Xoşbəxtlik

Matt Ridley

Emosional İntellekt
Photo

Matt Ridley Britaniyalı jurnalist və biznesmendir. Ridley ən çox elmi, iqtisadi və ətraf mühit mövzularında yazdığı kitablarla tanınır. Ən məşhur kitablarına örnək kimi “The Red Queen: Sex and the Evolution of Human Nature”, “The Rational Optimist”, “Genome” adlı elmi kütləvi əsərlərini göstərmək olar.

Xoşbəxtlik

Ehtiyaclar və lükslar ucuzlaşdıqca, insanlar daha da xoşbəxt olurlarmı? 21-ci əsrə girərkən, xoşbəxtlik ekonomiyası məsələsinə həsr olunmuş kiçik çaplı ev sənayesi əmələ gəldi. Bu cərəyan, zəngin insanların nə olursa olsun, xoşbəxt olmadıqlarını söyləyən paradoksla işə başladı. Bəlli bir gəlir səviyyəsinin ötəsində (Riçard Layarda görə ildə 15.000 dollar; Riçard Layard-ingilis ekonomisti.tərc), pulun fərdi salamatlığı, xoşbəxtliyi satın almadığı görünür, söylənirdi. Akademik mühitdən çıxan kitablar və məqalələr şəlalə kimi çağladıqca, zənginlərin bədbəxtliyini görməkdən xoşbəxt olan müşahidəçilər arasında böyük ölçülü Schadenfreude (almanca: başqasının fəlakətinə sevinmək) əhvali-ruhiyyəsi yaşandığı anlaşıldı. Siyasətçilər bu mövzunu ələ aldı və Tailanddan Britaniyaya qədər müxtəlif dövlətlər kəsintisiz milli maaş yerinə millətin xoşbəxtlik dərəcəsini hansı yolla ən yüksəyə çıxaracaqlarını düşünməyə başladılar. Nəticə olaraq artıq Britaniya hökümətinin nazirliklərində “xoşbəxtlik dairələri” var. Butan (Şərqi Himalayın cənub sərhədlərində yerləşən buddist krallıq-tərc) Kralı Jigme Singye Vangçuk, 1972-ci ildə iqtisadi böyümənin milli xoşbəxtlikdən sonra ikinci hədəf olduğunu elan edərək, bu düşüncəyə yetən ilk insan oldu. Bu yeni ürfana görə, əgər iqtisadi artım xoşbəxtlik yaratmırsa, o zaman rifaha çatmaq üçün tər tökməyin anlamı yoxdur və dünya iqtisadiyyatı, ağlauyğun bir gəlir səviyyəsinə doğru yumşaq eniş həyata keçirməlidir. Ya da bir iqtisadçının ( Andrew Oswald, “The hippies were right all along about happiness”, Financial Times, 19 january, 2006) ifadə etdiyi kimi: “Hippilər əvvəldən bəri haqlıydılar.”

Əgər bu doğru olsa, əlbəttə ki, rasionalist optimistin şarını partladar. İnsanları daha xoşbəxt etmirsə, ölümün, qıtlığın, xəstəliklərin, məcburi işlərin davamlı şəkildə yenilməsini yüksəltməyin nə mənası var? Fəqət bu danışılan söz doğru deyil. Sözügedən mövzunun müzakirəsi 1974-ci ildə Richard Easterlinin (amerikalı iqtisadçı) bir araşdırmasıyla başlamışdı. Bu araşdırmaya görə, bir ölkə içində zənginlər ümumi olaraq yoxsullardan daha xoşbəxt olsalar da, zəngin ölkələrin yurddaşları kasıb ölkələrin yurddaşlarından daha xoşbəxt deyildi. O dövrdən bəri “Easterlin paradoksu” bu dartışmanın əsas doqması oldu. Məsələ burasındadır ki, bu iddia yanlışdır. 2008-ci ildə yayımlanan iki məqalə bütün məlumatları incələdi və ikisinin də əldə etdiyi mütləq nəticə, Easterlin paradoksunun var olmadığıdır. Zənginlər yoxsullardan xoşbəxt və zəngin ölkələrin xalqı, yoxsul ölkələrin xalqından xoşbəxt idi, üstəlik insanlar zənginləşdikcə daha xoşbəxt olurdular. İlk araşdırma, böyük fərqlərin bilinməyəcəyi qədər kiçik və örnək kimi götürülən cəmiyyətdən başlanmışdı. Ölkə içi, ölkələr arası və dövrlər arası müqayisələndirmə kateqoriyalarında, əlavə gəlir həqiqətən də ümumi səadəti satın almaqdaydı. Yəni orta hesabla, hər şey hesaba qatıldığında və digər şərtlər də bərabər olduğu durumda, pul artdıqca insanın xoşbəxtliyi də artırdı. Bu araşdırmalardan birinin kəlmələriylə söyləsək: “Zaman ərzində həyata keçirdiyimiz müqayisələrin, üstəlik, təkrar-təkrar aparılmış beynəlxalq araşdırmalardan əldə edilmiş dəlillər də bütöv halda hesaba qatıldığında, iqtisadi genişləməylə fərdi səadətin artımı arasındakı əhəmiyyətli əlaqəyə işarə etdiklərini görürük.

Doğrudu, bəzi istisnalar vardır. Bu anda Amerikalıların xoşbəxtliyi artım gedişatı sərgiləmir. Görəsən, bunun səbəbi, son illərdə zənginlər daha da zənginləşərkən, sadə Amerikalıların gəlir səviyyəsinin çox artmamasıdırmı? Yoxsa Amerikanın, yoxsul köçkünləri sürəkli olaraq özünə çəkməsi və onların da ümumi xoşbəxtlik əmsalını düşük səviyyədə saxlamasıdırmı? Kim bilir? Ancaq səbəb, Amerikalıların daha çox xoşbəxt olmayacaq qədər zəngin olması deyil; çünki, Yaponlar və Avropalılar, əksərən Amerikalılar qədər zəngin olsalar da, zənginləşdikcə xoşbəxtlikləri artmağa davam edir. Digər tərəfdən, son illərdə Amerikalı qadınların zənginləşdikləri halda xoşbəxtliklərinin azalması isə təəccübləndiricidir.

Əlbəttə, həm zəngin, hən bədbəxt olmaq mümkün haldı, şöhrətli insanlar bunu bizə təmtəraqlı şəkildə xatırladırlar. Əlbəttə, zəngin olduğunuza baxmayaraq, sırf qonşunuz, ya da televiziyadakı insanlar sizdən zəngin olduğu üçün, niyə daha çox zəngin deyiləm deyə, özünüzü bədbəxt hiss etməyiniz də real yaşantı ola bilər. İqtisadçılar bunu “hedonist çarx” adlandırır, biz isə “qonşudan qalma dala” deyirik. Zəngin insanların bir mərhələdən sonra, onları daha çox xoşbəxt etməyəcək zənginlik səviyyəsinə çatmaq üçün çabalamasının, planetimizə gərəksiz yerə zərər verməsi ehtimal ki, doğrudur. Hər halda onlar, ovçu-toplayıcı əcdadlarından miras qalmış “rəqabətçi” instinktlərlə təchiz olunublar, üstəlik, ovçu-toplayıcıların mütləq olmasa da nisbi statusu, onlara cinsi bəxşişlər şəklində geri qayıdırdı. Buna görə də, təsərrüflərin yatırıma sərf olunmasını təşviq etmək üçün istehlaka vergi qoymaq, əslində çox da pis fikir deyil. Fəqət bu, yoxsul insanın mütləq daha xoşbəxt olacağı anlamına gəlmir, maddi vəziyyəti qaydasında və bədbəxt olmaq, yoxsul və bədbəxt olmaqdan qəti şəkildə yaxşıdır. Əlbəttə, bəzi insanlar nə qədər zəngin olarlarsa olsunlar, özlərini bədbəxt hiss edirlər, bəziləriysə yoxsulluq içində olsalar da belə, nəşələnməyin bir yolunu tapırlar: Psixoloqların fikrinə görə, insanların yaşadıqları sevinclərdən və ya fəlakətlərdən sonra döndükləri olduqca sabit bir xoşbəxtlik səviyyəsi vardır (Daniel Gilbert, Stumbling on Happiness). Fəqət, bununla yan-yana, milyon illik təbii seçmə insan təbiətini elə şəkilləndirib ki, insanlar uğurlu uşaqlar böyütmək barəsində ambisiyalıdılar və könül toxluğuna razı olmurlar: İnsanlar arzulamaq yönündə proqramlanıblar, şükr etmək yönündə deyil.

Xoşbəxt olmağın ən yaxşı, hətta yeganə yolu zəngin olmaq deyildir, əlbəttə. Siyasətşünas Ronald İnglehartın fikrinə görə, ictimai, ya da siyasi azadlıq daha təsirli yoldur (R. İngleheart və başqaları, “Development, freedom and rising happiness: a global perspective, 1981-2007”, 2008). Sizi həyat tərziniz barədə seçim etməkdə sərbəst buraxan bir toplumda yaşamaq, xoşbəxtlik duyğunuzu böyük ölçüdə artırar; məsələn, harada yaşayacağınız, kimlə evlənəcəyiniz, cinsi orientasiyanızı necə ifadə edəcəyinizlə bağlı məsələlər sizin öhdənizə qalarsa, xoşbəxt olmaq ehtimalınız yüksəkdir. 1981-ci ildən bu yana, əlli iki ölkənin qırx beşində qeyd edilmiş xoşbəxtlik artımından məsul olan əsas proses, həmin tarixdən bəri azad seçim səviyyəsindəki yüksəlişdir. Ruut Veenhoven (Hollandiyalı sosioloq-tərc), “millət nə qədər fərdiləşərsə, həyatının keyfini çıxaran yurddaş sayı da o qədər artar” söyləyir (R.Veenhoven, “Quality-of-life in individualistic society: A comparison of 43 nations in the early 1990s”).

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR