Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Toplum
Photo

Makiavelli haqlı idi

“Şahzadə” əsərindəki əsas dərs siyasətin çirkli əllər tələb etməsi yox, siyasətçilərin vicdan məsələsini bir kənara qoymalı olduqları barədədir.

Sən bu şəkli xatırlayırsan: prezident Obama Ağ Evdə bükülərək oturub, yanında əliylə ağzını tutan Hillari Klinton daxil olmaqla, milli təhlükəsizliyə cavabdeh heyət var, birlikdə Pakistanın harasındasa bir yerdə Osama bin Ladenin qətlini əks etdirən canlı yayıma baxırlar. Bu Makiavellist bir andır: siyasi lider güc tətbiq edərkən, üzərinə həlledici risklər götürüb, indi də taleyin hökmünü gözləyir. Missiya uğursuzluqla nəticələnsə, bəlkə də onun prezidentliyi başa çatacaq, amma əgər uğur qazansa, bir daha heç kim onun risk eləmək istəyini sorğu-sual etməyəcək.

Bu da ikinci mənada Makiavellist andır: ictimai maraqlar səndən şəxsi etikanın və dini dəyərlərin ədalətsizlik və mənəviyyatsızlıq kimi mühakimə edəcəyi addımlar atmağı tələb edir. Bizim bu anları makiavellist adlandırmağımız təsadüfi deyil, çünki Nikkolo Makiavellinin 1513-cü ildə nəşr etdirdiyi “Şahzadə” əsəri siyasətin əxlaq, şəxsi vicdan və ictimai fəaliyyət maraqları arasındakı uçurumunu çılpaq şəkildə gözlər önünə sərir.

Salman Rüşdi, “Florensiya sehirbazı” və Makiavelli

“Şahzadənin” sərt səmimiyyəti 500 ildir ki, qalmaqala çevrilib. Kitab 1559-cu ildə Papanın qadağan etdiyi kitablar siyahısına əlavə edilib, müəllif isə Londonun Elizabet teatrı səhnələrində “İblis Makiavelli“ kimi yamanlanıb. Qəzəb vaxt keçsə də soyumayıb. Ən böyük müasir siyasi nəzəriyyəçi Leo Strauss 1950-lərdə Çikaqo universitetində tələbələrinə dərs keçərkən, Makiavellini “Şeytanın müəllimi” adlandırırmış. Makiavellinin ölməz provakasiyası siyasətə möhkəmcə həkk olunmaqda davam edir, şeytani addımlar atmaq təxirasalınmaz ictimai maraqlar məsələsi ortaya çıxanda qaçılmaz olur.

Nəşr olunmasından 500 il keçdiyi bu illərdə baş verən gərginliklər bir daha “Şahzadə”nin açıq mesajına diqqət yetirməyi tələb edir. Bu mövzuda bu yaxınlarda 4 kitab nəşr edilib, müəlliflərin iddiasına görə, biz Makiavellinin qəddar səmimiyyətini başa düşməkdən ötrü onun dövrünə nəzər salmalıyıq: Makiavellinin Florensiyada yüksəkçinli rəsmi kimi fəaliyyətə başladığı 1498-ci il və vəfat etdiyi 1527-ci il aralığında İtaliyada qarışıqlıq və zorakı siyasət hökm sürürdü. Alan Rayan Makiavellinin qan qoxusu gələn kitabını Florensiya respublikasının çöküşü və süqutu ilə əlaqələndirir. Filip Bobbit Makiavellini erkən modern dövlətin görkəmli nəzəriyyəçisi, ilk mütəfəkkiri kimi xarakterizə edir, onun fikrincə, Makiavelli başa düşmüşdü ki, əgər iqtidar şəxsi olmasaydı, orta əsr hökmdarı tərəfindən idarə olunmasaydı, onda “ragion di stato” – dövlət məntiqinə əsaslanan yeni ictimai etika da düzgün qiymətləndirilərdi.

Maurizio Viroli Makiavelli ilə bağlı bizdən bir şeyi başa düşməyi istəyir: “Şahzadə” kənardan nə qədər həyasızcasına şeytani bir traktat kimi görünsə də, əslində nəzərdə tutduğu məna tamam başqadır, o, xilaskar siyasətçinin hərəkətə keçməsi, İtaliyanı yadelli işğalçılardan və daxildəki uzaqgörməz idarəçilərindən qurtarması üçün edilən vətənpərvər bir müraciətdir. Karrado Vivantinin dərin intellektual bioqrafiyası Virolinin Makiavelli barədə xarakteristikasını daha da gücləndirir, Karradoya görə Makiavellinin İtaliyanın Birləşdirilməsinin erkən təşəbbüskarı olması bunca zaman boyunca dərk edilməyib, o, İtaliyan şəhər dövlətlərinin ən son birləşdirilməsindən 4 əsr əvvəl ölkədə respublikaçılığın birləşdirilməsinə dair çağırışlar edib.

Bu müəlliflərin hamısı ürək ağrısıyla vurğulayırlar ki, “İblis Makiavelli” əslində, möhtəşəm bir yazıçı, gözəl dost və coşğun vətənpərvər idi.

Hamısı bir ağızdan altını cızaraq onun əsas etik prinsipi vivero libero-nun Florensiya şəhər dövlətinin və digər müstəqil İtaliyan respublikalarının qorunması olduğunu qeyd edirlər. Bu adamı biz canlı-canlı idarədəki işindən qovulub, həbsxanaya atılıb, işgəncə gördükdən sonra dostu Françesko Vettoriyə yazdığı möhtəşəm məktubunda görürük. (Makiavelli səhvən Mediçilərə qarşı iş aparmaqda ittiham edilmişdi, Mediçilər Florensiya ordusunu məğlub etmiş, bundan bir il əvvəl isə respublikaçı hökuməti hakimiyyətdən salmışdılar.) Məktubunda o, həbsxanadan çıxdıqdan sonrakı tənha günlərini, özünün kiçik mülkindəki quş ovunu, yerli pivəxanada içki içməsini və gecə gec saatda araşdırma aparmaq üçün, “saraya və məhkəməyə don geyindirmək” və “qədimlərin möhtərəm hakimləri ilə” söhbət etmək üçün öz evinə qayıtmasını təsvir edir.

Bu yeni möhtəşəm tədqiqatlar Makiavellini öz dövrünə uyğun qiymətləndirirlər qiymətləndirməyinə, amma mühüm bir suala cavab vermək fürsətini əldən qaçırırlar: siyasi liderlərin öz vicdanlarının müqavimət göstərəcəyi əməllər törətməyə vadar edən bir iş olduğunu böyük ehtimalla Makiavellidən əvvəl də kimlərsə deyib, bəs nəyə görə onun “mənəviyyatsız coşğunluğu və sezgiləri” bizim dövrümüzdə də bu qədər provakativ olmaqda davam edir? Hər halda siyasətdə sən öz vicdanını təhlükəyə atmış olursan, yəqin, bunu dediyim zaman etiraz edənlərin sayı çox olmaz.

“Demokratik Sosializm” fantaziyası

Makiavelli ilə bağlı xüsusilə şokedici məqam onun bunu vecinə almamasıdır. O inanırdı ki, siyasətçilər təkcə ictimaiyyətin mənafeyi naminə şeytani əməllər törətməməli, həmçinin bu barədə heç qayğılanmamalıdırlar da. Başqa sözlə desək, onu müasir mütəffəkirlərin çirkli əllər adlandırdığı problem əndişələndirmirdi.

Görkəmli Prinston filosofu Maykl Valtser, Jan-Pol Sartrdan təsirlənərək siyasətdə çirkli əllərə sahib olmaq duyğusunu təsvir edir, siyasi oyunçular ictimai maraqların tələb etdiyi, ancaq şəxsi əxlaqın rədd etdiyi addımlar atarkən çirkli əllərə sahib olmaq duyğusu ilə yaşamalıdırlar. “Siyasətçinin əxlaqı bax budur, - Valtser deyir: biz onu çirkli əllərinə görə tanıyırıq”. Valtser düşünür ki, biz siyasətçilərin əzab çəkən qulluqçular olmasını, gecələr yata bilməməsini, ictimai mənafe ilə şəxsi əxlaq arasındakı münaqişədə əlləşmələrini istəyirik.

Lakin Makiavelli birmənalı surətdə siyasətçilərin çirkin əllərinə görə narahat olmalı olduqlarını düşünmürdü. O inanmırdı ki, onlar əxlaqi tərəddüdlər keçirməyə, yaxud vicdan əzabı çəkməyə layiqdirlər. Makiavelli “Sopranolarla” (Qanqsterlərin həyatından bəhs edən amerikan serialı – tərc.) razılaşardı: bəzən sən etməli olduğunu edirsən. Amma “Şahzadə” əsəri təkcə qanqsterlərin müdafiəsindən başqa bir şey olmasaydı, çətin ki, indiyədək yaşaya bilərdi. Qanqsterlər üçün səbəbsiz qəddarlıq əksər vaxt sərfəlidir, siyasətə gəldikdə isə Makiavelli aydınca başa düşürdü ki, bu, cinayətdən də pisdir. Bu yanlışdır. Ragion di stato – dövlət məntiqi hər bir siyasətçini əxlaqi baxımdan sual doğuran məsələlərə ləyaqətlə yanaşmağı öyrətməlidir. İctimai mənafe ilə hərəkət edən lider dinin əxlaqi qaydalarıyla hərəkət edən birindən çətin ki, daha qəddar və pozğundur. Bu qeyd edilməlidir ki, Makiavellinin etikası Xristian prinsiplərinə qarşı qəti şəkildə etinasız idi, amma yaxşı səbəblərə görə. Nə də olsa, Tanrının onunla birgə olduğuna inanan bir nəfər hər şeyə qadirdir.

Makiavelli həm də onu başa düşürdü ki, siyasətçi qanqsterdən fərqli olaraq, qanunla qaçdı-tutdu oyunu oynamamalıdır. Hüquq respublikada əhəmiyyət daşıyırdı, vətəndaşların nə düşündüyü əhəmiyyət daşıyırdı və əgər şahzadə özünü tez-tez qanundan yuxarı qoysa, vətəndaşlar onu hakimiyyətdən salardılar. Makiavelli demokrat deyildi, amma dərk edirdi ki, onun şəhərinin küçələrindəki və xiyabanlarındakı xalq qəzəbi şahzadənin hakimiyyətini qanla bitirə bilər. Əgər Makiavelli siyasətçilərə riyakarlıq etməyi və şəxsi həyatda etmədikləri məziyyətləri edirlərmiş kimi göstərməyi məsləhət görürdüsə, səbəb o idi ki, o, küçələrdəki və xiyabanlardakı insanların şahzadənin səmimi və dürüst insan olmasıyla deyil, daha çox sabitliyi və əmin-amanlığı təmin etməsiylə maraqlandığına inanırdı.

Bertran Rasselin sağlam demokratiya barədə verdiyi 10 hökm

Əgər biz dərində yatan həqiqəti görməsək, bütün bunlar sinizmə bənzəyir. Kitabında Alan Rayan Makiavellinin bu sözləri deyərkən müasir əxlaqi təsəvvürə yaxın olduğunu bildirir: “Şahzadənin hakimiyyətdə qalması... onun insanın necə olmalı olduğu barədə əxlaqi səfsətədən fərqli olaraq əslində necə olduğuna dair aydın analizində israrlı olmasında özünü göstərir”.

Bu əxlaqi açıqlıq bizim dövrümüzdə də öz əksini tapır – siyasətçilər vacib qəddar siyasi gerçəklikləri ailə dəyərləri, Xristian prinsipləri ilə nitqlərin arxasında ört-basdır edir və vətəndaşlara çətin qərarlar verdikləri zaman onların ağrısını başa düşməyə çağırırlar. Biz hələ də Makiavellidən bəhrələnirik, çünki hiss edirik ki, o, öz dövründəki oxşar boşboğazlıqdan necə təngə gəlib və bizi də əhatə edən problemə qarşı çıxmaqdan – siyasət dünyasında nə zaman və nə qədər qəddarlıq məqbuldur - ötrü necə qərarlı olub.

O, qəliz və riskli siyasi qərarlar verilən zaman Xristian səmimiyyətinin, yaxud şəxsi empatiyanın sadəcə olaraq işləmədiyində israr edirdi. Siyasətdə rəhbər təkcə respublikanın sağlamlığını düşünməlidir. İçindəki mızmız səsə qulaq asmaq, yaxud əxlaqçıların səni ora-bura yayındırmasına imkan vermək sadəcə olaraq zəiflikdir və əgər sənin tərəddüdlərin respublikanı risk altına qoyacaqsa, onda bu rüsvayçı kövrəklik olar. Makiavellinin etikası siyasətdə ağıllı tədbirliliyi iztirablı dürüstlük axtarışlarından daha üstün qiymətləndirirdi.

Qəzəbdən uzaq

Beləliklə, əgər biz Ağ Evdəki otağa və prezidentin orada verdiyi qərarlara qayıtsaq, görərik ki, Makiavellinin “Şahzadə”sinin bizə dediyi məsələ bir insanın bu cür qorxunc qərarlar verib-verməməsi barədə deyil. Gücün məğzi hətta demokratiyada belə, respublikanı qorumaqdan ötrü zorakılıqdan istifadə etmək olmalıdır. Bu elə respublikanın təməlində dayanır, amma onun müdafiəsi məqsədiylə edilən zorakılıq heç bir vəchlə səbəbsiz olmamalıdır. Bu, bəsitcə öz mənafeyini güdən bir etika deyil. Makiavelli respublikaya xidmət etdiyi zaman basqını mədh edir. Məsələn, prezident açıq bir hədəfi, ya da müdafiəsiz bir strateji hədəfi ayırd edə bilməsə də, ona raketdaşıyan gəmilərin Suriyaya göndərilməsi əmrini tövsiyyə etmək olar.

Onun mədh eləməkdən imtina etdiyi məqam isə, insanların dövlətin maraqlarındansa, öz vicdanlarının və qəlblərinin dərdini çəkmələridir. O, cəmiyyətin qərarsızlıq göstərməsini bağışlamazdı. Biz xalqın maraqları naminə gücdən istifadə edərkən, əxlaqi təhlükələrdən əndişə keçirən, iztirab çəkən liderlərə səs verməməliyik. Biz o liderləri seçməliyik ki, onlar öz üstün məziyyətləri ilə təhlükəli risklər etdikdən sonra sakit yata bilirlər. “Şahzadə”nin bir prezidentlə bağlı verəcəyi sual belə olardı: o, lazım olan qədər Makiavellistdirmi?

Maykl İqnatiyef Harvard Kennedi Məktəbində mətbuat, siyasət və cəmiyyət siyasəti sahəsində professordur. O, həmçinin “Alov və küllər: Siyasətdə Uğur və müvəffəqiyyətsizlik” kitabının müəllifidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR