeniliklər, sərhəd divarlarını yıxmaq nəticəsində yaranır və “anlam” ilə “təməl”ə əhəmiyyət verməmək yalnız inkişafdan məhrum zamanlarda hökm sürür.

Əgər dövrümüzdə, cəmiyyətimizdə böyük rol oynayan elm adamlarının “bilgili cahillər” sinfinə çevrilməsi istənilmirsə, gərəkdi ki, bu insanların təhsili təkcə ixtisasa dair texniki metodlarla məhdudlaşmasın və elmin insanın ümümi kulturası və düşüncə genişliyi içindəki fəlsəfi yönünə, yerinə diqqət yetirilsin.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR