Bertran Rasselin sağlam demokratiya barədə verdiyi 10 hökm

Hər şeydən biraz
Photo

Bertran Rassel sivilizasiya tarixinin bir-birinə zidd iki iblis olsa da, bir-birinin toxumunu daşıyan tiraniya və anarxiyanın başıbəlalı çarpışması nəticəsində formalaşdığını irəli sürürdü. O deyirdi ki, bunların hər birini təmizləmək üçün ən təsirli müalicə vasitəsi liberalizmdir.

“Liberalizmin doktrinası bu sonsuz çarpışmadan qaçmaq cəhdidir” – Rassel “Qərb Fəlsəfəsinin Tarixi”ndə yazırdı. “Liberalizmin mahiyyətində cəmiyyəti qorumaq üçün gərəyindən artıq məhdudiyyətlər tətbiq etməməklə, irrasional doqmaya (tiranlığın xüsusiyyəti) əsaslanmamaqla və sabitliyə zamin durmaqla (anarxiyanın pozduğu) ictimai nizamı mühafizə etmək cəhdi dayanır”.

1951-ci ildə Rassel “The New-York Times” dərgisində “Fanatizmə ən yaxşı cavab - liberalizm” məqaləsini bu yarımbaşlıq altında yayımlamışdı: “Liberalizmin dinc fəaliyyəti bir çox yerlərdə təhlükəli kimi görünsə də, insanlıq üçün ümid yeri kimi qalmaqda davam edir”. Məqalədə Rassel yazırdı: “Liberalizm təbiəti etibarilə bir inanc deyil. Əslində o, elə inanc əleyhinədir”. Filosof davam edirdi:

Lakin liberal yanaşma demir ki, sən hakimiyyət əleyhinə olmalısan. O, sadəcə deyir ki, sən hakimiyyətə qarşı getməkdən ötrü azad olmalısan, bu isə tamamilə fərqli şeydir. İntellektual sferada liberal dünyagörüşün mahiyyətində bu inam dayanır ki, obyektiv diskussiya faydalı şeydir və əgər tutarlı arqumentləri varsa, insanlar istənilən şeyi sorğulamaqda azad olmalıdırlar. Liberal adlandırılması mümkün olmayan kəslərin irəli sürdüyü əks arqument də var, onlara görə, həqiqət artıq hamıya məlumdur, onu sorğulamaq isə təxribatçılıqdır.

Rassel nəyin bahasına olursa olsun, dəyişiklik istəyən radikalı tənqid edir. ABŞ Konstitusiyasının və Müstəqillik Bəyənnaməsinin müəlliflərinə güclü təsir göstərmiş Maarifçi filosof Con Lokdan sitat gətirməklə Rassel yazır:

Mövcud hakimiyyəti ittiham edən bir müəllim əgər liberaldırsa, köhnəsindən daha betər olacaq yeni tiran hakimiyyətin qurulması üçün çalışmaz. O hakimiyyətə müəyyən məhdudiyyətlərin qoyulmasının tərəfdarıdır və istəyir ki, bu məhdudiyyətlər hakimiyyət təkcə razılaşmadığı bir fikri dəstəklədiyi zaman deyil, tamamilə razılaşdığı zaman da öz əksini tapsın. Şəxsən özümə qaldıqda, mən demokratiya tərəfdarıyam, ancaq demokratiyanın məcburi olduğunu irəli sürən bir rejimi bəyənmirəm.

Rassel “New York Times”dakı yazısını insanın liberalizm ruhunda yaşaması üçün məsləhət bildiyi “10 Yeni Hökm”ü təklif etməklə yekunlaşdırır. O yazır: “Bir müəllim kimi mənim hamıya təbliğ edəcəyim On Hökm bunlardan ibarətdir:

1. Heç nədən tamamilə əmin olma.

2. Hadisəni gizlətməklə inam yarada biləcəyini düşünmə, çünki əvvəl-axır hadisə ortaya çıxacaq.

3. Uğur qazanacağına əmin olduğun bir düşüncəni əsla tərk etmə.

4. Müxalif fikirlə üzləşdiyin zaman, hətta o, sənin ərin və uşaqların olsa belə, güc yoluyla deyil, arqumentlə qalib gəl, çünki gücə əsaslanan zəfər qeyri-real və illuziyadır.

5. Başqalarının avtoritetinə heç vaxt hörmət etmə, çünki həmişə ona əks avtoritetlər tapıla bilir.

6. Sənə ziyanlı görünən fikirlərə qalib gəlməkdən ötrü gücdən istifadə etmə, əgər eləsən, fikirlər sənə qalib gələcək.

7. Dediyin fikrin əcaib olmasından qorxma, çünki indiyəcən qəbul olunan hər bir fikir əvvəlcə əcaib görünüb.

8. Passiv razılaşmadansa intellektual etirazdan həzz al, çünki əgər sən intellekti qiymətləndirirsənsə, ki qiymətləndirməlisən, o, passiv razılıqdan fərqli olaraq daha dərin bir razılığı özündə ehtiva edir.

9. Həqiqət çətin olsa belə, bacardığın qədər həqiqətpərəst ol, çünki onu gizlətmək daha çətindir.

10. Axmaqlar cənnətində yaşayanların xoşbəxtliyinə həsəd aparma, çünki ancaq axmaq bunun xoşbəxtlik olduğuna inanar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR